/ / İnvestisiya, sabitlik və yeni inkişaf mərhələsi: Azərbaycanın iqtisadi strategiyasının əsas istiqamətləri
İnvestisiya, sabitlik və yeni inkişaf mərhələsi: Azərbaycanın iqtisadi strategiyasının əsas istiqamətləri
30.09.2026 [14:50]
Müasir dünyada iqtisadi inkişafın istiqamətlərini yalnız maliyyə resurslarının
həcmi müəyyən etmir. Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, təchizat
zəncirlərinin yenidən qurulduğu, enerji və nəqliyyat təhlükəsizliyinin xüsusi
aktuallıq qazandığı bir dövrdə investorlar üçün əsas meyarlar sırasında sabitlik,
etimad, proqnozlaşdırıla bilənlik və uzunmüddətli tərəfdaşlıq imkanları xüsusi yer
tutur. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da məhz bu
reallıqlar fonunda Azərbaycanın iqtisadi potensialının və gələcək inkişaf
perspektivlərinin müzakirəsi baxımından mühüm platformaya çevrildi.
Sentyabrın 26-da Azərbaycan Prezidentinin himayəsi altında keçirilən Forum
çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal
bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda təşkil olunan tədbirdə
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı, investisiya imkanları, enerji
potensialı, nəqliyyat-logistika infrastrukturu, rəqəmsal transformasiya və insan
kapitalı ilə bağlı sualları cavablandırdı. Dövlət başçısının çıxışında diqqətçəkən
məqam ondan ibarət idi ki, Azərbaycanın qarşıdakı inkişaf gündəliyi yalnız
ənənəvi iqtisadi sahələrlə məhdudlaşmır, yeni texnologiyaları, bərpaolunan
enerjini, rəqəmsal infrastrukturu və regional bağlantıları da əhatə edir.
Azərbaycanın bugünkü iqtisadi imkanlarını dəyərləndirərkən son illərdə
formalaşmış iqtisadi və maliyyə bazasının xüsusi əhəmiyyəti var. Prezident İlham
Əliyev çıxışında vurğulayıb ki, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi
sistem olmasaydı, gələcək inkişaf haqqında danışmaq çətin olardı. Məhz bu baza
ölkəyə yeni investisiya imkanlarını qiymətləndirməyə və uzunmüddətli inkişaf
hədəflərini müəyyənləşdirməyə şərait yaradır.
Ötən 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın
cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına
düşməsi ölkənin beynəlxalq investisiya məkanındakı mövqeyinin mühüm
göstəricilərindən biridir.
Bu göstərici yalnız maliyyə vəsaitlərinin həcmini ifadə etmir. İnvestisiya, eyni
zamanda, yeni texnologiya, idarəetmə təcrübəsi, insan kapitalının inkişafı, istehsal
və xidmət imkanlarının genişlənməsi deməkdir. Buna görə də qarşıdakı mərhələdə
əsas məsələ mövcud investisiya potensialının daha da genişləndirilməsi və yeni
iqtisadi sahələrin inkişaf etdirilməsidir.
Azərbaycanın iqtisadi strategiyasında bu istiqamət artıq aydın şəkildə özünü
göstərir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, yeni istehsal və
xidmət sahələrinin yaradılması, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi
iqtisadi şaxələndirmənin mühüm elementləridir.
Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı əsas məsələlərdən biri neft-
qaz sektorundan kənarda mövcud olan potensialın daha geniş şəkildə iqtisadi
dövriyyəyə cəlb edilməsidir. Bu baxımdan bərpaolunan enerji, logistika,
mədənçilik, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar xüsusi
perspektivə malik sahələr kimi ön plana çıxır.
Bərpaolunan enerji Azərbaycanın gələcək iqtisadi mənzərəsində xüsusi yer tutur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə Xəzər dənizinin Azərbaycan
sektorunda 157 giqavatlıq enerji potensialının mövcudluğu ölkənin bu sahədə
imkanlarının miqyasını göstərir. Quruda Günəş və külək elektrik stansiyalarının
fəaliyyət göstərməsi isə yaşıl enerji istiqamətində praktiki layihələrin artıq
reallaşdırıldığını nümayiş etdirir.
Bu potensialın əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır.
