Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DSMF-nin gələn il üzrə büdcəsi I oxunuşda qəbul edilib

DSMF-nin gələn il üzrə büdcəsi I oxunuşda qəbul edilib

18.11.2021 [10:15]

Noyabrın 17-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib

İclasda Sahibə Qafarova iştirakçıları Dirçəliş Günü münasibətilə təbrik edib.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi haqda məlumat verib.

Komitə sədri bildirib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5 milyard 307 milyon manat və ya cari illə müqayisədə 161 milyon manat artıq proqnozlaşdırılıb: “18 faizlik artım proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 645 milyon manat artıq deməkdir”.

Komitə sədri bildirib ki, 2022-ci il üçün xərclər cari ilin xərclərindən 3,1 faiz artıq olmaqla (161 milyon manat), 5 milyard 307 milyon manat məbləğində qiymətləndirilir. “Bunun 4 milyard 951 milyon manatı əmək pensiyaları üzrə, 182 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə planlaşdırılır”.

Qeyd olunub ki, sosialyönümlü siyasət nəticəsində gələn il pensiyanın orta aylıq məbləğinin artaraq 345 manata çatması, yaşa görə əmək pensiyasının isə 358 manatdan 375 manata qalxması gözlənilir.

Musa Quliyev gələn ilin dövlət büdcəsində sosial sahədə 45,9 faiz artım tempinin müşahidə olunduğunu diqqətə çatdırıb. Daha çox artım müşahidə olunan sahələrdən biri 3 yaşınadək uşaqlara qulluğa görə müavinətlərin 53,8 faiz artmasıdır. Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün gəlir və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin Fondun büdcə göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur. Fondun gəlirlərinin strukturuna nəzər salarkən qeyd etməliyik ki, gəlirlərin 78,2 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6 faizi isə dövlət büdcəsindən balanslaşdırılma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək.

O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi qeyri-büdcə sektorunun, 40,5 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin olunacaq. Növbəti ildə büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 25 faiz, qeyri-büdcə sektorunda isə 14,5 faiz təşkil edəcək. Gəlirlərin artımı orta aylıq əməkhaqqının artımı ilə şərtləndirilir. Orta aylıq əməkhaqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat və ya 8,7 faiz artaraq 807 manat olacağı proqnozlaşdırılır.

Sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edib.

Bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün gəlirlərinin 78 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardan formalaşacağı proqnozlaşdırılır. Bu cari ilin göstəricisindən 646 milyon manat və ya 18 faiz çoxdur.

Nazir müavini diqqətə çatdırıb ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2022-ci il üçün daxilolmalar 1 milyard 678 milyon manat təşkil edəcək. Qeyri-büdcə üzrə gəlirlər sığorta haqlarının 59 faizini təşkil edir.

Onun sözlərinə görə, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 25 faiz və ya 333 milyon manat proqnozlaşdırılır. Qeyri-büdcə üzrə daxilolmalar 15 faiz və ya 313 milyon manat artımla müşahidə olunur.

Daha sonra qanun layihəsi haqqında müzakirələr aparılıb.

Deputat Elnur Allahverdiyev müharibə xərclərindən danışıb. Bildirib ki, 30 ilə yaxındır ki, işğalda olan bölgələrimizi bərpa etməliyik: “Azad olunmuş ərazilərdə böyük in­fra­struktur layihələri həyata keçirilir. Mən fikirləşirəm ki, müharibə iştirakçılarının təqaüdləri qaldırılmalıdır. Bu, minlərlə müharibə iştirakçılarının sevincinə səbəb olacaq”.

Vüqar İsgəndərov müddətdən artıq həqiqi hərbi xidmət edən hərbçilərin maaşında ikiqat artıma ehtiyac olduğunu bildirib.

Deputat Tahir Kərimli şəhid ailələri ilə bağlı problemləri diqqətə çatdırıb.

Əli Məsimli, Etibar Əliyev, Jalə Əhmədova, Siyavuş Novruzov, Qənirə Paşayeva qanun layihəsi haqqında fikirlər irəli sürüblər.

Sonra Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini birinci oxunuşda təsdiqləyib.

Gündəliyə daxil olan növbəti məsələ “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsi (birinci oxunuş) olub. Layihəni Musa Quliyev təqdim edib.

Nazir müavini Anar Kərimov deputatların səsləndirdiyi məşğulluq proqramı ilə bağlı fikir bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 min, Dünya Bankı layihəsi çərçivəsində 6 min, yerli banklar tərəfindən 500 olmaqla, cəmi 16 min 500 ailənin özünüməşğulluğu təmin ediləcək. Özünüməşğulluq proqramının həyata keçirildiyi dövr ərzində ilk dəfə olaraq kənd təsərrüfatı istiqamətinin bütün növləri üzrə əmlakların aqrar sığortalanmasına başlanılacaq. Bununla yanaşı, şəffaflığın artırılması məqsədilə proqrama müraciət edən şəxslərin ekonometrik qiymətləndirmə əsaslı elektron platforma üzərindən növbəli iş sistemi yaradılacaq”.

O qeyd edib ki, peşə hazırlığı və innovativ həllərin hazırlanması və tətbiqi istiqamətində BACAR layihəsinin həyata keçirilməsinə start verilib. Milli işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası məqsədilə peşə və kvantifikasiya standartlarının hazırlanması davam etdiriləcək. 2022-ci ildə bu istiqamətdə 1 milyon manatın xərclənməsi nəzərdə tutulur. 2019-2021-ci illər ərzində bu məqsədə ayrılan vəsaitin hesabına minə yaxın peşə və kvantifikasiya standartı artıq hazırlanıb.

Fasilədən sonra 16 noyabr erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deputatların uşaqlar üçün qida və geyim vergiləri ilə bağlı təkliflərinə münasibət bildirib.

Qeyd edib ki, Azərbaycana uşaqlar üçün qida və geyimin idxalına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaldılması məsələsi gündəlikdə olan məsələ kimi dəfələrlə müzakirə olunub: “Biz əvvəllər də bununla bağlı məlumat vermişdik. Təəssüf ki, hələ ölkəyə bu məhsulların idxalı zamanı və sonrakı satışı zamanı məhsulların adbaad, növbənöv bütün kateqoriyalar üzrə sənədləşməsinin uçotunu məsafədən izləmək imkanı yoxdur. Odur ki, qanunun verəcəyi imkanlardan sui-istifadə hallarının baş verməməsi üçün sahibkarların müvafiq infrastrukturunun qurulması işlərini yekunlaşdırmasını gözləyirik. Bundan sonra bu cür məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə oluna bilər”.

Ardınca komitə sədrləri tərəfindən müvafiq qanun layihələri - “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş),  “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş),  Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş),  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş),  “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məhkəmə və hüquq- mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında qanun layihələri təqdim olunub.

Müzakirələrdən sonra qanun layihələri səsvermə əsasında birinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran Milli Məclisin Sədri diqqətə çatdırıb ki, sonuncu gündəliyə daxil olan iki məsələnin səsverməsi 2022-ci ilin Dövlət büdcəsi layihəsinin üçüncü oxunuşda müzakirələrindən sonra keçiriləcək.

Günel Abbas

 

 

 

Paylaş
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31