Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Tanrının qoşduğu Yusif dastanı

Tanrının qoşduğu Yusif dastanı

28.08.2024 [10:40]

Tomas Mannın “İosiflə qardaşları” roman-tetralogiyası haqqında

Bu mövzuda böyük bir əsər yazmağı hələ on doqquzuncu əsrin əvvəllərində dahi alman şairi, Tomas Mannın kumiri İohan Volfqanq Höte arzulayırdı. Memuarlarında dediyinə görə, belə parlaq dini rəvayətə Əhdi-Ətiqdə çox yığcam yer verilməsi özü də din içində din bəsləmiş Höteni məyus eləyər, onda Yusif peyğəmbər qissəsinin görünməyən tərəflərini qələmə almaq istəyi yaradarmış. Ancaq nədənsə tarixin ən böyük üç almanından birinə bu arzu müyəssər olmayıb. Gözəl İosif öz tərcümeyi-halının bütün təfərrüatıyla yazılmasını daha yüz il gözləyəsi olub.

Romanın ideyası müəllifin ağlına 1926-cı ildə Münhendə gəlmişdi. Tövratın “Varlıq” adlı ilk bölümündə yer almış dastanı bir daha gözdən keçirən Tomas Mann qəlbində həmin dastanda nağıl olunan əhvalatları daha geniş, daha yerli-yataqlı danışmaq arzusunun baş qaldırdığını hiss eləmişdi. Əsərin ilk iki hissəsi elə orada qələmə alınmışdı. 1933-cü ildə faşistlər hakimiyyətə yiyələnəndən sonra ölkədən çıxmağa məcbur qalan yazıçı romanın əlyazmasını özüylə apara bilməmişdi, bu işin öhdəsindən canını riskə atmaq hesabına onun böyük qızı gəlmişdi. Üçüncü kitab İsveçrədə, dördüncü kitabsa Amerikada yazılmışdı. Bu minvalla yazıçı romanı yalnız 1943-cü ildə, yazmağa başladığından azı on yeddi il sonra tamamlamışdı.

Tomas Mannın Qərb modernizminin bayraqdarlarından olduğunu bilən nabələd oxucu bu romanda modern Avropa nəsrinə xas dekadentizm, demonizm, postmodern ironiya, dekonstruksiya, nihilizm, pessimizm, nə bilim, daha nələr, nələr... axtara bilər. Zəhmət çəkib axtarmasın, tapmayacaq. Müəllif bu əsərdə vur-tut qədim dini rəvayəti, mistik dastanı çağdaş ədəbi alətlərin köməyilə, modernist üslubda yenidən yazıb, yəni Bibliya mətninin ruhunu müasir metodla təzədən vücuda gətirib. Adama elə gəlir, bu kitabı üç min beş yüz il bundan qabaq yaşamış salnaməçi, kahin, yaxud peyğəmbər qələmə alıb, o dövrün ictimai, iqtisadi, məişət gerçəkliklərini olduğu kimi yazıya köçürüb, sonradan bu kitab ölü dildən diri dilə çevrilib. Nəticədə qədim əcdadların həyatını dəqiq təsvir eləyən modern üslublu realist əsər alınıb.

Beləcə, təxminən iyirmi-otuz səhifəlik Tövrat rəvayəti həcmi iki min səhifəyə yaxın nəhəng romana qədər böyüyüb genişlənib. Bir proloq, dörd bölümdən ibarət bu romanı janr baxımından roman-tetralogiya (dördlük) da adlandıranlar var, roman-epopeya da. Elə bunu demək yetər ki, əsərin təkcə proloqunun həcmi əlli səhifədən çoxdur.

***

Nobel mükafatını iyirmi beş yaşında tamamladığı “Buddenbroklar” romanına görə alsa da, bu əsər onun yaradıcılığının erkən (özünün dediyi kimi, həm də keçilmiş - “sosial-kritik”) mərhələsi sayılır. Yetkin Tomas Mann ən çox fəlsəfi romanlarıyla tanınır. Bəzi mütəxəssislər 1924-cü ildə yazdığı “Sehirli dağ” romanını, bəziləri də 1947-ci ildə (yenə Hötedən bəhrələnməklə) qələmə aldığı “Doktor Faustus” romanını onun şah əsəri hesab eləyir. Yazıçı özü isə “İosiflə qardaşları” tetralogiyasını özünün ən yaxşı əsəri sayırdı. Romanın intellektual bünövrəsi, müəllifin dini-konfessional, mifik-fəlsəfi, tarixi-etnoqrafik bazasının dərinliyi, genişliyi insanda heyrət doğurur. Bəllidir ki, Tomas Mann Yaxın Şərqin, Misirin qədim tarixiylə lap uşaqlığından maraqlanıb, əsəri yazmaq ərəfəsində yəhudi həyat yoldaşıyla birgə qəhrəmanlarının bir zamanlar gəzdiyi torpaqları ziyarətə gedib.

