Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 20 dekabr 1993-cü il...

20 dekabr 1993-cü il...

28.03.2023 [10:36]

Heydər Əliyev: Biz konstruktiv mövqedə durur və Sizin tərəfinizdən əməli köməyə ümid bəsləyirik. Biz sülh və təhlükəsizlik, insan hüquqlarına hörmət, demokratiya və siyasi plüralizm prinsiplərinə həmişə sadiq qalacağıq

Fransua Mitteran: Sülhün tezliklə bərqərar olmasında Fransa sizinlə yanaşı olacaq

Aslan Aslanov

Gecədən xeyli keçsə də, yazmalı olduğum üçüncü xəbər Prezident Heydər Əliyevin Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşü barədədir. Dekabrın 19-da həmin görüşdə respublika rəhbəri iştirakçıları doğma Vətən adından salamlayaraq ölkəmizdəki ictimai-siyasi vəziyyət və Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə ətraflı məlumat verdi.

Çar Rusiyası və keçmiş sovet ittifaqı dövründə xaricdəki həmvətənlərimizlə əlaqələrin qurulmasından danışan Heydər Əliyev müstəqil Azərbaycan dövlətində indi bu əlaqələrin nəinki bərpa olunmasına, həm də vahid bir mərkəzdən istiqamətləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirdi. Soydaşlarımıza müraciətlə dedi ki, müharibəyə zorla cəlb edilmiş Azərbaycanın haqq işini beynəlxalq aləmdə, xüsusilə də dünyanın ən nüfuzlu dövlətlərindən biri olan Fransada geniş təbliğ etmək çox lazımdır. Bu işin ağırlığının bir hissəsi də Fransada yaşayan həmvətənlərimizin üzərinə düşməlidir. Siz bu sahədə öz əməli köməyinizi əsirgəməməlisiniz.

Görüş həqiqətən çox maraqlı və səmimi keçdi, hətta Türkiyədən, Cənubi Azərbaycandan olan iştirakçılar da bütün Türk dünyasının rəğbət bəslədiyi Heydər Əliyevi görməkdən, onun çıxışını dinləməkdən çox məmnun olduqlarını dilə gətirdilər.

Fürsətdən istifadə edərək beynəlxalq icmalçı Qabil Hüseynlidən görüş barədə şərh verməsini xahiş etdim. İnsafən, o, fikirlərini çox məmnunluqla mənimlə bölüşdü:

“Bilirsən, əgər təkcə son iki ildə hakimiyyətdə olanlar həmin istiqamətdə müəyyən addımlar atsaydılar, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar diasporu bu gün diplomatiyamızın söykənəcək yeri ola bilərdi. Doğrudur, Azərbaycan diasporu say etibarı ilə azdır. Təəssüf ki, həm də pərakəndədir, lazımi təşkilat strukturlarına malik deyil. Digər çətinliklər də var. Bütün bunlar həll olunmalı, xaricdə yaşayan həmvətənlərimiz lazımi informasiya ilə dolğun təmin edilməlidirlər. Mənim fikrimcə, bu görüşü Fransada yaşayan soydaşlarımızla əlaqələrin tənzimlənməsində yeni ənənələrin başlanğıcı hesab etmək olar”.

Azərbaycan Prezidenti həmin gün Parisdəki Senkli qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun və onun ailə üzvlərinin, Ceyhun bəy və onun oğlu Timuçin Hacıbəylinin məzarlarını ziyarət edərək əklil qoydu.

Dünyanın ən gözəl, ən orijinal şəhərlərindən biri olan, Sena çayının ikiyə böldüyü Paris Fransanın iqtisadi, siyasi, mədəniyyət mərkəzidir. Şəhərdə renesans və klassisizm üslublarında saysız-hesabsız dəbdəbəli arxitektura nümunələri, orta əsrlər, eləcə də çağdaş dünya inciləri hesab edilən göydələnlər, yaraşıqlı park və meydanlar, səliqə-sahmanlı küçələr göz oxşayır. Paris bir çox tədbirlərə, beynəlxalq konqreslərə, konfranalara, forumlara ev sahibliyi edib. Deyilənə görə, Yelisey Sarayı 1873-cü ildən Fransa Respublikası Prezidentinin rəsmi iqamətgahıdır. Neçə-neçə ölkənin dövlət başçısı Fransa Prezidentinin dəvəti ilə bu ölkəyə səfərə gəlib və bu sarayda qəbul olunub.

