Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram  - Akutaqava

Anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram  - Akutaqava

05.06.2024 [10:55]

Yığcam, miniatür əsərləri ilə dünya ədəbiyyatında unudulmaz iz buraxan yapon yazıçısı Akutaqava Rünoskenin 30 yaşında yazdığı “Sıx meşədə” adlı hekayəsi onun yaradıcılığının ikinci dönüş nöqtəsi hesab edilir. Zamanında tənqidçilər bu hekayəni mistikanın ən yüksək zirvəsinə qaldırılmış bədii əsər adlandırmışlar.

Hekayə dərin meşəlikdə meyiti tapılmış bir samurayın qətlindən bəhs edir. Əsərdə qurulan məhkəmə zamanı samurayın ölümündə şübhəli bilinən quldur, samurayın arvadı və samurayın ruhu danışır.

Məşhur yapon yazıçısı Akutaqava Rünoske 1892-ci ildə Tokioda, süd alveri ilə dolanan Tosidzo Niihara adlı  kasıb bir kişinin ailəsində dünyaya göz açıb. Yapon təqviminə görə əjdaha ilində, əjdaha günündə və əjdaha saatında doğulduğuna görə körpəni (“rü”- əjdaha mənasını verən birinci ieroqlifin adı ilə) Rünoske adlandırıblar.  Doğularkən atasının 42, anasının isə 33 yaşda olmasını körpənin gələcək taleyi üçün yaxşı əlamət hesab etməyiblər. Çünki yapon inancına görə, valideynlərinin yaşı otuzu keçdikdən sonra doğulan uşağın həyatı heç də ürəkaçan olmur. Bu səbəbdən yeni doğulan Rünoskeni ailədən kənarlaşdıraraq övladı olmayan dayısının himayəsinə verirlər. Qədim yapon mədəniyyətinə yaxşı bələd olan dayısı Mitiaki Akutaqava uşağı öz evində böyüdür və soyadını ona verir. Rünoske öz xatirələrində anası haqda belə yazır: “Anamı heç vaxt xatırlaya bilmirəm, çünki o, dünyadan köçəndə mən on aylıq körpə olmuşam. Hərdən anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram”. 

Doğuşdan sonra güclü əsəb xəstəliyi keçirdiyinə görə körpə Rünoskenin anasını müalicə üçün ruhi xəstəxanaya qoyurlar. Dözülməz mənəvi əzablara tab gətirə bilməyən ana palatada tək qalarkən intihar edir. Anasının faciəli həyat hekayəti və valideynlərindən keçən irsi əsəb xəstəliyi sonralar yazıçı Akutaqava Rünoskenin yaradıcılığını sona qədər təqib edir. 

Rünoske 1910-cu ildə Tokio orta məktəbini bitirdikdən sonra ingilisdilli ədəbiyyatı yaxşı öyrənmək üçün Birinci kollecə daxil olur. 1913-cü ildə kolleci bitirir və Tokio İmperator Universitetinin ingilis dili fakültəsinə qəbul olunur. İlk vaxtlar dərslərdə həvəslə iştirak edən gənc yazıçı sonralar oradakı mühazirələrin cansıxıcı olmasından  bezərək universitetə davamiyyəti dayandırır. Beləliklə, Rünoske sərbəst mütaliəyə başlamağı qərara alır, Avropa yazıçıları, şairləri və filosoflarının yaradıcılığı ilə yaxından tanış olur. Yazıçı dostlarına Bodleri, Strindberqi, Berqsonu oxumağı tövsiyə edir. Akutaqava həmin illərdə ədəbi estetika baxımından ona yaxın olan yazar dostları ilə “Sinsitö” (“Yeni axın”) adlı jurnal nəşr edir. Jurnal əsasən naturalizm ədəbi məktəbinin nümayəndələrini tənqid üzərində qurulur. “Sinsitö”çülər özlərini antinaturalist kimi qələmə verir, neorealizmi təbliğ edirlər. Onların fikrincə, yazıçı təkcə öz çağının hadisələrində ilişib qalmamalı, tarixin müxtəlif qatlarına baş vurmalı, əsərlərində qədim yapon mifik düşüncəsindən də yararlanmalıdır. Elə bu ideyalarına görə də Akutaqava öz yaradıcılığında tarixi hadisələrdən, yapon pritçalarından, müxtəlif dini və mifoloji mətnlərdən daim böyük ustalıqla istifadə edirdi.

O vaxtlar Yaponiya özünü gənc burjua ölkəsi saydığından bütün sahələrdə Qərbə meyillilik hiss olunurdu. Lakin ədəbi mühit feodal düşüncəli yazarların inhisarında çabalayırdı. Yaşlı yazıçılar ədəbiyyatda yeniliyi yaxın buraxmaq istəmir, qədim yapon ənənələrindən kənara çıxmağı fəlakət sanırdılar. Bütün çap vasitələri gerizəkalı adamların əlində cəmlənmişdi. Yaşlı nəslin nümayəndələri yeni ədəbiyyata savaş açmışdılar. Akutaqava həmin ədəbi proseslərin qaynadığı dövrdə başqalarına nisbətən yenilik tərəfdarı sayılan, 20-ci əsr ingilis ədəbiyyatına yaxşı bələd olan ustad yazıçı Nasume Sosekinin (1867-1916) öz evində təşkil elədiyi ədəbi məclislərə gedirdi.    

