Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkəsən rayonunda “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” adlı elmi-praktik konfrans keçirilib

Daşkəsən rayonunda “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” adlı elmi-praktik konfrans keçirilib

12.11.2025 [22:50]

Noyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunan “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” adlı elmi-praktik konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi, qazi və ictimaiyyət nümayəndəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən konfrans Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin, habelə Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olan  hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfrans iştirakçılarını 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov dərin məzmunlu geniş məruzə ilə çıxış edib. İcra başçısı çıxışında deyib: “1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və hüquqi dövlət kimi formalaşmasının əsas dayağı olmuşdur. Konstitusiyamız həm də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfələrindən biridir. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident cənab İlham Əliyev müstəqil dövlətimizin Konstitusiyasını daim inkişaf etdirərək onu zamanın tələblərinə uyğunlaşdırmış, qanunun aliliyini və insan hüquqlarını təmin edən ardıcıl islahatlar reallaşdırmışdır. Lakin dövlətçiliyimizin möhkəmlənməsi təkcə qanunvericilik sahəsində deyil, həm də Vətənimizin suverenliyinin bərpası uğrunda mübarizədə özünün ən yüksək təzahürünü tapmışdır. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazanaraq, ölkəmizin ərazi bütövlüyünü və konstitusion quruluşunu bərpa etdi. Bu Qələbə, Konstitusiyamızda təsbit olunmuş dövlətin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin gerçək həyatda tam təmin olunması demək idi. 2023-cü ildə isə həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlətimiz suverenliyini, yəni Azərbaycanın Konstitusiyasının tələblərini – Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla – artıq bütün ərazimizdə tam şəkildə bərqərar etdi. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışı davam edir”.

Prezident cənab İlham Əliyevin 2025‑ci il noyabrın 3‑də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Ana dilimizlə bağlı qarşıya qoyduğu vəzifələrdən söz açan icra başçısı Orxan Abbasov çıxışında diqqətə çatdırıb ki, elə bu mənada mövzusu “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” olan konfrans özündə dərin məzmun ehtiva edir. Daşkəsən rayonunda da Azərbaycan dilinin normalarına riayət edilməsinə, tədrisinə, gənclərin dilə sevgi və hörmət ruhunda yetişdirilməsinə bundan sonra da xüsusi diqqət yetirilməlidir. Məktəblərimizdə, mədəniyyət müəssisələrimizdə, idarə, müəssisə, təşkilatlarda və ictimai tədbirlərdə dilimizin saflığının qorunması yüksək səviyyədə təmin edilməlidir.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında Konstitusiyanın dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan dilinin qorunması və inkişafında mühüm rolundan bəhs edərək, bu istiqamətdə görülən işlərin davamlı olmasının vacibliyini vurğulayıb.

Sonra Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədovanın “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı gördüyü işlər və qarşıda duran vəzifələr”, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimləri Günay Mirzəzadənin “Qloballaşma şəraitində və süni intellektin tətbiqi dövründə Azərbaycan dilinin qorunması və istifadəsi məsələləri” və Nigar Məmmədovanın “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət dili siyasəti” mövzularında məruzələri dinlənilib, müzakirə aparılıb.

Sonda “Heydər Əliyev və Azərbaycan dili” adlı sənədli film nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30