Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Tanrı sorağına çıxan bəndələr

Tanrı sorağına çıxan bəndələr

22.06.2024 [11:25]

Luici Pirandellonun “Müəllifini axtaran altı personaj” pyesi haqqında

Əvvəli ötən sayımızda…

***

Növbəti səhnədə dekorasiya dəyişir: bağın bir küncündə kiçik hovuz. Hovuzun bir tərəfində aktyorlar, o biri tərəfində personajlar oturublar. Direktor ikinci pərdənin başlandığını elan eləyir.

Qızlıq Oğulun qəti etirazına baxmayaraq bütün ailənin Atanın evinə köçdüyünü deyir. Bundan sonra Ana Oğulla Qızlığı barışdırmağa nə qədər cəhd göstərsə də, istəyinə çata bilməyib. Bu ailədə hər kəs ayrıca dövlətdir, hər kəsin öz sərhədi, öz bayrağı, müdafiə qüvvələri, hücum dəstələri var...

Ata Direktorla mübahisəyə girişib reallığı illüziyaya qarşı qoyur. Onun fikrincə, aktyorun ustalığı reallığın illüziyasını yaratmağındadır, personajınsa öz gerçəkliyi var, personaj öz həyatının şərtləri altında, öz xarakteri, fərdi cizgilətiylə yaşayır. Aktyorun bir halı, bir surəti yoxdur, o daim dondan-dona girməyə məhkumdur. Gerçək insana, xüsusən də aktyora baxanda personaj daha real varlıqdır. İnsanların həyatı, reallıqları dəyişir, onlar özləri də zamanla dəyişirlər, ancaq personajın nə özü, nə də içində olduğu reallıqlar dəyişir, onun yalnız bir dəyişməz ömrü var.

Personaj doğular-doğulmaz sərbəstlik qazanır, bəzən öz müəllifindən də asılı olmur, hətta hərdən müəllifin ağlına gəlməyən mənalar daşıyıcısına çevrilir. Ata gileylənir ki, Müəllifin təxəyyülü onları dünyaya gətirib, amma gətirdiyi dünyada onlara yer ayırmayıb. Bu səbəbdən onlar öz yerləri uğrunda özləri mübarizəyə qalxıblar. Onlar qəziyyələrini qələmə aldırmaq üçün Müəllifə dönə-dönə yalvarsalar da, bundan bir nəticə hasil olmayıb, ona görə də özləri özbaşına teatrın yolunu tutmağa, səhnəni zəbt eləməyə məcbur qalıblar.

***

Oğul Qızlıqla heç cür yola getmir. O, səhnəni tərk eləyib oyundan çıxmaq istəsə də, hərlənib-fırlanıb yenə durduğu yerə qayıdır, hansısa mübhəm qüvvə onu bəlli çərçivədən kənara buraxmır. Bu, onun taleyidir, Oğul mənhus taleyindən qopa bilmir, səhnədə qalmağa məcbur olsa da, tamaşada oynamaq istəmir. Rejissor onun qaçıb aradan çıxacağından əndişələnəndə Qızlıq onu arxayın salıb deyir ki, narahat olmasın, Oğul Müəllifin hördüyü səbəb-nəticə zəncirinə vurulub, öz rolunu oynayıb bitirməyincə heç yana gedə bilməz.

Burada paradoks ortaya çıxır: bir yandan deyilir ki, personaj Müəllifin əlindən çıxandan sonra müstəqil həyat sürür, o biri yandan elə həmin personaj həmin Müəllifin cızdığı çevrədən qırağa ayaq basa bilmir. Bunun fəlsəfi-metafizik anlamına az sonra qayıdarıq, estetik-filoloji mənası budur ki, bir müəllifin əsərinə, onun yaratdığı obrazlara nə qədər sərbəst yozum verilirsə verilsin, bu cür şərhlər, yanaşmalar müəllifin düşüncə trayektoriyasından, ideya kontekstindən kənara çıxmamalıdır; əks halda sənət əsəri cürbəcür xaotik fikirlərin, sərbəstlik həddini aşmış təhlillərin, anarxist yozumların arasında çaqqal sürütməsinə dönər...

Qız hovuzun qırağında oynayır, Oğlan əlində tapança ağacın dalında gizlənib. Ana Oğulun otağına baş vurub onunla danışmaq istəsə də, oğul anasını dinləmək istəmir. Ata onu Ananı eşitməyə məcbur eləmək fikrinə düşəndə Oğul müqavimət göstərir, ata-bala tutaşırlar. Ana onları ayırmağa çalışır, Oğul Atanı döşəməyə yıxır. Oğul deyir ki, oynamaqdan imtina eləməklə onları səhnəyə çıxarmaq istəməyən Müəllifin iradəsini yerinə yetirir.

Direktor Oğulun bu sözündən bərk təsirlənir, ondan nə baş verdiyini danışmağı xahiş eləyir. Oğul danışır ki, bağçadan keçəndə hovuza düşmüş Qızı görüb, özünü suya atmaq istəyəndə baxıb ki, Oğlan böyümüş havalı gözləriylə hovuzda çabalayan, boğulan bacısını ağacın dalından seyr eləyir. Bu yerə çatanda Oğlanın gizləndiyi yerdən güllə açılır. Uşağı götürüb səhnə arxasına aparırlar.

