TUSAŞ-a xain hücum...
25.10.2024 [10:59]
Terror hadisəsi niyə indi və Ankarada “icra olundu”?
Antiterror tədbirlərinə start verildi...
Beynəlxalq aləm Türkiyəni dəstəkləyir
Xəbər verildiyi kimi, Türkiyənin paytaxtı Ankaranın Kahramankazan bölgəsində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş qərargahında partlayış baş verib. Xain hücumda 5 nəfər şəhid olarkən 2-si ağır olmaqla 22 nəfər yaralanıb. Terrorçular təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Türkiyənin milli təhlükəsizliyi ilə bağlı kritik əhəmiyyətə malik layihələrin həyata keçirilməsinə məsul olan şirkətə hücum edən biri qadın olmaqla iki terrorçu əvvəlcə qaçırdıqları taksinin sürücüsü Murat Arslanı öldürüb maşının yük yerinə qoyublar. Daha sonra eyni maşınla TUSAŞ-ın binasının yaxınlığına gəliblər. Terrorçular TUSAŞ obyektlərinin qarşısındakı ilk keçid məntəqəsi olan Jandarma İctimai Asayiş Məntəqəsindən yayınaraq dayanmadan keçdiyi təxmin edilir. Daha sonra terrorçular qarovul binasınn önünə gələrək taksidən düşüblər və binaya hücum ediblər. “Milliyyət” qəzetinin yaydığı xəbərə görə, partlayışın ardından obyektdə ehtiyat tədbirləri görülüb və işçilər təhlükəsiz məntəqələrə yönəldiliblər.
Qeyd edək ki, hücumun öncədən planlı şəkildə hazırlandığı bütün detalları ilə ortadadır - bu mənada, terrorçuların hücum üçün növbə dəyişmə vaxtını seçmələri diqqət çəkib. Hücumdan sonra xüsusi əməliyyat qruplarının səyi ilə hər iki terrorçu zərərsizləşdirilib. Hücum zamanı şəhid olanlar isə TUSAŞ-da keyfiyyətə nəzarət zabiti işləyən Cengiz Coşkun, mexanika mühəndisi Zahidə Güçlü, TUSAŞ əməkdaşı Həsən Hüseyn Canbaz, təhlükəsizlik əməkdaşı Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslandır.
Dünya səviyyəli müdafiə kompleksi...
Terror hücumuna məruz qalan TUSAŞ dünya səviyyəli müdafiə sənayesi şirkəti sayılır və “Defense News Top 100” siyahısında 50-ci yerdə qərarlaşıb. TUSAŞ-ın tərkibində Aviasiya Struktur Qrupu, Təyyarə Qrupu, Helikopter Qrupu, PUA Sistemləri Qrupu, Kosmik Sistemlər Qrupu, Milli Döyüş Təyyarələri Qrupu və Mühəndislik Qrupu yer alır. TUSAŞ-ın məhsulları və layihələri arasında KAAN, Hürjet, Hürkuş, F-16 modernləşdirilməsi, eləcə də Gökbey və ATAK helikopterləri, Ankara, Anka - 3, Aksunqur, Göktürk 3 kimi milli təhlükəsizlik üçün kritik əhəmiyyət kəsb edən PUA və radarlar da var.
9 prokuror istintaqa başlayıb - Yerlikaya PKK-dan şübhələnir
Dövlət rəsmilərindən səslənən ilkin versiya xain hücumun terror təşkilatları, konkret olaraq PKK tərəfindən törədilməsi versiyasıdır. Daxili işlər naziri Əli Yerlikaya terrorçularla bağlı müəyyənləşmə işlərinin davam etdiyini bildirib və vurğulayıb ki, aksiya ilə bağlı izlənilən videogörüntülər böyük şəkildə ehtimalları PKK-nın üzərində cəmləyir. Yerlikaya deyib ki, bu, bizim qiymətləndirməmizdir, əsl həqiqət bütün sübutlar aydınlaşanda ortaya çıxacaq. Qeyd edək ki, baş verən terror aktı ilə bağlı istintaqa başlanılıb. Ədliyyə naziri Yılmaz Tunç blidirib ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq prosesinə 1 baş prokuror müavini və 8 dövlət prokuroru təyin edilib.
