Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 28 May — müstəqillik tariximizin, milli birliyimizin və böyük zəfərimizin rəmzidir

28 May — müstəqillik tariximizin, milli birliyimizin və böyük zəfərimizin rəmzidir

26.05.2026 [11:54]

28 May — Azərbaycan xalqının yaddaşında sadəcə bir tarix kimi deyil, milli qürurun, azadlıq düşüncəsinin və dövlətçilik iradəsinin tarixə çevrildiyi gündür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı, yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın deyil, bütün Şərq dünyasının taleyində mühüm dönüş nöqtəsi oldu. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Müstəqil yaşamağa əzm etmiş və bu yolda böyük qurbanlar vermiş Azərbaycan xalqı 1918-1920-ci illərdə özünü müstəqil yaşamağa qadir və buna layiq bir xalq olduğunu dünyaya nümayiş etdirdi.

Cümhuriyyətimizin yaranması, müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlamentli respublikanın elan olunması anlamına gəlirdi. Bu, əsrlər boyu çar imperiyasının əsarətində yaşamış bir xalqın azadlıq, milli birlik və müstəqillik əzminin rəsmi təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını və mahiyyətini əyani şəkildə göstərir. 1918-ci ildə Nazirlər Şurası formalaşdırıldı və ilk hökumət fəaliyyətə başladı. Məlum olduğu kimi, müstəqilliyin ilk aylarında Azərbaycan hökuməti Gəncədə yerləşdi. Çünki həmin dövrdə ölkənin mərkəzi başda olmaqla, ölkənin bir çox strateji məntəqələri işğal altında idi.

Müstəqilliyin elanından sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun birgə hərbi əməliyyatları sayəsində cəbhəboyu erməni-bolşevik ordusu darmadağın edildi və 1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik işğalından azad olundu. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.Xoyskinin müraciətinə əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da keçirilən iclasında Azərbaycan parlamentində ölkədə yaşayan bütün xalqların nümayəndələrinin təmsil olunması və qanunverici orqanın 120 nəfərdən ibarət olması qərara alındı. 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlamentin sədri o dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan Əlimərdan bəy Topçubaşov seçildi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Cümhuriyyətinin əsrlərə bərabər bu 23 aylıq müstəqilliyi 1920-ci ilin aprelində Rusiya təcavüzünün qurbanı oldu.Bununla belə, Azərbaycanı işğal edən Rusiya müstəqil Azərbaycan Cümhuriyyətinin mövcudluğu faktını silib ata bilmədi və bu əsas üzərində sovet quruluşunda formal da olsa Azərbaycanın müstəqilliyini təsbit və qəbul etməli oldu. Uzun illər, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun fəaliyyətindən bəhs etmək qadağan olunmuşdur. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan idi. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu.

Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməzdi.

1991-ci il 18 oktyabr tarixində 71 illik sovet hakimiyyətinin əsarətinə canı, qanı bahasına son qoyan Azərbaycan xalqı yenidən öz müstəqilliyinə qovuşaraq azad gələcəyə inamlı addımlarla Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli dövlət bayrağımızı yenidən başımızın üstündə qürurla dalğalandırdı. Cümhuriyyət dövründə qəbul edilən bayraq, gerb, himn yenidən Azərbaycan Respublikasının atributlarına çevrildi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması və həmin aktda 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilməsi Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bir daha təsbit etdi. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində müstəqilliyini yenicə bərpa edən Azərbaycan Respublikasını AXC-nin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtardı. Ulu öndər Heydər Əliyev həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.

Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz ilk demokratik respublikanın yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü kimi elan etmişik və bu, bizim milli bayramımızdır.

Bu gün Azərbaycan xalqı böyük bir iftixar hissi ilə müstəqilliyini qeyd edir. Ulu Öndərimizin qoyduğu siyasi irsi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilmiş, 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi zəfərlə yeni zirvəyə çatmışdır. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun tarixi keçmişimizə və varisi olduğumuz Cümhuriyyətə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünün və siyasi-iqtisadi müstəqilliyimizin göstəricisidir. Üçrəngli bayrağımızın doğma Qarabağda – Şuşada, Ağdamda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda və işgaldan azad edilmiş bütün torpaqlarda qürurla dalğalanması həm cümhuriyyətin qurucularına, həm müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevə həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ən böyük ehtiramın ifadəsidir.

108 yaşın mübarək, qalib və müstəqil Azərbaycan!

Ceyhun Ağazadə

YAP Biləsuvar rayon təşkilatının gənc fəalı

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31