Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naxçıvanın yeni inkişaf mərhələsi: dövlət siyasətinin konkret nəticələri və böyük hədəflər

Naxçıvanın yeni inkişaf mərhələsi: dövlət siyasətinin konkret nəticələri və böyük hədəflər

13.08.2026 [17:01]

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 avqust
2026-cı ildə Naxçıvan Muxtar Respublikasına növbəti səfəri qədim diyarın
həyatında baş verən mühüm proseslərin, həyata keçirilən genişmiqyaslı layihələrin
və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin təqdimatı ilə yadda
qaldı. Prezidentin səfər zamanı iştirak etdiyi tədbirlər, Naxçıvanda müxtəlif sahələr
üzrə görülən işlərlə tanış olması və Azərbaycan Televiziyasına verdiyi müsahibə
bir daha göstərdi ki, Naxçıvanın inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzində
olan prioritet istiqamətlərdən biridir. Səfərin ardınca, 12 avqust 2026-cı ildə
Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam isə
səfər zamanı səsləndirilən fikirlərin və müəyyənləşdirilən hədəflərin real maliyyə
və layihə təminatına çevrildiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana 17-ci səfəri
özlüyündə mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Dövlət başçısının da qeyd
etdiyi kimi, hər bir səfərin öz mənası və gözəl nəticələri vardır. Bu səfərin
mahiyyəti isə xüsusilə genişdir. Çünki burada yalnız ayrı-ayrı obyektlərin açılışı və
ya təməlqoyma mərasimləri deyil, Naxçıvanın gələcək inkişafının iqtisadi, sosial,
enerji, nəqliyyat, təhsil, şəhərsalma, mədəniyyət və təhlükəsizlik istiqamətlərinin
bir-biri ilə əlaqəli şəkildə təqdimatı baş verdi.
Səfər zamanı təqdim olunan layihələr Naxçıvanın gələcək inkişaf modelinin
praktiki ifadəsi idisə, Sərəncam həmin inkişafın maliyyə və təşkilati
mexanizmlərini müəyyənləşdirən mühüm dövlət sənədidir. Sərəncama əsasən,
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da
sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən və
Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat
vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin müxtəlif istiqamətlər üzrə
bölüşdürülməsi Naxçıvanın inkişafının kompleks xarakter daşıdığını göstərir.
Son illər Naxçıvanda həyata keçirilən layihələrin miqyası və müxtəlifliyi
artıq yeni inkişaf mərhələsinin formalaşdığını deməyə əsas verir. 2023-cü ildə
təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədlərindən biri davamlı
iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması
və Naxçıvanın ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin olunmasıdır. Dövlət
Proqramında biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi,
ixracyönlü dəyər zəncirlərinin yaradılması, kənd yerlərində iqtisadi fəallığın
artırılması, infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi kimi
istiqamətlər müəyyənləşdirilmişdir.
12 avqust 2026-cı il tarixli yeni Sərəncam məhz həmin strateji xəttin
davamlılığını və yeni mərhələyə keçidini nümayiş etdirir. Sənəddə Naxçıvanın

