İnformasiya məkanında milli iradə:rəqəmsal dövrdə ideoloji təhlükəsizlik
08.10.2026 [11:49]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş nitq söyləyərək Azərbaycanın müstəqillik illərində keçdiyi mürəkkəb və uğurlu inkişaf yoluna, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına, dövlətin qarşısında duran yeni təhlükəsizlik çağırışlarına və gələcək dövlətçilik prioritetlərinə toxundu. Dövlət başçısı çıxışında hərbi, iqtisadi və siyasi güclə yanaşı, müasir dövrdə getdikcə daha böyük əhəmiyyət qazanan ideoloji təhlükəsizlik, informasiya məkanı, internet, kibertəhlükələr və süni intellekt kimi məsələlərə də xüsusi diqqət yetirdi.
Prezidentin bu məsələlərə toxunması təsadüfi deyil. Azərbaycanın son illər keçdiyi tarixi mərhələ göstərdi ki, dövlətin təhlükəsizliyi yalnız sərhədlərin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər və 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etməsi ilə ölkənin qarşısında yeni siyasi və təhlükəsizlik reallıqları yarandı. İndi söhbət yalnız qazanılmış nəticələrin qorunmasından yox, həm də dövlətçiliyin yeni dövrün çağırışlarına uyğun şəkildə daha da möhkəmləndirilməsindən gedir. Bu reallıq informasiya və ideoloji təhlükəsizlik məsələsini də ön plana çıxarır. XXI əsrdə dövlətlər yalnız hərbi və iqtisadi imkanları ilə deyil, həm də öz informasiya məkanını müdafiə etmək, milli dəyərlərini yaşatmaq, tarixi yaddaşını qorumaq və cəmiyyətin xarici manipulyasiyalara qarşı dayanıqlığını təmin etmək qabiliyyəti ilə üz-üzədir. Rəqəmsal texnologiyaların sürətli inkişafı isə bu məsələlərə tamamilə yeni məzmun gətirib.
Bu gün dünyanın istənilən yerində hazırlanmış informasiya saniyələr ərzində milyonlarla insana çata bilir. Bir tərəfdən bu, insanların məlumat əldə etmək imkanlarını genişləndirir, digər tərəfdən isə saxta xəbərlərin, manipulyativ görüntülərin, təhrif olunmuş məlumatların və məqsədli informasiya kampaniyalarının yayılmasını asanlaşdırır. Buna görə müasir dövlət üçün informasiya məkanının təhlükəsizliyi artıq ayrıca texniki məsələ deyil, milli təhlükəsizlik siyasətinin mühüm istiqamətidir. Azərbaycanın dövlətçilik təcrübəsi bu həqiqəti xüsusilə aydın göstərir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası yalnız döyüş meydanında qazanılmış hərbi üstünlüyün nəticəsi olmadı. Bu tarixi Zəfərin arxasında uzun illər ərzində formalaşdırılmış siyasi iradə, iqtisadi imkanlar, güclü ordu, diplomatik fəaliyyət, milli birlik və informasiya mübarizəsi dayanırdı. Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması da həmin uzunmüddətli mübarizənin mühüm istiqamətlərindən biri olmuşdu.
İnformasiya çoxdandır ki, siyasi təsirin, ictimai münasibətlərin və dövlətlərarası rəqabətin mühüm alətlərindən birinə çevrilib. Doğru informasiya ilə yalan, faktla manipulyasiya, obyektiv məlumatla məqsədli təxribat eyni platformada təqdim oluna bilir. Məhz buna görə informasiya təhlükəsizliyi müasir dövlətçiliyin ayrılmaz elementidir. Dövlət yalnız öz ərazisini qorumaqla kifayətlənmir, eyni zamanda öz informasiya məkanında baş verən prosesləri də diqqətdə saxlayır. Burada məqsəd cəmiyyətin məlumat almaq imkanlarını məhdudlaşdırmaq deyil, əksinə, əsas vəzifə vətəndaşın doğru məlumatı yalandan ayırmaq, etibarlı mənbəni tanımaq və manipulyasiyanın mahiyyətini anlamaq qabiliyyətini gücləndirməkdir.
