Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mülki əhaliyə qarşı törədilmiş soyqırımı

Mülki əhaliyə qarşı törədilmiş soyqırımı

31.03.2026 [13:42]

Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.      

     Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır.

     Soyqırımın miqyası olduqca  böyükdür. Ulu Öndər Heydər Əliyevin         26 mart 1996-cı il tarixli Fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlılarının Soyqırımı Günü elan edilməsi yaşadığımız hər bir faciənin əsaslı şəkildə  dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır.  Hər il  bu mühüm hadisənin qeyd edilməsi Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin ifşası yönümündə atılan addımların təqdimatı olur.  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, eyni zamanda,  “1918-ci il  azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı  çoxəsrlik tariximizin  hər bir səhifəsinin vərəqlənməsində, o cümlədən 1918-ci ilin mart hadisələrinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Son 22 ildən artıq  dövrdə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir.

     Ümummilli Lider Heydər Əliyev “Tarix heç nəyi silmir” söyləyərək tarixi  araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi qarşıya qoymuşdur.   Ulu Öndərin bu çağırışının davamı olaraq Prezident  İlham Əliyev 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağındakı  çıxışında Azərbaycanın çox zəngin tarixə malik olduğunu önə çəkərək bildirdi  ki, biz öz tariximizi,  reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: “Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar nəşr edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir”.

     Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın yenilməzliyini, məğrurluğunu, daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu təsdiqlədi. Ermənilər və onlara illərdir havadarlıq edib törətdikləri faciələrin miqyasını genişləndirmələrinə dəstək göstərən dövlətlər bir daha bu reallığın şahidi oldular ki, yalan təbliğatın həqiqət üzərində qələbəsi mümkünsüzdür. Tarixi Zəfərimizdən üç il sonra 2023-cü ilin sentyabr ayında rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində  suverenliyimizin tam bərpa olunması haqqın, ədalətin Azərbaycanın tərəfində olduğunu bir daha sübut etdi. Hazırda Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə  qısa müddətdə geniş quruculuq işləri həyata keçirilib. Dogma yurd-yuvalarına qovuşan şəhərlərimiz sırasında   Xankəndi, Xocalı, Xocavənd şəhərlərinin də adı var.  Bütün bunlar tarixi ədalətin bərpasıdır. Qərbi Azərbaycana qayıdışımız növbəti  hədəfimizdir.     

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31