Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya işğalı və ermənilərin Zəngəzura yerləşdirilməsi

Rusiya işğalı və ermənilərin Zəngəzura yerləşdirilməsi

06.09.2022 [10:34]

(dördüncü məqalə)

1828-ci il fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı, Rusiya və İran arasındakı yeni sərhədlər müəyyənləşdi, Azərbaycanın Arazdan şimalda yerləşən əraziləri Rusiya imperiyasına qatıldı.

Rusiya ilə Türkiyə arasında 1829-cu ildə Ədirnə sülh müqaviləsi imzalandı. Rusiya Türkiyənin şərqindəki ərazilərə sahib oldu. Bununla da Rusiyanın Qafqazın işğalına yönəlmiş yüz ildən artıq davam edən işğalçılıq siyasəti imperiyanın yeni torpaqlar əldə etməsi ilə tamamlandı. Ancaq, çox təəssüflər olsun ki, Rusiyanın Qafqaz xalqlarına vurduğu zərbə onların torpaqlarını qəsb etməklə tamamlanmadı.

Məhz ruslar İrandan və Türkiyədən erməniləri köçürüb Qafqaza gətirməklə xalqlar arasına nifaq toxumu səpdilər. Bu siyasət Rusiya imperiyasının “parçala və hökm sür” ideyasının təzahürü, xalqları parçalamaqla, onları qarşı-qarşıya qoymaqla əyalətlərdə idarəçiliyi asanlaşdırmaq, ekspansionist dövlətin nüfuzunu qoruyub-saxlamaq siyasəti idi. Məhz ermənilər bu siyasət üçün çar Rusiyasına çox lazım idilər. Rusiya imperiyasına sərhəddə xristian əhalisinin olması əlverişli idi.

Lakin Qafqazın rus ekspansiyası başa çatanda burada yaşayan ermənilərin sayı olduqca az idi. Buna görə də Qafqazda parçalayıcı faktor kimi, ermənilərin çoxalması lazım idi.

Bu ideya uzun əsrlər boyu öz dövlətçiliyini itirmiş erməni siyasətçilərinə Qafqazda erməni dövləti yaratmaq üçün müəyyən ümidlər verirdi. Ona görə də erməni zabitləri, din və siyasət xadimləri Qafqazın işğalında Rusiya dövlətinə hər cür yardımlar göstərmişdilər. Heç təsadüfi deyildir ki, Rusiya-İran müharibəsində çar qoşunlarının tərkibində erməni əsilli zabitlər - Lazarev, Arqutinski, Melikyan, Hamazyan, Korqanyan və s. çox fəal şəkildə iştirak etmişlər.

Bu da təsadüfi deyildir ki, İrandan ermənilərin Qafqaza köçürülməsinə rəhbərlik etmək erməni əsilli çar zabiti İvan Lazarevə tapşırılmışdı.

Rusiya və İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin 15-ci bəndinə uyğun olaraq, müqavilə bağlanandan 15 gün sonra İranın Xoy, Salmas, Marağa, Ərdəbil, Təbriz və s. xanlıqlarından ermənilər Azərbaycan torpaqlarına, əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülməyə başladılar. Təkcə 1828-ci il ərzində İrandan Azərbaycan xanlıqlarına 35.566 nəfər erməni köçürülmüşdür.

Əgər köçürülməyə qədər İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 25.151 nəfər erməni yaşayırdısa, köçürülmənin ikinci ilində bu rəqəm 82.377-yə qədər yüksəldi. 1830-cu ildə isə artıq 100.000 nəfər erməni Türkiyənin, Van, Bitlis, Muş, Ərdahan, Qars, Ərzurum Bəyazit vilayətlərindən Gəncə, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürüldü.

Bu köçürülmələrin nəticəsində Qafqazda ermənilərin sayı 10 dəfədən çox artdı. 1831-ci ildə Qafqazda yaşayan 161 min ermənidən 125 mini 1828-31-ci illər İrandan və Türkiyədən köçürülənlər idi.

İrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam etdi, bu axın 1853-1856, 1877- 1878-ci illərdə və 1894, 1896-cı ildə daha da gücləndi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə artıq Qafqazda 1.148.673 nəfər erməni yaşayırdı.

Rus tədqiqatçısı N.İ.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Zaqafqaziyada rus işinə yeni təhlükə” adlı kitabında yazırdı: “1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə, 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi, 84.600 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir. İndi Qafqazda yaşayan 1.300 min ermənidən bir milyonu yerli deyildir, bizim tərəfimizdən bu yerlərə gətirilməlidir” .

İrandan və Türkiyədən gələn ermənilər əsasən İrəvan və Naxçıvan xanlıqlarının Rusiya-İran müharibəsi zamanı dağıdılmış müsəlman kəndlərində yerləşdirilirdilər. Belə kəndlərin sayı 500-dən çox idi.

Bəzi hallarda isə gəlmə ermənilər yerli ermənilərin yaşadığı balaca kəndlərdə yerləşdirilərək əlavə evlər tikməklə həmin kəndlərin böyüdülməsini və bölgədə nüfuzlu yaşayış məntəqələrinə çevrilməsini təmin edirdilər.

Üçüncü halda isə, ermənilərin məskunlaşması yeni yaşayış məntəqələrinin salınması ilə müşahidə olunurdu.

Qarabağ xanlığına köçürülən ermənilərin bir hissəsi Zəngəzurda məskunlaşdı.

Rusiyanın İrandakı səfiri yazıçı-publisist A.Qriboyedov İrandan Azərbaycana köçürülən ermənilər haqqında belə yazırdı: “Köçürülən ermənilərin çox hissəsi müsəlman mülkədarların torpaqlarında yerləşdirilir ki, bu da müsəlmanların haqlı narazılığına səbəb olur. Müsəlmanlar qorxurlar ki, ermənilər bu torpaqlarda möhkəmləndikdən sonar onların özlərini çıxardacaqlar” . Təəssüf ki, Qriboyedovun bu sözləri sonradan həqiqətə çevrildi.

Zəngəzurun Sisyan və Meğri rayonlarında əsasən İrandan, Qafan və Gorus rayonlarında isə Türkiyədən gəlmiş ermənilər yerləşdirilirdilər.

Zəngəzura köçürülən ermənilər Sisyan rayonunda Əlili, Şəki, Əngələvid, Bələk, Şağat, Təzəkənd, Uz, İlizin, Ağkənd, Məzrə, Qarakilsə kəndlərində yerləşdirildi. Bu kəndlərdən Şağat istisna olmaqla, hamısı azərbaycanlı kəndləri idi. Sonralar bu kəndlərin taleyi çox acınacaqlı oldu. 1905-ci ildə ermənilərin xəyanətkar hücumlarına məruz qalan bu qarışıq kəndlərin azərbaycanlı əhalisinin hamısı 1918-ci ildə deportasiya olundu. Sovet hakimiyyəti qurulduqdan sonra yalnız Şəki kəndinin camaatı öz dədə-baba yurdlarına qayıda bildilər. Qalan kəndlər isə tamamilə erməniləşdilər, sonralar isə bu kəndlərin hamısının adları dəyişdirildi: Əlili - Salvard, Təzəkənd - Tasik, İlizin - Lçen, Ağkənd - Aşotavan, Qarkilsə -Hatsavan adlandırıldı.

Qafan rayonuna köçürülən ermənilərin bir hissəsi azərbaycanlılar yaşayan kəndlərə (Kilsəkənd, Maqauz, Baydax, Sirkətas, Zeyvə, Aşağı Dortnu, Bıx), bir hissəsi erməni kəndlərinə (Aqarak, Ağvani, Aşağı Hand, Aracazor, Arsevanik, Lernazor, Bağaburc, Sevakar və s.), bir hissəsi isə Qafan və Qacaran qəsəbələrində yerləşdirilmişlər. Qafan rayonunun ermənilər köçürülən azərbaycanlı kəndlərinin də son taleyi Sisyan rayonundakı kimi olmuşdur. Bu kəndlərin azərbaycanlı əhalisi 1905 və 1918-ci ildə soyqırıma və deportasiyaya məruz qalmış, kəndlərin adları isə aşağıdakı kimi erməniləşdirilmişdir:

Kilsəkənd - Sraşen, Maqauz - Kaxnut, Gitqum - Geğanuş, Zeyvə - Davit bek, Aşağı Dortnu - Antraşad, Sirkətas - Xıdrants, Axtaxana - Xiataq.

