Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nəsimi rayon İcra Hakimiyyətində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

21.09.2026 [15:15]

Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Sentyabr -  Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkili Ziyad Səmədzadə, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarını 20 Sentyabr -  Dövlət Suverenliyi Günü münasibətilə təbrik edərək bildirdi ki, Suverenlik gününün qeyd olunması Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin, milli iradəsinin və əzminin rəmzidir. O, qeyd etdi ki, dövlət suverenliyinin bərpası sadəcə siyasi hadisə deyil, həm də xalqımızın azadlıq və ədalət uğrunda əzmkar mücadiləsinin məntiqi nəticəsi, xalq – iqtidar birliyinin təntənəsidir. Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın etibarlı tərəfdaş kimi imici formalaşdırıldı, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı – müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən və müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış zəfər dolu Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının birliyi, şanlı Azərbaycan ordusunun rəşadəti, əbədiyyətə qovuşmuş şəhidlərimizin və qəhrəman qazilərimizin şücaəti sayəsində 30 ildən artıq işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərqərar edilməsi məqsədilə həyata keçirilmiş 1 günlük antiterror əməliyyatı nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmiş, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının mütləq suverenliyi təmin edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən büyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan müstəqil Azərbaycan möhtərəm prezidentimiz cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində inkişaf tarixinin yeni dövrünə qədəm qoyub. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni yaşayış məntəqələri salınır, yeni-yeni layihələr həyata keçirilir, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır.

Bu gün biz dövlət suverenliyinin bərpasından danışarkən həmin tarixi nəticənin əldə olunmasında həyatını itirmiş şəhidlərimizi xüsusi ehtiramla yad etməliyik. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Millət vəkili Ziyad Səmədzadə əlamətdar günün tarixi əhəmiyyətinə diqqət çəkərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə xalqımız dövlət suverenliyini bərpa etmiş, tariximizin ən şərəfli səhifələrindən birinə imza atmışdır. Bildirmişdir ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında qazanılmış qələbələr Azərbaycanın gücünü, birliyini və əzmini bütün dünyaya nümayiş etdirmişdir.

Vətən müharibəsi iştirakçısı Elnur Məmmədov və Bakı Slavyan Universitetinin İctimai Elmlər kafedrasının müəllimi Nihad İsmayılzadə Azərbaycanın qazandığı yeni reallıqlar barədə çıxış edərək, ölkəmizin Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində bölgədə tamamilə yeni siyasi, iqtisadi və humanitar mühitin formalaşdığını diqqətə çatdırıblar. Onlar vurğulayıblar ki, Azərbaycan dövlətinin qətiyyətli siyasəti və güclü liderliyi sayəsində ərazi bütövlüyü bərpa olunub, regionda sülh və əməkdaşlıq üçün real zəmin yaranıb.

Sonda tədbir iştirakçılarına Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub və musiqi nömrələri təqdim edilib.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30