Xristianların İosif, müsəlmanların Yusif adlandırdığı yəhudi peyğəmbərinin qissəsi yüz illər boyu həm Qərbdə, həm də Şərqdə dillər əzbəri olub. Dastanın müsəlman versiyası yəhudi-xristian variantından azacıq fərqlənsə də, mahiyyətcə çox seçilmir. Hər iki sivilizasiyada İosif gözəllik, düzgünlük, sədaqət rəmzi sayılıb. Müsəlman dünyasında bu peyğəmbər haqqında rəvayətin nə qədər populyar olduğunu vurğulamaq üçün Quranın “Yusif” surəsini, Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poemasını, İran kinematoqrafçılarının çəkdiyi “Yusif” serialını yada salmaq kifayətdir. Göründüyü kimi, Tomas Mannın girişdiyi mövzu yüz illərin də yox, min illərin sınağından keçib. Müsəlman ləhcəsiylə desək, Yaqubun oğlu, İshaqın nəvəsi, İbrahimin nəticəsi olan yəhudi peyğəmbərinin doğum-ölüm tarixləri dəqiq bilinməsə də, pravoslav-xristian ənənəsinə görə, onun miladdan təxminən on səkkiz əsr öncə yaşadığı güman olunur. Bu hesabla Yusifi bizdən az qala dörd min illik bir zaman uçurumu ayırır.

“İosiflə qardaşları” romanına müəllifinin yaşadığı dövrə, nəfəs aldığı mühitə tamam yad-yabançı olan qatı humanizm, sarsılmaz bir optimizm xasdır. Avropada, Uzaq Şərqdə faşizmin tüğyan elədiyi, sivilizasiyanın göbəyində repressiyaların, savaşların insanı qarışqa yerinə qoymadığı zamanda tarixə, gələcəyə bunca nikbin baxmaq üçün yazıçının heç bir şərin kirlədə bilməyəcəyi saf əqidəsi, haqqa, ədalətə, ilahi qanunların təntənəsinə şübhədən arınmış sabit inamı, öz tanrısına, həqiqətinə sözsüz-sovsuz tapınan dəmir iradəsi olmalıdır. Tomas Mann bu dəyərlərin daşıyıcısı olduğunu təkcə bədii yaradıcılığıyla yox, İkinci Dünya müharibəsinin şıdırğı vaxtlarında soydaşlarına ünvanladığı çıxışları, ictimai fəaliyyətiylə də sübuta yetirmişdi. Bu, həmin dövr idi ki, şərə qarşı vuruşub-vuruşmadığından asılı olmayaraq Avropa şairlərinin, yazıçılarının, filosoflarının mütləq əksəriyyətinin ürəyindən də, qələmindən də qara qanlar axırdı, beş-on fikir adamını çıxmaq şərtiylə heç kimsənin Allaha, insana, gələcəyə ümidi qalmamışdı.

***

Romanın qəhrəmanı İosifin həyatı əvvəlcə Misir fironu III Amenxotepin, sonra da onun oğlu, tarixdə Exnaton adıyla tanınmış IV Amenxotepin hakimiyyətdə olduğu illərə - təqribən miladdan öncə on dördüncü yüzilliyə düşür. Göründüyü kimi, müəllif personajlarının yaşını pravoslav kilsəsinin güman (həm də qəbul) elədiyi dövrdən dörd əsr bəri çəkməklə onları dörd yüz il cavanlaşdırıb.