Antiterror əməlyyatı keçirildi - 32 hədəf məhv olundu...
Oktyabrın 23-də TUSAŞ-a edilən hücumun ardından MİT Suriya və İraqın şimalında terrorçuların hədəflərini məhv edib. Sözügedən əməliyyatlarda MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan təşkilata məxsus sözdə hərbi, kəşfiyyat, enerji-infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox strateji nöqtələri hədəfə alıb. Verilən açıqlamada qeyd olunub ki, MİT PKK/YPG-yə qarşı planlaşdırılan hədəfə çatana qədər əməliyyatlarını fasiləsiz davam etdirəcək.
Milli Müdafiə Nazirliyi isə İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatında 32 terrorçu hədəfin məhv edildiyini, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini bildirib. Vurğulanıb ki, PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi yolu ilə xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq həyata keçirilib.
Niyə TUSAŞ, niyə BRICS ərəfəsi?
Bununla belə baş verənlər bir sıra suallara yol açıb. Terror hadisəsinin niyə məhz Ərdoğanın ölkəsini tərk edərək BRICS-in Kazanda keçirilən Sammitinə yola düşməsindən sonra baş verməsi üzərində fikirlər irəli sürülür. Bir sıra siyasi təhlilçilər bu fakta xüsusilə diqqətə çəkirlər - unutmayaq ki, Türkiyənin BRICS-ə üzv olmaq istəyini səsləndirməsi, bu istəyin isə təşkilat tərəfindən böyük məmnuniyyətlə qarşılanması olduqca mühüm yeni siyasi mənzərə yaradır. Yaxın Şərqin, eləcə də Avropa ilə Asiyanın qovşağında mühüm siyasi-iqtisadi aktor kimi tanınan Türkiyə BRICS-in gücünə güc qatacaq. Həm iqtisadi, həm də siyasi üstünlükləri təşkilatın bu regiondakı effektivliyini artıracaq. Ən əsası isə, son illərdə yüksək inkişaf yolu keçən müdafiə sənayesi potensialı Türkiyənin qlobal oyunçu kimi mövqelərini möhkəmləndirəcək. Hədəfin məhz TUSAŞ-a istiqamətlənməsi də məhz bu faktorla izah edilir - onsuz da terrorçular TUSAŞ-a mühüm ziyan verə bilməyəcəklərini dəqiq bilirdilər. Bununla belə Türkiyənin ən vacib milli təhlükəsizlik amili sayılan bir obyektə hücum edilməsi “mesaj” sayıla bilər. O ki qaldı, terrorun niyə məhz Prezident Ərdoğanın ölkədən çıxdığı ana hesablanmasına, siyasi ekspertlərin dəyərləndirməsinə görə, bu da həm təzyiq forması kimi, həm də təhlükəsizliyin bir az daha zəif məqamının seçilməsi kimi nəzərdə tutulub.
Türkiyə terrorla mübarizəsini davam etdirəcək...
Baş verən hadisə son dövrlərdə Türkiyənin terrora qarşı mübarizəni daha da kəskinləşdirməsi, terrora dəstək verən xarici güclərə etdiyi xəbərdarlıqlar fonunda da dəyərləndirilir. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın son dövrlərdəki terrora qarşı mübarizə ilə bağlı açıqlamaları diqqət çəkir - oktyabrın 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerləri qarşısında çıxışı zamanı bildirmişdi ki, biz terrorçuların, quldurların və demokratiya düşmənlərinin qarşısında baş əymirik. Ərdoğan qeyd etmişdi ki, Türkiyənin gələcəyində terrora yer yoxdur: “Bunu hər kəs başa düşməlidir”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Ankarada latviyalı həmkarı Bayba Bayje ilə birgə brifinqdə ölkəsinin terror təşkilatlarına qarşı mübarizəni davam etdirmək əzmində olduğunu vurğulamışdı. Beləliklə, terrorla mübarizə Türkiyənin hazırki gündəminin əsas ştrixlərindən sayılır. Bir sıra siyasətçilər edilən xain hücumu məhz bu kəskin bəyanatlarla da əlaqələndirir.
