Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyanın 24 universitetində “Azərbaycan multikulturalizmi” tədris olunur

Dünyanın 24 universitetində “Azərbaycan multikulturalizmi” tədris olunur

05.01.2023 [13:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2022-ci ili  uğurla başa vurur.

Bu barədə məlumat Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2022-ci ilin yekunlarına dair hesabatında yer alıb.

Hesabatda deyilir:

«Hər il olduğu kimi, cari ildə də BBMM sadəcə ölkə daxilində deyil, eyni zamanda bir çox xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər həyata keçirib, müxtəlif dillərdə kitab və jurnallar nəşr edib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

2022-ci il ərzində ölkə daxilində gerçəkləşən əhəmiyyətli tədbirlər arasında 20 Yanvar faciəsinin 32-ci, “Xocalı soyqırımı”nın 30-cu ildönümünə həsr edilmiş dəyirmi masaları, habelə Novruz bayramı münasibətilə ölkəmizdəki etnik qrupların və konfessiya nümayəndələrinin iştirakı ilə ənənəvi bayram tədbirini xüsusi qeyd etmək olar. Multikulturalizm Mərkəzi “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Azərbaycanlıların soyqrımı-1918” mövzusunda dəyirmi masa, Zəfər Gününün ikinci ildönümünə həsr edilmiş "Biz birlikdə güclüyük" mövzusunda konfrans keçirib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq elmi konfrans və “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” adlı lektoriya təşkil olunub.  Eyni zamanda, BBMM G20 Dinlərarası Forum Assosiasiyası, ABŞ-nin Stirlinq Fondu, Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər”, Qafqaz Müsəlmanları İdarəsi, Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda beynəlxalq konfranslar keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində, ölkəmizdə yaşayan azsaylı xalqların icma rəhbərlərinin iştirakı ilə Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa təşkil edilib. “Şuşa ili” çərçivəsində nəfis tərtibatda hazırlanmış“ Şuşa kataloqu”nun təqdimatı da keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2022-ci il ərzində müxtəlif xarici ölkələrdə də bir çox beynəlxalq əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil ediblər. Belə tədbirlər sırasında Vyanada “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi”, Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya”, Brüsseldə “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” kimi beynəlxalq toplantıları göstərmək olar. Bununla yanaşı Mərkəzin icraçı direktoru Rəvan Həsənov ABŞ-da “Dinlərin sülhyaratma prosesində rolu” mövzusunda beynəlxalq simpoziumda, Nyu-Yorkda BMT-nin “Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilmiş xüsusi sessiyada, eləcə də, “Müxtəlif cəmiyyətlərin inteqrasiyası üzrə Lyublyana Qaydaları”nın 10 illiyi münasibəti ilə beynəlxalq konfranslarda iştirak edərək Azərbaycan dövlətinin multikulturalizm siyasəti və BBMM-in həyata keçirdiyi layihələri barədə məruzə ilə çıxış edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İndoneziyada G20 Sammiti çərçivəsində R20 (Dinlərarası Dialoq) Sammitində, Strasburqda Avropa Şurasının “İcmalar və dinlərarası dialoq və qarşılıqlı hörməti təşviq etmək üçün təşəbbüslər və təcrübə mübadiləsi”, Astanada “Yeni Mərkəzi Asiya üçün perspektivlər: Sabit və demokratik cəmiyyətin formalaşdırılmasında dinin rolu» mövzusunda və Varşavada ATƏT-in Polşa sədrliyinin təşkilatçılığı ilə İnsan ölçüsü üzrə konfranslarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təmsil olunaraq məruzələrlə çıxış edib. Xarici ölkələrdə gerçəkləşdirilən tədbirlər sırasında BBMM-in Ukrayna nümayəndəliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biridir: Azərbaycanda etnik və dini müxtəliflik” mövzusundakı dəyirmi masanı da  qeyd etmək olar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri ilə birgə Zəngilan, Cəbrayıl və Şuşa şəhərlərinə səfər çərçivəsində, mədəni, tarixi və dini abidələrə baxış keçirilməsi ilə bağlı səfərlərdə iştirak edib. Bütövlükdə, ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi mədəni terror və beynəlxalq təşkilatların bu mözuya laqeyd münasibəti məsələsi də BBMM tərəfindən diqqət mərkəzində saxlanılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində qarşılıqlı əməkdaşlıq istiqamətində bir sıra önəmli görüşlər gerçəkləşib. Mərkəzdə Belçikanın Gent Univerisitetinin professoru İohan Vandevalli ilə, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Muataz Muhi Abdulhamed ilə, Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə,Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma ilə, Vyana Yəhudi icmasının ravvini və Ştiriya əyalətinin paytaxtı Qratsın baş ravvini Şlomo Hofmeyster, habelə ABŞ-ın Yuta ştatından olan nümayəndə heyəti ilə, Kanada nümayəndə heyəti ilə görüş keçirilib.

