Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilir

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilir

21.06.2024 [14:33]

Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. Belə ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur.

Qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir. Layihədə qeyd olunan məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunur.

Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir.

Təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil edilməsi təklif olunur. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cü maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır.

Bununla yanaşı qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31