Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Almaniyada əyalət seçkilərinin qalibi ifrat sağçılar oldular

Almaniyada əyalət seçkilərinin qalibi ifrat sağçılar oldular

08.09.2026 [09:20]

Avropanın siyasi səhnəsində ciddi dəyişikliklər izlənilir. Bunu Avropa İttifaqının (Aİ) üç ən aparıcı dövlətindən biri olan Almaniyada baş verən son proseslər bir daha təsdiqləyir. Söhbət ilk növbədə bu ölkədə siyasi konfiqurasiyanın əhəmiyyətli dərəcədə dəyişmısindən və ifrat sağçıların mövqeyinin güclənməsindən gedir. Ardıcıl rəy sorğuları ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının rəqiblərini getdikcə daha böyük fərqlə arxada qoyduğunu göstəririrdi. Bu yüksəliş sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt əyalətində baş tutan parlament (Landtaq) seçkilərində AfD-nin böyük fərqlə qələbə qazanması ilə nəticələnib.

AfD üçün rekord göstərici

Bu dəfə AfD beş il əvvəlki seçkilərdən sonra öz nəticələrini iki dəfədən də çox yaxşılaşdıraraq 44 faiz səslə birinci olub. Hazırkı Kansler Fridrix Mertsin partiyası - Xristian Demokratlar Birliyi (CDU) bu müqayisədə səslərinin təxminən yarısını itirərək 17,4 faizlə ikinci olub. Beləliklə, seçkilərin nəticələrinə əsasən yerlər aşağıdakı qaydada bölünüb:

- AfD (İfrat sağçı): 43.8faiz  - 39 yer,

- CDU (Xristian Demokratlar - Kansler Fridrix Mertsin partiyası): 17.2 faiz -15 yer,

- SPD (Sosial Demokratlar): 9.3 faiz - 8 yer,

- Yaşıllar: 8.9 faiz - 8 yer,

- Sol partiya: 8.6 faiz - 8 yer

- BSW (Sahra Vaqenknext İttifaqı - Sol populyar): 5.3 faiz - 5 yer.

İndiyədək əyalət hökumətində təmsil olunan Azad Demokratlar Partiyası (FDP) isə 2,5 faiz səslə əyalət parlamentinə daxil olmaq üçün tələb olunan həddi keçə bilməyib.

Qeyd edək ki, AfD-nin yüksəlişi yalnız bir əyalətlə məhdudlaşmır. Son INSA sorğusuna görə, partiyanın ümumölkə üzrə dəstəyi 28 faizə çatıb. Bu göstərici ilə AfD hazırda Almaniyada sorğularda ən populyar siyasi qüvvədir və CDU-nu da qabaqlayır. Son seçkilərin nəticələri göstərir ki, ifrat sağçılar Saksoniya-Anhaltda daha yüksək nüfuza malikdirlər. Partiyanın budəfəki nəticələri  AfD-nin 2021-ci ildəki seçki göstəricilərini iki dəfədən çox üstələyir. Bu müqayisədə Kansler Fridrix Mertsin rəhbərlik etdiyi CDU-nun reytinqinin aşağı düşməsi qabarıq şəkildə nəzərə çarpır.

Lakin hələlik ifrat sağçı partiyanın mütləq qələbəsindən danışmaq tezdir. AfD böyük fərqlə qalib gəlsə də, təkbaşına hökumət qurmaq üçün lazım olan mütləq əksəriyyəti (42 yer) qazana bilməyib. Regional hökuməti təkbaşına formalaşdırmaq üçün partiyaya daha 3 yer lazımdır.

Belə olan halda koalisyon hökumət formalaşdırmaq perspektivi yaranır. Partiyanın əyalət üzrə baş nazir postuna əsas namizədi Ziqmund azlıq hökumətinə rəhbərlik etmək istəmədiyini və lazım gələrsə, yenidən seçkilərə gedə biləcəklərini bəyan edib. Koalisiya hökumətinin qurulmasına gəldikdə isə, BSW konkret məsələlər üzrə AfD ilə əməkdaşlığa açıq olduğunu bəyan edib. Bu barədə BSW-nin əsas namizədi Klaudiya Vittiq bildirib.

Almaniyanın digər ənənəvi partiyaları (CDU, SPD, Yaşıllar) AfD-ni “ifrat sağçı və ekstremist” hesab etdikləri üçün onlarla hər hansı bir koalisiya hökuməti qurmayacaqlarını (bu siyasi xətt Almaniyada “Firewall” adlanır) qətiyyətlə bildirirlər. Lakin AfD rəsmiləri digər partiyalara çağırış edərək bu divarın artıq seçicilər tərəfindən dağıdıldığını bildiriblər.

Avropada genişlənən ümumi tendensiya

Saksoniya-Anhaltdakı nəticə heç bir halda əyalət səviyyəsində qazanılan nəticə kimi dəyərləndirilə bilməz. 2025-ci il federal seçkisində 20,8 faiz səs qazanan AfD-nin indi ümumölkə sorğularında reytinqinin 28 faizə yüksəlməsi, Saksoniya-Anhaltda isə bütün rəqiblərini böyük fərqlə arxada qoyması Almaniya siyasətində sağ qüvvələrin sürətli yüksəlişinin ən ciddi göstəricilərindən biri sayılır.

