Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müqəddəs Mariyanın Montessori inqilabı

Müqəddəs Mariyanın Montessori inqilabı

10.04.2024 [11:10]

80 ildir dünya təhsil sistemində, o cümlədən Azərbaycanda uğurla tətbiq edilən “Montessori təlimi” İtaliyanın ilk qadın həkimi, məşhur alim, pedaqoq Mariya Montessorinin adı ilə bağlıdır.

Doktor Mariya Montessori humanizm, şəxsiyyətə hörmət və ödənişsiz təhsil ideyalarına əsaslanan xüsusi pedaqoji sistem yaradıb. UNESCO-nun qərarı ilə onun adı iyirminci əsrin pedaqoji düşüncə tərzini müəyyən edən dörd böyük pedaqoq siyahısına salınıb.

Aprel ayının “Beynəlxalq autizm maarifləndirmə ayı” olduğunu nəzərə alaraq Mariya Montessori haqqında araşdırmamızı təqdim edirik.

İnadkar, cəsur və mübariz Mariya  

Mariya Montessori 31 avqust 1870-ci ildə İtaliyada anadan olub. Atası yüksək vəzifəli dövlət məmuru, anası isə qədim italyan soylarından sayılan Stopani ailəsindən idi. Mariya uşaqlıqdan katolik kilsəsinin qaydaları ilə barışmayan üsyankar bir qız kimi böyümüşdü. O, qadınlara qadağan olunmuş gimnaziyada oxumaq arzusundaydı. Çoxlu maneələrə baxmayaraq Mariya yalnız oğlanların təhsil aldığı texniki məktəbə qəbul olunur. O, burada həm təhsil alır, həm də qadın hüquqları uğrunda mübarizə aparırdı. Gimnaziyada oxuyarkən gələcək ixtisasını - uşaq həkimi peşəsini seçir. Lakin gənc və inadkar qızın qarşısında böyük, keçilməz bir sədd dururdu: İtaliyada ali tibbi təhsili yalnız kişilər ala bilərdi.

Beləliklə, Mariyanın təhsil almaq uğrunda apardığı mücadilə daha da çətinləşir.

Uzun mübarizədən sonra nüfuzlu və tanınmış ailədən olduğuna görə Mariya Montessorini istisna hal kimi universitetə qəbul edirlər. Lakin gənc tələbənin qarşısına şərtlər qoyulur: atasının müşayiəti olmadan mühazirələrdə iştirak etmək və oğlan tələbələrin hamısı  öz yerini tutmamış dərs otağına girmək qadağan idi. Tələbə yoldaşları Mariya ilə danışmır, onu ələ salır, hətta stulunu “təsadüfən” təpikləyirdilər. Lakin Mariya inanılmaz bir enerji və cəsarətlə cahil stereotiplərin üzərinə gedirdi.

Tibb universitetində təhsil aldığı zamanlarda onun üçün ən çətin dönəm anatomik tədqiqatların aparıldığı otaqlara daxil olmaq idi. Əyani təcrübə otaqlarına qadınlar girə bilməzdilər. Bu səbəbdən Mariya dərs gününün sonunadək gözləyir, axşam vaxtlarında morqa və ya cərrahiyyə əməliyyatları aparılan salona girib əməliyyatlarla tanış olurdu.

Pedaqogikada inqilab: Montessori metodu

Nəhayət, Mariya Montessorinin əzmkarlığı öz bəhrəsini verir. O, İtaliyanın ilk qadın həkimi adını qazanır. Mariya universitetin nəzdində fəaliyyət göstərən klinikada çalışmağa başlayır. O, burada əqli və fiziki məhdudiyyətli uşaqlarla yaxın ünsiyyətdə olur, onların hərəkətlərini uzun-uzadı müşahidə edərək, tədqiqata başlayır. Mariya bir dəfə görür ki, uşaqlar çörək qalıqlarını yumrulayaraq özlərinə top düzəldirlər. Klinikada çalışan həkimlər bu hərəkəti əqli geriliyin göstəricisi hesab edirlər. Ancaq Mariya öz müşahidəsinə əsasən uşaqların inkişafında əlavə materiallara ehtiyacın olduğu qənaətinə gəlir. Uşaqları uzun müddət müşahidə edən Mariya bəlli nəticələrə gəlib çıxır, buradan da onun pedaqoji sisteminin özülü yaranır: həm məhdudiyyətli, həm də sağlam uşaqların düzgün inkişafı üçün xüsusi mühit yaradılmalıdır!

Psixologiya və pedaqogikaya dair onlarla kitab oxuyan, eyni zamanda praktiki təcrübə qazanan Mariya belə qərara gəlir ki, dərslər xüsusi üsullarla aparılarsa, yüz məhdud qabiliyyətli şəxsdən təxminən iyirmi beşi normal inkişaf edə bilər. Montessori həm də onu aşkar eləyir ki, demensiya psixoloji problemdən daha çox pedaqoji problemdir. Bu problem isə xəstəxanalarda, poliklinikalarda deyil, uşaq bağçalarında, məktəblərdə həll olunmalıdır.

Montessorinin təlim keçdiyi şagirdlər Romada adi uşaqlardan daha üstün göstəricilərlə imtahan verirlər. Bu nailiyyətdən sonra İtaliya hökuməti əqli məhdudiyyətli uşaqlar üçün müəllimlər hazırlayan Ortofreniya İnstitutunun yaradılmasına dair göstəriş verir. 1898-ci ildə Montessori instituta rəhbərliyi öz üzərinə götürür və 1900-cü ilə qədər təhsil müəssisəsinin fəaliyyətini inkişaf etdirir.

Montessori öz metodikasında pedaqogika və psixologiya ilə yanaşı antropologiyaya, yəni insanın təkamülü ilə bağlı məsələlərə, uşağın zehni inkişafına təsir edən təbii amillərə də xüsusi fikir verirdi.

