Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / COP29-dan sonra...

COP29-dan sonra...

02.10.2024 [09:56]

Qlobal iqlim çağırışları üçün Bakı platforması

Azərbaycan COP29-dan sonra iqlim çağırışları ilə bağlı başqa bir mühüm tədbirə - 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi edə bilər. Atıq ölkəmizin konfransa ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində deyib. Nazir bildirib ki, ev sahibliyi ilə bağlı yekun qərar bu ayın sonunda Kali şəhərindəki COP zamanı qəbul ediləcək.

Bioloji Müxtəliflik haqqında Konvensiya (Convention on Biological Diversity) - 5 iyun 1992-ci ildə Rio-de-Janeyroda qəbul edilmiş beynəlxalq müqavilədir. Konvensiyanın məqsədləri bioloji müxtəlifliyin qorunması, onun komponentlərinin davamlı istifadəsi və genetik ehtiyatlardan istifadə nəticəsində yaranan faydaların ədalətli şəkildə bölüşdürülməsi, o cümlədən genetik ehtiyatlara lazımi çıxışın təmin edilməsi, bu cür resurslara və texnologiyaya dair bütün hüquqlar nəzərə alınmaqla müvafiq texnologiyalar, habelə adekvat maliyyələşdirmə yolu ilə onların müvafiq şəkildə ötürülməsidir. Konvensiya 5 iyun 1992-ci ildə imzalanmaq üçün açılıb və 29 dekabr 1993-cü ildə qüvvəyə minib.

Ölkəmizin “yaşıl” gündəliyi

Ötən ilin dekabrında Dubayda keçirilən COP28 cərçivəsində BMT-nin növbəti  iqlim konfransına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, 2023-cü il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü il üçün COP29-a ev sahibi kimi müəyyənləşdirib və 200-ə yaxın ölkənin yekdil qərarı ilə respublikamız BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibi seçilib. Enerji keçidi və səmərəliliyinin ölkələrin siyasi və iqtisadi gündəliyinin prioritet məsələsinə çevrildiyi bir məqamda bu, çox mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitqində bildirdiyi kimi, COP29-un Azərbaycanda keçirilməsi bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Ölkəmizin xeyli sayda qonağın iştirak edəcəyi bu mötəbər tədbirə ev sahibliyi etməsi Vətən müharibəsində Zəfərindən sonra yeni dövrə qədəm qoyan Azərbaycanın tarixində çox mühüm rol oynayacaq və təbii ki, özü ilə bərabər yeniliklər gətirəcək. Ölkəmizin dünyada nüfuzu daha da artacaq.

Respublikamızın COP29-a ev sahibliyi hüququnun yekdilliklə dəstəklənməsi, hazırda isə Bioloji Müxtəliflik haqqında Konvensiyasının sayca 17-ci Tərəflər Konfransının keçirilməsi üçün münasib məkanlardan biri qismində müzakirələrə başlanılması və namizədliyinin irəli sürülməsi bilavasitə ölkəmizin reallıqları ilə bağlıdır. Burada ölkədəki möhkəm daxili sabitlik, davamlı inkişaf, multikultural cəmiyyət, dövlətin siyasi iradəsi kimi beynəlxalq ictimaiyyətin qərarına təsir göstərə biləcək amilləri sadalamaq mümkündür. Ən əsas məqamlardan biri isə heç şübhəsiz ki, ölkəmizin “yaşıl” gündəliyidir. Qeyd edək ki, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri də məhz “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” olmasına çalışmaqdır. Eyni zamanda, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi də təsadüfi deyildir. Bu, ölkəmizdə ESC (Avropa Həmrəylik Korpusu) prinsiplərinin - ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçidin diqqətdə saxlanıldığını bir daha sübut etməklə bərabər, COP29 kimi mötəbər tədbirə məsuliyyətlə hazırlaşmağımızı göz önündə sərgiləyir.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulması bir çox mətləbləri ortaya qoyur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaltmaqdır. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “yaşıl” enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Verilən məlumatlara görə, bütün istixana qazlarından qlobal istiləşmənin əsas mənbəyi (emissiyaların 60 faizindən çoxu) karbon qazıdır. Statistikaya görə, 2018-ci ildə Azərbaycanda havaya buraxılan karbon dioksidin miqdarı 34,704 milyon ton, adambaşına düşən həcmi 3,5 ton olub. Havaya buraxılan karbon dioksidin həcminə görə dünyada orta göstəricinin (4,968 ton) illik miqdarından daha aşağı səviyyədə qərarlaşan ölkəmiz bu baxımdan Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistanla müqayisədə daha əlverişli mövqeyə malikdir.