Müasir, müstəqil Azərbaycan Respublikasının Prezidenti tarixdə ilk dəfə olaraq Yelisey Sarayına gəlir. Mətbuat işçiləri bir saat əvvəl sarayın qarşısındakı meydana toplaşıb. Azərbaycan və Fransa ilə yanaşı, bir sıra digər ölkələrin media işçiləri də buradadır. Qardaş Türkiyədən olan həmkarlarımız bizə çox isti münasibət göstərdilər, Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərə gəlməsi münasibətilə bizə gözaydınlığı verdilər. Bizim isti münasibətlərimiz səfərin sonuna qədər davam etdi.

1993-cü il dekabrın 20-də Yelisey Sarayının qarşısındakı meydanda Heydər Əliyevin təntənəli rəsmi qarşılanmasına çox ciddi hazırlıq gedirdi. Sarayın həyətində fəxri qarovul dəstəsi düzülür. Azərbaycan dövlətinin başçısını gətirən avtomobil karvanı Yelisey Sarayının həyətindəki geniş meydana daxil olanda təntənəli marşın sədaları ətrafa yayılır. Budur, əzəmətli sarayın qapıları açılır. Fransa Prezidenti Fransua Mitteran iqamətgahdan çıxıb pilləkanlarla aramla meydana enir.

Heydər Əliyev bir qədər aralıda avtomobildən düşüb qarovul rəisinin müşayiəti ilə Mitterana tərəf addımlayır. Azərbaycan və Fransa prezidentləri pilləkanların yanında mehribanlıqla görüşüb sarayın qapısı qarşısına qalxırlar, bir-birinin əlini sıxıb çəkiliş üçün şərait yaradırlar.

Bax, bu unudulmaz anları ona görə olduğu kimi təsvir etməyə çalışdım, biləsiniz ki, Qərbin o vaxt ən nüfuzlu ölkələrindən olan Fransada Azərbaycan dövlət başçısının belə təntənə ilə qarşılanması bizdə böyük qürur, fərəh hissi yaradırdı. Sevinc göz yaşlarımızı saxlaya bilmirdik. Türkiyədən olan iki həmkarımız da bizim bu sevincimizə şərik oldu. Onu da deyim ki, Fransa kimi böyük bir dövlətin rəhbəri Fransua Mitteranın yanında Azərbaycan Prezidenti Heydər Əliyev daha əzəmətli, daha vüqarlı görünürdü. Bunu yalnız görüb hiss edənlər bilərdi. İkitərəfli görüşlərdə də Fransua Mitteranın Heydər Əliyevə necə böyük hörmət və rəğbət bəslədiyini aydın görmək olurdu.

Yadımdadır, iki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirəsi zamanı Azərbaycan torpağında gedən müharibə və Qarabağ məsələsinə də geniş yer verildi. Fransua Mitteran açıq bildirdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir. Danışıqların sonrakı gedişində də hiss olunurdu ki, Mitteranın mövqeyində ölkəmizin xeyrinə müəyyən dəyişikliklər yaranıb. İki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi zamanı da Mitteranın Heydər Əliyevin fikirlərinə xüsusi hörmətlə yanaşdığının şahidi olduq.

Danışıqlardan sonra prezidentlər Yelisey Sarayının Müyurat salonunda Azərbaycanla Fransa arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq barədə müqavilə imzaladılar. Heydər Əliyev Azərbaycanın ATƏM-in (indiki ATƏT) əsas sənədlərindən biri olan yeni Avropa üçün Paris Xartiyasına qoşulması barədə sənədi də imzaladı.

