Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Keçmişdən gələcəyə çağırış

Keçmişdən gələcəyə çağırış

07.12.2023 [10:35]

Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı

Parlamentdə ictimai dinləmə keçirilib

Günel ABBASOVA

Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak ediblər.

Tədbirdə azərbaycanlıların indiki Ermənistandan - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dinləmədə çıxış edərək bildirib ki, bu gün Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün böyük tarixi məsuliyyət məhz gənclərin üzərinə düşür. Komitə sədri xatırladıb ki, Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi.

“Lakin qazandığımız qələbə bizi tarixi torpaqlarımıza qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər biriniz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, Qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməli, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməlisiniz”, - o vurğulayıb.

Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov bildirib ki, insanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır: “Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət alındıqdan sonra qayıdış olacaq. Yəni Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tamhüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır. Bütün bunlar bizim konsepsiyada əks olunub”.

Ə.Ələkbərov vurğulayıb ki, Qərbi azərbaycanlılarla bağlı məsələləri qısa müddətdə dünya ictiamiyyətinə biliblər. Son bir il ərzində Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclər siyasətində Qərbi Azərbaycana qayıdışın geniş təbliğinin zəruri olduğunu bildirib. Nazir müavini xatırladıb ki, bu gün Azərbaycanda 2 milyon 100 mindən çox gənc var: “Həmin kütlənin apardığı siyasət şüurlu şəkildə dərk edilməli və təbliğ olunmalıdır. Çünki gənclərin bir qismi virtual məkana üz tuturlar. Buna görə də virtual məkanda keçirilən tədbirlərə geniş yer verilməlidir. Eyni zamanda Azərbaycan öz məqsədlərinə çatmaq üçün yalnız hüquqi müstəvidə addımlar atır. Bunu isbat etməyə ehtiyac da yoxdur”.

İ.Hacıyeva vurğulayıb ki, Azərbaycanda gənclər siyasəti hər zaman prioritet olub: “Gənclər bütün dünyada aparıcı qüvvədir və buna görə onların hansı ideyanı, fikri dəstəkləməsindən çox şey asılıdır. Gənclər tarixən önəmli missiyalarda fəallıq göstərib. Gənclər siyasətində Qərbi Azərbaycan torpaqlarına qayıdış geniş şəkildə təbliğ olunmalıdır”.

Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev təqvimə Qərbi azərbaycanlıların deportasiyası gününün salınmasını təklif edib.

Təqvimə Qərbi azərbaycanlıların deportasiyası günü salınması təklif edilib

O, dinləmənin bugünkü günə salınmasının təsadüf olmadığını söyləyib: “Çünki məhz 1988-ci il dekabrın 6-da Nüvədi kəndi istisna olmaqla Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu deportasiyası başa çatdı. Bu gün də həmin deportasiyanın 35 ilidir. Ona görə də dekabrın 6-sı və ya bu ayın başqa gününün təqvimə Qərbi azərbaycanlıların deportasiyası günü kimi salınmasını təklif edirəm”.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası Vətən müharibəsindəki qələbədən sonra reallaşmağa başladı:

“Dəmir yumruq” bizi Qarabağa qaytardı, Prezidentin dəmir iradəsi isə Qərbi Azərbaycana qaytaracaq. Ona qədər hamımızın bir fikri var idi ki, torpaqlarımızı mənfur düşmənlərdən azad edək. Bu qələbədən sonra qarşımızda duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır. Biz top, tüfəng və tanklarla yox, sülh yolu ilə qayıtmaq istəyirik. Çünki bizim buna haqqımız var”, - o deyib.

Deputat bəyan edib ki, ora ata-baba torpaqlarıdır. “Çoxumuzun valideyni orada dəfn olunub. Biz valideynlərimizin qəbrini ziyarət edə bilmirik. Ona görə də həm mənəvi, həm də hüququ cəhətdən haqqımız var ki, ata-baba yurdumuza qayıdaq”.

İcmanın Şura sədri vurğulayıb ki, bu, heç kimi təşvişə salmalı deyil: “Arada Ermənistan telekanallarına baxıram və İcma yarandıqdan sonra onlarda böyük təşviş yaranıb. Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə qeyd etdi ki, belə bir qurumun yaranması Ermənistan dövlətçiliyi üçün təhlükə təşkil edir. Bizim məqsədimiz ora dinc yolla qayıdıb yaşamaqdır. Necə ki, “Dəmir yumruq” bizi Qarabağa qaytardı, cənab Prezidentin dəmir iradəsi bizi Qərbi Azərbaycana qaytaracaq”.

Ə.Əmiraslanov təəssüf hissi ilə bildirib ki, deportasiyalara münasibət Azərbaycana rəhbərlik edənlər tərəfindən birmənalı olmayıb, hətta bəziləri tərəfindən ögey münasibət olub: “Deportasiyaların keçmişdə Azərbaycanda rəhbərlik edənlərin razılığı ilə olmasını da unutmamalıyıq. Qərbi Azərbaycandan deportasiya olunanların problemlərinin həlli, bu deportasiyalara hüquqi və siyasi qiymət yalnız Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə verilib”.

Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi təklif olunur

Milli Məclisin deputatı Sevinc Hüseynova bu təkliflə çıxış edib. Onun sözlərinə görə, Azərbaycan xalqının başına gətirilən bütün bəlaların öyrənilməsi üzərində işlər davam etdirilməli və gənclərə tarix dərindən çatdırılmalıdır: “Bu baxımdan tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi vacib məsələdir. İstər orta məktəblərdə, istər ali təhsil ocaqlarında bunun tədrisi mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanda yaşayıb yaradan xalqımız, onların mübarizəsi haqqında biliklərin gənc nəslə çatdırılması önəmlidir”.

Milli Məclisin deputatı Elnur Allahverdiyevin fikrincə, gələcəkdə Qərbi Azərbaycana qayıdan şəxslərin həm Azərbaycan, həm də Ermənistan vətəndaşlığı daşıya bilməsinə nail olunmalıdır.

Toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsinin vacibliyini qeyd edən E.Allahverdiyev vurğulayıb ki, xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür: “Diaspor təşkilatlarının bu məsələdə dəstəyi önəmlidir. Düşünürəm ki, xarici dillərdə danışan gənclərimiz Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmalıdırlar”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, 2016-2017-ci illərdən ölkənin magistral yollarında Şuşa, Xankəndi və s. o dövrdə işğalda olan rayonlarımızın adı qeyd olunurdu: “Biz əmin idik ki, bir gün Qarabağa qayıdacağıq. Hazırda da deyirik ki, Qərbi Azərbaycana öz avtomobillərimizlə qayıdacağıq. Təklif edirəm ki, şəhər və rayonlarımızın əsas magistral yollarında Qafan, Göyçə, Ağbaba və s. kimi yaşayış yerlərimizin adı yazılsın, həmin ərazilərə qədər olan məsafələr qeyd olunsun”.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29