Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyevin Liderliyi ilə yeni hədəflərə doğru irəliləyirik

İlham Əliyevin Liderliyi ilə yeni hədəflərə doğru irəliləyirik

26.01.2024 [11:25]

YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirovun yap.org.az-a müsahibəsi

Tofiq müəllim, Azərbaycan 2023-cü ili öz suverenliyinin tam bərpa olunması ilə başa vurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa olundu. Bununla da Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu. İstərdik ki, öncə bu tarixi uğura necə nail olunduğu haqda danışaq. Sizcə, möhtəşəm Zəfərin qazanılmasında hansı amillər rol oynadı?

- Çox düzgün olaraq vurğuladınız ki, 2023-cü ildə böyük bir tarixi mərhələyə yekun vuruldu. Sualınızın cavabına gəlincə, mən ilk növbədə siyasi iradə, əzm, qətiyyət amilini vurğulamaq istərdim. 20 il əvvəl cənab İlham Əliyev ilk dəfə prezident seçildi və o vaxtdan dəfələrlə öz çıxışlarında bəyan etdi ki, Azərbaycan öz tarixi torpaqlarının işğal altında qalması faktı ilə heç zaman barışmayacaq. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması cəhdi qəbuledilməz idi və buna heç vaxt yol verilməyəcəyi qətiyyətlə bəyan olundu.

Bilirsiniz ki, uzun müddət torpaqlarımızın işğaldan azad olunması üçün sülh danışıqları aparıldı. İşğalçı Ermənistana Azərbaycan ərazilərini sülh yolu ilə qaytarmaq təklif olundu. Lakin Ermənistan rəhbərliyi bütün bu təklif və tələbləri qulaqardına vurdu. Təəssüf ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı siyasəti ilə bağlı heç bir tədbir görmədi. Nəinki ona heç bir təzyiq göstərmədilər, hətta bir çox məqamlarda dəstək verdilər. Bu, böyük ədalətsizlik idi. BMT-nin məlum 4 qətnaməsinin heç biri yerinə yetirilmədi. Amma cənab İlham Əliyev xalqın istəyini, eyni zamanda, ata vəsiyyətini yerinə yetirməkdə israrlı və qətiyyətli idi. Tarixi Zəfərimizin əldə olunmasında prinsipiallıq, siyasi iradə və məqsədyönlü siyasət çox mühüm rol oynadı.

Cənab İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, son 20 ilin uğurları göz qabağındadır. Əsas məsələ odur ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. O vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyevin müdrik siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

Cənab İlham Əliyev eyni zamanda qeyd etdi ki, 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu, Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı. Eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. 2003-cü ildən etibarən isə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı, çoxşaxəli, eyni zamanda, ardıcıl işlər davam etdirildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası faktı kimi tarixi əhəmiyyətli hadisədə cənab İlham Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, dəqiq hesablanmış siyasət yürütməsi, eləcə də xalq-iqtidar birliyinə və milli həmrəyliyə nail olması müstəsna rol oynadı.

Dövlət başçısı həmin müsahibədə qeyd etdi ki, 2023-cü ilin sentyabr ayına qədər getdiyimiz yol məqsədyönlü idi. Siyasi-hərbi müstəvidə, həmçinin ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən tarixi Zəfər bütün işlərimizin məntiqli nəticəsidir.

Biz tarixə ekskurs etsək, görərik ki, doğrudan da, sülh danışıqlarının hər hansı nəticə verəcəyinə heç bir ümid yox idi. Ancaq Azərbaycan sülh danışıqlarından imtina etmədi. Bu, ölkəmizi haqsız duruma düşürə bilər, bizi danışıqları pozmaqda, sülhdən imtina etməkdə günahlandıra bilərdilər. Danışıqlar davam etdirildi. Ancaq danışıqlara paralel olaraq daxili və xarici siyasət, iqtisadiyyat, o cümlədən hərbi sahədə mühüm addımlar atılmağa başladı.

Münaqişə ilə bağlı beynəlxalq miqyasda məlumatlandırma, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində uzunmüddətli, olduqca geniş siyasət aparıldı. Beynəlxalq qurumlardan başlamış xarici mediaya qədər geniş platformalarda mühüm işlər görüldü. Uğurlu fəaliyyət nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Müəyyən dairələrdə ölkəmizdə münasibət dəyişdi, müttəfiqlərimizin sayı artdı.

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində böyük islahatlar həyata keçirildi. Çünki iqtisadiyyatı zəif olan dövlət heç vaxt uğurlu siyasət yürüdə bilməz. 2003-cü ildən ölkə iqtisadiyyatında böyük inkişaf yolu davam etdirildi. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf ölkənin taleyüklü məsələlərinin həllində vacib rol oynadı. Məhz Vətən müharibəsinə qədər olan dövrdə iqtisadi sahədə çevik islahatlar aparıldı, dövlət proqramları qəbul olundu. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr quruldu, uğurlu enerji strategiyası davam etdirildi.