Seçkilərin nəticələrinə əsasən iki mühüm məqamı xüsusi qeyd etmək mümkündür. Birinci məqam ümumi Avropa İttifaqı məkanı üçün xarakterik olan tendensiyanı əks etdirir. Son illərdə Avropanın ayrı-ayrı ölkələrində ifrat sağçıların fəallaşdıqları əsas siyasi xətt kimi diqqət çəkir. Məsələn, Aİ-nin digər böyük güclərindən olan Fransada keçirilən son seçkilərdə ifrat sağçılar yüksək nəticələr qazanıblar. O cümlədən Fransada 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərinin favorit namizədlərindən biri Milli Birlik partiyasının lideri Marin Lö Pen sayılır. O, Fransada yaxşı tanınan siyasi fiqurdur. İndiyədək verdiyi bəyanatlara istinad etməklə onu ifrat sağçıların ən ifrat nümayəndəsi kimi təqdim etmək daha doğru olardı. Qeyd edək ki, Marin Lö Pen Makronun ən ciddi tənqidçilərindəndir. O, Fransanın daxili və xarici siyasətdəki uğursuzluqlarını, hökumət böhranlarını, maliyyə çatışmazlığını, artan sosial-iqtisadi çətinlikləri, inflyasiyanın sürətlənməsini, ölkənin beynəlxalq nüfuzunun zəifləməsini Makron siyasətinin “amansız nəticələri” kimi səciyyələndirir.

Almaniyada da oxşar proseslər izlənilir. AfD-nin siyasi xəttində sərt miqrasiya siyasəti, millətçilik və alman milli kimliyinin ön plana çıxarılması mühüm yer tutur. Partiya miqrasiyanı ciddi məhdudlaşdırmaq, deportasiyaları sürətləndirmək, məktəblərdə Almaniya bayrağının hər gün qaldırılmasını və tədbirlərdə dövlət himninin oxunmasını istəyir. Saksoniya-Anhalt proqramında məktəblərdə göy qurşağı bayraqlarının qadağan edilməsi və təhsil və mədəniyyət sahəsində daha ənənəvi dəyərlərin gücləndirilməsi də nəzərdə tutulur.

Vurğulamaq yerinə düşər ki, Saksoniya-Anhaltın yerli Konstitusiyanı Müdafiə İdarəsi AfD-nin əyalət təşkilatını sağ ekstremist kimi təsnif edir. AfD isə ekstremizm ittihamlarını rədd edir və bunu milyonlarla seçicisinə qarşı təhqir və qorxu yaratmaq cəhdi adlandırır.

Əyalət seçkilərinin nəticələri ilə bağlı diqqəti çəkən ikinci mühüm məqam Almaniya cəmiyyətində hazırkı hökumətin fəaliyyətindən artan narazılıqla bağlıdır. Makroiqtisadi göstəricilər ciddi narahatlıq doğurur. Ölkə dövlət borcunun misli görünməmiş səviyyəsi və iqtisadi artımın yavaşlaması fonunda ən yüksək “AAA” kredit reytinqini itirmək təhlükəsi ilə üzləşib. “S&P Global Ratings” agentliyinin nümayəndələri bildiriblər ki, Almaniyanın iqtisadi göstəriciləri bizim gözləntilərimizdən əhəmiyyətli dərəcədə geri qalacağı təqdirdə, bu, ölkənin suveren reytinqi üçün risklər yarada bilər. Bundan az əvvəl Almaniyanın Federal Statistika İdarəsi ölkənin dövlət borcunun 2025-ci ildə yenidən tarixi rekordu qıraraq 2,7 trilyon avro səviyyəsinə yüksəldiyi barədə məlumat açıqlamışdı. Gələn il üçün 629 milyard avro həcmində dövlət xərcləri planlaşdırılıb ki, bunun da 196,5 milyard avrosunu yeni borclanmalar təşkil edir. Beləliklə, büdcədəki, demək olar, hər üçüncü avro borc alətləri hesabına təmin edilir ki, bu da faiz ödənişlərinin durmadan artmasına gətirib çıxarır - cari ildə təxminən 30 milyard, 2027-ci ildə 42 milyard, 2030-cu ilə qədər isə borca xidmət xərcləri 81 milyard avroya qədər arta bilər.

Almaniyada ÜDM istehsalı da əhəmiyyətli dərəcədə azalıb. İqtisadiyyat 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə cəmi 0,3 faiz artıb. Ölkədə  büdcə kəsiri də yüksək olaraq qalır. Məlumata əsasən, ilin birinci yarısında dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 3,1 faizini təşkil edib.Bu göstərici Avropa İttifaqının Maastrixt meyarları ilə müəyyənləşdirilən 3 faizlik həddi üstələyib. Bütün bu kimi amillər də Almaniyada ifrat sağçıların mövqeyinin güclənməsində mühüm rol oynayır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30