Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müasir təhsilin yol xəritəsi

Müasir təhsilin yol xəritəsi

02.10.2025 [08:22]

Təhsil proqramlarımız bu günlə ayaqlaşır?

Müasir dövrümüzdə hər bir cəmiyyətin tərəqqisi insan kapitalının səviyyəsi ilə ölçülür. Bu kapitalın əsas formalaşma məkanı isə məktəblər, universitetlər və ümumilikdə təhsil sistemidir. Lakin bu sistemin uğurlu fəaliyyəti təkcə müəllimlərin səyləri ilə deyil, həm də müasir təhsil proqramlarının hazırlanması ilə bilavasitə bağlıdır. Bir sözlə, təhsil proqramları gələcəyin planıdır, əgər bu plan zəif qurularsa, gələcəyimiz də qeyri-müəyyən və zəif olar.

Təhsil proqramı dedikdə yalnız dərsliklər və fənn siyahısı nəzərdə tutulmur. Bu proqramlar uşaqların hansı bilikləri, bacarıqları və dəyərləri qazanacağını, hansı düşüncə sisteminə sahib olacağını müəyyən edir. Gələcəyin həkimi, mühəndisi, müəllimi və ya siyasətçisinin düşüncə tərzi, problemləri necə analiz edəcəyi, həll yolları tapacağı bu gün hazırlanmış təhsil proqramlarından çox asılıdır.

Dünya dəyişir, texnologiya sürətlə inkişaf edir, informasiya axını gün keçdikcə artır. Bəs, təhsil proqramlarımız bu templə ayaqlaşırmı?

Sualımızı cavablandıran təhsil üzrə ekspert Rövşən Abbasov bildirib ki, hələ də bəzi dərs proqramlarında on illərlə dəyişməyən, aktuallığını itirmiş, analitik təfəkkürdən çox mexaniki əzbərləməyə söykənən məzmunlara rast gəlirik: “Halbuki müasir proqramlar daha çevik, tənqidi düşüncəyə əsaslanan, şagirdi passiv dinləyici yox, aktiv öyrənməyə təşviq etməlidir”.

Müəllimlərin rolu və iştirakçılığı

Ekspert qeyd edib ki, təhsil proqramları yalnız kabinetlərdə, masa arxasında hazırlanmalı sənədlər deyil. Onlar real dərs otağının nəfəsini daşımalı, müəllimin praktiki təcrübəsini əks etdirməlidir: “Bəzi hallarda müəllimlərin bu prosesə cəlb olunmaması proqramların tətbiqində çətinliklər yaradır. Proqramların müasirliyindən danışarkən, onu həyata keçirən müəllimlərin hazırlıq səviyyəsi də önəmlidir. Əgər müəllim yeni texnologiyalar, fərqli tədris üsulları ilə işləməyə hazır deyilsə, o zaman ən müasir proqram belə kağız üzərində qalır.

Müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, həm də yönləndirici və motivasiyaedici bir fiqur olmalıdır. Bu isə fasiləsiz təlim və metodiki dəstəyin vacibliyini göstərir”.

Təhsildə çevik yanaşma: fərdiləşdirilmiş proqramlar

R.Abbasovun sözlərinə görə, şagirdlər fərqlidirlər, maraqları, qabiliyyətləri, öyrənmə üslubları bir-birindən seçilir. Bu səbəbdən təhsil proqramları da çevik və fərdiləşdirilmiş olmalıdır: “İnklüziv təhsilin tələblərinə cavab verən, istedadlı uşaqlar üçün əlavə imkanlar yaradan, geridə qalanlara isə dəstək təklif edən proqramlar hazırlanmalıdır. Müasir dövr texnoloji inqilab dövrüdür, süni intellekt, proqramlaşdırma, kiber təhlükəsizlik artıq həyatımızın bir hissəsinə çevrilib. İnformatika fənni daha erkən siniflərə gətirilib, bəzi məktəblərdə robototexnika dərsləri keçirilir. Amma bu, hələ də geniş yayılmayıb və sistemli xarakter daşımır. Bəzi məktəblər bu sahədə öndədir, digərləri isə hələ ənənəvi metodlarla davam edir. Ənənəvi təhsil proqramlarımız hələ də əzbərləməyə, standart testlərə və passiv öyrənməyə üstünlük verir. Halbuki Finlandiya, Estoniya, Kanada kimi ölkələrdə proqramlar şagirdi fikir yürütməyə, sual verməyə, müstəqil düşünməyə təşviq edir.

Azərbaycan təhsil sistemində də son illər bir sıra islahatlar aparılır, yeni kurikulumlar, rəqəmsallaşma, STEAM layihələri və.s həyata keçirilir. Lakin dünya təcrübəsindən öyrənə biləcəyimiz məqamlar da var. Dünya ölkələrinin təcrübəsi göstərir ki, müasir təhsil proqramları yalnız biliyin ötürülməsi üçün deyil, şəxsin inkişafı və gələcəyə hazırlanması üçündür. Azərbaycanda da proqramların yenilənməsi prosesində bu beynəlxalq yanaşmalar nəzərə alınmalıdır”.

İntellektual cəmiyyət arzulayırıqsa...

Ekspert qeyd edib ki, qlobal rəqabətə davamlı, düşünə bilən, yarada bilən və adaptasiya qabiliyyəti olan gənclər yetişdirmək istəyiriksə, təhsil proqramlarını köklü şəkildə modernləşdirməli, çevik və dinamik sistemə keçməliyik: “Təhsil proqramlarının hazırlanması sadəcə bir sənədin yazılması deyil, gələcək nəsillərin necə formalaşacağına verilən qərardır. Əgər sabah daha intellektual, yaradıcı, məsuliyyətli və dəyərlərə sahib bir cəmiyyət arzulayırıqsa, bu gün təhsil proqramlarımızı daim inkişaf etdirmək və real həyata uyğunlaşdırmaq məcburiyyətindəyik. Çünki yaxşı qurulmuş təhsil proqramı yaxşı gələcəyin başlanğıcıdır”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Xalqının Xilaskarı

01 Oktyabr 20:41

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

8 ayda 2,4 milyard dollar...

01 Oktyabr 12:19  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31