Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yaxın Şərqdə hərbi eskalasiya...

Yaxın Şərqdə hərbi eskalasiya...

03.03.2026 [10:34]

Xamenei və varisi öldürüldü - yeni hakimiyyət danışıqlardan imtina edir

Fevralın 28-də ABŞ və İsrail İran İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlayıb. Xüsusilə hava hücumu müstəvisində başlanan döyüşlər rəsmi Təl-Əviv tərəfindən “Şir nərəsi” adlandırılıb. Qeyd edək ki, əməliyyat başlanan anda ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, İranın raket sənayesini və donanmasını məhv edəcəyik. “47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyana bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına sahib ola bilməz. Buna görə də ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Bundan sonra onlara xəbərdarlıq etdik ki öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki, bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər”, - Tramp qeyd edib.

İran qabaqlayıcı tədbirlərə başladı

Hücumun ilk saatlarında İranın mülki itkiləri həddindən artıq çox olub. Xüsusilə Hörmüzqan əyalətində ibtidai məktəbin bombalanması nəticəsində 160-dan artıq şagirdin öldüyü bildirilib - məlumatı İran XİN yayıb. Rəsmi Tehran isə qabaqlayıcı tədbirlərə əl atıb. SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, İsrailə qarşı dağıdıcı zərbələrə başlanılıb. Eləcə də İran qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını bağlayıb, hücumların ilk günündə Yaxın Şərqdə 14 ABŞ bazasına zərbələr endirib. Zərbələr nəticəsində mülki binalar da zədələnib. Belə ki, Bəhreynin paytaxtında çoxmərtəbəli yaşayış binasına İran pilotsuz uçuş aparatının zərbəsi qeydə alınıb.  “Caucasian Bureau” teleqram kanalı isə İran dronunun Küveyt Beynəlxalq Hava Limanına zərbə endirdiyini bildirib. Məlumata görə, hücum nəticəsində azı 12 nəfər xəsarət alıb. Bundan başqa, Pentaqonun Qətərdəki 1,1 milyard dollarlıq ballistik raket aşkarlama radarı da məhv edilib. SEPAH-ın məlumatına görə, obyekt tamamilə sıradan çıxarılıb. Bu tip radar ballistik raketləri aşkarlamaq üçün istifadə olunur və onun bildirilən mənzili 5000 km-ə qədərdir.

SEPAH həmçinin bəyan edib ki, Bəhreyndə Amerika Birləşmiş Ştatları hərbçilərinin yerləşdiyi əraziyə iki raket zərbəsi endirilib. Qurumun açıqlamasında hücum nəticəsində ümumilikdə, təxminən, 560 amerikalının həlak olduğu və yaralandığı iddia edilib.

Bundan başqa Dubayda beynəlxalq hava limanı istiqamətində pilotsuz uçuş aparatının zərbəsi qeydə alınıb. İran Silahlı Qüvvələri İraq Kürdüstanındakı strateji obyektlərə də zərbələr endirib. İranın “Fars” agentliyinin yaydığı xəbərə görə, partlayış səsləri Ərbil hava limanı yaxınlığında yerləşən ABŞ-ın “Əl-Hərir” hərbi bazası ətrafında eşidilib. Mənbələr bildirir ki, həmin obyektdə ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri dislokasiya olunub.

İranın itkiləri...

ABŞ və İsrailin hücumu nəticəsində İranın bir sıra hakimiyyət nümayəndələri, eləcə də ölkənin ali lideri Əli Xamenei öldürülüb. Məlumatda hücumun şənbə gününün səhər saatlarında baş verdiyi qeyd olunub. Bildirilir ki, Xamenei hadisə zamanı rəsmi vəzifələrini icra edirmiş. Qeyd olunur ki, Xameneinin ailəsindən daha 4 nəfər öldürülüb. SEPAH  Xameneinin ölümü ilə bağlı rəsmi bəyanat yayıb. Qeyd edək ki, İranda 40 günlük matəm elan edilib, 7 günlük tətil qərarı verilib.

İranın öldürülən yüksək vəzifəli şəxslərinin adlarını əks etdirən siyahı da yayılıb. Bildirilir ki, hücumlar nəticəsində ali dini lider Əli Xamenei, SEPAH komandanı Məhəmməd Pəkpur, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani, İranın müdafiə naziri Əziz Nəsirzadə, ali rəhbərin hərbi nümayəndəsi Əli Şirazi öldürülüb.

