Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ÇXR və Azərbaycan: rəsmi strateji tərəfdaşlar...

ÇXR və Azərbaycan: rəsmi strateji tərəfdaşlar...

23.04.2025 [10:59]

İkitərəfli münasibətlərdə yeni səhifə

Son illər Cənubi Qafqazın inkişaf trayektoriyası beynəlxalq aləmin, xüsusilə böyük iqtisadi-siyasi güc mərkəzlərinin diqqətindədir. Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqlar və bu reallıqların nəticə etibarı ilə yeni nizama verdiyi töhfələr təqdir edilir. Təsadüfi deyil ki, dünyanın aparıcı siyasi-iqtisadi mərkəzləri, dövlətləri və təşkilatları Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını həm əyani surətdə bildirir, həm də apardıqları siyasətlə nümayiş etdirirlər.

Azərbaycan isə regional təhlükəsizliyə verdiyi töhfələrlə gələcək iqtisadi-siyasi nizamın dayaqlarını daha da möhkəmləndirir. Şərq-Qərb tranziti üzrə ən mühüm logistik mərkəz olaraq Azərbaycan qlobal ticarətin inkişafına, siyasi inteqrasiyanın keyfiyyətinə xüsusi rəng qatır. Bu mənada, Azərbaycanın bölgənin ən mühüm güc mərkəzlərindən biri sayılan Çin ilə əlaqələri mühüm əhəmiyyətə malikdir.

Əməkdaşlığımız genişlənir

Etiraf edilməlidir ki, Çin yaşadığımız əsrdə qlobal güc mərkəzi kimi özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünyanın mühüm siyasi aktorudur. Rəsmi Pekin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv ölkələrdən sayılır - Avrasiya geoməkanında, xüsusilə də Azərbaycanın mühüm təsir imkanları yaratdığı Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üzrə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşmasında Çin faktoru xüsusi əhəmiyyətə malikdir. Azərbaycan ilə əlaqələr isə yüksələn xəttlə inkişaf edir. Ötən ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması isə bu ikitərəfli əlaqələrə yeni bir nəfəs bəxş etdi -  müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırkı dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyəcək. Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması bizə həm siyasi, həm də iqtisadi perspektivdə mühüm dividendlər vəd edir. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, Birgə Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib: “Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək”.

Strateji tərəfdaşlığımızın əsas prinsipləri...

Vurğulandığı kimi, bu sənəd Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında mühüm bir deklorasiya sayılır - bəyannaməyə nəzər saldıqda, iki ölkə arasındakı münasibətlər sisteminin bütün sferasını əhatə etməsi diqqəti cəlb edir. Burada siyasi - iqtisadi bloklar, ikitərəfli münasibətlərin möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminə baxış, qlobal proseslərdə əməkdaşlıq, maraqların uzlaşdırılması, qarşılıqlı şəkildə dövlət mənafeyinin qorunması və ən əsası təhlükəsizlik kimi strateji məqamlar yer almaqdadır. Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması bölgənin ümumi inkişafı baxımından böyük əhəmiyyətə malikdir - bu, ötən dövrdə xüsusi müzakirə predmeti olan əməkdaşlığın detallarında da özünü əks etdirir.

Paralel olaraq, hər iki dövlət beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə edib - sənəddə bildirilir ki, hər iki ölkə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi də öz növbəsində Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Bununla bağlı dövlət başçısı deyib: “Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”.

Dövlətlərarası münasibətlərin dərinləşməsi üçün əlavə impuls...

Beləliklə, Çin bir daha Azərbaycanın bölgədəki vaciblik indeksini əyani şəkildə təsdiqləmiş oldu. Pekinin Azərbaycana yanaşmada strateji tərəfdaş strategiyası nümayiş etdirməsi həm bölgə, həm də bütün qlobal məkan üçün mühüm mesajdır - imzalanan bəyannamə isə söylənilənlərin faktoloji təsdiqidir. Dünyanın ən mühüm iqtisadi güc mərkəzlərindən, BMT TŞ-nın aparıcı üzvlərindən, qlobal siyasi münasibətlər sisteminin əsas oyunçularından, nəhayət, bölgənin iqtisadi-ticari imkanlarının şaxələndirilməsində açar rolunu oynayacaq ölkələrdən biri Azərbaycanın strateji tərəfdaşına çevrilib. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu, Pekinin Bəyannamə ilə bağlı mövqeyində də açıq görünür. Üst-üstə düşən maraqlar, uzlaşan mövqelər, yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri bütün sahələr üzrə danışıqların və razılaşmaların dinamik xarakter almasını şərtləndirir. Nəticə etibarı ilə bu tərəfdaşlıq mühüm və gələcək prioritetlərin müəyyənləşməsində, icra olunmasında əsaslı rola malik olacaq. Prezident bildirib ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı mən Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Dünya

Kim seçiləcək?

22 May 09:11

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31