Cari ildə BBMM-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri ilə görüşü təşkil edilib. Fərəh Əliyeva görüş iştirakçılarının fikirləri və təklifləri ilə tanış olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ənənvi olaraq növbəti Qış və Yay Beynəlxalq Multikulturalizm Məktəbləri təşkil edilib.  “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi konteksində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ağdam və Şuşa şəhərlərinə səfər çərçivəsində Azərbaycan torpaqlarındakı erməni vəhşiliyini öz gözləri ilə görmək imkanı əldə ediblər. “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində isə tələbələr regionlarda və Bakı şəhərində dini icmaların rəhbərləri, ictimai-siyasi xadimlərlə görüşmüş, Azərbaycan multikulturalizm modeli ilə bağlı mühazirələr dinləmiş və mədəni irsmizə aid abidələrlə tanış olmuşlar.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 24 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çex Respublikası, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2022-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti - Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti - Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti - Rumıniya, Taras Şevçenko adına Kiyev Milli Universiteti - Ukrayna, Şri Şri Universiteti - Hindistan,  Hokkaydo Universiteti - Yaponiya, Gadjah Mada Universiteti - İndoneziya, Pekin Xarici dillər Universiteti – Çin, Paraiba Federal Universiteti - Braziliya, Vrotslav Universiteti – Polşa, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalzimi fənninin tədrisi davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilmişdir. Daha sonra isə humanitar fənnlər blokunda əsas fənn olaraq qalsa da, texniki fənnlər blokunda seçmə fənn kimi təklif olunmaqdadır. 2022-ci il ərzində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənnlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanın kollec və universitetlərinin 55 müəlliminin iştirak etdiyi treninq kursları təşkil edilib, treninqləri uğurla bitirən müəllimlərə müvafiq sertifikatlar verilib.

Multikulturalizm Mərkəzi tərəfindən "Azərbaycanca-Tatarca-Rusca-İngiliscə" danışıq kitabçası, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı, eləcə də, Azərbaycanda kürd icmasının ağsaqqalı, yazıçı Əhməde Həponun kürd və Azərbaycan dillərində əsərlərindən (povest,hekayələr) ibarət "Xwezila" ("Kaş ki") kitabı nəşr edilib.

2022-ci ildə “Həqiqətin Onomastikası” adlı kitabın ingilis dilində nəşri də işıq üzü görüb. Bundan başqa, BBMM-in ildə iki dəfə ingilis dilində çap edilən “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) beynəlxalq elmi jurnalının növbəti sayları və  “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalın 3-cü buraxılışı çap olunub.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişinin 6 buraxılışı (Ağdam, Şuşa, Xocavənd, Suqovuşan - Tərtər, Hadrut qəsəbəsi, Azıx Mağarası, Ağalı - Zəngilan) işğaldan azad olunmuş ərazilərə və dağıdılan, saxtalaşdırılan mədəni irsimizə həsr olunub. Verilişlərdə eyni zamanda BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapib.

Eyni zamanda, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini və tarixini əks etdirən (ingilis dilində altyazı ilə) on sənədli film hazırlanıb, televiziya və sosial şəbəkələr vasitəsi ilə geniş yayılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  2022-ci il ərzində Azərbaycan multikulturalizmi ilə bağlı ABŞ, Türkiyə, Belçika, Almaniya, Türkmənistan, Pakistan, Rumıniya, İsrail, Ukrayna, İraq, Mərakeş, Küveyt, İordaniya və Misirin xəbər portallarında müxtəlif dillərdə məqalələr dərc edilib. Eləcə də, cari ildə BBMM-in fəaliyyəti barədə bütün məlumatlar Mərkəzin 3 dildə - azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi facebook, Twitter,Youtube səhifələrində yerləşdirilib; habelə, yerli mətbuatda və teleradio kanallarında işıqlandırılıb». 

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28