Əsər “Cəhənnəmə eniş” adlı on fəsillik proloqla başlayır. Bu giriş ayrılıqda dini-fəlsəfi-tarixi traktat da sayıla bilər. Proloqda müəllif həyatın, insanın, dünyanın mənşəyi haqqında mülahizələr irəli sürür, keçmiş, gələcək, əbədiyyətlə bağlı düşüncələrə dalır, insan ruhunun Tanrıyla münasibətini araşdırır. Xatırlayırsınızsa, belə dini-fəlsəfi ricətlərə Hüqonun, Tolstoyun, Dostoyevskinin romanlarında da rast gəlmişdik. Tomas Mann mahiyyətcə peyğəmbər xislətli, mistik təfəkkürlü bu böyük missionerlərin iyirminci əsrdə yazıb-yaratmış davamçısıdır; ya da belə deyək: tək-tək davamçılarından biridir.

Ümumiyyətlə, aşağı-yuxarı yaşdaşı olan bir sıra dünya şöhrətli modernist yazıçı kimi Tomas Mannın da fəlsəfi romanlarında (o cümlədən tetralogiyasında) traktat (eləcə də poeziya) elementləri bəs deyincədir. Həm o səbəbdən, həm də üslubunun mürəkkəbliyi üzündən bu romanları oxumaq elə də asan deyil. “İosiflə qardaşları”nın da proloqunda bəlkə yüzlərlə xüsusi isim, yüzlərlə ad (yer adları, şəxs adları, tarixi, mifik adlar, göy cisimlərinin, bürclərin, tanrıların adları...) çəkilir - gəl bunların hamısını yaddaşında saxla görüm, necə saxlayırsan. Yadda saxlamaq bir yana, mətləbi qanmaq üçün bu adların hər birinin daşıdığı mənadan xəbərdar olmalısan, ya da oxu prosesində onların mənasını axtarıb tapmalısan. Odur ki, girişdəki on fəsli oxuyub başa vurmaq oxucudan səbir, hünər istəyir.

Proloqun ardınca romanın hissələri gəlir:

1. İakovun keçmişi;

2. Gənc İosif;

3. İosif Misirdə;

4. Ruzi paylayan İosif.

Hər hissə yeddi bölməyə, hər bölmə də özlüyündə fəsillərə ayrılır. Hissələrlə yanaşı, hər bölmənin, hər fəslin də ayrıca adı var.

***

Əsərin təməlində, deyildiyi kimi, İsrail oğulları haqqında Tövrat rəvayətləri durur. Avraamın (İbrahim) oğlu İsaakın (bu, həmin İshaqdır ki, yəhudi-xristian ənənəsinə görə atası onu Allaha qurban kəsmək istəyirdi) arvadı Revekkadan bir cüt əkiz oğlu olur. Bunlardan birinci qıllı İsav dünyaya gəlir, ikinci gələn İakovunsa (Yaqub) bədənində tük bitmir. Anası onu böyük qardaşından çox istəyir. İsaak qocalıb gözləri tutulanda bol süfrə açdırır, böyük oğlunu hüzuruna çağırdır ki, ona varisi kimi xeyir-dua versin. Ancaq Revekka oyun qurur, İakovun bədəninin açıq yerlərini qıllı keçi dərisinə büküb onu İsav adıyla atasının yanına göndərir. Hiylədən duyuq düşməyən qoca İsaak İsav yerinə İakova xeyir-dua verir.

Bundan sonra İakov qaçmağa məcbur olur. İsavın oğlu onun izinə düşüb əmisini yaxalayanda İakov canını qurtarmaq üçün ona yalvarır. Qardaşoğlu əmisini bağışlasa da, onun çəkidə yüngül, vəzndə ağır nəyi varsa, tutub əlindən alır. On yeddi gün yol gedəndən sonra İakov Harran deyilən yerə, dayısı Lavanın yurduna çatır. Burada qaldığı müddətdə o, dayısının kiçik qızı Rahilə aşiq olur. Ancaq Lavan şərt kəsir ki, yeddi il ona qulluq eləməmiş qızını İakova verməyəcək. Yeddi il İakov dayısının mal-davarını otarır, ona sədaqətlə xidmət göstərir, üstəlik, Lavanın torpağında su qaynağı tapır ki, bu da həmin torpaqda bərəkətli bağ-bağat salınmasına imkan yaradır. İntəhası, Lavan əvvəlcə böyük qızı Liyanı ərə vermək istəyir, onu İakova təklif eləyəndə bacısı oğlu bu təklifi kəskin etirazla qarşılayır, əsas da ona görə ki, Liya Rahil kimi göyçək olmur.