sosial-iqtisadi inkişafı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi, avtomobil yollarının əsaslı təmiri, ictimai nəqliyyat
parkının yenilənməsi, təhsil infrastrukturlarının genişləndirilməsi, yaşayış
binalarının təmiri və istilik sistemlərinin yaxşılaşdırılması kimi məsələlər konkret
maliyyə təminatı ilə əlaqələndirilir.
Prezident İlham Əliyevin Naxçıvanda verdiyi müsahibənin əsas
mesajlarından biri ondan ibarətdir ki, muxtar respublikanın sürətli sosial-iqtisadi
inkişafı bundan sonra da təmin ediləcək. Bu fikrin arxasında artıq konkret layihələr
və maliyyə resursları dayanır. Başqa sözlə, Naxçıvan üçün müəyyənləşdirilən
hədəflər yalnız strateji niyyət kimi qalmır, onların həyata keçirilməsi üçün dövlət
səviyyəsində müvafiq qərarlar qəbul edilir və maliyyə imkanları yaradılır.
Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət
daşıyır. Sənaye parkının təməlinin qoyulması Naxçıvan iqtisadiyyatında yeni
istehsal mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, ərazi baxımından Naxçıvan Sənaye Parkı Sumqayıt
Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu fakt
layihənin miqyasını göstərməklə yanaşı, Naxçıvanın gələcəkdə istehsal, emal,
investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini də
ortaya qoyur.
Sənaye Parkının yaradılması ilə paralel enerji infrastrukturunun inkişaf
etdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Sənaye Parkının tərkib
hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinin nəzərdə
tutulması regionun enerji təminatının yeni səviyyəyə qaldırılmasına xidmət edir.
Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Naxçıvanın hazırkı generasiya gücü
təqribən 200 meqavatdır və yeni stansiyanın yaradılması bu potensialı əhəmiyyətli
dərəcədə artıracaq. Burada məqsəd yalnız mövcud tələbatı ödəmək deyil, gələcək
iqtisadi inkişafı və elektrik enerjisi ixracı imkanlarını da nəzərə almaqdır.
Naxçıvanın enerji təhlükəsizliyi məsələsi regionun xüsusi coğrafi mövqeyi
nəzərə alınmaqla daha böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin
vurğuladığı kimi, Naxçıvanın enerji ilə dayanıqlı təminatı heç vaxt
pozulmamalıdır. Bu məqsədlə qaz təminatının 100 faiz səviyyəsinə çatdırılması,
İranla qaz mübadiləsi mexanizminin yaradılması, yeni elektrik stansiyalarının
inşası, elektrik şəbəkələrinin yenilənməsi və alternativ enerji layihələrinin həyata
keçirilməsi bir-birini tamamlayan tədbirlərdir.
12 avqust 2026-cı il tarixli Sərəncamda da enerji məsələsinə xüsusi yer
verilməsi bunu təsdiq edir. Sənəddə Ordubad rayonunun Tivi kəndində Gilançay
üzərində ümumi gücü 15,6 meqavat olan Tivi Su Elektrik Stansiyasında tikinti-
quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” ASC-yə 66 milyon
manat ayrılması nəzərdə tutulur. Bu, Naxçıvanın yalnız ənənəvi enerji
mənbələrindən asılılığının azaldılması deyil, həm də su və Günəş enerjisi kimi
yerli bərpaolunan resurslardan daha geniş istifadə edilməsinə hesablanmış
addımdır.

