Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 1918-ci il ermənilərin xalqımıza qarşı soyqırım cinayətləri

1918-ci il ermənilərin xalqımıza qarşı soyqırım cinayətləri

31.03.2026 [10:17]

Müstəqil Azərbaycan tarixinin yeni dövründə 31 mart soyqırımı Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunur. Bu tarixi cinayətdən 108 il ötür.

Ümummilli liderimiz Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanı ilə hər il respublikamızda 31 mart - Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanları dərin hörmətlə anılır. Fərmanda deyilir: “1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası  Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə  görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məsçid və digər abidələri dağıtmış, Bakının böyük hissəsinini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqrımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir”.

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı 200 ilə yaxın bir dövrdə yürüdülən soyqırım siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarların köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi.

1813-cü və 1828-ci illər GülüstanTürkmənçay müqavilələrinin nəticəsi olaraq Azərbaycan xalqı və onun tarixi torpaqları ikiyə bölündü. Milli faciəmizin davamı olaraq çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyə ərazisindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində «Erməni vilayəti» adlı ərazi bölgüsünün yaradılması haqqında əmr imzaladı.

Tarixi mənbələrə əsasən, 1829-1830-cu illərdə Naxçıvan, Qarabağ və İrəvan ərazisində İranda yaşayan 40 min və Türkiyədə yaşayan 85 min nəfər erməni yerləşdirildi.

Bunun ardınca «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu «ideyanı» Azərbaycanda gerçəkliyə çevirmək üçün Azərbaycan ərazilərinin işğalına bəraət qazandırmaq məqsədi ilə erməni tarixi saxtalaşdırılmağa və Azərbaycanın, ümumən Qafqazın tarixi təhrif olunmağa başlandı.

Azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması və ərazilərinin işğalı etnik təmizləmə və soyqırımı vasitəsilə həyata keçirildi.

Tarixdə ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırımı və etnik təmizləmə siyasəti əsasən 4 mərhələdə həyata keçirilmişdir:

1.1904-1907-ci illər

2.1918-1920-ci illər

3.1948-1953-cü illər

4.1988-1994-cü illər

1905-1907-ci illərdə «Böyük ermənistan» xülyası ilə ruhlanan ermənilər Bakıdan başlayaraq Azərbaycan ərazisində minlərlə azərbaycanlını qətlə yetirdilər, 200-dən çox kəndi tamamilə dağıtdılar.

Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrı seçkilik şəraitində soyqırım siyasəti davam etdirilmiş, azərbaycanlıların deportasiya və soyqırımı kütləvi hal almışdır. Xalqımıza qarşı vəhşiliklər və tarixi cinayətlər edilmiş, çoxəsrlik tariximiz kobudcasına təhrif olunmuş, ermənilərin tarixi saxtalaşdırılmışdır.

Keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905 və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğın, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə sovet hakimiyyətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid plan əsasında həyata keçirilmişdir.

      1918-ci ilin qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı soyqrımı cinayətlərindən biridir. Həmin il mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, 10 minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərabaycan kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Ermənistanın 1988-ci ildə başladığı hərbi təcavüz nəticəsində işğal olunmuş Azərbaycan ərazisində I Qarabağ müharibəsi dövründə minlərlə vətəndaşımız əsir və itkin düşüb, girov götürülüb ki, bunların  da əksəriyyətinin taleyi hələ də məlum deyil. Bir milyondan artıq soydaşımız qaçqına və öz vətənindən məcburi köçkünə çevrilmişdir. Onların 200 mindən çoxu etnik təmizləmə siyasəti nəticəsində zorakılıqla Ermənistandan qovulanlar olmuşdur.

Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqəti ulu öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırılması üçün əməli tədbirlər görülmüşdür. Dahi rəhbərimiz Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 1998-ci il 26 mart tarixli fərmanında XX əsrdə xalqımıza qarşı yönəlmiş soyqırım siyasətinin mahiyyəti əsaslı, tarixi faktlarla açıqlanmış və qanlı faciələri törədənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamı həmin sənəddə öz əksini tapmışdır.

Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində Türk-Azərbaycan diasporası erməni təbliğatının qarşısını alır. Dünya ictimaiyyəti ermənilərin yalan üzərində qurduqları siyasətin mahiyyətini anlayır. Cənab Prezidentimiz demişdir: «Ermənilər bu əraziyə gəlmədi, hətta onların paytaxtı da qədim Azərbaycan şəhəridir».

Azərbaycan xalqı gələcəyə ümid və inamla baxır, heç vaxt tarixi soyqırımları unutmayacaqdır.

Qadir İbrahimov

YAP Culfa Rayon Təşkilatının sədri

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31