Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şanlı Zəfərdən Böyük Qayıdışa

Şanlı Zəfərdən Böyük Qayıdışa

25.11.2025 [14:35]

Meydanəli Yolçiyev

​YAP Daşkəsən rayon təşkilatının sədri

25 noyabr - Kəlbəcər şəhəri günü bölgənin zəngin tarixi irsini, Vətən müharibəsində qazanılmış şanlı Zəfəri və sakinlərin doğma yurdlarına qayıdışını təcəssüm etdirir. Kəlbəcər təbii-coğrafi xüsusiyyətləri və müasir geosiyasi reallıqlar baxımından ölkənin ən mühüm məkanlarından biridir.

Rayon ərazisinin böyük hissəsinin meşəliklərdən ibarət olması, çay hövzələrinin genişliyi, mineral su yataqlarının zənginliyi və yaylaqların çoxluğu Kəlbəcəri həm turizm, həm kənd təsərrüfatı, həm də energetika sahələri üçün unikal potensiala malik edir. Coğrafi mövqeyinə görə Kəlbəcər şimal-cənub və şərq-qərb istiqamətlərində mühüm yolların kəsişmə nöqtəsi olub. Rayonun Daşkəsən, Goranboy, Göygöl, Tərtər, Ağdam, Xocalı və Laçın rayonları ilə həmsərhəd olması bölgənin strateji əhəmiyyətini daha da artırır. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib, işğala qədər burada 53 min nəfərdən çox əhali yaşayıb və 3054 kv. km-lik ərazidə 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

1993-cü ilin 2 aprelində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi bölgənin tarixində ən ağır mərhələlərdən biri oldu. İşğal nəticəsində 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. Minlərlə ailə öz evini tərk etməyə məcbur edilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşdırıldı.

Tarixi-mədəni irsin məhv edilməsi də işğal prosesinin tərkib hissəsinə çevrildi, onlarla tarixi abidə, 97 məktəb, 116 kitabxana, 42 mədəniyyət evi, xəstəxanalar, inzibati binalar tamamilə dağıdıldı. Rayonun milyardlarla manatlıq sərvəti talan edilərək Ermənistana daşındı ki, bu da beynəlxalq humanitar hüquqların kobud şəkildə pozulması idi.

30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnaməni qəbul edərək Ermənistan silahlı birləşmələrinin Kəlbəcərdən və digər işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb etdi. Lakin Ermənistan bu tələbi yerinə yetirmədi. Beynəlxalq təşkilatların qətnamənin icrasını təmin etməməsi isə bölgədə status-kvonun uzun illər dəyişməz qalmasına səbəb oldu.

1999-cu ildən etibarən Ermənistan Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başladı. Bu addım həm Cenevrə Konvensiyalarına, həm də ATƏT prinsiplərinə tam zidd idi və işğalın möhkəmləndirilməsi məqsədinə xidmət edirdi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Kəlbəcər rayonunun hərbi-strateji əhəmiyyətini bir daha göstərdi. Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində mühüm yüksəkliklər Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürüldü. Bu uğur erməni silahlı birləşmələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı və onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinə imkan vermədi. Strateji yüksəkliklərin ələ keçirilməsi Ermənistan ordusunun bölgədəki hərbi fəaliyyətlərini demək olar ki, tam iflic vəziyyətinə saldı.

Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana təhvil verildi. Bu faktor müharibənin ən mühüm geosiyasi nəticələrindən biri idi və Kəlbəcərin 147 yaşayış məntəqəsi döyüşsüz ölkəyə qaytarıldı. Lakin bu proses Ermənistanın yenidən vandalizm aktları ilə müşayiət olundu. Qeyri-qanuni məskunlaşmış ermənilərin evləri, bağları yandırması, təbiətə və mülki infrastruktura qəsdən zərər vurması beynəlxalq hüquq normalarına açıq hörmətsizliyin daha bir nümunəsidir.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 9455 hərbi qulluqçu həmin medalla təltif olundu və bu addım həm qəhrəmanlıq nümunələrinin, həm də bölgənin strateji əhəmiyyətinin təntənəsinə çevrildi.

31 iyul 2023-cü il tarixli Sərəncamla işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi qərara alındı və Kəlbəcər şəhəri günü 25 noyabr olaraq müəyyənləşdirildi. Bu tarix həm Zəfərin təzahürü, həm də şəhərin bərpa prosesinin mühüm mərhələsi kimi xüsusi məna daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bölgədə müasir urbanizasiya nümunəsi formalaşdırmağı hədəfləyir. Əhalinin 17 min nəfərə çatdırılması, 4250 mənzilin inşası, 4 məktəb, 4 uşaq bağçası, xəstəxanalar, reabilitasiya mərkəzləri, muzeylər və ictimai obyektlərin tikintisi bölgənin tam şəkildə yenidən qurulmasını nəzərdə tutur.

Uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bölgəyə giriş-çıxışı əsaslı şəkildə dəyişəcəkdir. 11.7 km uzunluğundakı Murovdağ tuneli dünyanın ən uzun tunellərindən biridir və bölgənin nəqliyyat əlçatanlığını tamamilə yeni mərhələyə çıxaracaq.

Kəlbəcərdə Meydan çayı, Tərtər çayı və Qaraarxac üzərində yerləşən su elektrik stansiyalarının yenidən qurulması bölgənin enerji potensialının milli iqtisadiyyat üçün vacib mənbəyə çevrilməsinə imkan yaradır. Ümumi gücü 40 meqavatdan artıq olan stansiyalar bərpa olunan enerji strategiyasının mühüm hissəsidir.

İstisu bölgəsinin turizm-brend potensialı yenidən dirçəldilir. 80 min kvadratmetrlik müalicə-istirahət kompleksi, müasir SPA mərkəzi, hotellər və kotteclər Kəlbəcəri regionun ən perspektiv turizm istiqamətlərindən birinə çevirəcəkdir. 2024-cü ildə istehsala başlayan “İstisu” mineral su zavodunun illik gücü 100 milyon butulkadır. Bu müəssisə bölgənin iqtisadi canlanmasında mühüm rol oynayır və yerli əmək resurslarının məşğulluğunu təmin edir.

25 noyabr – Kəlbəcər şəhəri günü yenidən qurulan, inkişaf edən, müasir şəhər və kənd infrastrukturu ilə qayıdışın təntənəsidir. Kəlbəcər bu gün qədim mədəniyyət irsini, zəngin təbiətini və müasir inkişaf strategiyalarını bir araya gətirən unikal bir məkan kimi formalaşır. İşğaldan azad olunmuş rayon təkcə tarixi ədalətin bərpasını deyil, həm də ölkənin gələcək inkişaf modellərindən birinin qurulmasını ifadə edir.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

COP29

YAP xəbərləri

Siyasət

Birinci Forum...

25 Noyabr 10:12

YAP xəbərləri

Ədəbiyyat

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30