Naxçıvanın yaşıl enerji potensialı isə daha genişdir. Aparılan monitorinq və
təhlillər Naxçıvanın Günəş elektrik enerjisinin istehsalı baxımından Azərbaycanın
ən əlverişli məkanlarından biri olduğunu göstərir. Artıq 600 hektardan çox ərazi
müəyyən edilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının
yaradılması planlaşdırılır. Ümumi gücü 50 meqavat olan “Şəms 1” və “Üfüq”
Günəş elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də bu strategiyanın
mühüm hissəsidir.
Bu mənada Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi yalnız
ekoloji siyasət məsələsi deyil. Bu, həm də iqtisadi gəlirlilik, yeni investisiyaların
cəlb edilməsi, enerji ixracı imkanlarının yaradılması və regionun uzunmüddətli
iqtisadi dayanıqlığının təmin olunması baxımından strateji layihədir.
Prezidentin müsahibəsində enerji təhlükəsizliyi ilə yanaşı, Naxçıvanın
nəqliyyat imkanlarının genişləndirilməsi də mühüm istiqamət kimi diqqət çəkdi.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının
yaradılması uzun illərdir qarşıya qoyulmuş strateji məqsədlərdən biridir. Zəngəzur
dəhlizinin yaradılması bu baxımdan Naxçıvan üçün yalnız nəqliyyat layihəsi deyil,
yeni iqtisadi imkanların yaranması deməkdir. Naxçıvanın Azərbaycan, Türkiyə və
daha geniş region arasında nəqliyyat və logistika əlaqələrində rolunun artması
onun iqtisadi potensialının daha dolğun şəkildə reallaşdırılmasına şərait yarada
bilər.
Nəqliyyat infrastrukturunun daxili səviyyədə inkişaf etdirilməsi də
diqqətdən kənarda qalmır. 12 avqust 2026-cı il Sərəncamında ümumilikdə 156,3
min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu
420 kilometr olan avtomobil yollarının əsaslı təmiri üçün 70 milyon manat
ayrılması nəzərdə tutulur. Bu vəsait iki kəndlərarası, beş şəhər və on kəndin
ərazisindəki avtomobil yollarının yenilənməsinə yönəldiləcək.
Bu layihənin sosial və iqtisadi əhəmiyyəti olduqca böyükdür. Yol yalnız
nəqliyyat vasitələrinin hərəkət etdiyi infrastruktur elementi deyil. Yaxşı yol kənd
təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırır, insanların təhsil və səhiyyə
xidmətlərinə çıxış imkanlarını genişləndirir, sahibkarlığın inkişafına şərait yaradır
və yaşayış məntəqələri arasındakı iqtisadi əlaqələri gücləndirir. Bu baxımdan 420
kilometrlik yol infrastrukturunun əsaslı təmiri Naxçıvanın kənd və rayonlarının
iqtisadi fəallığının artırılmasına mühüm töhfə verə bilər.
Nəqliyyat sahəsində digər mühüm istiqamət ictimai nəqliyyat parkının
yenilənməsidir. Sərəncamda şəhərlərarası ictimai nəqliyyat parkının
yenilənməsinin ilkin mərhələsi üçün 53 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulur. Bu addım insanların rahat və təhlükəsiz daşınmasının təmin edilməsi ilə
yanaşı, nəqliyyat sisteminin müasir standartlara uyğunlaşdırılmasına xidmət
edəcək.
Naxçıvanın sosial-iqtisadi inkişafında təhsil və insan kapitalının xüsusi
əhəmiyyəti də Prezidentin səfərində və yeni Sərəncamda aydın şəkildə öz əksini

