Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Burdan min atlı keçdi”

“Burdan min atlı keçdi”

11.01.2023 [11:10]

Hidayət

Əli Məmmədov

Dayım idi. Həmin yeganə dayım ki, məni teatra direktor təyin edəndə o, Kislovodskda dincəlirdi, İrəvana qayıdan kimi bu xəbərdən yaman tutulmuşdu və qorxurdu ki, bu çətin işdən baş çıxara bilməyəcəyəm. Əməlli-başlı narazılığını bildirdi. Lakin gecdi, qayıtmağa yol yox idi. Naəlac qalıb, erməni Akademik Dram Teatrının direktoruna - köhnə tanışına zəng çaldı ki, məni qəbul edib məsləhətlər versin. Mən bir həftə o kişinin yanına gedib-gəldim. Saatlarla söhbət etdik. Teatr dünyasını əla bilirdi. Amma iş üsulu xoşuma gəlmədi. Həddindən çox bürokratik idi. Fikrimi dayıma söyləyəndə:

- Mən elə belə də gözləyirdim, - dedi.

Dayım yüzbaşı oğlu olsa da, yetim, dərin ehtiyac içində, bir qarın ac, bir qarın tox böyümüşdü. Babam Sultan yüzbaşı elə varlı adam olmayıb, olub-qalanını da erməni-müsəlman çaxnaşmasında, Andranikin qoşunu Zəngəzura gələndə itirib. Babam ailəsini, bütün elini-obasını güc-bəla ilə ölümdən xilas edib Zəngilana gedir. Neçə il orada yaşayır. Zəngəzurda Sovet hakimiyyəti qurulandan sonra doğma yurduna qayıtmağa hazırlaşır. Uşaqların üst-başı yaxşı deyilmiş. Onları Mığrıya belə görkəmdə gətirməyi özünə sığışdırmır. Evin xalça-kilimindən bir neçəsini ata yükləyib parçaya dəyişmək üçün Cənubi Azərbaycana yola düşür. Sellərin-suların daşqın vaxtıymış. Araza çatmamış Baharlı çayı onu aparır...

Nənəm Zinyət xanım böyük ailəsini güclə, lakin dözümlə və mətanətlə dolandırır. Sonra Mığrıya, Maralzəmi kəndinə qayıdırlar (Mığrı didərginlərinin çoxu artıq Vətənə qayıdıbmış). Evdə beş qız varmış, bir oğlan.

Dayım uşaq ikən naxıra gedir, cütlə yer əkir, taxıl biçir, ictimai işlərdə ön sıralarda gedir, komsomola keçir, partiyanın üzvü olur, təhsil alır, onu rəhbər işə götürürülər.

Yüzbaşı oğlu deyib, təqib eləyənlər də çox olur. Stalinin bir sözü onu xilas edir: “Oğul ataya cavabdeh deyildir”.

Mığrıda, Vedidə, Amasiyada Rayon Partiya Komitəsinin katibi, birinci katibi, rayon sovetinin sədri, Ermənistan KP MK Aparatında məsul vəzifədə işləyir. Ali Sovetin deputatı olur. Mərkəzi Komitənin tərkibinə seçilir. Ömrünün son on beş ili respublika Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsi müdirinin müavini idi.

Xatirələrindən cümlələr:

“Həm tələbə olmuşuq, həm müəllim”.

“Həm naxıra getmişik, həm də qəzet çıxartmışıq...”

Bu iki cümlə onun həyat yolunu aşkarlayır. Onun müəllimi də özü olmuşdu, redaktoru da.

Partiya-sovet işində uğurlar qazana-qazana xalqa deməyə təzə sözü tükənəndə ali kursların dinləyicisi olurmuş, bu kurslar da kömək etməyəndə isə... ömrünün yetkin çağında, respublikanın hər küncündə-bucağında adı hörmətlə çəkiləndə birdən-birə işini-gücünü buraxıb, əyani partiya məktəbində iki il oxudu.

Üç dili yaxşı bilirdi: Azərbaycan, rus, erməni.

Üç dildə bədii ədəbiyyat oxuyardı.

Respublikada çobandan başlamış Mərkəzi Komitə katibinəcən, akademikəcən o, Əli Sultanoğlu idi, mənimçün-dayı.