Baxçalının çağırışı diqqət çəkir...
Paralel olaraq isə son günlərdə Türkiyədə terrora qarşı mübarizə fonunda bir sıra maraqlı çağırışlar da gündəmə gəlmişdi. AK Partiyanın müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla bağlı çağırışı bu mənada seçilir. Baxçalı MHP-nin qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutaraq “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləmişdi. Məsələyə prezident Ərdoğan da münasibət bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, “tarixi fürsət şəxsi hesablamalara qurban verilməməlidir. Biz birlikdə terror və zorakılığın olmadığı bir Türkiyə qurmaq istəyirik”. Bu çağırışlar və açıqlamalar qarşıdakı dövrdə mühüm yenilikləri özündə əks etdirə bilərdi. Belə ki, PKK-nın ləğvi Türkiyəni illərdir təhdid edən terrorizm təhlükəsini tam şəkildə aradan qaldırırdı. Bu isə Türkiyənin inkişafında yeni mərhələ yaradırdı. Siyasi ekspertlər bu terror hadisəsinin sülhün və razılaşmaların qarşısının alınması üçün törədildiyini bildirirlər.
Prezident müraciət etdi...
Prezident Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da törədilən terror aktı ilə bağlı açıqlama yayıb. Dövlət başçısı sosial media hesabından yaydığı açıqlamada “Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq”, deyə bildirib: “Türkiyə müdafiə sənayesinin lokomotiv təşkilatlarından olan TUSAŞ-a qarşı terror hücumu tam müstəqil Türkiyə” idealının simvolu olan müdafiə təşəbbüslərimizi hədəf alan alçaq bir hücumdur. Terror aktının baş verdiyi ilk andan təhlükəsizlik qüvvələrimiz operativ müdaxilə edərək terrorçuları zərərsizləşdirib. Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir terror təşkilatı öz məqsədlərinə çata bilməyəcək. Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə və çoxmiqyaslı şəkildə davam edəcək. Xain terror aktında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Müdafiə sənayemizin qürur mənbəyi olan TUSAŞ-ın fədakar əməkdaşlarına və xalqımıza ən xoş arzularımı çatdırıram”.
Beynəlxalq aləm pisləyir...
Terror aktı beynəlxalq aləm tərəfindən də qınanılıb. NATO-nun ?aş katibi Mark Rutte TUSAŞ-ın Kahramankazan obyektlərinə edilən terror hücumunu pisləyib. Rutte, X hesabında etdiyi paylaşımda “Ankaradan gələn xəbərlər narahatlıq doğurur. NATO müttəfiqi Türkiyənin yanındadır” deyə bildirib. O qeyd edib ki, terrorun hər növünü şiddətlə qınayırıq və hadisələrin gedişatını yaxından izləyirik. Rutte məsələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə danışdığını da bildirib və NATO-nun dəstəyini ifadə edib.
BMT-nin Baş katibi Antonio Quterreş də mülki şəxslərə hücumu pislədiyini bildirib. ABŞ-ın yaydığı açıqlamada isə terror aktı qətiyyətlə pisləniib. Aİ də baş verənlərdən kədərləndiyini qeyd edib. Yunanıstan hökuməti də baş verən terror aktını qətiyyətlə pislədiyini bəyan edib.
Azərbaycan da baş verənlərə kəskin münasibət bildirib. Azərbaycan XİN qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pislədiyini bəyan edib. “Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