Mariya Montessori Roma Universitetinin antropologiya kafedrasında müxtəlif tədqiqatlar aparmaqla yanaşı Tibbi Pedaqoji İnstitutda autizmli, Daun sindromlu və müxtəlif dərəcəli əqli geriliyi olan uşaqlarla işləmək üçün pedaqogika ixtisası üzrə xüsusi ali təhsil alır. O, dövrün məşhur psixoloqu Seqinin didaktik materialları ilə çox işləyir, onları təkmilləşdirir, əlavələr edir, uşaqlara yazmağı və oxumağı öyrətmək üçün şəxsi metodlarını işə salır.

Montessorinin məktəbəqədər uşaqlar üçün oxumağın deyil, yazmağın daha vacib olduğu haqqında bəyanatı pedaqogikada inqilab effekti doğurur.

Dünyanın hər yerində 

1901-ci ildə Mariya Montessori Roma Universitetinin fəlsəfə fakültəsinə daxil olur. Bununla yanaşı, eksperimental psixologiya və təhsil antropologiyasını da öyrənir. Antropologiya kafedrasının müdiri olur, “Psixoloji antropologiya” kitabını yazır, bu mövzuda universitetlərdə mühazirələr oxuyur.  Montessori deyirdi: “Əsl öyrətmə metodu mühakimə yolu ilə yox, kömək etməklə başa gəlir. Düzgün metodla keçilən dərs uşağa enerji verir, səhv yanaşmalar isə onu tükəndirir”.

1907-ci ildə italyan milyonçusu Eduardo Talamonun dəstəyi ilə Mariya San Lorenzoda ilk “Uşaq evi”ni - uşaqlar üçün məktəb açır. Montessori ömrünün 45 ilini  öz ölkəsi və əslində, bütün dünya üçün sağlam şəxsiyyətlər yetişdirməyə sərf edir.

Onun yaratdığı “Uşaq evi”ndə təbii inkişaf qanunlarının nəzərə alınması, unikal avtodidaktik mühitin yaradılması, uşaqlara sevgi və hörmət, xüsusi təqdimatlar göstərilməsi, yaş qruplarının müxtəlifliyi və digər yeniliklər effektiv nəticələr verir. “Uşaq evi” dünyanın hər yerində müəllimlərin, pedaqoqların, psixoloqların diqqətini cəlb edir.  

1909-cu ildə M. Montessori İtaliya, Fransa, İspaniya və İngiltərədən yüzə yaxın müəllimin iştirak etdiyi ilk beynəlxalq təhsil seminarını keçirir. 1913-cü ildə ABŞ-da oxuduğu mühazirələrdən sonra telefonun ixtiraçısı Aleksander Bell həyat yoldaşı ilə birlikdə Vaşinqtonda “Montessori Təhsil Dərnəyi”ni qurur.

1910-cu ildə Lev Tolstoyun qızı Tatyana Suxotina-Tolstaya Montessorinin “Uşaq evi”nə baş çəkir. O, bu məktəbi yazıçı atasının ideyalarının təcəssümü kimi gördüyünü söyləyir. Və 1914-cü ildə Rusiya Xalq Təhsili Nazirliyinin dəstəyi ilə məktəbəqədər təhsil sahəsində çalışan pedaqoq heyətini təcrübə üçün “Uşaq evi”nə göndərir.

Təhsil və pedaqogika sahəsindəki nailiyyətlərinə görə 1922-ci ildə İtaliya hökuməti Mariya Montessorini məktəblər üzrə dövlət müfəttişi təyin edir.

1929-cu ildə xanım Montessori oğlu Mario ilə birlikdə bu gün də fəaliyyət göstərən Beynəlxalq Montessori Assosiasiyasını yaradır.

Ömrünün son ili və son kitabı

Montessori metodu Avropada sürətlə populyarlaşır. Psixoanalizin banisi Ziqmund Freyd yarızarafat deyirdi: “Montessori varsa, mənə ehtiyac yoxdur”.

İkinci Dünya müharibəsi başlayanda Mariya Montessori əvvəlcə İspaniyaya, sonra isə Hollandiyaya köçür. Daha sonra bir müddət İngiltərədə yaşayır, lakin İtaliya vətəndaşı olduğundan bu ölkədən də deportasiya edilir.

Müharibə başa çatdıqdan sonra məşhur pedaqoq, alim və psixoloq Mariya Montessori birdəfəlik Hollandiyada məskunlaşır. O, 1952-ci ildə yazdığı “Uşaq ağlı” adlı son əsərində pedaqogikada yeni istiqamət yaratmaqla yanaşı, üç yaşa qədərki uşaqların inkişafına fərqli baxmağı öyrədir. Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən Mariya Montessori 1952-ci ildə 82 yaşına bir neçə ay qalmış vəfat edir, kiçik Nordviq şəhərində, katolik qəbiristanlığında dəfn olunur. Mariya Montessorinin məzarı üzərində belə bir yazı var: “Əziz övladlarım, insanlar arasında və bütün dünyada sülhə nail olmaq üçün var gücünüzü işə salmağı hər birinizdən xahiş edirəm”.

Hazırda dünyanın bir çox ölkəsində - Almaniya, İtaliya, Fransa, Rusiya, Çin və Yaponiyada Montessori Assosiasiyaları fəaliyyət göstərir. Dünyada minlərlə Montessori məktəbi var. İtaliyanın avrodan öncəki 1000 lirəlik əskinasında isə hər hansı dövlət xadiminin deyil, öz fəaliyyəti və əsərləri ilə bəşəriyyətin inkişafına böyük töhfələr vermiş doktor Mariya Montessorinin portreti əks olunub.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31