Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İyirmi illik möhtəşəm tarixin uğurlu məntiqi yekunu, firavan gələcəyə növbəti zəmanət

İyirmi illik möhtəşəm tarixin uğurlu məntiqi yekunu, firavan gələcəyə növbəti zəmanət

30.11.-0001 [00:00]

Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətləri müstəqil Azərbaycan adlı şah əsərini əmanət qoymaqla yanaşı, həm də bu siyasi əmanətə sahib çıxıb onu daha da irəliyə apara biləcək layiqli siyasi varis yetişdirməsi ilə ölçüyəgəlməzdir. Ulu Öndər ilkin mərhələdə dövlət müstəqilliyinin, milli iqtisadiyyatın, diplomatiyanın fundamental əsaslarını işləyib hazırlamış, İlham Əliyev isə bu milli dövlətçilik konsepsiyasını ideal şəkildə reallaşdıraraq adını dünya siyasət tarixinə güclü və qalib lider kimi həkk etdirə bilmişdir. Dünyanı heyran qoyan dahi siyasi xadim, Ümummilli Lider Heydər Əliyev və görkəmli akademik Zərifə xanım Əliyevanın övladı, akademik Əziz Əliyevin nəvəsi olan İlham Əliyev dahilikdə irsiyyət amilinin ideal təzahürüdür. Gözünü siyasət dünyasında açıb öyrəndilkəri ilə dahi şəxsiyyət Heydər Əliyevin ən etibarlı silahdaşına çevrilən İlham Əliyevin bu barədə xatirələrinə nəzər salaq. Müasir siyasi memuarın ən gözəl nümunəsinə çevrilməyə layiq olan bu xatirələr, eyni zamanda, dahilikdə irsiyyət və mühitin inkaredilməz rolunu bir daha təsdiqləyir. Digər bir vacib amil isə fenomenal zəka və intellektin formlaşmasında təhsilin roludur.

İlham Əliyev 1977-1982-ci illərdə Rusiya ali təhsilinin flaqmanı sayılan, dünya əhəmiyyətli nüfuzlu təhsil ocaqlarından birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil alıb. Burada aspiranturanı başa vurub sonralar - 1985-1990-cı illərdə tarix elmləri namizədi kimi həmin institutda pedaqoji fəaliyyət göstərib. Prezident İlham Əliyevin çox sonralar dipolamatik kadrların unikal ocağı kimi dəyərləndirdiyi bu ali məktəbdə qazandığı zəngin siyasi nəzəri bilik və təcrübə ona daha qlobal auditoriyada - dünyanın supergüclərinə beynəlxalq hüquq və diplomatiya dərsi keçmək səlahiyyəti qazandırıb. Təsadüfi deyil ki, müxtəlif siyasətçilər, dövlət rəhbərləri ciddi siyasi məsələlərdə tövsiyə, məsləhət almaq üçün dəfələrlə ölkə başçımıza müraciət ediblər. 1999-cu ildən Yeni Azərbaycan Partiyasında məsul vəzifələrdə çalışan, partiyanın hazırkı sədri İlham Əliyevin Ümummilli Liderimizin yaradıcısı olduğu bu ümumxalq partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilməsində müstəsna xidmətləri vardır. 2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev bu vəzifədə qısa zaman kəsiyində özünün liderlik, dövlət idarəçiliyi səriştəsini bir daha sübut etdi. Təsadüfi deyildir ki, həmin il 15 oktyabr tarixdə keçirilən prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi ona böyük etimad göstərdi. İlham Əliyev isə Azərbaycanı intibah, tərəqqi və qələbə zirvəsinə yüksəltdi. Cənab İlham Əliyevin milli maraqlara xidmət edən daxili və xarici siyasətinin uğurlarından danışarkən ilk növbədə qeyd etmək zəruridir ki, onun Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində iqtisadiyyatda modern yanaşmalar, islahatlar nəticəsində ölkəmizdə dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafa nail olunub. Təsadüfi deyildir ki, ölkəmizin qlobal iqtisadi böhranların, xüsusilə də pandemiyanın ağır fəsadlarından maksimum qoruna bilməsi, üstəlik digər