Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin plenar iclasında...

Milli Məclisin plenar iclasında...

31.05.2023 [10:45]

“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş təsdiq edildi

“Türkiyə qazandı” - Parlament qardaşlarımızın seçiminə  münasibət bildirdi

Günel ABBASOVA

Mayın 30-da Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası keçirilib. Toplantının gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.

Əvvəlcə sədr Türkiyədə Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşan prezident seçkilərindən danışıb: “Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərində türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanıb. Əsl demokratiya şəraitində qazanılan qələbə bütün Azərbaycan xalqını ürəkdən sevindirib. Əminik ki, Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin dinamik inkişafı qarşıdakı dövrdə yeni vüsət alacaq. Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlarının nəticələrinə şahidlik edəcəyik”.

Qardaşlarımız həm də türk dünyasının inkişafına səs verdi

Sonra deputatlar seçkilər barədə öz fikirləri ilə çıxış ediblər. Deputat Kamal Cəfərovun sözlərinə görə, Türkiyəni dini və etnik kontekstdə bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı: “28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi. Seçkilər nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib oldu. Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı. Əlbəttə, yaxşı gündə əsl dost, əsl qardaş ən azı onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkiləri yaxından izləyirdi və biz türk millətinin qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkilərin birinci turunda da, ikinci turunda da həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu. “Bir millət, Iki dövlət” anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycan arasındakı münasibətləri “Bir Yumruq” zirvəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya əsl qardaş, etibarlı dost necə olmalıdır, onu bir daha sübut etdi”.

Qlobal medianın iflasa uğrayan təbliğatı

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, mayın 28-də Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu: “On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqımızın mənəvi-siyasi iradəsinin ifadəsi idi. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı. Prezident İlham Əliyevin təbrikində millətimizin

Ərdoğana minnətdarlıq hissinin Qarabağ zəfəri ilə bağlılığının bir daha vurğulanması Bakı meydanlarında minlərlə insanın coşğusunda, milyonların insanın sevincində nümayiş olundu. İkinci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular.

Fazil Mustafa ölkə rəhbərliyinə təşəkkür etdi

Daha sonra iki aylıq fasilədən sonra Milli Məclisin iclasında iştirak edən Fazil Mustafa çıxış edərək ona qarşı törədilən terror aktına diqqət və həssaslıqla yanaşan dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: “Həmçinin ilk gündən bu yana mənə dəstək olan bütün deputat həmkarlarıma minnətdaram. Aidiyyəti güc strukturlarının bu sahədə gördüyü işlər onu deməyə əsas verir ki, bu cür hadisələr nə bizim dövləti sarsıtmaq, nə də dövlət üçün çalışanları qorxutmaq gücündədir. Bu kimi ünsürlərin zərərsizləşdirməsi onu göstərir ki, Azərbaycanla bu dillə danışmaq heç kimə müyəssər olmayacaq”

Təklif: Dövlət qurumlarında çalışanların yaş məhdudiyyəti 70-ə qaldırılsın

Ardınca deputatlar müzakirəyə çıxarılan layihələr və cari məsələlər barədə təkliflə çıxış ediblər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılmasını təklif edib. O qeyd edib ki, razılıq olsa, Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentin payız sessiyasında müzakirəyə təqdim edilə bilər.

Təklif: Hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxılsın

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov hərbi çağırış və hərbi mükəlləfiyyətlə bağlı qanunlara yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında ən çox müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların payı oldu: “Bu da təbiidir, çünki onların bu sahədə kifayət qədər təcrübəsi var. Bu gün dünyada NATO standartlarına uyğun təcrübə həyata keçirilir. Hərbi çağırış əsasında forma ikinci mərhələyə keçib. Bizdə də müəyyən faiz müqavilə əsasında hərbidə qulluq edənlər var və bu sayı daha da artırmaq lazımdır. Əvvəllər Rusiyadan və başqa ölkələrdən alınan hərbi texnikaların öyrənilməsi üçün 6 ay müddət tələb olunurdusa, indi NATO standartlı silahların öyrənilməsi üçün ən az 9-12 ay vaxt sərf olunur. Bizdə də hərbi xidmətin müddəti 12 ay və ya il yarımdır. Hərbi qulluqçu həmin müddət ərzində texnikanı idarə etməyi öyrənir, sonra da qulluğunu başa çatdırır. Ona görə də həmin şəxslərin müqavilə əsasında xidmət göstərməsi təqdirəlayiq olar. Hərbi çağırışların əsasları ilə yanaşı, hərbi xidmətdə müqavilə dərəcəsini də artırmaq lazımdır”.

Sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təsdiqlənib.

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dövlət qulluğu haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Sosial müavinətlər haqqında, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Sosial xidmət haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda səsvermə əsasında qəbul edilib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda, “Kosmik fəaliyyət haqqında”, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda səsvermədən sonra təsdiqlənib.

Beləliklə, Milli Məclisin yaz sessiyasında keçirilən plenar iclası yekunlaşıb.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30