Bərpaolunan enerji yeni investisiyaların, texnologiyaların və enerji tutumlu
rəqəmsal layihələrin inkişafına da imkan yarada bilər. Azərbaycanın məqsədi
enerji istehsalında təbii qazdan istifadənin müəyyən hissəsini azaltmaqla qaz
resurslarının daha çox ixrac istiqamətinə yönəldilməsi və elektrik enerjisinin yeni
ixrac məhsuluna çevrilməsidir.
Beləliklə, enerji sektoru qarşıdakı dövrdə iki istiqamətdə inkişaf edə bilər: ənənəvi
neft-qaz ehtiyatlarından səmərəli istifadə və bərpaolunan enerji imkanlarının
genişləndirilməsi. Bu yanaşma Azərbaycanın enerji xəritəsində mövqeyinin yeni
mərhələdə də qorunmasına və şaxələndirilməsinə xidmət edir.
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda nəqliyyat və logistika
dəhlizlərinin əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Təchizat zəncirlərində
yaranan yeni risklər ölkələrin alternativ marşrutlara ehtiyacını artırır. Azərbaycanın
coğrafi mövqeyi isə bu baxımdan ölkəyə mühüm imkanlar verir.
Lakin coğrafi mövqe təkbaşına kifayət etmir. Tranzit imkanlarının real iqtisadi
üstünlüyə çevrilməsi üçün müasir infrastruktur, əlverişli gömrük və logistika
prosedurları, rəqəmsal idarəetmə və qonşu ölkələrlə koordinasiya tələb olunur.
Azərbaycan son illərdə məhz bu istiqamətlər üzrə genişmiqyaslı işlər həyata
keçirib.
Dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına
yatırılan investisiyalar ölkənin tranzit potensialının gücləndirilməsinə yönəlib.
Prezidentin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın dəmir yollarının 60 faizi
elektrikləşdirilib və proses davam edir. Ölkənin bütün qonşularla dəmir yolu
əlaqələrinin olması isə regional bağlantılar baxımından əlavə imkanlar yaradır.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı da bu
baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının məlumatına görə,
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona
çatacağı gözlənilir. Hədəf isə 2030-cu ilədək hər iki istiqamətdə daşımaların
həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır.
Bu rəqəmlər Azərbaycanın tranzit imkanlarının artıq yalnız nəzəri potensial
olmadığını, real iqtisadi fəaliyyətə çevrildiyini göstərir. Növbəti mərhələdə isə əsas
vəzifələrdən biri bu imkanların daha sürətli, rəqəmsal və rəqabətqabiliyyətli
logistika sisteminə inteqrasiya edilməsidir.
Azərbaycanın enerji siyasətində yeni mərhələnin mühüm xüsusiyyətlərindən biri
enerji ixracının şaxələndirilməsidir. Ənənəvi olaraq neft və qaz ixracatçısı kimi
tanınan ölkə indi elektrik enerjisinin, xüsusilə bərpaolunan mənbələr hesabına
istehsal edilən enerjinin regional və beynəlxalq bazarlara çıxarılması imkanlarını
da nəzərdən keçirir.
Bu istiqamətdə elektrik ötürücü xətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirəcək sualtı elektrik kabeli, eləcə də Qara
dəniz üzərindən Avropa istiqamətində nəzərdə tutulan elektrik kabeli layihələri
Azərbaycanın enerji bağlantılarında rolunu genişləndirə biləcək layihələr
sırasındadır. Prezidentin çıxışında Qara dəniz kabelinin 4 giqavat gücündə olması
nəzərdə tutulan layihə kimi qeyd edilməsi bu istiqamətin miqyasını göstərir.
Beləliklə, Azərbaycanın enerji strategiyasında “hasilat və ixrac” modelinə əlavə
olaraq “istehsal, ötürmə və regional inteqrasiya” yanaşması formalaşır. Bu isə
ölkənin enerji təhlükəsizliyi ilə yanaşı, yeni investisiya imkanlarının yaranmasına
da zəmin yaradır.
Dünyada iqtisadi rəqabətin əsas istiqamətlərindən biri artıq rəqəmsal
texnologiyalar və süni intellektdir. Data mərkəzləri, rəqəmsal xidmətlər, fiber-optik
şəbəkələr və yüksəksürətli internet infrastrukturu gələcək iqtisadiyyatın mühüm
elementlərinə çevrilir.
Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmır. Ölkənin coğrafi mövqeyi,
enerji potensialı və rəqəmsal bağlantı imkanları onu bu sahədə yeni layihələr üçün
potensial məkanlardan birinə çevirə bilər. Prezident İlham Əliyev çıxışında ucuz
enerjinin əlavə həcmlərinin, Avropa ilə Asiya arasında yerləşən coğrafi mövqenin
və fiber-optik bağlantıların bu istiqamətdə üstünlüklər yaratdığını vurğulayıb.
Lakin rəqəmsal iqtisadiyyat yalnız texniki infrastrukturla qurulmur. Onun əsas
dayaqlarından biri insan kapitalıdır. Bu səbəbdən peşəkar və ixtisaslı kadrların
hazırlanması xüsusi əhəmiyyət daşıyır. Kibertəhlükəsizlik sahəsində yaradılan
imkanlar, xaricdə təhsil proqramları və müasir biliklərə çıxışın genişləndirilməsi
gələcək iqtisadiyyat üçün kadr bazasının formalaşdırılmasına xidmət edir.
Əslində, XXI əsrin iqtisadiyyatında ən qiymətli resurslardan biri məhz bilikdir.
Texnologiyanı satın almaq mümkündür, lakin həmin texnologiyadan səmərəli
istifadə edə biləcək mütəxəssisləri qısa müddətdə formalaşdırmaq daha mürəkkəb
prosesdir. Buna görə də insan kapitalına investisiya uzunmüddətli inkişaf
strategiyasının ayrılmaz hissəsidir.
Prezidentin çıxışında mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də
gələcək investisiya imkanları sırasında xüsusi qeyd olunub. Xüsusilə mədənçilik
sahəsində qəbul edilmiş dövlət proqramının yeni fəaliyyət istiqamətlərinə təkan
verməsi gözlənilir.
Ərzaq təhlükəsizliyi isə qlobal miqyasda getdikcə daha böyük əhəmiyyət kəsb
edən məsələlərdəndir. İqlim dəyişiklikləri, su ehtiyatları, təchizat zəncirlərində
yaranan problemlər və kənd təsərrüfatı istehsalına təsir edən digər amillər bu
sahədə yeni yanaşmaları zəruri edir.
Azərbaycan üçün də daxili ərzaq təminatının gücləndirilməsi, idxaldan asılılığın
azaldılması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi strateji
əhəmiyyət daşıyır. Bu sahə eyni zamanda yerli və xarici investorlar üçün yeni
imkanların formalaşmasına şərait yarada bilər.
İqtisadiyyatın şaxələndirilməsi neft-qaz sektorunun əhəmiyyətinin aradan qalxması
anlamına gəlmir. Əksinə, bu sahədən əldə olunan gəlirlərin digər iqtisadi
istiqamətlərin inkişafına yönəldilməsi uzunmüddətli iqtisadi dayanıqlılığın mühüm
elementidir.
Forumda səsləndirilən fikirlərə əsasən, neft-qaz sektorunda yeni layihələr də
gündəmdədir. “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi
üzrə müqavilənin, həmçinin “Total” şirkəti ilə Abşeron yatağının ikinci mərhələsi
üzrə müqavilənin nəzərdə tutulması bu sahədə beynəlxalq tərəfdaşlığın davam
etdiyini göstərir. Abşeron yatağının ikinci mərhələsinin üç-dörd il ərzində qaz
hasilatını əlavə 5 milyard kubmetr artıracağı bildirilib.
Burada diqqətçəkən məqam neft-qaz gəlirlərinin iqtisadiyyatın digər sahələrinə
yönəldilməsi ilə bağlı yanaşmadır. Yəni ənənəvi enerji sektorunun imkanları yeni
iqtisadi istiqamətlərin maliyyələşdirilməsi üçün resurs bazası rolunu oynayır.
İnvestor üçün hər hansı layihənin iqtisadi gəlirliliyi qədər, həmin layihənin
fəaliyyət göstərəcəyi mühitin sabitliyi də əhəmiyyətlidir. Uzunmüddətli investisiya
qərarı qəbul edən şirkət üçün proqnozlaşdırıla bilən iqtisadi və hüquqi mühit əsas
şərtlərdən biridir.