İrandan və Türkiyədən köçürülən ermənilər Meğri rayonunun Meğri qəsəbəsinə, azərbaycanlılar yaşayan Astazur və Vahravar kəndlərinə, ermənilər yaşayan Qarçevan, Quris, Qudemins kəndlərinə köçürülmüşlər. XX əsrin əvvəllərində Astazur kəndi (1935-ci ildə adı dəyişdirilib Şvanidzor qoyulmuşdur), 30-cu illərdə isə Varhavar kəndi tamamilə erməniləşdirilmişdir.

Gorus rayonuna köçürülən ermənilər köhnə Gorusda (azərbaycanlılar və ermənilər qarışıq yaşamışlar), azərbaycanlı kəndləri olan Xanazax, Yayıcı, Xonzavar, Mağ və Şahverdilər kəndlərinə köçürülmüşlər. Sonralar bu kəndlərdən Xanazax kəndi məhv edilmiş, qalan kəndlər isə erməniləşdirilmişdir. Yaycı kəndi Qarjis, Qaladərəsi - Qalidzor, Şahverdilər - Başaracur adlandırılmış, Mağ kəndi isə Yerisatum erməni kəndi ilə birləşdirilmişdir.

Bu qədər ermənilərin köçürülüb gətirilməsinə baxmayaraq, XIX əsrin sonlarına qədər bölgədə erməni azərbaycanlı nisbəti yenə də azərbaycanlıların xeyrinə olmuşdur.

1886-cı ildəki statistik məlumatlara görə Zəngəzurdakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur.

1908-ci ildə Yelizavetpol quberniyası üzrə əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzasının əhalisi 294.753 nəfər olduğu göstərilir. Bunlardan 197.066 nəfəri (67%) müsəlman, 97204 nəfəri (32, 9%) erməni-qriqorian, 483 nəfəri (0,1%) isə digər dinə mənsub insanlar olmuşlar.

İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarındakı, Gəncə quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarındakı 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuşdur.

1986-cı ildəki məlumata görə Ermənistandakı erməni kəndlərinin 70%-dən çoxu 1828-ci ildən sonra salınmış, yaxud bərpa edilmiş kəndlərdir.

Erməniliyin tarixi köç tarixidir. Bu yurdsuz-yuvasız toplum hay milləti kimi formalaşandan bir yerdə tikiş tutmur, rahat güzəran və etibarlı ağa axtarışı ilə dolaşır. İlk məskunlaşma yeri Balkanlar olan haylar Balkanlardan Mesopatomiyaya, oradan üzü şimala - Kilikiya və Van gölü ətrafına, oradan isə Şərqi Anadoluya və Cənubi Qafqaza köçmüşlər, son əlli ildə isə Şimali Qafqaza doğru köçüb getməkdədilər.

...Getsinlər, necə deyərlər, yol açıq, dallarınca da qara palçıq!

...Getsinlər, fitnə-fəsadlarını və dərd-bəlalarını da özləri ilə aparsınlar!

...Bir neçə ay bundan qabaq Laçından, Zabuxdan, Susdan çıxmayacağıq deyənlər artıq unitazlarını sökməkdədirlər.

...Artıq Laçın yoluna tam nəzarət etməkdəyik!

...Zəngəzur dəhlizini də açacağıq!

...Türk dünyasının coğrafi birliyini də təmin edəcəyik!

...Zəngəzur dəhlizinin açılması tarixi ədalətin bərpası və təntənəsi olacaqdır!

Zəngəzur Azərbaycandır!

Musa Urud,

Millət vəkili

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31