dövlətlərə dəstək əlini uzatması məhz Prezident İlham Əliyevin antiböhran idarəçilik məharəti ilə izah olunur.Milli iqtisadi inkişasf strategiyasının əsasında isə, təbii ki, Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə əsasını qoyduğu neft strategiyasının son 20 ildə uğurla reallaşdırılması dayanır. Xatırlatmaq yerinə düşər ki, İlham Əliyev 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki fəaliyəti ilə bu strategiyanın həyata keçirilməsində avanqard sima olmuş, sonralar burada qazandığı çoxillik zəngin təcrübəyə əsaslanan siyasi uzaqgörənlik, dipolamatik manevrlər, yorulmaz səylər nəticəsində bu sahədə möhtəşəm tarixi uğurlara imza atmışdır. Belə ki, neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulmaqla Azərbaycanın zəngin təbii enerji resursları üzə çıxarılmış, böyük həssaslıqla müstəqil dövlətimizin siyasi-iqtisadi maraqlarının həyata keçirilməsinə, milli mənafeyin müdafiəsinə yönəldilmişdir. Sosial-iqtisadi inkişafa xidmət edəcək transmilli layihələr ilə ölkəmiz ən böyük strateji, enerji, nəqliyyat, ticarət və logistika mərkəzinə çevrilmiş, bu isə böyük uzaqgörənliklə Azərbaycanın siyasi imicinin yüksəldilməsinə, siyasi maraqlarının həllinə yönəldilmişdir. Bir faktı xatırlatmaq kifayətdir ki, son 20 ildə ölkənin ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Prezident İlham Əliyev böyük siyasi uzaqgörənliklə inkişafın, uğurların təməlində elmi-texniki tərəqqinin dayandığını bəyan edərək xalqın sərvəti kimi dəyərləndirdiyi neft kapitalını insan kapitalına çevrirmək konsepsiyasını reallaşdırmışdır. Məhz bu məqsədilə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19, səhiyyəyə ayrılan xərclər isə 33 dəfə artmışdır. Müstəqil Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq qeyri-neft sektoru daha əhəmiyyətli iqtisadi artım mənbəyinə çevrilmişdir. Statistik məlumatlarda göstərilir ki, son 20 ildə Azərbaycanda ümumi daxili məhsul 3,6, orta aylıq nominal əməkhaqqı 12, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. 20 il ərzində yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər hazırda cəmi 5,5 faiz təşkil edir. Vaxtilə iqtisadi qeyri-sabitlik, iqtisadi asılılıq məngənəsində olan Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkəyə, dünyanın inkişaf etmiş dövlətərinin belə Azərbaycanın iqtisadi mövqeyi ilə hesablaşmağa vadar edən ölkəyə çevrilib. İlham Əliyevin dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasına nail olması isə Ona müzəffər Ali Baş Komandan, qalib lider statusları qazandırıb. Vətən müharibəsi zamanı xalqımız öz liderinin ətrafında “Dəmir yumruq” kimi birləşərək 30 illik işğala boyun əyməyib tarixi ədaləti bərqərar edib, məğlubiyyət damğasına deyil, qalibiyyət qüruruna layiq olduğunu sübut etdi. Bu uzun müddət dünyanı düşündürəcək bir tarixi gerçəklikdir ki, Azərbaycan Vətən müharibəsində cəmi 44 gün ərzində vahid, məqsədli döyüş strategiyası əsasında, məğlubiyyət yaşamadan, minimum itki ilə Tarixi Zəfər qazandı. Azərbaycan bu şanlı savaşdakı hərbi qüdrəti ilə dünyanın bu sahədəki ən qabaqcıl ölkələrini heyrətdə qoydu, onları bu hərbi taktikanı öyrənməyə vadar etdi. Eyni zamanda, unutmaq olmaz ki, bu ildırımsürətli hərbi qələbə heç də möcüzə deyil, hərbi rəşadətimizdən də çox, Cənab İlham Əliyevin 17 illik siyasi diplomatik mübarizələrinin məntiqi nəticəsi idi.