Azərbaycanın Qarabağ məsələsində apardığı informasiya mübarizəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində Ermənistanın işğal siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşdırılmasına cəhdlər göstərildi. Azərbaycan isə öz həqiqətlərini siyasi və diplomatik müstəvidə olduğu kimi informasiya məkanında da ardıcıl şəkildə müdafiə etdi. Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycanın mövqeyini prinsipial şəkildə ifadə etməsi, tarixi faktları və hüquqi arqumentləri sistemli şəkildə gündəmə gətirməsi ölkəmizin informasiya mübarizəsinin mühüm istiqamətlərindən birini təşkil etdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi bu baxımdan yalnız hərbi tariximizin yox, informasiya mübarizəsinin də mühüm mərhələsi oldu. Müharibə dövründə Azərbaycan həm döyüş meydanında, həm diplomatik müstəvidə, həm də informasiya məkanında öz mövqeyini qorudu. Azərbaycan Ordusunun əldə etdiyi hərbi uğurların dünyaya çatdırılması, ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə izah edilməsi və qarşı tərəfin informasiya manipulyasiyalarına cavab verilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən idi. 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində suverenliyin bərpası isə ölkənin informasiya gündəliyində yeni mərhələnin başlanmasına səbəb oldu. Otuz ilə yaxın davam edən işğal və separatizm problemi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz hüquqi-siyasi həllini tapdı. Bu hadisədən sonra ölkəmizin informasiya siyasətinin qarşısında yeni vəzifələr meydana çıxdı. Qarabağ həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, Böyük Qayıdışın, yeni yaşayış məntəqələrinin salınmasının və regionda formalaşan yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması da mühüm əhəmiyyət qazandı. Azərbaycan artıq yalnız münaqişə haqqında danışan yox, ərazilərini bərpa edən, insanları doğma torpaqlarına qaytaran və postmünaqişə dövrünün yeni reallıqlarını formalaşdıran dövlətdir.
Müasir dövrdə ideoloji təhlükəsizlik anlayışının məzmunu da genişlənib. Bu gün ideoloji təhlükəsizlik yalnız müəyyən siyasi ideyaların müdafiəsi kimi başa düşülə bilməz. Buraya dövlətçilik düşüncəsi, milli kimlik, tarixi yaddaş, vətənpərvərlik, milli-mənəvi dəyərlər və cəmiyyətin öz dövlətinə bağlılığı daxildir. Dövlətin fiziki sərhədləri nə qədər möhkəm olursa olsun, cəmiyyətin daxilində milli həmrəylik və dövlətçilik düşüncəsi zəifləyəndə həmin təhlükəsizlik tam sayıla bilməz. Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərin mühüm dayaqlarından biri də məhz milli birlik idi. Müharibə dövründə cəmiyyətin böyük hissəsinin vahid məqsəd ətrafında birləşməsi dövlətin siyasi iradəsini daha da gücləndirdi. Bu birlik təsadüfi hadisə kimi meydana çıxmadı. Uzun illər ərzində dövlətçilik ideyasının, milli yaddaşın və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi bu nəticənin sosial əsaslarını formalaşdırdı.
İdeoloji təhlükəsizlik məsələsində gənc nəslin düzgün istiqamətləndirilməsi, internet və müasir texnologiyaların yaratdığı imkanlarla yanaşı onların doğurduğu risklərin nəzərə alınması xüsusi yer tutur. Süni intellektin sürətli inkişafı, rəqəmsal platformaların geniş yayılması və informasiya dövriyyəsinin sürətlənməsi dövlət və cəmiyyət qarşısında yeni məsuliyyət yaradır. Bu gün bir gəncin dünyagörüşünün formalaşmasında yalnız məktəb, universitet və ailə rol oynamır; sosial şəbəkələr, video platformalar, onlayn icmalar və müxtəlif rəqəmsal mənbələr də onun düşüncəsinə təsir göstərir. Bu təsirin istiqaməti isə hər zaman müsbət olmur. Ona görə də gənclərin informasiya ilə işləmək bacarığının artırılması müasir təhsil siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməlidir.
Vətənpərvərlik də yeni dövrün tələblərinə uyğun məzmun qazanır. Patriotizm yalnız vətəni sevmək haqqında danışmaqdan ibarət deyil. Öz tarixini bilmək, dövlətinin keçdiyi yolu anlamaq, milli maraqları dərk etmək, saxta məlumat qarşısında düşünə bilmək, ölkəsinin uğurlarını dünyaya düzgün təqdim etmək və cəmiyyət qarşısında məsuliyyət hissi daşımaq da müasir vətəndaşlıq mədəniyyətinin tərkib hissəsidir. Süni intellekt bu məsələyə tamamilə yeni ölçü gətirib. Əvvəllər saxta görüntü və ya saxta səs hazırlamaq xüsusi texniki imkanlar tələb edirdisə, indi bu proses xeyli asanlaşıb. Süni intellekt texnologiyalarının inkişafı informasiya istehsalını sürətləndirirsə də, saxta məzmunun hazırlanması imkanlarını da genişləndirir. Bu şəraitdə cəmiyyətin rəqəmsal savadlılığı dövlət təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilir.
