Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İNSANLIĞIN GERÇƏK XİLASKARI - HENRİ DÜNAN

İNSANLIĞIN GERÇƏK XİLASKARI - HENRİ DÜNAN

05.07.2022 [10:37]

Murad Köhnəqala

Dünyanın hər yerində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin yaradıcısı isveçrəli humanist, xeyriyyəçi Henri Dünan 1828-ci ildə Cenevrədə varlı dindar ailədə doğulub.

Henri uşaq vaxtlarından iqtisadiyyat, din və xeyriyyə məsələləri ilə maraqlanırmış. Gənc yaşlarında bir ruhani kimi adi günlərdə yoxsul ailələrin evinə gedir, bazar günləri isə yerli həbsxanadakı məhkumlara baş çəkir, onları dinləyir, yardımlar edirmiş. On səkkiz yaşında Henri yevangelistlərin “Oyanış” adlı xeyriyyə cəmiyyətinə üzv olur.

1853-cü ildə məşhur “Tom dayının daxması”  romanının müəllifi Harriyet Biçer-Stou ilə tanış olan Dünan onunla birlikdə quldarlıq əleyhinə mübarizəyə başlayır. Gənc humanist Parisdə açılan “Gənc Xristianlar Assosiasiyası”nın ən aktiv üzvlərindən birinə çevrilir, təşkilata hərtərəfli dəstək verir.

26 yaşlı Dünan nüfuzlu Cenevrə banklarından birinin Quzey Afrika və Siciliya üzrə nümayəndəsi kimi xeyriyyəçilik fəaliyyətini davam etdirir, eyni zamanda Əlcəzairdə “Gənc Xristianlar Assosiasiyası”nın filialını yaradır. 1863-cü ildə çap etdirdiyi “Müsəlman ölkələrində və Amerikada quldarlıq” adlı səfər yazısında təmsil etdiyi təşkilatın yerli əhali arasında missioner fəaliyyəti, gördüyü işlər, xeyriyyəçilik və maarifləndirmə tədbirləri barədə qeydləri ətraflı yer alır.

İsveçrə 1815-ci ildən Avropa dövlətlərinin razılığı ilə beynəlxalq münasibətlərdə “müharibəyə qarışmamaq” siyasəti yeritdiyinə görə Henri müharibə və onun dəhşətləri haqda geniş təsəvvürə malik deyildi. 

1859-cu ildə Dünan İtaliyanın şimalına - italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu ərazilərə işgüzar səfərə yollanır. Qanlı döyüşlərdən birinin baş verdiyi Solferino kəndində gördükləri onu dəhşətə gətirir. Şahidi olduğu hadisələri “Solferino xatirələri” adlı kitabında belə təsvir edir:

“Ölüm ayağında olanların iniltisi, yaralıların ah-naləsi, adamın ürəyini deşən imdad çağırışları gecənin doğma sakitliyini pozur. Bu dəhşətli gecəni olduğu kimi təsvir etmək gücündə deyiləm. İyunun iyirmi beşi səhər doğan günəş təsəvvürə gətirilməsi mümkün olmayan bir mənzərəni işıqlandırır. Döyüş meydanı, yollar, xəndəklər - hər yan insan meyitləri, at leşləri ilə doludur. Solferinonun ətrafında isə meyitdən ayaq basmağa yer yoxdur. Zəmilərdə səngərlər qazılıb, qarğıdalı, buğda əkinləri tamam tapdanıb, çəpərlər basılıb. Meyvə bağları xarabalığa çevrilib, gözə dəyən yalnız qan gölməçələridir. Kəndlər dağıdılıb, hər yerdə güllə, mərmi izləri görünür. Divarlar çat verib, evlər darmadağın olunub, zirzəmilərdə gizlənən sakinlər bir sutkadan artıqdır ki, qorxu içində ac-susuz qalıblar. İndi onlar yavaş-yavaş gizləndikləri yerlərdən çıxmağa başlayırlar. Qaranlıq zirzəmidə yaşadıqları dəhşət onların üzündən oxunur. Solferinonun ətrafında, xüsusilə də kənd qəbiristanlığında elə bil göydən silah, dəbilqə, şərf, qanlı cır-cındır, silah hissələri yağıb. Gün ərzində yığılan bədbəxt yaralılar ölü rəngindədir, heç birinin tərpənməyə taqəti yoxdur. Yarası ağır olanların baxışlarında kütlük var, deyilənləri başa düşmürlər, gözlərində heç bir ifadə yoxdur. Bununla belə ağrını hiss edirlər, bəzisi dözülməz ağrıdan ağlını itirib yalvarır ki, onu kimsə öldürsün, canı qurtarsın. Üzünə dəhşətli ağrının iz saldığı bu adamlar ölümlə çarpışırlar. Buradakı bədbəxtlər təkcə güllədən, mərmidən yaralanmayıblar, bir çoxunun üstündən ağır artilleriya qurğuları keçdiyindən sümükləri qırılıb, əl-ayaqları doğranıb”.

Özünü itirməyən Henri yaralılara kömək etməyə, onları meyitlərin arasından seçib kənara çəkməyə başlayır.