Azərbaycanın son illərdə formalaşdırdığı maliyyə göstəriciləri də bu kontekstdə
diqqət çəkir. Prezident İlham Əliyev xarici borcun ÜDM-ə nisbətinin 5,6 faiz
olduğunu və valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələdiyini
bildirib. O, həmçinin manatın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7
məzənnəsində sabit qaldığını qeyd edib.
Bu göstəricilər Azərbaycanın maliyyə dayanıqlılığı və makroiqtisadi sabitliyi ilə
bağlı müzakirələrdə mühüm faktlar kimi çıxış edir. Eyni zamanda, investor üçün
etimad yalnız statistik göstəricilərdən formalaşmır. Müqavilə öhdəliklərinin
qorunması, qaydaların aydınlığı, idarəetmədə şəffaflıq və biznes mühitinin
proqnozlaşdırıla bilməsi də bu etimadın mühüm komponentləridir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər
Azərbaycanın qarşısında duran iqtisadi vəzifələrin mahiyyətini aydın göstərir: əsas
məqsəd mövcud potensialı qorumaqla kifayətlənməmək, onu yeni iqtisadi
imkanlara çevirməkdir.
Bu baxımdan qarşıdakı mərhələdə bir neçə istiqamət paralel şəkildə inkişaf
etdirilir. Bərpaolunan enerji və elektrik ixracı, nəqliyyat-logistika imkanlarının
genişləndirilməsi, mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, rəqəmsal
infrastruktur, süni intellekt və data mərkəzləri, insan kapitalının inkişafı
Azərbaycanın yeni investisiya gündəliyinin əsas istiqamətlərini təşkil edir.
Ölkənin iqtisadi inkişafında növbəti mərhələni xarakterizə edən əsas xüsusiyyət isə
məhz bu istiqamətlərin bir-biri ilə əlaqələndirilməsidir. Enerji rəqəmsal
iqtisadiyyat üçün baza yaradır, logistika Azərbaycanın regional bağlantılarını
gücləndirir, rəqəmsallaşma tranzit imkanlarını daha səmərəli edir, insan kapitalı isə
bütün bu sahələrin inkişafını təmin edən əsas qüvvəyə çevrilir.
Bu mənada investisiya yalnız ölkəyə maliyyə vəsaitinin daxil olması deyil.
İnvestisiya yeni texnologiya, yeni bilik, yeni istehsal imkanları və yeni əməkdaşlıq
formatları deməkdir. Azərbaycanın qarşısında duran əsas vəzifə isə bu resursları
milli iqtisadiyyatın uzunmüddətli və dayanıqlı inkişafına çevirməkdir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsi də bu
baxımdan xüsusi əhəmiyyət daşıyır. Forum müxtəlif ölkələrdən hökumət
nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, investorları və biznes
dairələrini bir araya gətirməklə Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq
auditoriyaya təqdim olunması üçün platforma yaradıb. Forumun yekununda ümumi
dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənədin imzalanması isə müzakirə olunan
investisiya gündəliyinin konkret əməkdaşlıq istiqamətləri ilə müşayiət olunduğunu
göstərir.
Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ formalaşır. Bu mərhələdə əsas
diqqət yalnız əldə edilmiş nəticələrin qorunmasına deyil, yeni imkanların
yaradılmasına yönəlir. Sabitlik və maliyyə dayanıqlılığı bu prosesin təməlini,
investisiya və texnologiyalar inkişafın resurslarını, insan kapitalı isə onun əsas
hərəkətverici qüvvəsini təşkil edir.
Azərbaycanın qarşıdakı illərdə qarşısında duran əsas məsələ bu imkanları bir-biri
ilə uzlaşdırmaq, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək və ölkənin
regional bağlantılardan qlobal iqtisadi proseslərdə daha geniş iştirakına keçidini
təmin etməkdir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən
mesajlar da göstərir ki, Azərbaycanın investisiya gündəliyi artıq yalnız bu günün
ehtiyaclarına deyil, gələcəyin iqtisadiyyatına hesablanıb.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

