Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın prinsipial mövqeyi...

Azərbaycanın prinsipial mövqeyi...

05.02.2024 [16:26]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Cənubi Qafqaz regionunun qarşıdurma deyil, sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu dəfələrlə vurğulayıb.

Lakin Azərbaycanın sülh təşəbbüslərinin qarşılığında Ermənistan öz havadarlarının diqtəsi ilə sülh prosesini uzatmaq yolunu tutub. Digər tərəfdən, bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiası hələ də qalmaqdadır. Belə olan halda, hazırda rəsmi İrəvanın guya sülhün tərəfdarı olması ilə bağlı bəyanatları imitasiyadan başqa bir şey deyil. Ona görə də, Prezident İlham Əliyev fevralın 1-də  Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən çox haqlı olaraq qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Çünki məntiqlə öz əsas qanununda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülh istiqamətində praktiki addımlar atması qətiyyən reall görünmür. Paşinyan hakimiyyətinin sülhdən danışması sadəcə olaraq beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhün təmin olunmasına qarşı olan ölkələrin öndə gedəni Fransadır. Azərbaycanın erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Fransaya rahatlıq vermir. Beynəlxalq müstəvidə ölkəmizə qarşı qərəzli kampaniya aparan Fransa öz casuslarını da regiona göndərməkdən çəkinməyib. Lakin dövlətimiz bu casus şəbəkəsini də ifşa etdi. Ötən ilin sonlarında isə Fransa ilə Ermənistan arasında silah tədarükü haqqında müqavilə imzalanması Parisin Cənubi Qafqazda müharibənin yenidən alovlanmasında maraqlı olduğunu göstərir.

Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb. Məlumdur ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayıb, 1 milyondan çox insan öz doğma yurdlarından didərgin düşüb. Ermənistan bu dövr ərzində həmin ərazilərdə hər şeyi, o cümlədən müqəddəs hesab olunan dini abidələri, məscidləri də tamamilə dağıdıb.    Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq birlik, o cümlədən Fransa Ermənistana qarşı təzyiq göstərmədi. Əslində, Fransa kimi ölkələrin dəstəyi İrəvanı işğalçı siyasətini davam etdirməyə həvəsləndirirdi. Nəticədə 2020-cı ildə 44 günlük Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa əsasən öz gücünə işğal altında olan torpaqlarını azad etdi. Məhz bundan sonra Fransa öz gerçək simasını daha aydın büruzə verməyə başladı. Müharibə dövründə və ondan sonra işğalçı Ermənistana və erməni separatizminə açıq dəstək verən rəsmi Paris beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bir müddət öncə Ermənistana silah tədarükü ilə bağlı müqavilənin imzalanması və artıq hücum xarakterli hərbi texnikaların Fransadan yola salınması Parisin Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən xəbər verir.

 Eyni zamanda, Parisin təhriki ilə AŞPA Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərar ədalətsizliyin bariz nümunəsidir. Amma bütün bunlar Azərbaycanın iradəsinə təsir edə bilməz. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmasa, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Ona görə də, AŞPA-nın məlum qərarı ilk növbədə təşkilatin özünün imicinə zərbə vurur.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31