tapır. Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana
kompleksinin tikintisinə 25 milyon manat ayrılması bunun mühüm göstəricisidir.
Bu layihəyə yalnız tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması kimi
yanaşmaq düzgün olmaz. Müasir universitet infrastrukturu, tələbələrin sosial
təminatı, onların təhsil və elmi fəaliyyət üçün əlverişli şəraitlə təmin olunması
regionda insan kapitalının formalaşdırılmasının vacib şərtləridir. Naxçıvan Dövlət
Universitetinin inkişafı, tələbələr üçün müasir infrastrukturun yaradılması və
təhsilin keyfiyyətinin yüksəldilməsi muxtar respublikanın uzunmüddətli
inkişafında strateji əhəmiyyət daşıyır.
Təhsilin ilkin pilləsinə də diqqət ayrılması sosial siyasətin kompleks
xarakterini göstərir. Sərəncamda Naxçıvan Muxtar Respublikasında ümumilikdə
640 yerlik beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün 20 milyon
manat vəsait ayrılması nəzərdə tutulur. Bu müəssisələrin Bulqan, Dəstə, Şərur,
Əbrəqunus və Qarabağlar yaşayış məntəqələrində yaradılması planlaşdırılır.
Bu layihələr regionun sosial infrastrukturunun kənd və rayonlar
səviyyəsində də yenilənməsinə xidmət edir. Çünki hərtərəfli inkişaf yalnız şəhər
mərkəzlərinin deyil, bütün yaşayış məntəqələrinin müasir sosial xidmətlərlə təmin
edilməsini tələb edir.
Sosial siyasətin digər mühüm istiqaməti yaşayış şəraitinin
yaxşılaşdırılmasıdır. Naxçıvan şəhərində 518 mənzilli sosial evlər kompleksinin
təməlinin qoyulması bu baxımdan mühüm hadisədir. Bununla yanaşı, yeni
Sərəncamda Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə
2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində isə
3087 mənzilli 70 yaşayış binasının fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon
manat ayrılması nəzərdə tutulur.
Belə layihələr şəhər mühitinin yenilənməsi ilə yanaşı, əhalinin yaşayış
şəraitinin yaxşılaşdırılmasına, şəhər təsərrüfatının müasir standartlara
uyğunlaşdırılmasına və abadlıq-quruculuq işlərinin davam etdirilməsinə imkan
verir.
Naxçıvanda sosial siyasətin daha bir mühüm istiqaməti istilik sistemlərinin
yenilənməsidir. Sərəncamda Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində
ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik
qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat ayrılması nəzərdə tutulur. Bu,
birbaşa insanların gündəlik həyat keyfiyyətinə təsir göstərən infrastruktur
layihəsidir.
Bütün bunlar göstərir ki, Naxçıvanın inkişafı yalnız iri sənaye və enerji
layihələrindən ibarət deyil. Dövlət siyasətinin digər mühüm tərəfi insanların
gündəlik həyatını yaxşılaşdıran sosial infrastrukturun yenilənməsidir. Yeni yollar,
məktəbəqədər təhsil müəssisələri, tələbə yataqxanası, sosial evlər, yaşayış
binalarının təmiri, istilik sistemlərinin yenilənməsi və ictimai nəqliyyat parkının
müasirləşdirilməsi vahid sosial-iqtisadi inkişaf modelinin ayrı-ayrı elementləridir.

Naxçıvanın kənd təsərrüfatı potensialının genişləndirilməsi də bu
strategiyanın mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev müsahibəsində
kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yer
tutduğunu bildirib. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının
qazılması, müasir suvarma sistemlərinin qurulması və suvarılmayan torpaqların
istifadəyə verilməsi kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır.
Bu istiqamət 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət
Proqramı ilə də uzlaşır. Həmin proqram çərçivəsində Naxçıvanda aqrar sektorun
modernləşdirilməsi, ekstensiv istehsaldan intensiv modelə keçid, ərzaq
təhlükəsizliyinin gücləndirilməsi və aqrar məhsul istehsalı kooperativlərinin dövlət
dəstəyi ilə pilot şəkildə yaradılması kimi strateji hədəflər müəyyənləşdirilib.
Beləliklə, Naxçıvanda sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və
sosial infrastrukturun paralel şəkildə inkişaf etdirilməsi iqtisadiyyatın daha
dayanıqlı və çoxşaxəli strukturunun yaradılmasına xidmət edir.
Prezident İlham Əliyevin səfərində diqqət yetirilən mühüm məsələlərdən biri
də Naxçıvanın tarixi-mədəni irsinin qorunması idi. Naxçıvan qədim Atabəylər
dövlətinin paytaxtı olmuş, zəngin memarlıq və mədəniyyət ənənələri
formalaşdırmış bir diyardır. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən
işlər, digər tarixi abidələrin konservasiyası və qorunması, məşhur memar Əcəmi
Naxçıvaninin şərəfinə abidənin ucaldılması Naxçıvanın maddi-mədəni irsinə
dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir.
Bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Çünki iqtisadi inkişaf nə qədər
vacibdirsə, milli kimliyin, tarixi yaddaşın və mədəni irsin qorunması da bir o qədər
vacibdir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, sosial-iqtisadi
inkişafın təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix
dayanır.
Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi böyük
şəxsiyyət bəxş etməsi də onun tariximizdəki xüsusi yerini müəyyənləşdirən əsas
amillərdəndir. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti, xüsusilə Azərbaycanın
dövlətçilik ənənələrinin bərpası və milli dövlətçilik ideyalarının inkişaf etdirilməsi
baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət həmin dövlətçilik xəttinin müasir dövrün tələblərinə uyğun davam
etdirilməsi kimi qiymətləndirilə bilər.
Naxçıvanın təhlükəsizliyi məsələsi isə bütün bu proseslərin əsas
dayaqlarından biridir. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın müdafiə
potensialının gücləndirilməsinin prioritet məsələ olduğunu bir daha vurğuladı.
Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando
qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizliyinin təmin edilməsinə
yönəlmiş tədbirlərin davamlı xarakter daşıdığını göstərir.
Təhlükəsizliyin təmin olunması ilə iqtisadi inkişaf arasında birbaşa əlaqə
mövcuddur. Dayanıqlı iqtisadiyyat, enerji təhlükəsizliyi, müasir nəqliyyat