Sonra prezidentlər jurnalistlər qarşısında bəyanatla çıxış etdilər. Biz Mitteranın nə deyəcəyini səbirsizliklə gözləyirdik. İnsafən, o, Heydər Əliyevə yenə ehtiramla yanaşaraq dedi: “Mən Sizi burada qarşılamağa çox şadam. Sizin Parisə səfəriniz ümdə problemləri əsaslı şəkildə müzakirə etməyimizə imkan verdi. Əmin ola bilərsiniz ki, ehtiyac duyduğumuz sülhün tezliklə bərqərar olmasında Fransa sizinlə yanaşı olacaq. İkitərəfli müqaviləmiz də buna sübutdur. Bu sənəd Fransa-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olacaq. Çünki o, həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirir. Biz siyasi, iqtisadi, mədəni və elmi-texniki sahələrdə, habelə təhlükəsizliyin təmin olunması işində əməkdaşlıq etməyi nəzərdə tuturuq”.

Fransa kimi önəmli, həm də ermənilərin xüsusi təsir dairəsində olan bir dövlətin Azərbaycanla əməkdaşlığa maraq göstərməsi narahatlığımızı xeyli azaldırdı və bizi sakitləşdirirdi.

Qarabağ məsələsinə gəlincə, Mitteranın həmin bəyanatda səsləndirdiyi fikirləri olduğu kimi təqdim etməyi lazım bilirəm. Ona görə ki, o vaxt Fransanın münaqişə ilə bağlı mövqeyi   indikindən xeyli fərqlənir. Baxın və özünüz müqayisə edin: “Biz zor işlətməklə sərhədlərin dəyişdirilməsini qəbul etmirik, eləcə də münaqişənin zor gücünə aradan qaldırılmasına tərəfdar deyilik. Biz Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət bəslənilməsinə tərəfdarıq. Hazırda ən böyük çətinliklər Azərbaycan ərazisində hiss olunur. Yalnız hüquqa əsaslanmaqla beynəlxalq miqyasda rəğbət qazanmaq olar. Sizinlə görüşləri, sizə köməyi davam etdirəcəyik, bu zaman beynəlxalq prinsiplərə əsaslanacağıq. Həmin prinsiplər bütün demokratik ölkələr üçün məcburidir. Cənab Prezident, Sizi burada qəbul etmək bizim üçün xoşdur. Arzu edirəm ki, bundan sonra hər iki ölkəmiz üçün faydalı olacaq başqa tədbirlər də keçirilsin”.

Aydın hiss olunurdu ki, Mitteranın bəyanatı Heydər Əliyevi də razı salıb. Ona görə də çıxışına minnətdarlıq sözlərilə başlayaraq dedi: “Cənab Prezident, bu möhtəşəm sarayda Sizinlə söhbətdən çox razıyam. Mən Azərbaycandakı vəziyyətə xeyirxah münasibətinizi hiss etdim və bu böhranlı vəziyyətdən çıxmaqda respublikamıza kömək etmək istəyinizin səmimiyyətinə inandım. Mən mühüm beynəlxalq sənəd olan Paris Xartiyasını Sizin iştirakınızla böyük məmnuniyyətlə imzaladım. Bununla da Azərbaycan Respublikası təhlükəsizliyə və sülhə sadiq olduğunu nümayiş etdirir”.

İndicə Yelisey Sarayında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqaviləni Azərbaycan üçün beynəlxalq münasibətlərdə yeni mərhələ adlandıran Heydər Əliyev vurğuladı ki, biz Azərbaycan-Fransa uzunmüddətli əməkdaşlığının əsasını qoyduq, cəmi iki il əvvəl dövlət müstəqilliyi əldə etmiş respublikamız üçün bu mühüm tarixi hadisədir.

