Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakı – İslam dünyasının həmrəyliyinə açılan yeni üfüq

Bakı – İslam dünyasının həmrəyliyinə açılan yeni üfüq

18.09.2026 [13:05]

2027-ci il Azərbaycanın beynəlxalq diplomatiya tarixində xüsusi hadisələrlə yadda qalacaq. Həmin il Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XVI İslam Zirvə Konfransının keçirilməsi ölkəmizin üzərinə böyük beynəlxalq məsuliyyət qoymaqla yanaşı, Azərbaycanın İslam dünyasında artan nüfuzunun bariz göstəricisi olacaq.

​İslam Əməkdaşlıq Təşkilatının rəsmi təqviminə əsasən, XVI İslam Zirvə Konfransı 2027-ci il 23–24 iyun tarixlərində Bakıda təşkil ediləcək. Zirvə toplantısından əvvəl, 19–20 iyun tarixlərində yüksək vəzifəli şəxslərin, 21–22 iyun tarixlərində isə xarici işlər nazirlərinin hazırlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, üzv dövlətlərin ölkəmizlə qurduğu çoxşaxəli əməkdaşlığın, Azərbaycanın təşkilat çərçivəsindəki fəal mövqeyinin və beynəlxalq münasibətlər sistemində artan rolunun təzahürüdür.

​Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzv olub. 2026-cı ildə ölkəmizin İƏT-ə üzvlüyünün 35 ili tamam olur. Prezident İlham Əliyev 2026-cı ilin iyununda İƏT Parlament İttifaqının sessiyasına müraciətində bu münasibətlərin Azərbaycan üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

​Ölkəmiz ötən 35 il ərzində təşkilatın fəaliyyətində yaxından iştirak edib, müxtəlif təşəbbüslər irəli sürüb və İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə ev sahibliyi edib. Bakının qarşıdakı Zirvə üçün məkan seçilməsi də bu uğurlu əməkdaşlığın məntiqi nəticəsidir. İƏT Baş Katibliyi Azərbaycanın 2027-ci ildə XVI İslam Zirvə Konfransına ev sahibliyi etməsini ölkəmizin təşkilat daxilindəki konstruktiv roluna göstərilən yüksək etimad kimi dəyərləndirib. 2027-ci ilin əhəmiyyətini artıran əsas məqamlardan biri də Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etməsidir.

​Prezident İlham Əliyev bildirib ki, sədrliyi dövründə ölkəmiz üzv dövlətlərin ümumi maraqlarının təşviqinə, təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə və İslam həmrəyliyinin gücləndirilməsinə xüsusi səylər göstərəcək.

​Bu, Azərbaycan üçün yalnız diplomatik status deyil, həm də böyük məsuliyyətdir. Çünki İƏT geniş coğrafiyanı, müxtəlif siyasi və iqtisadi imkanlara malik dövlətləri bir araya gətirir. Belə bir təşkilata sədrlik etmək üzv ölkələr arasında dialoqun inkişafı və ortaq məsələlər üzrə əməkdaşlığın möhkəmlənməsi baxımından yeni imkanlar açır. Son illərdə Azərbaycan beynəlxalq və regional əhəmiyyətli tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Bakı müxtəlif siyasi, iqtisadi, humanitar və mədəni platformaların ünvanı kimi tanınır.

​İslam dünyası ilə əlaqələr müstəvisində Azərbaycanın zəngin təcrübəsi var. 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi və həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun parlaq nümunəsidir. 54 ölkənin qatıldığı bu idman bayramı İslam dünyasının müxtəlif dövlətləri arasında birliyin nümayişinə çevrilmişdi. Bakı həmçinin İslam dünyasının iqtisadi və institusional əməkdaşlığı üzrə də vacib tədbirlərə ev sahibliyi edir. 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki rolunu bir daha təsdiqlədi. Bütün bunlar 2027-ci il Zirvəsi üçün mühüm siyasi və təşkilati təcrübənin formalaşdığını göstərir.

​İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr geniş iqtisadi və demoqrafik potensiala malikdir. Bu potensialın daha səmərəli əlaqələndirilməsi üzv dövlətlər arasında ticarət və investisiya münasibətlərinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə və qarşılıqlı iqtisadi bağların genişlənməsinə şərait yarada bilər.

​Azərbaycanın yerləşdiyi geostrateji mövqe də bu baxımdan böyük əhəmiyyət daşıyır. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat-logistika qovşağıdır. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər regional layihələr Azərbaycanın beynəlxalq nəqliyyat koridorlarındakı rolunu artırır. Bu imkanlar İslam dünyasının müxtəlif ölkələri arasında ticarət əlaqələrinin inkişafı üçün yeni perspektivlər açır.

​İslam dünyasının inkişafı yalnız iqtisadi göstericilərlə ölçülə bilməz. Təhsil, elm, mədəniyyət və gənclər arasında əlaqələrin genişləndirilməsi də ortaq gələcəyin mühüm şərtlərindəndir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan kimi bu sahədə zəngin təcrübəyə malikdir. Bakı, Naxçıvan və Şuşa kimi şəhərlərimizin müxtəlif illərdə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ölkəmizin İslam sivilizasiyasının irsinə bağlılığının göstəricisidir. Bu baxımdan 2027-ci il Zirvəsi yalnız siyasi müzakirələr üçün deyil, həm də humanitar və mədəni əlaqələrin yeni mərhələyə çıxarılması üçün əlverişli platforma olacaq.

​ ​2027-ci ildə dünyanın diqqətinin Bakıya yönəlməsi Azərbaycanın beynəlxalq diplomatik gündəlikdəki mövqeyini daha da möhkəmləndirəcək. Zirvə çərçivəsində dövlət və hökumət başçılarının bir araya gəlməsi ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına təkan verəcək. Əsas hədəf isə bu mötəbər tədbirin konkret nəticələrlə yadda qalmasıdır. Birgə layihələrin təşviqi, iqtisadi əlaqələrin genişlənməsi, gənclər və elm sahəsində yeni proqramların yaradılması Zirvənin uzunmüddətli uğurunu müəyyən edəcək. Azərbaycanın sədrliyi dövründə irəli sürüləcək təşəbbüslərin İslam dünyasının ortaq maraqlarına xidmət etməsi xüsusi əhəmiyyət daşıyır.

​İslam Əməkdaşlıq Təşkilatının 2027-ci ildə Bakıda keçiriləcək XVI Zirvə Konfransı Azərbaycanın beynəlxalq həyatında mühüm mərhələ olacaq. Bu tədbir ölkəmizin İslam dünyası ilə 35 illik əməkdaşlığının yeni inkişaf səhifəsini açacaq. Azərbaycan həm Zirvəyə ev sahibliyi edəcək, həm də təşkilata sədrliyi dövründə üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsində fəal rol oynayacaq.

​Bakı artıq beynəlxalq dialoqun kəsişmə nöqtəsinə çevrilmiş şəhərdir. 2027-ci il Zirvəsi isə bu missiyanın İslam dünyası müstəvisində daha geniş şəkildə davam etdirilməsi baxımından böyük məna kəsb edir. Bu tədbir Azərbaycanın qarşılıqlı etimada əsaslanan münasibətlərinin, çoxtərəfli diplomatiyasının və əməkdaşlığa açıq mövqeyinin növbəti təsdiqi olacaq. İslam dünyasının qarşısında duran çağırışların həlli üçün həmrəylik və dialoq nə qədər vacibdirsə, Bakı Zirvəsinin əhəmiyyəti də bir o qədər böyükdür.

​2027-ci ilin iyununda Bakı yalnız Azərbaycanın paytaxtı kimi deyil, İslam dünyasının ortaq gələcəyinin müzakirə olunduğu mühüm diplomatiya mərkəzi kimi diqqət mərkəzində saxlanılacaq.

​Turanə Baxşəliyeva

Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz Rayon Sektoru ərazi partiya təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30