Bu inkişaf və tərəqqi yolu tarixi Qələbənin qazanılması üçün maliyyə bazası, maddi resurslar yaratdı. Ulu Öndərin ordu quruculuğu sahəsində atdığı addımlar 2003-cü ildən etibarən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab İlham Əliyev həm suverenliyimizin, həm də ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusunun qüdrətinin artırılmasına daim diqqət yetirib. Dövlətin yüksək qayğısı sayəsində ordumuzun bölgədə nüfuzu daha da artdı və hələ 44 günlük Vətən müharibəsinə qədər beynəlxalq səviyyəli hərbi ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin dünyanın güclü orduları sırasında yer tutduğunu etiraf edirdilər. Çünki peşəkar, güclü ordunun yaradılması üçün beynəlxalq hərbi təlimlərdən başlamış müasir silahların alınmasına kimi xeyli işlər görülmüşdü. Milli müdafiə sənayesi inkişaf etdirilmişdi. Orduda vətənpərvərlik ruhu, nizam-intizam yüksəldilmişdi.

Cənab İlham Əliyev bir qayda olaraq bütün çıxışlarında ordu quruculuğu məsələlərinə toxunaraq bildirirdi ki, bu sahədə qazanılan uğurlar dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirir. Prezident qeyd edirdi ki, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Beləliklə, Ümummilli Liderin yaratdığı möhkəm təməl əsasında cənab İlham Əliyev Azərbaycanı ildən-ilə gücləndirdi, beynəlxalq aləmdə ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Məhz müzəffər ordumuz 2020-ci ildə Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli dövlət bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı.

“Dəmir yumruq”la beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ancaq buna baxmayaraq, Qarabağdakı erməni separatçıları yenə də sakit dayanmadılar və üçtərəfli Bəyanatın bir sıra müddəalarını yerinə yetirməkdən imtina etdilər. Bununla bağlı dəfələrlə xəbərdarlıq olundu. Amma bu xəbərdarlıqlara əhəmiyyət verməyən Ermənistan daha da biabırçı vəziyyətə düşdü. Ötən ilin sentyabr ayında 23 saatdan da qısa müddətdə Azərbaycanın dövlət suverenliyi bərqərar edildi.

Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu cür tarixi hadisələrin canlı şahidi oldu. Bu hadisələr bizim tariximizin ən şərəfli səhifələrindəndir. Son 200 ildə Azərbaycan tarixində belə böyük tarixi Zəfər qazanılmamışdı. Heç şübhəsiz ki, bu Zəfərin memarı qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir. Dövlətimizin başçısı böyük uzaqgörənliyi, siyasi səriştəsi və sərkərdəlik qabiliyyəti ilə öz adını əbədi olaraq tarixə yazdı. İllər keçəcək, gələcək nəsillər 44 günlük Vətən müharibəsini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını böyük qürur hissi və fəxarətlə xatırlayacaqdır.

- Tofiq müəllim, cənab İlham Əliyevin də dediyi kimi, xalqımız ötən ilin sentyabr ayında əsas vəzifəni həll edib və artıq Azərbaycan tarixində yeni mərhələ başlayıb. İndi qarşıda yeni hədəflər durur. Azərbaycan bu yeni mərhələyə fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə daxil olacaq...

- Prezident seçkilərini labüd edən səbəblərdən biri də elə Azərbaycanda yeni tarixi mərhələnin başlanması ilə bağlıdır. Yeri gəlmişkən, cənab İlham Əliyev yerli telekanallara müsahibəsində bu məsələyə də toxundu və qeyd etdi ki, bunun əsas səbəbləri sırasında birincisi təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur.

Dövlət başçısı ikinci səbəb kimi ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini, digər səbəb kimi isə Prezident kimi fəaliyyətinin 20 ilinin tamam olmasını göstərdi.

Doğrudan da, Azərbaycan qarşıya qoyduğu ən vacib hədəfə nail oldu. Yeni mərhələ başlayır və bu dövrün də öz hədəfləri olacaq. Cənab İlham Əliyev ötən 20 ildə qarşıya qoyulan bütün vəzifələri, ali məqsədləri şərəflə yerinə yetirdi. Bu baxımdan, 7 fevral seçkilərini yeni hədəflərə çatmaq üçün mühüm bir başlanğıc kimi qiymətləndirmək olar.

Bu gün nəinki Azərbaycanda, bütövlükdə dünyada ölkəmiz haqqında məlumatı olan, siyasətlə maraqlanan hər kəs bilir ki, Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərir. Xalqımız cənab İlham Əliyevin tarixi xidmətlərini həmişə yüksək dəyərləndirir, yeni hədəflərə doğru Onun rəhbərliyi altında irəliləmək istəyir. Şübhəsiz ki, xalqımız yeni ali məqsəd və vəzifələrə çatmaq üçün bir daha cənab İlham Əliyevə etimad göstərəcək, doğma Azərbaycan Onun rəhbərliyi ilə daha müasir, güclü və firavan ölkəyə çevriləcək.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31