Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Müqavilə imzalanmadı

Müqavilə imzalanmadı

04.03.2025 [09:29]

Zelenski ümid edir, Tramp isə...

Kiyev ilə Vaşinqton arasında hələ fevralın 25-də Ukraynanın nadir torpaq minerallarının çıxarılmasına dair ikitərəfli sazişin şərtləri razılaşdırılsa da, müqavilə imzalanmadı. Bu barədə Ağ Evdən “Reuters” agentliyinə bildirilib. Qeyd olunub ki, ABŞ prezidenti razılığa gəlməyi istisna etmir, sadəcə, Ukrayna konstruktiv danışıqlara hazır olmalıdır.

Qeyd edək ki, Ukrayna liderinin ABŞ-a səfərinin səbəbi kimi nadir torpaq metalları üzrə sazişin imzalanması göstərilirdi. ABŞ-ın maliyyə naziri Skott Bessent Ukrayna ilə iqtisadi tərəfdaşlığı müzakirə etmək üçün fevralın 13-də Kiyevə gəlmişdi və “tərəfdaşlıq sazişi”nin ilk layihəsi rəsmi Kiyevə təqdim olunmuşdu. Müqavilə ilə bağlı müəyyən müzakirələr aparılsa da, sonradan bir sıra şərtlər haqda razılıq əldə edildi.

Vəziyyət gərginləşdi...

Lakin Tramp-Zelenski görüşü zamanı liderlər yüksəldilmiş tonlardan istifadə edərək Rusiyanın Ukraynadakı müharibəsini və ona son qoymaq imkanlarını müzakirə etməyə başlayıblar. Vladimir Zelenski təhlükəsizlik zəmanəti olmadan atəşkəslə razılaşmaqdan imtina etdi və Donald Tramp onu ABŞ-ın mövqeyinə hörmətsizlikdə və nankorluqda ittiham etdi. ABŞ prezidenti Zelenskinin ritorikasını və davranışını hörmətsizlik kimi qəbul edib. “Fox News” xəbər verir ki, Tramp Zelenskidən Ağ Evi tərk etməsini istəyib. Kanalın müxbiri Sandra Smit “Telegram” kanalında yazıb: “Prezident Tramp Zelenskidən getməsini xahiş edib...”.

Fərqli ssenarilər...

Görüşlə bağlı beynəlxalq ekspertlər, xüsusilə Qərb siyasətçiləri birmənalı fikirdə deyillər. Bir qism mübahisələrin arxasında başqa məsələlərin dayandığına işarə vurur - belə ki, bu müqavilə həm də atəşkəsə aparan yol kimi qeyd olunurdu. Bildirilir ki, Ukrayna prezidenti ABŞ-ın atəşkəs şərtləri ilə razı olmadığı üçün müqavilə məsələsi də reallaşmayıb. Ukrayna prezidentinin London səfəri əsnasında ölkəsinin ərazi bütövluyü məsələsi ilə bağlı bəyanatı da deyilənləri təsdiqləyir. Həm də Ukrayna ABŞ-ın şərtləri əsasında atəşkəsə imza atacağı təqdirdə Aİ-nin maraqlarını tam şəkildə zərbə altına qoymuş olacaqdı - bu isə, daha böyük qalmaqala aparırdı. Çünki Moskva ilə Kiyev arasındakı atəşkəsin növbəti mərhələsində Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiya mühitinin yumşaldılması dayanacaqdı. Ukrayna isə dərk edir ki, ABŞ ilə yanaşı, bu müharibə dövründə ona himayədarlıq etmiş Aİ-yə tam arxa çevirmək mümkün deyil.

Maraqlıdır ki, həddindən artıq gərgin davam etmiş Tramp-Zelenski görüşünü “siyasi şou” adlandıranlar da var. Məsələyə iqtisadi prizmadan baxan bu kəsimin fikrincə, yaranan gərginlik daha çox iqtisadi gəlir əldə etməyə hesablanıb. Bu mənada, ABŞ-ın yanaşmasını dəyərləndirərkən, Vaşinqtonun mineralların istismarının 100 fazini əldə etmək arzusu önə çıxarılır. Ukrayna isə buna razı deyil - Vaşinqton əlində olan ən əsas üstünlükdən istifadə edir. Əgər Ağ Ev təminatdan tam imtina edərsə, Ukraynanı olduqca çətin bir dövr gözləyəcək və hətta Trampın da bildirdiyi kimi, Ukrayna daha böyük miqyasda torpaq belə itirə bilər. ABŞ bu məqamı bildiyi üçün Ukraynanı sıxışdırır - hətta Aİ ilə əməkdaşlıq Vaşinqton üçün hər hansı “problem” yarada bilməz. Çünki Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu yardım fondu ABŞ-ın verdiyi pulların müqabilində bir neçə dəfə azdır...

Müqavilə bərpa olunacaqmı - Zelenski razıdır, Tramp isə...

Amma müqavilə ilə bağlı ümidlər hələ ki, yekunlaşmayıb. Məsələn, Zelenski ABŞ-a verdiyi dəstəyə görə təşəkkür edib və X sosial şəbəkəsində Ağ Evdə Donald Trampla mübahisə etdikdən sonra yazıb: “Sağ olun, Amerika, dəstəyinizə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. ABŞ prezidenti Donald Trampa, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq”.

Zelenski martın 2-də Londonda keçirilən Avropa sammitindən sonra BBC jurnalistlərinə müsahibəsində deyib ki, Ukrayna hələ də mineral ehtiyatlar üzrə ABŞ-la müqavilə imzalamağa və Vaşinqtonla konstruktiv dialoq aparmağa hazırdır. “Reuters” isə yazıb ki, Zelenski ABŞ-la faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu və ABŞ-ın da bunu etməyə hazır olacağına inandığını söyləyib. Ukrayna prezidenti Amerika lideri Donald Trampla münasibətlərini xilas etmək şansının olduğunu düşünür. ABŞ-ın maliyyə naziri Skott Bessent isə bəyan edib ki, Ukrayna ilə nadir torpaq metalları üzrə sazişin imzalanması məsələsi hazırda nəzərdən keçirilmir. O, Zelenskinin Ukrayna və ABŞ arasında müqaviləni “partlatdığını” vurğulayıb.

Donald Tramp isə özünün “Truth” sosial şəbəkəsində yazıb: “Mən belə qənaətə gəldim ki, prezident Zelenski sülhə hazır deyil. O hiss edir ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir. Mən üstünlükləri istəmirəm, SÜLH istəyirəm. O, sevimli Oval ofisində Amerika Birləşmiş Ştatlarına hörmətsizlik edib. O, sülhə hazır olanda geri qayıda bilər”.

Bu arada ABŞ Dövlət Departamenti Ukrayna prezidenti Vladimir Zelenskinin vəziyyəti dəyişə biləcəyini bildirib. Dövlət Departamentinin sözçüsü Tammi Bryus “Fox Business”-ə deyib ki, “Prezident Zelenski, məncə, tərəddüd edə bilər, lakin onun hər şeyi dəyişdirmək şansı var”.

Sonradan isə Tramp Zelenski ilə yaxın gələcəkdə dialoqun bərpası ehtimalını rədd edib. Oval ofis qalmaqalından sonra ilk dəfə jurnalistlərə açıqlama verən Tramp “O, dərhal geri qayıtmaq istəyir. Amma bu, mənim üçün kifayət etmir” deyib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Mart 08:17  

Hadisə

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31