Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qurtuluş Onun missiyası idi 

Qurtuluş Onun missiyası idi 

13.06.2024 [09:47]

Ümummilli Lider Heydər Əliyevin böyük şəxsiyyət, dövlət xadimi və siyasi lider kimi formalaşdığı dövr son dərəcə mürəkkəb, millətin və dövlətin taleyi baxımından məsuliyyətli bir zaman olmaqla yanaşı, həm də iki antaqonist ictimai-iqtisadi formasiyanın mövcudluğu illərinə təsadüf etdiyindən onun fəaliyyətinin dəyərləndirilməsi tədqiqatçılardan xüsusi istedad tələb edir. 

Tale ölkələri və xalqları zaman-zaman ağır sınaqlara çəkir. Ulu Öndər Heydər Əliyev də ölkəmiz və xalqımızla bərabər dəfələrlə tarixin ağır sınaqlarına məruz qalmışdır. O, SSRİ-nin rəhbərlərindən biri kimi nəhəng imperiyanın ağrı-acılarına, onu çökdürən sosial-iqtisadi, hərbi-siyasi problemlərə yaxşı bələd olduğundan dünyanın, regionun,  həmçinin sosialist düşərgəsinə daxil olan ölkələrin və xalqların da problemlərini, istək və arzularını yaxşı bilirdi. Təsadüfi deyil ki, NATO-nun sabiq baş katibi, Avropa İttifaqının ali nümayəndəsi Xavyer Solana Ulu Öndərin siyasi fəaliyyətini yüksək dəyərləndirərək yazırdı: “Bizim günlərdə hadisələr çox sürətlə cərəyan edir, qloballaşır, təhlükəsizlik məsələləri xüsusi olaraq gündəlikdə durur. Bu baxımdan prezident Heydər 

Əliyev kimi təcrübəli siyasətçi ilə fikir mübadiləsindən çox şey əldə etmək mümkündür. Prezident Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Asiya və Avropa ilə əlaqələr güclənir, əməkdaşlıq körpüsü qurulur”.

Bu, bir həqiqətdir ki, Heydər Əliyev heyrətamiz zəkası, dövlətçilik təfəkkürü, yüksək insani keyfiyyətləri, işgüzarlığı, yenilməz iradəsi, prinsipiallığı sayəsində ölkəmizdən uzaqlarda belə dərin hörmət, ehtiram və şan-şöhrət qazanmışdır. Onu tanıyır, ondan nümunə götürürdülər. Heydər Əliyev dünya miqyasında sözünün kəsəri və sanbalı olan nadir və fərqli siyasi lider, qürur duyduğumuz böyük azərbaycanlı idi. Fitri istedadı və fenomen zəkası ona hadisələrin axarını, tarixin gedişatını irəlicədən görməyə imkan verdiyinə görə sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini diqqətlə nəzərə alır, ən çətin vaxtlarda belə siyasi müdriklik nümunəsi göstərirdi.

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda hakimiyyətdə olan və “regionun bəzi dövlətlərini parçalamağı”, “Çinə bayraq sancmağı” iddia edən AXC-Müsavat iqtidarından Heydər Əliyevə çox ağır siyasi miras qalmışdı. Şəxsi maraqların milli mənafeni üstələməsi, təsir altında saxlaması mənfi nəticələr vermiş, idarəetmə fəlsəfəsi,  dövlətçilik məfkurəsi neqativ elementlərlə yüklənmişdi. Belə bir şəraitdə geosiyasi və geostrateji müstəvidə uğur qazanmaq müşkül məsələ idi. Odur ki, vaxt itirmədən qonşu dövlətlərlə sosial-siyasi və diplomatik münasibətləri, əməkdaşlıq əlaqələrini nizamlamaq, normallaşdırmaq üçün yeni siyasət doktrinası formalaşdırılmalı idi. Bu mühüm vəzifələrin həlli yeni zəmanəni duyan, müasir təfəkkürə və bilgiyə malik, praktiki işdə səriştə, kreativlik, operativlik göstərən, məsuliyyət və vicdanla çalışan, sosiosentrik keyfiyyət göstəricilərinə malik şəxslərin irəli çəkilməsini tələb edirdi. Qloballaşan dünya məkanında layiqli yer tutmaq üçün bütün xalqımız, ilk növbədə, siyasi, iqtisadi və elmi elitamız yeni məqsədlər, tərəqqi və inkişaf naminə səfərbər olunmalı, cərəyan edən mürəkkəb hadisələrin bütün aspektlərini təhlil edərək yolumuzu müəyyənləşdirməli idi.   

Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, Ermənistanın müharibə və münaqişəyə səbəb olan əsassız ərazi iddiaları, regionda dözümsüzlüyə gətirib çıxaran millətçiliyin, dini ekstremizmin artması, texnogen və ekoloji fəlakətlər təhlükəsi, idarə edilməyən, nəzarətdən çıxan miqrasiya prosesləri, beynəlxalq terrorizmin tüğyan etməsi ölkənin qarşısına saysız-hesabsız çətinliklər çıxaracaq. Ulu Öndər qeyd edirdi ki, yeni cəmiyyətə transformasiya prosesində iki təməl başlanğıca xüsusi diqqət yetirərək, bir tərəfdən inkişaf və yeninin yaradılmasına səy göstərməliyik, digər tərəfdən keçmişlə varisliyin qorunub saxlanmasını, qarşılıqlı əlaqəsini təmin etməliyik. Əks halda ideya-siyasi, sosial-fəlsəfi və yenilikçi dövlətçilik konstruksiyası bu iki təməl prinsip nəzərə alınmadan uğur qazana, gerçəkləşə bilməz. 

Sovet dövrünün idealizə olunmasının əleyhinə olsaq da, etiraf etməliyik ki, ölkəmizin inkişafının, müstəqilliyinin təməli məhz XX əsrin ikinci yarısında formalaşmışdır. Ümummilli Lider Heydər Əliyev həmin mərhələni təhlil edərək demişdir: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur. SSRİ hökuməti Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Azərbaycan xalqı üçün həqiqətən tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi. Qəbul olunmuş proqramın həlli yolunda böyük iş aparmağa başlayan fəhlə və kolxozçular, respublika ziyalıları iqtisadiyat və mədəniyyətin bütün sahələrində xalqın maddi və mənəvi baxımdan artan tələbatlarının təmin olunması işində çox yüksək nəticələr əldə etmişlər. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq doqquzuncu və onuncu beşilliklər üçün xalq təsərrüfatının inkişaf planları vaxtından əvvəl yerinə yetirilmişdi. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”. 

SSRİ-nin dağılması ərəfəsində gedən siyasi proseslər, erməni separatçılarının baş qaldırması, milli xəyanətlər, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, ağır siyasi, iqtisadi, hərbi böhran Azərbaycana qarşı yeridilən məkrli siyasətin planlı və məqsədli tərkib hissəsi idi. Həmin dövrdə Heydər Əliyev kimi böyük dövlət xadiminin, siyasi fenomenin Azərbaycana qayıdışı xalqımızın tarixi taleyinin həlli baxımından labüd zərurət idi. İqtisadi tənəzzül, sovet ideologiyasının iflası nəhəng imperiyanın çöküşünün qaçılmaz olmasından xəbər verirdi. 

1993-cü ilin iyun ayında respublikada ictimai-siyasi vəziyyət son dərəcə ağırlaşdı. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin böyük qisminin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini daşırmışdı. 

Yaranmış siyasi böhran müstəqil dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xilaskar axtarışında olan xalq öz taleyini yalnız böyük dövlət xadimi, ağır sınaqlardan şərəflə çıxmış Heydər Əliyevə etibar etmək qərarına gəlmişdi. Ulu Öndər xalqın israrlı və təkidli tələbləri ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi, iyunun 13-də isə mətbuat nümayəndələri ilə birlikdə Gəncə şəhərinə getdi, vəziyyətlə tanış olduqdan sonra məsləhət və tövsiyələrini verərək Bakıya qayıtdı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli Lider həmin iclasda çıxış edərək yaranmış ağır məqamda xalqın birliyinin vacib olduğunu əsaslandırdı: “Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır... Bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və  ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq”.

1993-cü ilin iyun hadisələri zamanı təhlükəli vətəndaş qarşıdurmasını, qardaş qırğınını aradan qaldıran Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin lideri kimi daxil oldu, dövlətçiliyin xilaskarı kimi şərəfli bir ad qazandı, ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı yekdilliklə onu seçməklə Ulu Öndərə tükənməz sevgisini, inam və etibarını ifadə etmiş oldu.  

Azərbaycan Respublikasının Milli Məclisinin vətəndaşlardan, siyasi partiyalardan, ictimai təşkilatlardan, ziyalılardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq 1997-ci il iyunun 27-də qəbul etdiyi qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri qeyd edilsin və 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilsin”. 

Bu tarixi gün Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında yeni dövrün, yeni tarixi mərhələnin başlanğıcı, istiqlalın, müstəqilliyin, suverenliyin əbədiliyinin rəmzi kimi dəyərləndirilir. 1993-95-ci illərdə Azərbaycanın dövlətçiliyini, onun müstəqilliyini arzuolunmaz siyasi proseslərdən, təxribatlardan, dövlət çevrilişi cəhdlərindən qoruyan Ulu Öndər ölkənin strateji maraqlarını beynəlxalq güc mərkəzlərinin, regionun və Qafqazda xüsusi təsiri olan dövlətlərin maraqları ilə uzlaşdırmaq üçün çevik manevrlər, düşünülmüş taktiki gedişlərlə yeni xarici siyasət kursu formalaşdırmağa başladı.

Böyük dövlət xadimi Heydər Əliyev milli-demokratik dəyərlərə hər zaman əlahiddə önəm verdiyindən “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” devizini bütün həyatının və prezidentlik fəaliyyətinin ali məramına çevirmişdi. 

Həsən Həsənov

Yeni Azərbaycan PartiyasınınTəftiş Komissiyasının üzvü,

Respublikanın Əməkdar jurnalisti

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31