Onun yaxşı cəhətlərini başqaları uzun-uzadı sadalayarlar. Məncə, bütün yaxşı cəhətlərini, uğurlarını, hörmətini, adını-sanını təmizliyi və əməksevərliyi sayəsində qazanmışdı. Bir natəmiz adamla ömürlük barışmazdı, bir də tənbəllə.

Nikbin adam idi, ən ağır dəqiqələrdə də təmkinini pozmurdu. Hər sözü qayğıdan və ağıldan doğulurdu.

Söhbət insan taleyindən gedirdisə onunçün heç fərqi yox idi - dostudur, yoxsa düşmənidir, yaxud çəkməçidir, yoxsa nazir...

Deyirdi ki, dünyada ən gözəl yer Zəngəzur dağlarıdır, ən gözəl kənd - Maralzəmi, ən saf çeşmə - Qərbəzay... Ağır xəstə olanda vəsiyyət elədi: məni Fəxri Xiyabana-zada qoymayın, kəndimizdə, nənəmin yanında (anasına nənə deyərdi) dəfn edin.

Biz onun sözündən çıxa bilmədik.

Yenə kəlamları düşür yadıma:

“Dünya xali deyil...Bu, həqiqətdir. Amma “xali”nin özündə də işıq axtarmalısan”.

“Çox şey gördük bu az yaşımızda...”

“Ən kəsə yol düz yoldur...”

“Dünən “ikiüzlü adam” çox pis adam sayılırdı, indi ondan on qat pisi var - on üzlü adam... Deməli, on qat artıq vuruşmalıydıq”.

“Natəmizliyin həmişə təmizliyə paxıllığı tutur”.

“Öz xalqına oğul olmayandan, başqa xalqa nökər də ola bilməz...”

Yadımda qalan belə kəlmələri çoxdur. Bu sözləri ondan iclaslarda, rəsmi görüşlərdə deyil (o, çıxış edən iclaslarda, rəsmi görüşlərdə mən iştirak etməmişəm), evdə eşitmişəm.

Qırx ilədək yüksək vəzifələrdə işləmiş insan çox sadə yaşayırdı. Altmışıncı-yetmişinci illərdə “yeni sovet adamı” tipli oğlu Mürvətlə bir görüşü - çox həyəcanlı bir gün olduğu kimi yadımdadır. Mürvət, dediyim kimi, “zəmanə adamı” təkin formalaşmışdı (Dayımla Mürvəti müqayisə eləyəndə atalarla oğulların, ümumiyyətlə, nəsillərin bir-birindən fərqləri apaydın görünür. Mən tanıyan bolşeviklərdən heç birinin oğlu bolşevik olmadı və ya köhnə kommunistlər “köhnəliyində” qaldılar, onların övladları təzə kommunist oldular, o da əgər - əsgər oldularsa!), atasından tamam fərqli olaraq güclü maddi imkanları vardı. Uzun illər sovxoz direktoru vəzifəsindəydi (Xəstələnib pensiyaya çıxanadək müxtəlif iri təsərrüfatlara rəhbərlik edirdi). Hə, o gündən aralanmayaq. Mürvətin işləri yenə dolaşmışdı, dayım çox narahat idi:

- Mürvət, Tərcümanyan sən deyənlərdən deyil, rüşvət almır. Səni işdən də çıxaracaqlar, partiyadan da...

Tərcümanyan Ermənistanın Kənd Təsərrüfatı naziriydi. Cavan adam idi. Müsbət ad-san çıxarmışdı...

Mürvət özünü çox sakit və sərbəst aparırdı:

- Ata, bu dünya belə gəlib, belə də gedəcək, de, süfrə açsınlar. Hidayətlə sənin şərəfinə bir qədəh qaldıraq. Narahat olmağa əsas yoxdur.

Dayım rahat ola  bilmirdi. Ayrılanda mənə dedi:

- Sən də sabah işdən çıxanda gəl, görək neyləyirik. Sabah Mürvətin işinə kollegiyada baxacaqdılar. Ertəsi gün axşamcağı işdən çıxıb, birbaş dayımgilə gəldim. Mürvət bir azca sonra qayıtdı.

- Necə oldu? - dayım həyəcanla soruşdu.

- Necə olacaq? Həmişəki kimi. Həll olundu.

- Rüşvət verdin?

- Bu cəmiyyətdə ondan başqa qiymətli nə var ki?

- Tərcümanyana?

- Bəs kimə verməliydim? Ondan başqa kim məsələ həll edə bilər?