İnsan gördüyü hər görüntünü həqiqət kimi qəbul etməməli, eşitdiyi hər səsin mənbəyini araşdırmalı, sosial şəbəkədə yayılan hər iddianı fakt kimi qəbul etməməlidir. Tənqidi düşüncə artıq yalnız akademik və intellektual bacarıq deyil, informasiya hücumlarına qarşı ictimai immunitet formalaşdıran mühüm vasitədir. Burada təhsil sisteminin üzərinə böyük vəzifə düşür. Məktəbdə gənclərə yalnız məlumat vermək yetmir, onlara məlumatı təhlil etmək, mənbələri müqayisə etmək, saxta xəbərləri müəyyənləşdirmək, rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək və informasiya məsuliyyətini dərk etmək bacarığı da aşılanmalıdır. Universitetlərdə bu məsələlər daha geniş şəkildə öyrənilməli, yeni texnologiyaların yaratdığı imkan və risklər elmi yanaşma ilə araşdırılmalıdır.
İnformasiya təhlükəsizliyinin digər mühüm tərəfi kiberməkandır. Dövlət idarəçiliyi, bank sistemi, enerji infrastrukturu, nəqliyyat, rabitə və digər strateji sahələr rəqəmsal texnologiyalardan getdikcə daha çox istifadə edir. Bu inkişaf idarəetmənin səmərəliliyini artırsa da, rəqəmsal sistemlərin qorunmasını daha vacib edir. Kibertəhlükəsizlik artıq yalnız texniki mütəxəssislərin işi deyil, milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Azərbaycanın gələcək inkişafında rəqəmsal dövlət, süni intellekt və yeni texnologiyaların tətbiqi genişləndikcə informasiya sistemlərinin etibarlılığı da daha böyük əhəmiyyət daşıyacaq. Dövlət məlumatlarının qorunması, strateji infrastrukturların kibermüdafiəsi, şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal xidmətlərin davamlı fəaliyyəti müasir dövlət idarəçiliyinin vacib şərtləridir.
İnformasiya mühitində dövlətin mövqeyini gücləndirən başqa bir amil isə beynəlxalq kommunikasiya imkanlarıdır. Azərbaycan son illər beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsi, İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində əməkdaşlıq, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri, Çin və ABŞ-la strateji əməkdaşlığın inkişafı ölkənin beynəlxalq informasiya imkanlarını da genişləndirir. Bu reallıq Azərbaycan qarşısında yalnız öz mövqeyini müdafiə etməklə kifayətlənməmək, qlobal informasiya məkanında daha fəal iştirak etmək və öz baxışlarını daha geniş auditoriyalara çatdırmaq vəzifəsi qoyur. Bunun üçün peşəkar media, güclü analitik mərkəzlər, beynəlxalq səviyyədə rəqabət aparan tədqiqatçılar, xarici dilləri bilən mütəxəssislər və müasir kommunikasiya texnologiyalarına hakim olan kadrlar lazımdır.
İnformasiya siyasətində emosional reaksiyalardan çox strateji düşüncə tələb olunur. Prezident İlham Əliyevin xarici siyasət və beynəlxalq münasibətlər məsələlərində vurğuladığı strateji yanaşma informasiya mühitinə də tətbiq edilə bilər. Hər xəbərə dərhal cavab vermək, hər təxribata emosional reaksiya göstərmək və hər informasiya kampaniyasını eyni üsulla qarşılamq səmərəli nəticə vermir. Güclü dövlət öz mövqeyini dəqiq müəyyənləşdirir, faktlara əsaslanır və uzunmüddətli məqsədlərini qoruyur. Bu baxımdan media ilə dövlət institutları arasında sağlam kommunikasiya xüsusi əhəmiyyət daşıyır. Cəmiyyət vaxtında doğru məlumat alanda şayiələrin təsir imkanları azalır. Dövlət qurumlarının ictimaiyyətlə açıq və operativ kommunikasiya qurması informasiya boşluqlarının yaranmasının qarşısını alır. İnformasiya boşluğu isə çox vaxt təsdiqlənməmiş məlumatların yayılması üçün əlverişli mühit yaradır.
Azərbaycanın informasiya siyasətinin qarşısında duran mühüm vəzifələrdən biri də milli informasiya məhsulunun keyfiyyətinin yüksəldilməsidir. Ölkə haqqında dünyaya yalnız xarici media vasitəsilə məlumat verilməsi kifayət qədər təsirli mexanizm deyil. Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadi potensialını, müasir inkişafını və yeni geosiyasi rolunu beynəlxalq auditoriyaya çatdıran peşəkar və çoxdilli informasiya məhsullarının hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan mediasının qarşısında böyük imkanlar açılır. Qarabağın bərpası, Böyük Qayıdış, yeni nəqliyyat dəhlizləri, enerji layihələri, yaşıl keçid, rəqəmsal transformasiya və regional əməkdaşlıq ölkənin beynəlxalq informasiya gündəliyində mühüm mövzulara çevrilib. Bunların hər biri ölkəmizin yeni inkişaf mərhələsinin ayrı-ayrı istiqamətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün geniş imkan yaradır.