İlham Əliyevin 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasından (AŞPA) başladığı uğurlu diplomatiya yolu, BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar çərçivəsində ümummilli mənafelərə xidmət edən uğurlu fəaliyyəti diplomatiya tariximizin qızıl səhifələridir. Ölkə başçımızın “Qarabağ Azərbaycandır. Və nida işarəsi” bəyanatı isə bu məsələdə müharibəqabağı siyasi mübarizədəki qələbənin zirvəsi oldu.Azərbaycan Vətən müharibəsindəki Tarixi Qələbəsi ilə həm də beynəlxalq hüquqün təminatçısı kimi dünyəvi nümunə oldu. Dünya tarixində bəlkə də yeganə nümunədir ki, Azərbaycan müharibə boyu heç bir məğlubiyyətə uğramayan, möhtəşəm hərbi strategiya və üstünlük nümayiş etdirən tərəf olmaqla yanaşı, paralel şəkildə qarşı tərəfə dəfələrlə sülh təklif etmiş olsun. Bu dövlət başçımızın dünyada humanizm prinsiplərinə ən ideal şəkildə riayət edən, xalqımıza xas milli dəyərlərə sadiq qalan bir lider olmasından irəli gəlir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev bəzi dövlətlərin Vətən müharibəsi dövründə Azərbaycana informasiya müharibəsi elan etdiyi informasiya cəbhəsinə də məharətlə sərkərdəlik etməyi bacardı. Onun müharibə dövründəki çoxsaylı müsahibələri, xalqa müraciətləri, çıxışları milli diplomatiya dərsliyi kimi tarixdə qalacaq. Dövlət başçımız dünyada güc amilinin ön planda olduğunu nəzərə alaraq postmüharibə dövründə də ordu quruculuğu sahəsində islahatları davam etdirir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, son 20 ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dollardan 5,3 milyard manat vəsaitədək yüksəlib. İkinci Qarabağ müharibəsindən sonra isə 200-ə yaxın hərbi təyinatlı obyekt əsaslı təmir edilib və ya yenidən inşa olunub. Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin tam bərpa edilməsi dövlətimizin və ordumuzun beynəlxalq reytinqini daha da yüksəltdi! Həm də ona görə ki, dünyaya separatizmlə mübarizə örnəyi göstərən ordumuz Ali Baş Komandanın birbaşa tapşırığı ilə mülki vətəndaşlara toxunmamaqla əsl humanizm də nümayiş etdirdi. Sonrakı mərhələdə isə xalqımıza qarşı qanlı cinayətlər törətmiş erməni vandalların həbs olunması ilə Azərbaycan terrorizmə və vandalizmə qarşı beynəlxalq mübarizə tərəfdarı olduğunu sübut etdi. Bu qələbə “Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz!” aksiomu ilə ölkəmizin bütün əleyhdarlarına layiqli cavab oldu, eyni zamanda, Qərbi Azərbaycan kimi tarixi torpaqlarımıza qayıdışı da aktuallaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Tarixi Zəfərdən sonra həyata keçirilən dövlət siyasətinin əsasını işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması təşkil edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəldilməsi məqsədilə qəbul edilən “Böyük Qayıdış”a dair I Dövlət Proqramının icrası çərçivəsində 121 qəsəbə və yaşayış kompleksi inşa edilmiş, bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən bu günədək 12 milyard manata yaxın vəsait ayrılmışdır. Dövlət başçımızın azad edilmiş torpaqlarımızı böyük qürür hissi ilə qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq etməsi bir daha sübut edir ki, xaricdən aldığı ianələri Ohanyan səddinə sərf edib onun arxasında gizlənməkdən başqa heç bir proqresli siyasət yürütməyi bacarmayan Ermənistandan fərqli olaraq qalib Azərbaycan dövləti öz əbədi və əzəli torpaqlarına sahiblənməyi, qurub yaratmağı, məskunlaşmağı da unikal şəkildə bacarır. Reinteqrasiya tədbirləri - sosial müdafiənin gücləndirilməsi, yeni yaşayış