Dayım heyrətini gizlədə bilmədi. Dayım çox təəccüblənəndə və əsəbiləşəndə hərdən rus kəlmələri işlədirdi:

- “Okazıvayetsa”, rüşvət varmış...

Mürvət öz kefindəydi:

- Ata, bu dünya belə gəlib, belə gedəcək, siz bolşeviklər istədiniz elə gedəsiniz, baş tutmadı, gördünüz... İndi de, süfrə açsınlar Hidayətlə bir qədəh qaldıraq sənin şərəfinə.

Dayım heyrətlənirdi, altmış yaşında da inanmırdı ki, cəmiyyətdə rüşvət baş alıb gedir.

Getdikcə erməni şovinizmi güclənirdi və bu proses dayımı əsəbiləşdirirdi. 1966-cı ilin aprel ayının sonlarında dayım Ali Sovetin partiya iclasındakı sərt çıxışında respublika rəhbərliyini millətçilikdə, şovinistlərə loyal münasibətdə ittiham edir:

- Koçinyan Kremldə, XXIII qurultayda dostluqdan danışır, həmin günlərdə və sonra İrəvanın Teatr meydanına yığışan millətçi-şovinistlə Azərbaycana qarşı təcavüzkar çıxışlar edirlər. Respublika rəhbərliyi, hüquq-mühafizə orqanları susur, İrəvandakı biabırçılıqlara münasibət bildirilmir. İctimaiyyət hansına inansın? Kremldə Koçinyanın dediklərinə, yoxsa rəhbərlik tərəfindən sükutla qarşılanan meydanda deyilənlərə?

Bu çıxış partlayış kimi səsləndi respublika rəhbərliyində. O axşam Cəfər Vəlibəyov da dayımgilə gəldi, Hüseyn Məmmədov da (Cəfər Vəlibəyov həmin iclasda iştirak edirmiş). Onlar dönə-dönə dayıma təşəkkür etdilər: “Axır ki, belə çıxış olmalıydı”. Cəfər dayı da, Hüseyn müəllim də bu çıxışı yüksək dəyərləndirməklə yanaşı, dayıma ürək-dirək verirdilər ki, qorxmasın (onsuz da geri çəkilməyə yol yox idi), rəhbərlik onu açıq şəkildə cəzalandıra bilməz, lakin hər şeydə diqqətli olmaq gərəkdir.

Ali Sovetin rəhbərliyi, xüsusilə sədr Naquş Harutyunyan çox narazı qalmışdı, dayım danışa-danışa sözünü kəsib təkzib eləmişdi, bir sözlə, o dövr üçün son dərəcədə inqilabi, üsyankar, bir çıxış eləmişdi. Məsələ birinci katibə çatmışdı, birinci katib isə dayımı qəbul edib, onunla “köhnə dostlar kimi” geniş söhbət etmişdi. Koçinyan söhbətin sonunda soruşmuşdu: “Əli, nəyə ehtiyacın var? Mənə de”. Dayım demişdi: “Mən şəxsi ehtiyacım üçün o çıxışı eləməmişəm. Bu antikommunist prosesləri dayandırın, yalnız siz dayandıra bilərsiniz!...”

Lakin artıq “qatar getmişdi” o çıxış tarixi fakta çevrilmişdi, şübhəsiz, millətçi-şovinist erməni rəhbərlər dayımı bağışlamayacaqdılar. Dayım açıq və gizlicə təqib olunurdu. Və o çıxışdan sonra dayımın Vedi rayonuna rəhbərlik etdiyi dövrdəki fəaliyyəti, xüsusilə 1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan - öz tarixi etnik torpaqlarından deportasiyasına etirazları və bunun üstündə birinci katib vəzifəsindən uzaqlaşdırılması, Amasiyada rayon sovetinin sədri işləyərkən millətçi birinci katib Azgəldiyana qarşı mübarizəsi, Mərkəzi Komitənin Amasiyanın birinci katibini işdən çıxarmaq məcburiyyətində qalması və s. məsələlər arxivdən qaldırıldı, öyrənildi.