Son illərdə Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı şəhərinin müxtəlif guşələrində geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır. Ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar da yaşayış məhəllələrinin abadlaşdırılmasında fəal iştirak edirlər. Bakı şəhərinin müxtəlif rayonlarında ayrı-ayrı məhəllələrin abadlaşdırılmasında fəal iştirak edən ictimai təşkilatlardan biri də Heydər Əliyev Fondudur. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “IDEA” İctimai Birliyi tərəfindən uğurlu layihələr həyata keçirilir. Bunlardan küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması məqsədilə həyata keçirilən “Abad həyət” layihəsi xüsusilə diqqətəlayiqdir. Bundan başqa, Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Yaşıl gələcək”, “Xəzəri qoruyaq-2024” mövzusundakı layihələr ekoloji tarazlığın qorunmasına xidmət edir.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) həyata keçirdiyi “Yer saatı” adlı beynəlxalq tədbir hər il martın son şənbə günündə bizim ölkəmizdə də qeyd edilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzi olaraq bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. 2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub. Qeyd edək ki, ilk belə aksiya 2007-ci ildə Sidneydə keçirilib.

Azərbaycanın məsuliyyəti və imkanları

Beynəlxalq birliyin Azərbaycana böyük etimadı, həmçinin ölkəmizin özünü məsuliyyətli və ləyaqətli dövlət kimi təsdiqləməsi, eləcə də geniş imkanları ilə bağlıdır. COP29 BMT-nin ən irimiqyaslı tədbirlərindən biridir. Tədbir çərçivəsində ölkəmizə on minlərlə qonağın, o cümlədən də dövlət və hökumət başçılarının gələcəyi gözlənilir. Paytaxtımızda dünyanın ən aktual məsələlərindən olan iqlim çağırışları müzakirə olunacaq və bu sahədə gələcək fəaliyyətlərin yol xəritəsi müəyyənləşdiriləcək. Belə qlobal miqyaslı tədbirləri yalnız Azərbaycan kimi güclü potensialı olan dövlətlər keçirə bilərlər. COP29-a ev sahibliyi hüququnu öz üzərinə götürməklə respublikamız qlobal çağırışlara böyük həssaslıqla yanaşdığını bir daha ortaya qoyub. Ölkəmizin birmənalı mövqeyi belədir ki, qlobal təhdidlərə qarşı beynəlxalq həmrəylik gücləndirilməlidir. Hər bir ölkə milli səviyyədə uzlaşdırılmış fəaliyyətlər reallaşdırmaqla iqlim çağırışları ilə mübarizədə qlobal həmrəyliyə öz töhfəsini verə bilər və verməlidir.

Hazırda Azərbaycan COP29-a məsuliyyətli hazırlıq həyata keçirir. Bizim hazırlıq üçün cəmi bir il vaxtımız var idi. Vaxtın azlığına baxmayaraq, bütün hazırlıq işləri cədvəl üzrə həyata keçirilir. Hazırlıq məqsədilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar olaraq 2024-cü il yanvarın 13-də dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. COP29 Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, COP29-un müəyyən edilmiş sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı isə xarici işlər nazirinin müavini Yalçın Rəfiyevdir. Komitənin tərkibində qadınlar və vətəndaş cəmiyyətinin üzvləri geniş şəkildə təmsil olunurlar. Təşkilat Komitəsinin indiyədək 6 iclası keçirilib və bu iclaslarda COP29 Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər müzakirə edilərək müvafiq tapşırıqlar verilib.

MÜBARİZ

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Siyasət

Davam edən mina terroru...

16 Oktyabr 09:52  

İqtisadiyyat

Dünya

“Berlin prosesi”...

16 Oktyabr 08:36

Siyasət

Sosial

Maraqlı

Aclığa son...

16 Oktyabr 07:17

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31