Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tariximizin unudulmayan faciəsi – Mart soyqırımı

Tariximizin unudulmayan faciəsi – Mart soyqırımı

30.03.2026 [18:37]

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırım siyasətinin iki yüz ildən artıq tarixi vardır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdı. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törədikləri soyqrımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görmüşdür. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunmuş, 31 Martın Azərbaycanlıların soyqırımı kimi qeyd olunması qərara alınmışdır. Həmin Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisənin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Respublikası bu gün soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 2018-ci il 18 yanvar tarixli Sərəncamında qeyd olunur ki: “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnaq-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmişlər...”.

İnkaredilməz həqiqətdir ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir.  “Böyük Ermənistan” vədi ilə qızışdırılan ermənilər aldığı silah-sursat və maddi qaynaqlarla təşkilatlanır, təlimatlandırılır və genişmiqyaslı cinayət hadisələrinə imza atırdılar. O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin Çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini sübut edir. Ermənilərin türkə olan nifrət psixologiyası 1905-1907-ci illərlə məhdudlaşmamış, 1918-ci ildə də davam etmişdir. Məhz bunun nəticəsidir ki, Mart soyqırımı olaraq tarixə keçən 1918-ci il hadisələrində hədsiz sayda insan erməni zülmünün qurbanı olmuşdur. 1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik-daşnak hərbi dəstələri Bakı şəhərində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirməyə başladı. Bolşevik-daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası, Şərqin ilk teatrı olan “Tağıyev teatrı”, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı və “Təzə pir” məscidi dağıdıldı. Bununla da sadəcə insanlar soyqırımına məruz qalmadı, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də yox edildi. Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda eyni ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Dro, Njde, Hamazasp, Yapon, Andranik kimi cəlladlar Azərbaycan xalqının qanına susamışdılar. 

31 Mart soyqırımı Azərbaycan xalqının tarixində böyük ağrı və kədər yaradan hadisələrdən biri kimi yadda qalıb. Bu faciə yalnız keçmişin bir səhifəsi deyil, həm də milli yaddaşımızın vacib hissəsidir. Hər il 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunarkən, insanlar həmin gün qurbanların xatirəsini dərin hörmət və ehtiramla yad edirlər. Bu hadisələri xatırlamaq, tariximizi unutmamaq və gələcək nəsillərə doğru şəkildə çatdırmaq böyük əhəmiyyət daşıyır. Tarixi həqiqətlərin araşdırılması və dünyaya çatdırılması bu gün də davam edən mühüm bir prosesdir. Bu faciə xalqımızın birlik və həmrəylik ruhunu daha da gücləndirən hadisələrdən biri hesab olunur. Keçmişin dərslərini öyrənmək gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün vacibdir. Unudulmayan tarix millətin kimliyini və yaddaşını qoruyan əsas amillərdən biridir. 31 Mart qurbanlarının xatirəsi isə hər zaman xalqımızın qəlbində yaşayacaq.

Elvin Əliyev

YAP Babək rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31