Yeddi ilin tamamında toy çalınır. Lavan kələk işlədib gecə gərdəyə Rahilin yerinə Liyanı salır. Səhər İakov dayısının hiyləsindən xəbər tutanda iş işdən keçmiş olur. Lavan onu yumşaltmaq üçün deyir ki, kiçik qızı Rahili də İakova verməyə razıdır, bir şərtlə ki, onun yanında qalıb bir yeddi il də dayısının qulluğunda dursun. İakov onun şərtinin qabağına şərt qoyur - sürülərini ayıracaqlar.

Liya dalbadal hər il İakova bir oğlan doğur, ancaq Rahil uşağa qalmır ki, qalmır. Belədə İakov Rahilin qaravaşı Vallanı özünə kəniz eləyir, iki oğul da ondan alır. Bir neçə il keçmiş Liya da doğuşdan kəsilir, ərinə təklif verir ki, qulluqçusu Zelfanı da kənizliyə götürsün. Beləcə, İakovun Zelfadan da iki oğlu dünyaya gəlir. Rahilinsə yalnız ərə getdiyinin on üçüncü ilində boyuna uşaq düşür, qadın İakovun on birinci oğlunu əzabla, müsibətlə dünyaya gətirir. Körpə İosif tezliklə atasının sevimlisinə çevrilir.

İakov mal-dövlətinə qayınlarının həsəd apardığını, dayısı oğlanlarının onun başını əkib sərvətinə yiyələnmək istədiklərini sezəndə bütün külfətini, sürülərini, evinin ağırlığını da götürüb oralardan geniyir. İakovun qəflə-qatırı yolda qardaşı İsavın dəstəsiylə rastlaşır. Əkiz qardaşlar mehriban görüşürlər, İsavın başında dörd yüz atlı olur, o, İakova bir yerdə məskunlaşmağı, birgə yaşamağı təklif eləyir, ancaq İakov razılaşmır, qardaşına bir az mal-davar bağışlayandan sonra ondan aralanır. Belə anlaşılır ki, İsav cəng, savaş yolu, İakovsa çobanlıq, çodarlıq yolu tutub, bu səbəbdən onlar bir yerdə yola gedə bilməzlər, hərəsinin öz missiyası var. Doğrudur, cəngavər də bir növ çobandır, qədim dünyada hökmdar, yəni baş cəngavər həm də baş çoban sayılırdı - xalq(lar)ı otaran çoban, Allahın çobanı. Ancaq İsavla İakovun yolu indi yox, gələcəkdə - İosifin timsalında kəsişəcək, hələ üstəlik, bu yola bir başqa yol - əkinçilik yolu da calanacaq...

***

Şekem adlı bir şəhərin civarında dayanan İakov burada çadırını başına atıb, sürülərini otarmaq üçün torpaq alır. Dörd ilin tamamında bir əsilzadə oğlu onun on üç yaşlı tək qızı Dinaya elçi düşür. İakov on böyük oğlunu başına toplayıb onlarla məsləhətləşir. Oğlanlar şərt qoyurlar ki, kürəkənliyə namizəd sünnət olunmalıdır. Bir həftədən sonra əsilzadə oğlu şərtə əməl elədiyini deyəndə qardaşlar bir ayrı bəhanə tapırlar: əməliyyat qayda-qanuna uyğun, düzgün icra olunmayıb. Heysiyyətinə toxunulan, əliboş qaytarılan elçilər dörd gündən sonra Dinanı qaçırırlar. Bəyin adamları qız atasının yanına barışığa (həm də başlıq ödəməyə) gələndə İakovun oğlanları onların qarşısına belə bir şərt qoyurlar: bu səfər şəhərin bütün kişiləri eyni zamanda sünnət olunmalıdırlar, özü də qardaşların dediyi vaxtda. Şərt yerinə yetiriləndə qardaşlar Şekemə hücum çəkib bacılarını geri alırlar. İakov bundan xəbər tutanda qəzəblənib ailəsini qan ocağından uzaqlaşdırır. Fəqət Dina artıq hamiləydi, uşaq dünyaya gələcək qardaşları körpəni məhv eləyirlər. Göründüyü kimi, İsrail övladları öz damarlarına yad qan buraxmaq istəmirlər.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30