Fransua Mitteranın Qarabağdakı vəziyyətlə bağlı mövqeyinə münasibət bildirən Heydər Əliyev Fransa Prezidentinin qanunun aliliyi, hər bir dövlətin sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyi prinsiplərinə əməl edilməsinin zəruriliyi barədə bəyanatını razılıq hissi ilə qarşıladığını qeyd etdi. Azərbaycan Prezidenti fransalı həmkarına müraciətlə dedi: “Ümid etmək istərdim ki, Siz öz şəxsi nüfuzunuzdan, Fransanın nüfuzundan istifadə edib Ermənistan hərbi birləşmələrinin Azərbaycana təcavüzünün qarşısının alınmasına, bölgəmizdə sülh yaradılmasına kömək göstərəcəksiniz. Biz konstruktiv mövqedə durur və Sizin tərəfinizdən əməli köməyə ümid bəsləyirik. Biz sülh və təhlükəsizlik, insan hüquqlarına hörmət, demokratiya və siyasi plüralizm prinsiplərinə həmişə sadiq qalacağıq”.

Heydər Əliyevin Qərb ölkələri arasında ilk səfərini Fransaya etməsi, Yelisey Sarayında Fransua Mitteranla apardığı danışıqlar, imzalanan sənədlər dünyanın hər yerindən diqqəti bu iki siyasət nəhənginin üzərinə yönəltdi. Siyasi təhlilçilər bu səfərdən dərhal sonra bildirdilər ki, Heydər Əliyev təkcə region üçün yox, dünya üçün nümunə olan lider kimi görünürdü. Məhz bunu hiss edən Mitteran Heydər Əliyevə əvvəldən sonadək böyük hörmət və ehtiramla yanaşdı.

Bir sıra icmalçıların fikrincə, iki ölkə arasında imzalanan dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə ölkələrimizin bütün sahələrdə əlaqələrinin inkişafına təkan verəcək. Lazım gəldikdə bu müqavilənin müddəalarının həyata keçirilməsinə yönəldilmiş digər sazişlər də imzalanacaq. İcmalçılar qeyd edirlər ki, Azərbaycanla Fransa arasında siyasi əməkdaşlığın genişlənməsinə də böyük imkanlar açılır. Bu müqaviləyə əsasən tərəflər səlahiyyətli beynəlxalq təşkilatlar çərçivəsində azadlıq və demokratiya barədə qəbul olunmuş ümumbəşəri dəyərləri tanıyaraq, insan hüquqlarının və azadlıqlarının qorunması üçün əməkdaşlıq edəcəklər. Müqavilənin müddəaları BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, habelə ATƏM-in sənədlərinə əsaslanır.

Prezident Heydər Əliyev səfər çərçivəsində məşhur Luvr muzeyində də oldu. Muzeyin əməkdaşları hörmətli qonağa burada nümayiş etdirilən sənət əsərləri barədə məlumat verdilər.

Luvr muzeyinə hər il doqquz milyona yaxın turist gəlir. Burada təxminən 400 mindən çox eksponat qorunur. Dördmərtəbəli muzeydə irili-xırdalı 163 salon var. Muzeyin Rişelye, Denon, Sülli qanadlarında qədim Şərq, Misir, yunan-Roma incəsənəti, bədii, heykəltaraşlıq, rəsm, qrafika və sair bölmələr fəaliyyət göstərir. Burada dünyanın əksər ölkələri və xalqlarının, o cümlədən Azərbaycanın orta əsrlərə aid dekorativ-tətbiqi sənət nümunələri - xalçalar, parçalar, tikmələr, metal məmulatları saxlanılır.

Daha bir vacib görüş Fransa Xarici İşlər Nazirliyi yanında Diplomatik Mətbuat Assosiasiyasında oldu. Bu Assosiasiya Fransanın çox nüfuzlu, təcrübəli jurnalistlərini birləşdirir və ölkə mətbuatının əsas istiqamətlərinin müəyyənləşməsində onların mühüm rolu var. Hər bir ölkədə olduğu kimi, burada da nüfuzlu jurnalistlər ictimai rəyə təsir göstərə bilirlər. Buna görə də Heydər Əliyev həmin görüşə xüsusi yer ayırdı. Azərbaycandakı ictimai-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi, qaçqınların problemləri, Azərbaycanın sülh təşəbbüsləri haqqında iştirakçılara ətraflı məlumat verdi.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30