İran mediası hücumlar nəticəsində həyatını itirən komandanlıq nümayəndələrinin adlarını açıqlayıb. “Tasnim News Agency”nin yaydığı siyahıda:

- General-mayor Məhəmməd Şirazi - Ali Baş Komandanın Baş Qərargah rəisi

- General-mayor Saleh Əsədi - Silahlı Qüvvələrin Baş Qərargahı, kəşfiyyat üzrə rəis müavini

- General-mayor, pilot Möhsin Dərre Baği - Silahlı Qüvvələrin hazırlıq və dəstək üzrə rəis müavini

- General-mayor Əkbər İbrahimzadə - Ali Baş Komandanın Baş Qərargah rəis müavini

- General-mayor Qulamrza Rəzəiyan - FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri

- General-mayor Bəhram Hüseyni Mütləq - Baş Qərargahın Plan və Əməliyyatlar İdarəsinin rəisi

- General-mayor Həsənəli Tacik - Baş Qərargahın Hazırlıq İdarəsinin rəisinin adları var.

Ən son məlumata görə, SEPAH-a rəhbərlik edən briqada generalı Bəhmən Behmərdin də hava hücumu zamanı həyatını itirib. Məlumatlarda bildirilir ki, general Sanandacda yerləşən yeraltı komanda məntəqəsində olduğu vaxt hücuma məruz qalıb. Hadisə zamanı onunla birlikdə bir neçə hərbi nümayəndənin də öldüyü qeyd edilir. Xəbəri rəsmi qurumlar tam təsdiqləməyib.

Yeni dini lider də öldürüldü...

İranın dövlət xəbər agentliyi ISNA-nın yaydığı məlumata görə, ayətullah Əli Xameneyinin ölümündən sonra ölkənin ali dini rəhbəri vəzifəsinin müvəqqəti icrası ayətullah Əlirza Ərafiyə həvalə olunmuşdu. 67 yaşlı Əlirza Ərafi müəyyən bir müddət ərzində İranın ən yüksək dini və siyasi lideri səlahiyyətlərini yerinə yetirməli idi. O, İranın nüfuzlu şiə ayətullahlarından biri hesab olunurdu və uzun müddət idi ki, ölkənin dini iyerarxiyasında mühüm vəzifələr tuturdu. Yayılan məlumatlara görə, yeni Ali dini lider Ayətullah Ərafi də öldürülüb. Bu barədə İsrail baş nazirinin keçmiş sözçüsü David Keyes “X” hesabında paylaşım edib. Məlumat İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da təsdiqlənib - açıqlamada bildirilib ki, ötən gün ali dini lider vəzifəsinə təyin olunan Ayətullah Əlirza Ərafi də öldürülüb.

Bu arada İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyası vasitəsilə xalqa müraciət edib və xalqı ölkədə sabitliyi və birliyi qorumağa çağırıb. O vurğulayıb ki, hazırkı həssas mərhələdə daxili həmrəylik əsas şərtdir və düşmən qüvvələrin məqsədi İran cəmiyyətində parçalanma yaratmaqdır. Prezidentin sözlərinə görə, milli birlik qorunduğu halda xarici təzyiqlər nəticəsiz qalacaq.

ABŞ-ın gəmisinə hücum...

Qeyd edək ki, hücumlar martın 1-də və 2-də də davam edib. Belə ki, gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin 4 “B-2A Spirit” strateji bombardmançısı İranın müxtəlif hədəflərinə zərbə endirib. Bunun qarşılığında isə SEPAH ABŞ-ın “Abraham Linkoln” gəmisinə raket zərbəsi endirib. Bu barədə SEPAH-ın yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, hücum balistik raketlərlə həyata keçirilib və ümumilikdə 4 raket buraxılıb.  “ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə dörd ballistik raketlə hücum edilib”.

Hücumların ilk tsiklindən sonra açıqlama verən İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, qüvvələrimiz hazırda Tehranın mərkəzinə getdikcə daha intensiv zərbələr endirir və bu, qarşıdakı günlərdə daha da güclənəcək. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun əldə etdiyi nəticələri “inanılmaz uğur” kimi qiymətləndirib və bir zərbə nəticəsində 48 yüksək vəzifəli şəxsin məhv edildiyini söyləyib. Vurğulayaq ki, İsrailin “Yedioth Ahronoth” nəşri Vaşinqtonun vasitəçi üzərindən Tehrana atəşkəs təklif etdiyini, lakin İranın bu təşəbbüsü rədd etdiyini bildirib. Məlumata görə, təklif artan hərbi gərginlik fonunda irəli sürülüb. Tehran tərəfinin imtina səbəbləri barədə rəsmi açıqlama verilməyib.

