Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xalqın növbəti dəfə İlham Əliyevə etimad göstərməsi dövlətimizin və regionun gələcəyi üçün tarixi zərurətdir

Xalqın növbəti dəfə İlham Əliyevə etimad göstərməsi dövlətimizin və regionun gələcəyi üçün tarixi zərurətdir

26.01.2024 [11:24]

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun yap.org.az-a müsahibəsi

- Elşad müəllim, Azərbaycan Zəfər seçkisi ərəfəsindədir. Seçkilərin əhəmiyyəti və seçkiöncəsi mühit barədə nə deyə bilərsiniz?

- Nəzərə almaq lazımdır ki, prezident seçkiləri istənilən ölkədə siyasi landşaftı müəyyən edən əsas hadisədir. Bütün mənalarda ölkənin mövcud vəziyyəti, gələcəyi məhz prezident seçkilərindən asılı olur. 7 fevral prezident seçkiləri Azərbaycan üçün xüsusi tarixi və siyasi əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə ilk prezident seçkiləri 1991-ci il sentyabr ayının 8-də keçirilmişdir. Həmin il sentyabrın 2-də isə artıq Qarabağda separatçı rejim yaradılmışdır. O zaman separatçı rejimin yaradıldığı ərazilər, yəni torpaqlarımızın 1/3-i üzərində suverenliyimizi faktiki olaraq itirmişdik. Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclisə seçkilər 1995-ci il noyabrın 12-də keçirilmişdir. Ölkəmizdə ilk bələdiyyə seçkiləri isə 12 dekabr 1999-cu ildə baş tutmuşdur.

Göründüyü kimi, müstəqillik illərində heç vaxt bütün ərazilərimizi əhatə edən seçkilər keçirilməyib. İlk dəfə Azərbaycan vətəndaşları seçki hüquqlarından ölkəmizin bütün ərazilərində istifadə etmək imkanı qazanıblar. Yeni şərait və reallıqlar fonunda vətəndaşlarımızın öz seçki hüquqlarından prezident seçkiləri zamanı istifadə etmələri ayrıca mənəvi-tarixi əhəmiyyət daşıyır. Hesab edirəm ki, xalqımız 7 fevral prezident seçkilərində milli tariximizin ən qürurverici səhifələrini yaradan cənab İlham Əliyevə növbəti dəfə etimad göstərəcək.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, 2023-cü il dünyanın böyük əksəriyyəti üçün təlatümlərlə səciyyəvi olduğu halda, Azərbaycan dövləti və xalqı üçün böyük Zəfərlə yadda qaldı. Ötən il ərzində əldə edilən uğurlar bütün istiqamətlərdə qarşıya daha iddialı yeni hədəflər qoyur. Bu hədəflərə nail olmaq istiqamətində zaman itirmədən uğurlu fəaliyyətin həyata keçirilməsi bütün mənalarda bizim gücümüzü və imkanlarımızı daha da artıracaq. Prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərməklə yeni hədəflərə daha inamla və effektiv surətdə çatmağımıza dəstək olacaq. Azərbaycan cəmiyyətinin hər bir üzvü əmindir ki, müəyyənləşdirilmiş siyasi kurs, uğurlu fəaliyyət mütləq şəkildə xalqın rifahına və dövlətçiliyə xidmət edir. Müvafiq olaraq düşünürəm ki, cəmiyyət üzvləri hamılıqla seçkilərdə fəal iştirak etməklə möhtəşəm uğur yolunun davamına səs verəcəklər.

Müşahidələr aydın göstərir ki, dünyada geosiyasi proseslər mürəkkəb trayektoriya ilə hərəkət edir. Qarşıdakı illərdə qlobal səviyyədə münaqişə potensialının daha da yüksəlməsi fonunda dünya ölkələləri müxtəlif xarakterli çağırışlarla üz-üzə qalmalı olacaqlar. 7 fevral prezident seçkiləri yeni çağırışlara layiqli cavab vermək üçün imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirmiş olacaq.    

