Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev - Azərbaycanda müasir qanunvericilik sisteminin dövlət təminatçısı

Heydər Əliyev - Azərbaycanda müasir qanunvericilik sisteminin dövlət təminatçısı

10.05.2022 [11:00]

Hər bir demokratik dövlətdə, hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuş

dövlətdə qanunvericilik fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir

Heydər Əliyev

Adil VƏLİYEV

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Milli Məclisin YAP Ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə

fəlsəfə doktoru, dosent

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların  arasında öz işıqlı əməlləri ilə bu xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ulu öndər Heydər Əliyevin adı hər zaman qürur hissi ilə çəkilməkdədir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin, müstəqilliyinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.

Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olmuşdur.

Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm  də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də birbaşa təsir göstərmişdir.

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən geniş miqyaslı tədbirlər həyata keçirilməsi sayəsində insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi, həmçinin, onların ictimai fəallığının və işgüzarlığının yüksəlməsinə təkan verdi. Milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin dirçəlişi üçün zəmin oldu. Bu, xalq ruhuna dərindən bələd olan respublika rəhbərinin təşəbbüskarlığının və uzaqgörənliyinin nəticəsi idi.

Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərlə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin fədakar siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu.

Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövrdə  ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu.

Ulu öndərimizin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.

Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi.

Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli Ordunun döyüş qabiliyyətinin artırılması və geniş miqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin təsiri altında münaqişə tərəfləri atəşi dayandırmaq barədə razılığa gəldilər. Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və münaqişənin dinc vasitələrlə aradan qaldırılmasına prioritet istiqamət sayıldı. Ötən dövrdə bu istiqamətdə göstərilən səylər konkret nəticə verməsə də, atəşkəs rejimi Azərbaycanın müstəqil dövlət kimi yaşamasını, sonrakı inkişafını və nəhayət iyirmi altı ildən sonra möhtərəm Prezidentimiz, Ali Baş ?omandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində tarixi qələbəsini şərtləndirən əsas amillərdən biri olmuşdur.

Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıldı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı.

Lakin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salaraq, bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ?mummilli ?iderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, geniş miqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Böyük öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli  liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il, yəni 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli liderimiz Heydər Əliyev demişdir:

“Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, - bir il, iki il, - hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun”.

 Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındakı bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Bu sənədə əsasən  beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında” qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb Milli ?əclisdə müzakirə edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.

Milli Məclisin bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin müzakirəsinə verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. Respublika parlamenti bu gün də qeyd olunan istiqamətdə, yəni hüquq islahatları sahəsində xeyli tarixi sənədlər qəbul etməkdədir.

Böyük öndərimizin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı da hüquq islahatları baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənədlərdəndir. Bu fərmanda ölkəmizdə insan hüquq və azadlıqlarının cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə vurğulanmış, icra strukturlarının vəzifələri müəyyən edilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi ilə inteqrasiyasını gücləndirən normativ sənədlər də qəbul olunmuşdur. Parlament bu sahədə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, “İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasını, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasını təsdiq edən sənədləri, “Vətəndaşlıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunları qəbul etmişdir.

Məlum olduğu kimi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması hüquq islahatları baxımından respublikamız qarşısında mühüm öhdəlik və vəzifələr qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, Ulu öndərin təşəbbüsü ilə Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunvericilik aktları da qəbul edilmişdir.

Hüquq islahatları sahəsində Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir neçə konstitusiya qanunu da qəbul etmişdir. Bunlar “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verdiyinin əyani təsdiqidir.

Heydər Əliyev ölkəmizdə aparılan hüquq islahatları haqqında respublikamızın dövlət müstəqilliyinin onuncu ildönümünə həsr olunmuş təntənəli mərasimdə demişdir:

“1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin o il Azərbaycanın ilk Milli Məclisi seçildi. Baxmayaraq ki, 1995-ci ildə biz hələ ağır iqtisadi vəziyyətdə yaşayırdıq, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.

Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək  məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxardır”.

Ulu öndərimizin rəhbərliyi ilə ötən əsrin sonlarında Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, ölkədə sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. Büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda mövcud maliyyə imkanlarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst qiymətlərin tətbiqinin doğurduğu çətinliklərdən əhalinin müdafiəsinə yönəldilməsi, o cümlədən, işləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər ümummilli lider Heydər Əliyevin xalqa bağlılığını əyani təzahür etdirməklə, eyni zamanda, sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətlərdən olduğunun daha bir göstəricisi idi. “Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır”, - deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi.

Ulu öndərimizin uğurlu neft strategiyasının nailiyyəti kimi 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması respublikada iqtisadiyyatının inkişafına təkan verməklə, sosial məqsədlərin də uğurla reallaşması üçün mühüm addımların atılmasına imkan yaratdı.

Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit edilməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.

Ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının və əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əməkhaqqı məbləğinin artırılması və s. kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı. “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, - deyə qeyd edən Ulu ?ndərin təşəbbüsü və tapşırığı əsasında sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi yeni sosial təminat və reabilitasiya məqsədli proqramlara başlanılmaqla xeyli genişləndirildi.

Qısa zaman ərzində respublikada nəinki sosial sabitliyə nail olundu, eyni zamanda, 1990-cı illərdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların dövlət hesabına mənzillərlə, müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların minik avtomobilləri ilə təminatı, fiziki məh?udiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərin təşkili işlərinə başlanılmaqla, bu işlər ildən-ilə gücləndirildi.

Azərbaycanda sosial dövlətin möhkəm təməlinin formalaşması həm də artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğunun kəskin şəkildə azal?ılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan ümummilli liderimiz Heydər Əliyev bu mühüm sənəddən irəli gələn öhdəliklərin ö?kəmizdə uğurla yerinə yetirilməsi üçün uğurlu dövlət siyasətinin də formalaşmasını təmin edib. Bəyannamədə 8 qlobal məqsəddən birincisi - ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması idi. Ulu öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə yoxsulluğun azaldılmasında mühüm irəliləyişlərə şərait yaratdı.

Ümumilikdə 1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilərək, Azərbaycan tarixinin bu şərəfli dövründə güclü sosial siyasətin formalaşdırılmaqla daim gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə, muzd­la işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına nail olundu.

MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi.

Bütün qeyd edilən sosial nailiyyətlər Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü sosial siyasətin, təkmil islahatlar proqramının nailiyyətləridir. Əminəm ki, Azərbaycanın sosial inkişaf modelini təzahür etdirən bu uğurlar qarşıdakı dövrdə də davam edəcəkdir.

Torpaqlarımızın, Qarabağın işğaldan azad olunması ?lu ?ndər Heydər Əliyevin ən böyük arzularından biri idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımların? əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanılıb. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş olub. Bu zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olub. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin zəfərlə başa çatması istqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Bu da möhtəşəm qələbəmiz ilə nəticələndi.

Xalqımızın əldə etdiyi bu tarixi qələbə, ilk növbədə, Ulu öndərin, eləcə də Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.

Qətiyyətlə söyləmək olar ki, Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu, onun əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bu gün dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə həll etməkdə və Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirməkdədir. Məhz bu fəaliyyətin nəticəsidir ki, keyfiyyət baxımından yeni mərhələyə daxil olmuş qalib dövlətimiz, həm də  beynəlxalq etirafa nail olmuş güclü dövlət statusu qazanmışdır. Belə dövlətin  vətəndaşı olmaq isə şərəf və fəxarətdir.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31