Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan vətəndaş müharibəsinin bir addımlığında

Ermənistan vətəndaş müharibəsinin bir addımlığında

01.05.2018 [09:13]

Baş nazir seçkiləri ətrafında yaranmış narazılıq işğalçı ölkədə yenidən qanlı toqquşmalara rəvac verə bilər
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə daha da gərginləşir. Belə ki, Ermənistanın baş nazirliyindən qovulan Serj Sarkisyan aprelin 26-da hakim partiyadakı postunu da itirib. Ermənistanda istefa verən nazirlərin sayı isə 4-ə çatıb. Həmçinin Şirak və Araqatsotn vilayətlərinin qubernatorları Artur Xaçatryan və Aşot Simonyan da istefa qərarlarını açıqlayıblar. Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyan ölkədə fövqəladə vəziyyət elan edib. Parlamentdə təmsil olunan Sarukyan blokunun üzvü Naira Zöhrabyan bildirib ki, vəziyyət kifayət qədər gərgindir. Yaranmış siyasi böhran tezliklə aradan qaldırılmasa, Ermənistan uzun müddət bundan əziyyət çəkəcək.
Müxalifətin lideri Nikol Paşinyan isə bildirib ki, İrəvanın mərkəzi küçələrində aksiyaçılara qarşı müəyyən qüvvələr tərəfindən təxribatlar törədilir. Paytaxtda çoxlu sayda nömrəsiz avtomobillər peyda olub. Maşınlar yol hərəkəti qaydalarını pozur, insanların üstünə sürülür, bilərəkdən təhlükəli vəziyyət yaradır. Nikol Paşinyan etirazçıları İrəvanda küçələri bağlamağı müvəqqəti olaraq dayandırmağa çağırıb. Buna rəğmən etirazçılar İrəvandakı yolların bir hissəsini hələ də bağlı vəziyyətdə saxlayırlar. Etirazçılar Paşinyana səslənərək, onun heç kəslə əməkdaşlıq etməməsini istəyiblər. Nikol Paşinyan isə bildirib ki, hədəfə çatmağa çox az qalıb. Respublika Partiyası ona baş nazir olmağa imkan verməsə etirazlar daha da böyüyəcək: “Artıq nə hakimiyyət, nə də hökumət var. Rejim elə bilirdi ki, Sarkisyanın istefası ilə hər şey bitəcək. Əsla. Ermənistan vətəndaşları bu qruplaşmanın hakimiyyətdə olduğu dövrdə kifayət qədər əzilib. Artıq buna son qoyuldu”.
Nikol Paşinyan həmçinin Ermənistan baş nazirinin vəzifələrini icra edən Karen Karapetyanı danışıqlara dəvət edib. O, bu barədə Respublika meydanında keçirilən mitinqdə bildirib. “Biz hakimiyyətlə bağlı danışıqları bağlı qapılar arxasında aparmayacağıq”, - deyə müxalifət lideri qeyd edib. “Biz ölkədə yaranan vəziyyəti Serj Sarkisyana izah etdiyimiz kimi (baş nazir postundan istefası), Karapetyana da izah edəcəyik. Yüz minlərlə insan yeni baş nazirin namizədliyi üzrə səsvermənin keçiriləcəyi gün - mayın 1-də küçələrə çıxacaq”, - deyən Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyanın danışıqlardan imtina etməsi hakim Respublika Partiyasındakı hərc-mərclikdən xəbər verir və bu səbəbdən müxalifətin nümayişi davam edəcək.
“Onlar dünən və srağa gün heç bir şərt irəli sürmədən danışıqlara hazır olduqlarını bildirmişdilər. Lakin, gördüyünüz kimi, cənab Karapetyanın yerini mənim çantam tutub”, - deyə Paşinyan danışıqların keçirilməli olduğu mehmanxanada jurnalistlərə bildirib.
Bu arada Ermənistan parlamenti spikerinin müavini Eduard Şarmazanov bildirib ki, Ermənistanın hakim Respublika Partiyası ölkənin baş naziri postuna öz namizədini irəli sürməyəcək. “Biz baş nazir postuna namizəd irəli sürməmək barədə qərar qəbul etmişik, lakin fraksiya yekdilliklə səs verəcək”, - deyə Şarmazanov qeyd edib.
Bir sözlə, işğalçı ölkədə vəziyyət nəzarətdən çıxıb və Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır. Baş nazir seçkiləri ətrafında yaranmış narazılıq işğalçı ölkədə yenidən qanlı toqquşmalara rəvac verə bilər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, baş nazir postuna iddialı olan Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlama verib. Və o, açıqlamasında Sarkisyan kimi Dağlıq Qarabağla əlaqədar sayıqlamalar edib. Belə ki, Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı qurumu dəstəklədiyini deyib. “Biz Dağlıq Qarabağı tam dəstəkləyirik. Baş nazir seçilsəm, ilk işim operativ situasiya ilə tanış olmaq üçün Qarabağa səfər etmək olacaq. Bizim əsas hədəfimiz ordumuzun döyüş qabiliyyətinin artırılması olacaq”, - deyə “məxməri inqilab”ın rəhbəri açıqlama verib. Bu azmış kimi Azərbaycanı aqressivlikdə ittiham edən işğalçı ölkənin nümayəndəsi Ermənistanın guya mədəni olduğunu iddia edib.
Paşinyan unudur ki, torpaqları işğal olunan Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və Ermənistandan fərqli olaraq danışıqlar prosesində imitasiya məqsədi üçün iştirak etmir. Dövlətimiz dəfələrlə bəyan edib ki, əgər sülh danışıqları nəticə verməsə, dialoq imkanları tükənsə, öz ordusunun gücü hesabına torpaqlarımızı işğaldan azad edəcək. Azərbaycan dövləti bu qərarı verən zaman isə Ermənistan hakimiyyətində kimin olması heç bir əhəmiyyət daşımayacaq. 2016-cı ilin aprel döyüşləri də bunu bir daha təsdiq etdi. Əgər Paşinyan Ermənistanın böhrandan xilas olunmasını istəyirsə, ilk növbədə, işğalçılıq siyasətinə son qoyulması istiqamətində addımlar atmalıdır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1266 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31