Aktyorlar səhnəyə qayıdırlar. Kimi deyir Oğlan gerçəkdən ölüb, kimi də deyir bütün bunlar oyundur. Ata həyəcanla bağırır: “Nə oyun, cənablar! Bu, oyun deyil, gerçəkliyin ta özüdür”.

Direktor əsəbiləşir, hamını söyüb bulayıb işıqları yandırmaq əmri verir. Səhnə də, salon da gur işığa bürünür. Direktor günü itirdiyinə görə dilxordur, bundan sonra məşqə başlamaq gecdir. Fəqət əslində, tamaşa artıq baş tutub, bu günün oyunu oynanıb.

Aktyorlar dağılışıblar. İşıqlar söndürülür, teatr qaranlığa qərq olur. Ardınca səhnənin dərinliyində bir balaca işıq közərir. Bu işıqda Oğlanla Qızdan başqa qalan personajların nəhəng kölgələri peyda olur. Haram nikahdan doğulan uşaqlar amansız taleyin hökmüylə gəldikləri yerə qayıdıblar. Direktor xoflanıb-hövüllənib səhnədən qaçır. Ortada yalnız personajlar qalır.

***

Platon deyirdi ki, sənət yamsılamadır: yəni tutalım, hər hansı bir ağac ideyalar aləmindəki “ağac ideyası”nın yamsılanması, özünəməxsus təcəllası, obrazıdır. Rəssamın çəkdiyi ağac şəkli isə imitasiyanın imitasiyası, ideyanın “suyunun suyudur”.

Platonun sənət konsepsiyasını Pirandellonun əsərinə tətbiq eləsək, belə çıxır ki, Müəllif - Allahdır (Platon buna Demiurq deyirdi). Müəllifin yaradıb başsız qoyduğu personajlar isə real insan yox, hansısa ideyanın təcəssümü, hansısa arxetipin təzahürüdür. Təsadüfi deyil ki, bu personajların konkret adı, müstəqil həyatı, sərbəst trayektoriyası yoxdur. Onlar şüuraltı obrazlar, danışan arxetiplər, sayrışan ideyalardır. Personajlar öz ilkin məzmunlarını doğru-düzgün ifadə eləyirlər, onlar yalan danışa, saxta davrana, Müəllifin cızdığı çevrədən çıxa bilməzlər.

Aktyorların oyunu isə daha çox ideyaların təhrif olunması, şüuraltı dünyaya çıxışın qapanması, arxetiplərin maskalanmasıyla müşayiət olunur. Dramaturq gerçək həyatla köhnəlmiş sənət gerçəkliyini qarşı-qarşıya qoyur, üstünlüyü ideal aləmin yerdəki tərsi, əksi, kölgəsi olan real həyata verir. Sənət yeni vasitələrlə silahlanmasa, yeni dəyərlər qazanmasa, həyatın surətini çıxarmaqdan daşınmasa, yenilənmiş dünyanın, yeni insanın mənəvi aləminin tərcümanına çevrilə bilməyəcək. Bu, məsələnin estetik tərəfi.

***

Bəs nədən Müəllif düşüncəsində yaratdığı personajları başsız qoyub, onlara səhnə həyatı verməyib? Məsələ burasındadır ki, bayaq dediyim kimi, personajlara sərbəstlik də verilməyib, onlar Müəllifin cızdığı həyat marşrutundan çıxa da bilmirlər.

Pirandellonun öz Yaradanını axtaran, ondan konkret iş, vəzifə, rol almağa çalışan, öz dediklərinə inansaq, səhnədə əbədi yox, tək bircə gün görünməyə can atan personajlarının aqibəti Kafkanın Qəsrə düşməkdən ötrü dəridən-qabıqdan çıxan qəhrəmanının qismətinə bənzəyir: onlar həyata təhkim olunublar, təyinatları üzrə rol, vəzifə alıblar, di gəl, roluna yiyə durmağa, vəzifəsini yerinə yetirməyə heç birinə imkan verilmir. Onlar bir yandan adlarına cızılmış ömür trayektoriyasından çıxa bilmirlər, o biri yandan da dağınıq həyatlarını nizama sala bilmirlər, xaos burulğanında fırlanırlar, olar-olmazın tələsindən qurtulub zərurət yoluna çıxa bilmirlər. Onlar bu fani dünyaya atılıb, sonra da unudulublar. Bu da məsələnin fəlsəfi tərəfi.

Bu məqamda təsadüflə determinizm qanunları üst-üstə düşür, burada artıq Demokrit qanunu işləyir: kosmik xaosda səbəb-nəticə zənciriylə sağa-sola sürüklənmək, əbədi qaranlıqla ötəri işıq, varla yox arasında var-gəl eləmək, gerçək ölümün ani fasilələrində xəyal kimi görünüb sonra yox olmaq...

Məgər təsadüflə determinizm bir həqiqətin iki adı, bir medalın iki üzü deyilmi?

***

Əcəba, personajları fikrindən, düşüncəsindən doğub həyata ezam eləyən Müəllif onları niyə başsız, yiyəsiz buraxsın? Onlara rol verib sonra da səhnəyə nədən həsrət qoysun?

Bəlkə Atanın intim münasibətə can atdığı Qızlığı kimi bəşəriyyət də Yaradıcı Atanın ögey balasıdır?..

Fəxri Uğurlu

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31