infrastrukturu, sosial sabitlik və güclü müdafiə potensialı bir-birini tamamlayan
amillərdir. Bu baxımdan Naxçıvan üçün həyata keçirilən layihələrin bütövlükdə
milli təhlükəsizlik və regional sabitlik baxımından da əhəmiyyəti vardır.
Naxçıvanın gələcək inkişafında şəhərsalma məsələsi də xüsusi yer tutur.
Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim edilməsi
şəhərin uzunmüddətli perspektivdə necə formalaşdırılacağına dair strateji baxışın
mövcud olduğunu göstərir. Müasir şəhərsalma yalnız yeni binaların tikilməsi deyil,
nəqliyyat, yaşıllıq, sosial xidmətlər, yaşayış zonaları, ictimai məkanlar və
mühəndis-kommunikasiya sistemlərinin vahid konsepsiya əsasında inkişaf
etdirilməsidir.
Bütün bu istiqamətləri bir araya gətirdikdə Naxçıvanın qarşıdakı dövr üçün
inkişaf modelinin mahiyyəti daha aydın görünür. Sənaye Parkı istehsal və
məşğulluğu artıracaq, yeni elektrik stansiyaları və bərpaolunan enerji layihələri
enerji təhlükəsizliyini möhkəmləndirəcək, yollar və ictimai nəqliyyat nəqliyyat
imkanlarını genişləndirəcək, kənd təsərrüfatına yönələn tədbirlər aqrar potensialı
artıracaq, təhsil infrastrukturu insan kapitalının inkişafına xidmət edəcək, sosial
layihələr insanların rifahını yüksəldəcək, tarixi-mədəni layihələr isə Naxçıvanın
milli-mədəni kimliyinin qorunmasını təmin edəcək.
Bu mənzərədə 12 avqust 2026-cı il tarixli Sərəncam xüsusi əhəmiyyət
daşıyır. Çünki sənəd Naxçıvanın inkişafına dair ümumi siyasi iradəni konkret
maliyyə resursları ilə birləşdirir. 258 milyon manatlıq maliyyə paketinin ayrı-ayrı
sahələr üzrə bölüşdürülməsi göstərir ki, dövlət Naxçıvanın inkişafını kompleks
yanaşma əsasında həyata keçirməyə davam edir.
Prezident İlham Əliyevin Naxçıvan səfəri və səfərdən dərhal sonra
imzalanmış Sərəncam birlikdə mühüm siyasi-iqtisadi mesaj verir: Naxçıvanın
inkişafı təsadüfi və ayrı-ayrı layihələrin cəmi deyil, uzunmüddətli dövlət
strategiyasının ardıcıl nəticəsidir.
Bu strategiyanın əsas məqsədi Naxçıvanı yalnız mövcud imkanları hesabına
inkişaf edən region kimi deyil, yeni iqtisadi, enerji, nəqliyyat, turizm, təhsil və
mədəniyyət imkanlarını formalaşdıran müasir regional mərkəzə çevirməkdir.
Naxçıvanın qarşısında indi tamamilə yeni imkanlar açılır. Zəngəzur dəhlizi
ilə bağlı proseslər, Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının
perspektivləri, yaşıl enerji layihələri, sənaye parkı, yeni yol infrastrukturu, kənd
təsərrüfatının modernləşdirilməsi və insan kapitalına yönələn investisiyalar bu
qədim diyarın regional əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdə mühüm bir
gələcəyə baxış var: bu gün Naxçıvanın mövcud potensialı yalnız onun öz
ehtiyaclarını ödəmək üçün deyil, gələcəkdə Azərbaycanın iqtisadi və enerji
imkanlarının genişləndirilməsinə xidmət etmək baxımından qiymətləndirilir.
Xüsusilə elektrik enerjisi istehsalının artırılması və ixrac imkanlarının yaradılması
Naxçıvanın iqtisadi rolunun dəyişə biləcəyini göstərir.

Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf
məkanı kimi nəzərdən keçirilməsi də xüsusi perspektivlər vəd edir. Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkənin
müxtəlif strateji regionlarının iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha sıx
qurulması yeni inkişaf imkanları yaradır. Naxçıvanın bu prosesdə mühüm
mövqeyə malik olması onun geoiqtisadi əhəmiyyətini daha da artırır.
Bütün bunlar Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana
etdiyi 17-ci səfərinin sadəcə növbəti səfər olmadığını göstərir. Bu səfər görülmüş
işlərin qiymətləndirilməsi ilə yanaşı, Naxçıvanın gələcək inkişafının yeni
konturlarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Səfər zamanı
səsləndirilən fikirlər, təməli qoyulan layihələr və 12 avqust 2026-cı il tarixli
Sərəncam bir-birini tamamlayaraq Naxçıvanın inkişafının yeni mərhələsinin siyasi,
iqtisadi və sosial çərçivəsini formalaşdırır.
Naxçıvan qədim tarixə, zəngin mədəniyyətə, mühüm strateji mövqeyə və
böyük potensiala malikdir. Bu potensialın tam reallaşdırılması isə ardıcıl dövlət
siyasəti, güclü maliyyə imkanları, müasir idarəetmə, təhlükəsizlik və insan
kapitalına investisiyalar tələb edir.
Bu gün bütün istiqamətlər üzrə atılan addımlar göstərir ki, Naxçıvanın
qarşısında yeni inkişaf perspektivləri açılır. Sənaye və enerji layihələri iqtisadi
gücü, sosial layihələr insanların rifahını, təhsil layihələri gələcəyin insan kapitalını,
nəqliyyat layihələri regional əlaqələri, mədəniyyət layihələri isə milli yaddaşı
gücləndirir.
Beləliklə, 11–12 avqust 2026-cı il tarixləri Naxçıvanın inkişaf salnaməsində
xüsusi yer tutacaq mühüm hadisələrlə yadda qalır. Prezident İlham Əliyevin səfəri
zamanı səsləndirdiyi “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”
fikri artıq konkret layihələr, qərarlar və maliyyə resursları ilə müşayiət olunur.
Bu, Naxçıvan üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu mərhələnin
əsas hədəfi isə aydındır: təhlükəsiz, güclü, müasir, iqtisadi cəhətdən dayanıqlı,
enerji baxımından özünü təmin edən və regional imkanlarını tam reallaşdıran
Naxçıvan qurmaq.
Naxçıvanın tarixi missiyası ilə müasir inkişaf potensialının qovuşduğu bu
yeni mərhələ həm qədim diyarın öz gələcəyi, həm də Azərbaycanın bütövlükdə
regional və geoiqtisadi mövqelərinin daha da möhkəmlənməsi baxımından böyük
əhəmiyyət daşıyır.

Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi,
dosent

YAP ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31