Qərbi Azərbaycanda uzun illər yüksək vəzifələrdə çalışmış Talıb Musayev “XX əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr” kitabında (Bakı, 1999-cu il) Əli Məmmədovun Vedi rayonundakı fəaliyyəti ilə bağlı yazır:

“1946-1950-ci illərdə Vedi Rayon Partiya Komitəsinin birinci katibi işləyərkən azərbaycanlıların deportasiyasına qarşı kəskin mövqe tutduğu üçün əvvəlcə birinci katiblikdən Amasiya RİK-in sədri vəzifəsinə keçirilmiş, 1952-ci ildə oxumağa göndərmək bəhanəsi ilə işdən azad edilmişdi”.

Xəstə vaxtı olan bir söhbətimizi bu sətirlərə artırmamaq mümkün deyil.

- Mən bir gün köçəcəyəm bu dünyadan, sən də çıxıb gedəcəksən Bakıya...

- Sən hələ bir qərinə də yaşayacaqsan...

- Hər başlanğıcın bir axırı var... Elə bilirsən, Bakıda hər şey asan olacaq? Sən orda əlifbadan başlayacaqsan.

- Hələ sən çox yaşayacaqsan, dayı, - istədim söhbətin yönünü dəyişim.

- Mənim sözüm başqadır. Sanma ki, ölümdən qorxuram. Yetimlikdən, muzdurluqdan buracan gəlib çıxmışam. Dünyanın hər üzünü görmüşəm. Və onu da ağlım kəsəndən bilirəm ki, hər qatarın bir vaxtı var...- fikrə getdi bir az.

Görəsən, nə deyəcək mənə? Uşaqları ərsəyə çatmışdı, nəvələri böyüyürdü. Bir də ailəsiylə bağlı bir şey tapşırsaydı, pərt olardım. Yox, heç özü də belə siz deməzdi... Bilirdi ki, o, həyatda oldu-olmadı ailəsi, uşaqları üçün nə lazım olsa edəcəyəm.

- Sən öz xalqının oğlusan. Bəs buradakı sənin xalqın deyil?- təəssüflə əllərini açdı. - Yunis getdi (Yunis Rzayev - H.), Əli getdi (Əli Həsənov- H.), Hüseyn getdi (Hüseyn Məmmədov -H.), Qəşəm (Qəşəm Aslanov -H.) Moskvadan Bakıya qayıtdı... Cəfər Mehdioğlu qocalıb... Belə getsə, axırı nə olacaq? Bəs bu xalqın sözünü kim deyəcək?

Mən onun gözlərinə baxdım. Hər biri dəniz kimi dərin idi...

...Dayımın vəfatından on bir il sonra köçdüm Bakıya. Həmin sözləri İrəvanın təyyarə meydanında da xatırladım və özümü onun ruhu qarşısında borclu saydım...

Dayımın milli təəssübkeşliyinin erməni rəhbərlərini ciddi narahat etməsi hətta onun vəfatına çox yığcam nekroloq verilməsində də özünü göstərirdi.

Ə.S.Məmmədov

1931-ci ildən Sov. İKP üzvü, qocaman partiya və sovet işçisi. Respublika dərəcəli təqaüdçü Əli Sultan oğlu Məmmədov uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Əli Sultan oğlu Məmmədov 1908-ci ildə Mığrı rayonunun Maralzəmi kəndində anadan olmuşdur. Hələ çox gənc yaşlarından o, məşəqqətli həyatla üzləşərək, qonşu kəndlərdə muzdurluq etmiş, eyni zamanda, müstəqil olaraq təhsilini artırmışdır.

Ə.Məmmədov 1927-ci ildən etibarən bir sıra məsul vəzifələrdə çalışmışdır. O, Mığrı rayonunun Vartanizor kəndində Sovet sədri, Nüvədi kəndində kolxoz sədri, Mığrı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Ermənistan KP Mığrı Komitəsinin katibi işləmişdir.

1948-1952-ci illərdə Ə.S.Məmmədov Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi, sonra isə Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir.

1955-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında üçillik partiya məktəbini bitirdikdən sonra Ə.S.Məmmədov Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə çalışmışdır. Ə.S.Məmmədov harda olsa, harda işləsə də, hər yerdə əzmkarlıq və gözəl təşkilatçılıq qabiliyyətini məharətlə büruzə vermişdir.

Ə.S.Məmmədov Ermənistan KP Vedi, Mığrı, Amasiya rayon komitələrinin üzvü olmuş, üçüncü çağırış Ermənistan SSR Ali Sovetinə deputat seçilmiş, bir sıra medallarla təltif edilmişdir.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31