Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİN-dən çağırış...

XİN-dən çağırış...

16.10.2026 [12:36]

Parisin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikası əsassızdır

Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Belə ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf alıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə fransız nazirin bu iddialarını qətiyyətlə pisləyib.

XİN: Fransa nazirinin iddiaları əsassızdır

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa nazirinin Azərbaycana qarşı ittihamları rəsmi Parisin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir. Onun sözlərinə görə, Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır: “Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir. Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı”.

XİN rəsmisi Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Fransa ölkəmizi açıq şəkildə hədəf alıb. Rəsmi Paris “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe sərgiləyir. 30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının müşahidə missiyası adı altında  öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Bütün bunlar Parisin Cənubi Qafqazda sülhün təmin edilməsinə maraqlı olmadığını təsdiqləyir.

Fransanın neokolonializm siyasəti...

Digər tərəfdən, Fransa hələ də bəzi xalqları müstəmləkə altında saxlamaqdadır. Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb. Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.

Azərbaycan isə hər zaman beynəlxalq müstəvidə haqq-ədalətin tərəfdarıdır, dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır. Bu baxımdan, Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti xüsusi qeyd edilməlidir. Fəaliyyət göstərdiyi dövr ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan bəziləri BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, eləcə də əməkdaşlıq memorandumları imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurub.

BTQ ötən dövr ərzində unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.

Ölkəmiz niyə hədəf seçilir?

Bütün bunlara görə Azərbaycan, o cümlədən də Bakı Təşəbbüs Qrupu hələ də sümürmə siyasətindən əl çəkməyən bəzi Qərb dövlətlərinin xoşuna gəlmir. Ölkəmiz hədəf seçilir, BTQ-yə qarşı qərəzli kampaniyalar aparılır. Burada dünyaya demokratiya dərsi keçmək cəhdlərində bulunan Fransanın canfəşanlığını xüsusi qeyd edə bilərik. Yelisey Sarayı respublikamızın azadlıq mübarizəsinə qalxan xalqlara dəstək verməsini “Fransanın daxili işlərinə qarışmaq” anlamında təqdim etməklə ölkəmizin ünvanına heç bir əsası olmayan iddialar səsləndirir və qərəzli yanaşmalar sərgiləyir. Təzadlı mənzərə yaranır: Müstəmləkəçilik keçmişin eybəcər qalığıdır. Dünya ona “yox” deyir. Azadlıq, qardaşlıq, bərabərlik, demokratiya şüarlarını özünə deviz seçən Fransa isə axına qarşı gedir, mütərəqqi bəşəriyyətin istəyini görməzdən gəlir və bütün bunlar azmış kimi, əzilən, hüquqları tapdanan, sərvətləri talanan, milli kimliyinə qəsd edilən xalqların yanında dayanan Bakı nədə isə ittiham olunur. Məntiq haradadır? Ədalətsizliklə, milli-dini-irqi ayrı-seçkiçiliklə necə barışmaq olar? Heç bir halda Bakının davranışlarını “Fansanın daxili işlərinə qarışmaq” anlamında təqdim etmək doğru yanaşma deyil. Bu, rəsmi Parisə başucalığı gətirmir, Yelisey Sarayının imicinə qara kölgə salır.

Müstəmləkəçiliyə qarşı mübarizə aparmaq insan haqlarını müdafiə etmək deməkdir və ölkəmiz öz ədalətli mübarizəsindən heç vaxt geri çəkilməyəcək. Təbii ki, burada azadlıq mübarizəsinə qalxan xalqların mövqeyi əsasdır. Müstəmləkəçilikdən əziyyət çəkən xalqlar da mövqelərində və seçimlərində qətidirlər - səslərinə səs verən Bakını dəstəkləyir, zülmü, əsarəti davam etdirmək niyyətində olan Parisə isə kəskin etirazlarını bildirirlər. Hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31