İran cavab verdi...

İran da İsrailə qarşı raket hücumuna cavab verib. Ötən günlər ərzində İsrailin şimalında yerləşən Hayfa şəhəri İran tərəfindən raket hücumuna məruz qalıb. Eyni zamanda, Təl-Əviv də gecə saatlarında raket hücumuna məruz qalıb, şəhər üzərində ard-arda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb. Təl-Əviv yaxınlığında yerləşən Kiryyat-Ono bölgəsində gecə saatlarında hava hücumundan müdafiə sistemi tərəfindən vurulan raketin qalıqları yaşayış massivinə düşüb.

Eləcə də, sosial şəbəkələrdə yayılan görüntülərdə İran tərəfindən atılan raketlərin Qüds şəhərində ciddi dağıntılara səbəb olduğu əks olunub. Kadrlarda Qüds səmasında ard-arda partlayışlar, havada ələkeçirmə cəhdləri və bəzi raketlərin şəhər ərazisinə düşməsi göstərilir.

Müharibə genişlənir?

Müharibənin miqyası isə genişlənə bilər. Belə ki, bəzi Avropa ölkələrinin müharibəyə qoşulması ehtimalı da yaranıb. Bu, İranın Kiprdə yerləşən Britaniya hərbi bazalarına iki raket atdığı barədə məlumatın yayılmasından sonra ehtimal kimi irəli sürülüb. Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, “Biz inanmaq istərdik ki, onlar (raketlər) bizim bazalarımıza yönəlməyib”. ABŞ-ın “Fox News” telekanalı isə bildirib ki, yaxın vaxtlarda daha üç ölkə İrana qarşı zərbələr endirməyə hazırlaşır. Hazırda həmin ölkələrin hərbi hava qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə birgə koordinasiya aparır.

Eyni zamanda, Livan Hizbullahı da İsrailə qarşı aktiv əməliyyatlara başlayıb və Hayfa limanına raket zərbələri endirib. Məlumata görə, Livan ərazisindən İsrail istiqamətində ümumilikdə 6 raket atılıb. Bununla İraq Hizbullahı da əməliyyatlara qoşularaq İsrailə zərbələr endirib və eyni zamanda ABŞ-ın bölgədə yerləşən hərbi bazalarını hədəfə alıb.

Rəqəmlərdə ziddiyyət

SEPAH Bəhreyn və digər regional bazalara edilən hücumlarda 560-dan çox ABŞ hərbçisinin öldüyü və yaralandığı barədə məlumat yayıb. Bundan başqa Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) endirilən raket zərbəsi nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) 6 yüksək rütbəli zabitinin məhv edildiyi də bildirilib. SEPAH-ın rəsmi bəyanatında dəniz əməliyyatlarına da toxunulub: “Fars körfəzi və Hörmüz boğazı sularında ABŞ və Böyük Britaniyaya məxsus 3 neft tankerinə raket zərbələri endirilib”.

ABŞ tərəfi bu rəqəmləri hələlik təsdiqləməyib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl yaydığı məlumatda hücumlar nəticəsində cəmi 3 amerikalı hərbçinin həlak olduğunu, 5 nəfərin isə yaralandığını bildirib.

Quterreşdən çağırış

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ və İsrailin İrana endirdiyi zərbələri qınayıb və tərəfləri təcili şəkildə gərginliyi azaltmağa çağırıb. BMT rəhbəri bildirib ki, tərəflər, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə danışıqlar masasına geri qayıtmalıdır. Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi eskalasiya beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Quterreş vurğulayıb ki, bölgədə vəziyyətin nəzarətdən çıxması daha genişmiqyaslı qarşıdurmaya səbəb ola və bu, qlobal təhlükəsizlik arxitekturasına ağır zərbə vura bilər. BMT Baş katibi bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və diplomatik həll yollarına üstünlük verməyə çağırıb.

Prezident başsağlığı verdi...

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib. Başsağlığında bildirilir ki, “İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq. Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq”.

Səfir təşəkkür etdi...

Bu arada İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib: “Azərbaycan bu çətin dövrdə həm rəsmi, həm də qeyri-rəsmi başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib və öz dəstəyini ifadə edib. Bu, ortaq mədəniyyətimizin və münasibətlərimizin bir göstəricisidir və buna görə təşəkkürümüzü bildiririk. Mediada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verdiyini görmüsünüz.

Həmçinin xarici işlər nazirləri arasında da telefon danışığı olub. Ceyhun Bayramov və Seyid Abbas Əraqçi son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək. Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksəksəviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31