məskənlərində məskunlaşmaqda olan soydaşlarımız üçün məşğulluğun artırılması, “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitinin yaradılmasına xidmət edir. “Böyük Qayıdış” proqramının birinci mərhələsində bütövlükdə 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Onu da xüsusi vurğulamaq lazımdır ki, inşaat işləri Azərbaycanın büdcəsi hesabına, yerli dövlət şirkətləri tərəfindən həyata keçirilir. Bu isə o deməkdir ki, müharibədən sonrakı ilk dövrlərdə dünya ekpertlərinin müharibədən çıxmış ölkə olaraq Azərbaycan iqtisadiyyatının çökəcəyi proqnozu özünü doğrultmadı, əksinə Azərbaycanın möhkəm iqtisadi sütunlara, düzgün iqtisadi idarəetmə sisteminə malik olduğu bir daha təsdiqləndi. Heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzur, ümumilikdə, milli iqtisadiyyatın, turizmin inkişafına yaxın gələcəkdə əhəmiyyətli töhfələr verəcək, öz müasir siması ilə Azərbaycanın cənnətinə çevriləcək. Müasir tariximizin son möhtəşəm 20 illlik bir dövrü sübut etdi ki, xalqımız 2003-cü ildə 76,8 faiz səslə İlham Əliyevi Prezident seçməklə ölkəmizin yeni bir inkişaf mərhələsinə səs verib. 2008-ci, 2013-cü, 2018-ci illərdə keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilən İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək qüdrətli bir dövlətə çevirməsi ilə bu etimadı doğrultdu. İlham Əliyevin demokratik seçki yolu ilə dörd dəfə Prezident seçilməsi özlüyündə dünya siyasət tarixində nadir fakt olmaqla ölkədə demokratik seçki ənənələrinin formalaşdığını da təsdiq edir. Vətən müharibəsində qazandığımız Tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi geosiyasi reallıqları dəyişməklə həm də yeni demokratik, hüquqi islahatların reallaşdırılmasını zəruri etmişdi. Bu islahatlardan ən mühümü isə dövlət başçımızın özünün də açıqladığı kimi, müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək ilk seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyi idi. Bu mənada Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərinin müəyyən edilməsi konstitusion hüquqa əsaslanan tarixi zərurətdir. Eyni zamanda, bu qərar cənab İlham Əliyevin özünün də vurğuladığı kimi, Onun 20 illik möhtəşəm Prezidentlik fəaliyyətinin məntiqi yekunudur. Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tarixdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçiriləcəyinin qürurunu yaşayırıq. Bu Azərbaycanın hərbi zəfərdən sonrakı siyasi zəfər tarixi olacaq! Azərbaycan bütün dünyaya, eləcə də anti-Azərbaycan qüvvələrə demokratik dövlət olduğunu bir daha sübüt edəcək! Məcburi köçkün, qaçqın damğasından xilas olub öz ata-baba yurdlarına qayıdan həmvətənlərimiz Azərbaycan bayrağının bütöv, aydın Azərbaycan səmasında heç zaman olmadığı kimi məğrur, azad dalğalanmasına səs verəcək! Xalq öz qalibiyyət, məğrurluq əzmini, suverenliyini kimsəyə güzəştə getməyəcək! İlham Əliyev hər zaman xalqın yanında olan, xalqdan güc alan, hər bir azərbaycanlının Prezidenti olduğunu bütün varlığı ilə sübüt edən bir dövlət xadimidir. İndi isə bu böyük şəxsiyyətin, əsl liderin hər bir azərbaycanlının prezidenti olduğunu isbat etmə sırası xalqımızdadır. Qalib xalq kimi demokratiya cəbhəsində də “Dəmir yumruğ”a dönməyi bacaracağıq! Bu, milli iradənin təntənəsi, həm də Ulu Öndər Heydər Əliyevin alternativsiz siyasi kursuna sədaqət, Azərbaycanın parlaq gələcəyinə təminat olacaq!

Mehriban SULTAN,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fələsfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29