Amma anlayır ki, təkbaşına hamıya yardım göstərə bilməyəcək. Buna görə Solferino kəndinin əhalisinə üz tutur. Adamlar əvvəlcə bu çağırışa könülsüz qoşulurlar. Bu zaman Dünan “Biz hamımız qardaşıq!” deyə qışqırıb, Solferino sakinlərini tanımadıqları yaralılara yardım göstərməyə məcbur edir. Beləcə, könüllülərin sayı getdikcə artır.

Cenevrəyə qayıdandan sonra Dünan Solferinodakı əsgərlərin dəhşətli vəziyyətini kitabında təsvir etməklə kifayətlənmir, “Solferino xatirələri”ndə o, bütün dövlətlərin müharibə qurbanlarını qoruyacaq bir saziş imzalaması ideyasını irəli sürür:

“Bütün bu iztirablardan ətraflı söz açmaqda məqsədim nədir, dəhşətli mənzərələri təsvir etmək nəyə lazımdır? Bu təbii suala sualla da cavab vermək istərdim: müharibə zamanı yaralılara yardım göstərən və ya yardımı təşkil edən, onların qayğısına qalan könüllü cəmiyyətlər niyə də yaradılmasın?”

26 oktyabr 1863-cü ildə Dünan öz tərəfdarları ilə birlikdə bütün dünyada yaralılara yardım göstərəcək təşkilat yaratmaq qərarına gəlir. Böyük humanistin təklifi ilə 16 ölkədən 39 nümayəndə Cenevrədə görüşərək, sonradan dünyada “Cenevrə konvensiyası” kimi tanınacaq təşkilatın yaradılması haqda müqavilə imzalayır. Henrinin şəxsiyyətinə hörmət əlaməti olaraq qırmızı fonda ağ xaç olan İsveçrə bayrağının oxşarı kimi ağ fonda qırmızı xaç şəkli təşkilat üçün emblem qəbul edilir.

Dünyada “Cenevrə konvensiyası” kimi tanınmış bu müqavilə 1864-cü ildə Parisdə 12 dövlətin nümayəndəsi tərəfindən imzalanır.

Türklər dini mənsubiyyətə görə qırmızı xaç emblemindən imtina etdiklərindən müsəlman ölkələrindən ötrü təşkilatın embleminə qırmızı aypara da əlavə olunur. O vaxtdan bəri bir çox müsəlman dövlətləri emblem kimi qırmızı xaçla eyni tutulan qırmızı ayparadan istifadə edir.

Gərgin ictimai fəaliyyətdən başı açılmayan Henrinin şəxsi biznesi iflasa uğrayır. Ruhdan düşməyən və xeyriyyəçilikdən bir addım kənara çəkilməyən Dünan 1871-ci ildə baş vermiş Fransa-Prussiya müharibəsi zamanı hərbi əsirlərin toxunulmazlığını təmin edən təşkilat yaratmağa girişir. Onun şəxsi vəsaiti və tərəfdarlarının səyi nəticəsində təşkilat öz fəaliyyətini genişləndirir. Qurumun beynəlxalq nüfuzu getdikcə artır, 1872-ci ildə Avropa ölkələrinin əksəriyyəti bu təşkilata üzv olur. 1882-ci ildə isə ABŞ Senatı qurumun ölkə daxilində fəaliyyətinə icazə verir.

Böyük humanist Henri Dünan öz çıxışlarında Avropa yəhudilərinin əzəli yurd saydıqları Fələstin torpaqlarına qayıtma istəyini müdafiə edirdi.

1864-cü ildə o, “Şərqin oyanışı” adlı beynəlxalq təşkilatın əsasını qoyur. 1874-cü ildə isə Avropa dövlətlərinin nəzarətində olan Suriya və Fələstində yerli əhalinin sosial-tibbi müdafiəsinin təşkili üçün “Suriya və Fələstin koloniyaları cəmiyyəti”ni yaradır.

1869-cu ildən etibarən “Qırmızı Xaç Cəmiyyəti” dünyanın hər yerində daşqın, zəlzələ, epidemiya, aclıq və s. fəlakətlərin qurbanlarına da yardım etməyə başlayır.

Bütün həyatını, var-dövlətini yaratdığı təşkilatın yolunda qoyan Henri Dünan ömrünün sonlarına yaxın yoxsul həyat sürür. 1892-ci ildən Haldeyin kimsəsizlər evində məskunlaşan böyük humanist ömrünün son 18 ilini burada keçirir.

Beynəlxalq miqyaslı humanist fəaliyyətinə görə 1901-ci ildə Henri Dünana Nobel sülh mükafatı təqdim olunur. Bundan başqa bir neçə ölkə ona ömürlük müavinət ödəyir.

Qocalar evində sıradan bir sakin kimi yaşayan Henri Nobeldən gələn qazancı yoxsulların müdafiəsi uğrunda mübarizə aparan qurumların hesabına köçürür. Məskunlaşdığı sığınacaqda şəxsi vəsaiti hesabına kimsəsizlər üçün yeni çarpayılar qoydurur.

Böyük xeyriyyəçi, həqiqi mömin Henri Dünan 1910-cu ildə yaşadığı yoxsullar evində dünyadan köçür.

Paylaş:
Baxılıb: 170 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31