Regionda ilk dəfə məhz Azərbaycan Liderinin iradəsi ilə müasir təhlükəsizlik sisteminin formalaşdırılması imkanı meydana gəlib. 2020-ci ildə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra Cənubi Qafqazda bütün region dövlətlərinin maraqlarına cavab verən əməkdaşlıq platformasının yaradılması üçün real tarixi şərait yarandı. Ötən ilin sentyabrında isə ölkə ərazisində erməni separatizminin kökü tamamilə kəsildi. Bununla da milli təhlükəsizliyimizə olan başlıca təhdid aradan qalxmış oldu. Nəzərə almaq lazımdır ki, regiondan kənarda yerləşən bəzi dövlətlər münaqişə amilindən istifadə edərək özlərinin maraqlarını və ya geosiyasi ambisiyalarını həyata keçirməkdə israr edirdilər. Bu baxımdan, Cənubi Qafqaz regionunda Azərbaycan Liderinin strateji baxışları və uğurlu addımları sayəsində formalaşmış yeni geosiyasi konfiqurasiyanı qəbul etmək istəmir və yenidən gərginlik elementlərinin yaradılması istiqamətində ardıcıl cəhdlər edirlər. Ermənistan isə bu istiqamətdə özünü “yararlı” alət rolunda artıq təsdiq edib. Bu baxımdan, zaman itirmədən yaranmış imkanlardan istifadə edərək regionda dayanıqlı sülhün və etibarlı təhlükəsizlik mühitinin təmin olunması üçün təsirli addımlar atmaq xüsusi önəm daşıyır. Deməli, Azərbaycanda prezident seçkilərinin keçirilməsi həm də bütövlükdə Cənubi Qafqaz regionun gələcəyi üçün əhəmiyyətlidir.

- Cənab İlham Əliyevin liderliyi ilə qazanılan möhtəşəm nailiyyətlər qarşıda duran strateji hədəfləri reallaşdırmaq üçün etibarlı zəmin – möhkəm özül yaradıb...

- Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkənin iqtisadi-hərbi gücünü, siyasi-diplomatik potensialını ən yüksək səviyyəyə çatdırıb. Bütün istiqamətlərdə atılan uğurlu addımlar mütləq şəkildə ən üstün gözləntilərə cavab verən nəticələri şərtləndirdi. Prezident İlham Əliyevin fəaliyyətinin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yüksəlməsidir. Ötən dövrdə Azərbaycanın sosial dövlət obrazı dünyaya örnək olacaq dərəcədə güclənib. Dövlətimiz beynəlxalq siyasi münasibətlər və iqtisadi əməkdaşlıq sistemində kifayət qədər təsirli yerə və rola malikdir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində ən təsirli amil kimi qəbul olunub. Cənab İlham Əliyev beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfələr verib. Bu məsələlərin zəruriliyi bütün beynəlxalq aktorlar tərəfindən qəbul olunur.

Azərbaycan Prezidentinin çağırışı ilə BMT tarixində dördüncü dəfə Beynəlxalq Assambleyanın xüsusi iclası keçirildi. Bu, Azərbaycan dövlətinə, Onun rəhbərinə böyük inam və etimadın göstəricisidir. Pandemiya dövründə Azərbaycan Liderinin təşəbbüsləri, atdığı addımlar ümumdünya maraqlarına xidmət edirdi. Azərbaycan dünya səviyyəsində mədəni inteqrasiyanın ən fəal təşəbbüskarlarından biri oldu. Bunun özü də ölkəmizin beynəlxalq pozitiv obrazını daha da gücləndirdi.

Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti isə dövlətimizin ərazi bütövlüyünün tam olaraq təmin edilməsidir. Biz bütün sülh danışıqlarında sona qədər səmimiyyətlə iştirak edərək dünyaya göstərdik ki, Ermənistan dinc yolla Azərbaycan torpaqlarından geri çəkilməyəcək və sadəcə imitasiya ilə məşğuldur. Azərbaycan Prezidenti hər zaman qeyd edirdi ki, nəticəsiz danışıqları sonadək davam etdirməyəcəyik və lazım gələrsə, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Vətən müharibəsi zamanı tarixi Qələbəmizin siyasi komponentləri artıq mövcud idi. Bu, dünya tarixində unikal hadisədir. 2023-cü ilin sentyabr ayında isə Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi, beləliklə, dünya birliyi üçün çox təsirli bir presedent yarandı. Prezident İlham Əliyevin qətiyyətli iradəsi ilə Ordumuz Vətən müharibəsindən sonra ikinci böyük Zəfərə imza atdı. Erməni separatizminin kökünün kəsilməsi təkcə regional miqyasda deyil, eyni zamanda, qlobal hadisədir.