Azərbaycanın informasiya təhlükəsizliyi yalnız dövlət qurumlarının işi kimi qələmə verilməməlidir. Bu, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Jurnalistin hazırladığı xəbər, alimin apardığı araşdırma, müəllimin verdiyi bilik, dövlət qulluqçusunun ictimaiyyətlə ünsiyyəti, gəncin sosial şəbəkədə paylaşdığı məlumat - bütün bunlar ölkənin informasiya mühitinin ümumi mənzərəsini formalaşdırır. Müasir dövlətçilik həm də informasiya məsuliyyətidir. Bir cəmiyyət öz məlumat məkanına nə qədər məsuliyyətlə yanaşırsa, xarici manipulyasiyalara qarşı bir o qədər dayanıqlı olur. Milli həmrəylik yalnız siyasi proseslərdə və tarixi hadisələrdə özünü göstərmir, gündəlik informasiya davranışında da görünür. Yeni mərhələdə Azərbaycanın qarşısında böyük inkişaf hədəfləri dayanır. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra dövlət siyasətinin diqqət mərkəzində təhlükəsizliyin davamlı təminatı, iqtisadi inkişaf, insan kapitalının gücləndirilməsi, texnoloji yeniliklərin tətbiqi və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi dayanır. Bu məqsədlərin hər biri informasiya və ideoloji təhlükəsizliklə birbaşa bağlıdır. Dövlətin gücü yalnız onun ordusunun sayında, iqtisadi göstəricilərində və beynəlxalq əlaqələrinin genişliyində deyil; dövlətin gücü həm də onun vətəndaşının öz ölkəsinə nə qədər güvəndiyində, öz tarixini nə qədər bildiyində, qarşısına çıxan informasiyanı nə qədər düzgün qiymətləndirdiyində və milli maraqları nə qədər dərindən dərk etdiyində görünür.
Azərbaycanın otuz illik dövlətçilik təcrübəsi bu həqiqəti dəfələrlə təsdiqləyib. Ölkə ağır sınaqlardan keçdi, işğalla üzləşdi, uzun illər diplomatik və informasiya mübarizəsi apardı, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı və nəhayət, 2023-cü ildə öz ərazisində suverenliyini tam bərpa etdi. Bu yolun hər mərhələsində siyasi iradə ilə yanaşı, milli birlik və dövlətçilik düşüncəsi mühüm rol oynadı. Bu gün qarşıda duran məsələ əldə edilmiş Zəfərin qorunması və Azərbaycanın gələcək inkişafının daha möhkəm təməllər üzərində qurulmasıdır. Bunun üçün güclü ordu, dayanıqlı iqtisadiyyat və fəal diplomatiya qədər savadlı, düşünən, texnologiyaya hakim və milli dəyərlərinə bağlı cəmiyyət də lazımdır. Rəqəmsal əsrin mübarizəsi səngərlərdə aparılmır, amma onun nəticələri dövlətlərin taleyinə təsir göstərir. Bu mübarizədə Azərbaycanın ən böyük gücü milli iradə, dövlətçilik düşüncəsi, tarixi yaddaş və xalqın dövlət ətrafında birliyidir.
Bu gün Qarabağda dalğalanan üçrəngli bayraq Azərbaycan əsgərinin döyüş meydanında qazandığı Zəfərin rəmzidir. Lakin həmin bayrağın gələcək nəsillərə eyni qürurla ötürülməsi üçün yalnız torpağı qorumaq yetmir; tarixi qorumaq, həqiqəti qorumaq, milli yaddaşı qorumaq, gənclərin düşüncəsini qorumaq və Azərbaycanın informasiya məkanında öz sözünü demək də Vətənə xidmətin mühüm formasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin qarşısında yeni bir mərhələ açılıb. Bu mərhələdə milli iradənin, informasiya məkanının, rəqəmsal sistemlərin və dövlətçilik düşüncəsinin qorunması böyük mübarizənin davamıdır. Qarşıdakı dövrdə Azərbaycan qazandığı Zəfəri güclü dövlət, yüksək texnologiya, elm, təhsil, milli həmrəylik və sağlam informasiya mühiti ilə gələcəyin möhkəm təməlinə çevirməlidir.
Kəramət Qənbərov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