“Rasömon darvazası” və “Burun” hekayələrinə görə 1915-ci il Akutaqava yaradıcılığının əsas başlanğıcı hesab olunur. Bu əsərlər ?apon ədəbiyyatına tamam yeni, novator bir müəllifin gəlməsindən xəbər verirdi.

Akutaqava nəsrinə Meydzi epoxasının yazarları Nasume Soseki, Mori Oqayla yanaşı, Mopassan, Strindberq, Dostoyevski, Tolstoy, Çexov kimi Avropa və rus yazıçıları da təsirsiz ötməmişdi. Onun “Batat sıyığı”, “Burun” hekayləri Qoqolun məşhur “Şinel” və “Burun” əsərlərinin təsiri ilə yaranmışdı. “Bağ” hekayəsində isə ədəbiyyatşünaslar onun Çexovun “Albalı bağı” adlı pyesindən bəhrələndiyini yazırdılar.

Yazıçının 1918-ci ildə “Osaka mayniti” qəzetində çap elətdi???yi “Hörümçək toru” adlı dəhşət saçan novellası onu yenidən ədəbiyyatın gündəminə gətirdi. Bu əsərlə o özünün gələcək taleyini yazırdı. Yapon pritçası motivləri üzərində qurulmuş bu hekayə dünyanın, demək olar, bütün dillərinə tərcümə olunub.

Akutaqava qələminin qüdrəti əsasən Avropa və rus ədəbi formalarının yapon ənənələri ilə universal sintezində idi. Tədqiqatçılar onun qələmə aldığı mövzuları tarixilik baxımından üç əsas dövrə bölürlər. Birinci dövr: 10-12-ci əsrlər, Yaponiyanın paytaxtı Kiotonun çiçəklənməsi dövrü. İkinci dövr: 16-cı əsrin sonları, Yaponiyada xristianlığın yayılması və təsiri. Üçüncü dövr: 19-cu əsrin ikinci yarısında imperator Meydzinin hakimiyyəti zamanı Yaponiyanın inkişafı dövrü. Akutaqava qədim ənənələrdən gen-bol istifadə etməsini belə əsaslandırırdı: “Keçmiş insanla müasir insanın ruh durumunda çoxlu eyniliklər var. Əsas məsələ də elə budur!”  

1916-cı ildə yazıçı Mexaniki Dəniz məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayır. Lakin bu işindən heç də xoşlanmır. Gələcək həyat yoldaşına ünvanladığı məktubda belə yazır: “Müəllimlik məni əsəbləşdirir. Mən yalnız  qarşımda ağ vərəq, qələm və tütün görəndə sakitləşirəm”.

Tezliklə müəllimlikdən uzaqlaşan Akutaqava 1919-cu ildə Tokioya köçərək “Osaka mayniti simbun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Lakin getdikcə dərinləşən və müalicəsi tapılmayan irsi əsəb xəstəliyi ona dözülməz əzablar verir. 1921-ci ildə bir müddət sakitləşmək üçün o, Çinə  səfər edir. Dörd aydan sonra geri qayıdan yazıçı əvvəlkindən daha üzgün görünür. Depressiya və yuxusuzluq sağlamlığını dayanmadan gəmirdikcə  Rünoske manyak kimi yazmağına davam edir. Sakitləşdirici dərmanlarla özünü yuxuya versə də, röyalarında mütəmadi olaraq ölmüş doğmalarını, intihar etmiş anasını görür və bu cür qarabasmalardan boğulur. Dostlarına müxtəlif yerlərdə öz oxşarını gördüyünü, anası kimi ağlını itirəcəyindən qorxduğunu söyləyir.

1920-ci illərdən başlamış ölümünə qədər yazıçının yazdıqlarının əksəriyyətini avtobioqrafik adlandırmaq olar. Çünki həmin dönəmdə qələmə aldığı əsərlərin çoxu dəliliyin, şəxsi iztirabların və hallisünasiyaların məhsuludur. Ömrünün sonlarına yaxın  yazdığı “İlğım”, “Dişli çarxlar”, “Köhnə dosta məktub” hekayələrində, “İdiotun həyatı” povestində yazıçının psixi sarsıntılarının doğurduğu intihar meyilləri açıqca duyulur.

Onun realist, mifik, romantik, fantastik janrlarda qələmə aldığı şeir, esse, novella, hekayə, pyes və povestlər tək yapon ədəbiyyatının yox, dünya ədəbiyyatının da incilərindən sayılır.

Rünoske Akutaqava 24 iyul 1927-ci ildə iztirablarla dolu həyatına son qoyur. Ölmək üçün yüksək dozada vernol həbləri qəbul edən yazıçı yuxudan ayılmır.

Ölümündən sonra dünyanın bir çox dillərinə tərcümə olunmuş əsərləri ardıcıl çap olunaraq yüksək tirajla satılır.

Yazıçının dostu Kikuti Kan 1935-ci ildə Akutaqava adına ədəbi mükafat təsis edir. Mükafat hər il Yaponiyanın ən istedadlı gənc yazarlarından birinə verilir. 

1950-ci ildə məşhur kinorejissor Akira Kurosava onun “Sıx meşədə” hekayəsinin motivləri əsasında “Rasömon” adlı bədii film çəkmişdi. Film dünyanın 10 ən yaxşı filmi siyahısına salınıb.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30