Hazırda dünyada separatizmin mövcud olduğu ərazilərdə təxminən 220 milyon insan yaşamaqdadır. Deməli, bu sayda insanın təhlükəsizliyi sual altındadır. Azərbaycan öz addımları ilə sübut etdi ki, separatizmə qarşı mübarizə aparıb ona qalib gəlmək mümkündür. Bu, dünya birliyi üçün fərqli coğrafiyalarda təhlükəsizliyin təmin olunması istiqamətində olduqca təsirli bir təcrübədir. Beləliklə, regionda dayanıqlı sülhün təmin olunması və etibarlı təhlükəsizlik sisteminin qurulması üçün mövcud imkanlardan zamanında və səmərəli istifadə etmək lazımdır.

- Zəfər seçkilərindən əsas gözləntiləri necə ümumiləşdirmək olar?

- Biz bundan sonrakı mərhələdə də ölkənin bütün istiqamətlərdə gələcək inkişaf prioritetləri haqqında aydın təsəvvürə malikik, həmçinin regionun gələcəyi ilə bağlı mühüm proseslərin təşəbbüskarı və lokomotivi olduğumuzu təsdiq etməkdəyik. Təbii ki, Azərbaycan dövlətinin siyasi-iqtisadi və hərbi resurslarının hazırkı səviyyəsi qarşımıza daha böyük hədəflərin qoyulmasını şərtləndirir və regional proseslərdə aparıcı rolumuzu təyin edir. Müvafiq olaraq milli və regional səviyyədə başladılmış mühüm proseslər yalnız cənab İlham Əliyev sayəsində məntiqi finala, yəni uğur nöqtəsinə çata bilər. Unutmaq olmaz ki, Vətən müharibəsində Azərbaycan xalqının igid övladlarının qanı, canı bahasına qazandığımız tarixi Qələbəni bəlli dairələr hələ də həzm edə bilmirlər və vəziyyətin yenidən dəyişməsi üçün hər cür təxribatlara əl atırlar. 2020-ci ildən ötən zaman ərzində məhz Prezident İlham Əliyevin siyasi-diplomatik məharəti və qətiyyətli iradəsi sayəsində Azərbaycan tarixi Qələbəni inamla qorumaqla yanaşı, mövqelərini daha da möhkəmləndirdi, ölkəmizin bütövlüyü tam təmin edildi. Bundan sonra da Azərbaycana qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması istiqamətində ciddi cəhdlərin ediləcəyi gözlənilir. Prezident seçkiləri həm də bu cəhdlərin qarşısının vaxtında və effektiv alınması üçün daha səmərəli fəaliyyətin həyata keçirilməsini şərtləndirəcək. Bu baxımdan, Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsi daha təsirli amil rolunda çıxış edəcək.  

Dövlət başçısı tərəfindən 2021-ci il fevral ayının 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Növbəti strateji dövr müəyyənləşdirilmiş Milli Prioritetlərin həyata keçirilməsi istiqamətində olduqca əhəmiyyətli və həlledici olacaq. Milli Prioritetlərdən biri də işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsindən ibarətdir. Sözügedən istiqamətdə artıq kifayət qədər təsirli addımlar atılıb. Növbəti mərhələdə soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı, onların etibarlı təhlükəsizlik mühitində yüksək həyat şəraitinin təmin edilməsi istiqamətində daha genişmiqyaslı işlərin həyata keçirilməsinin şahidi olacağıq. Həmçinin işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialından səmərəli istifadə edilməsi bütövlükdə ölkə səviyyəsində sosial-iqtisadi inkişafın təsirli drayverinə çevriləcək. Ayrıca olaraq qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da hazırlanıb. Bu da “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyənləşdirilmiş hədəflərə çatmaq istiqamətində səmərəli fəaliyyətləri əhatə edir. Belə ki, strategiya çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mühüm işlər artıq həyata keçirilib. 2026-cı ilin sonunadək 140 mindən artıq keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qaytarılması nəzərdə tutulur. Qeyd etdiklərimiz, eləcə də bütün digər istiqamətlərdə yeni reallıqlar çərçivəsində müəyyənləşdirilmiş daha yüksək inkişaf hədəflərinə çatmaq üçün böyük inam və gözləntilər var. Ona görə də Azərbaycan xalqının növbəti dəfə cənab İlham Əliyevə etimad göstərməsi həm dövlətimizin, həm də yerləşdiyimiz regionun gələcəyi üçün tarixi zərurətdir.

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31