Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Nizami Gəncəvi yaradıcılığında həyat eşqi

Nizami Gəncəvi yaradıcılığında həyat eşqi

14.01.2022 [10:42]

Günel Eyvazlı

Nizami, Qərb intibah dövrünün yazıçıları kimi komik deyil, bəli. O, hadisələrə, olaylara Rable, Şekspirsayağı ironik, təbəssüm yönündən yanaşmır. Daha çox Şərq ağırlığında, müdrüklüyündə, sanbalında görünür. Nizaminin kərpickəsən qocası, əkinçisi, sənətkarı fəlsəfi nitqdə danışır. Onlar “Kral Lir”in (Şekspir) təlxəyi kimi komik ifadələrlə həqiqəti dilə almır. Birbaşa ciddi görkəmdə öz fikrini, düşüncəsini ifadə edir. Əlbəttə, bunun bəlli səbəbləri var. Onlardan ən biricisi, ironik nitqin o zamanların Şərq oxucusu üçün (nəzərə alaq ki, bu oxucu daha çox hökmdar idi) uyğun olmaması idi.

 Bəzən bu dövr əsərlərini oxuduqca insanların daş küçələrdə ağır-ağır yerişini təxəyyülündə canlandırırsan. Sanki o dövrün insanı sakit, emosiyasız bir nitqə malikdir, qətiyyən gülmür və fikirlərini nəsihət diliylə anladır. Yəni əsərlər bizə o dövrün insanının həyat-tərzi haqqında heç bir təsəvvür yaratmır. Biz təqribi də olsa onun yaşadığı mühitin necəliyindən, o dövr insanının xarakterindən, yaşamından, təfəkküründən, həyata baxışından xəbər ala bilmirik. Reallıq əsərlərdə qətiyyən görünmür. Əsərlərin heç biri mühitin insanı haqqında informasiya ötürmür. Bir sözlə, sadə insanlar, personajlar əsərə gəlir, amma forma olaraq mövcud olur, doğruluğu əks etdirmir. Hər şey daha çox sarayın əhvalına hesablanır. Yəni hökmdarı üçün əsər qələmə alan Nizami, didaktika dilinə daha çox üstünlük verərək qeyri-ciddi görünməmək üçün əsərlərini təbəssümdən uzaq bir şəkildə qələmə alır.

Ümumiyyətlə, Şərqdə istənilən qələm adamı tərəfindən yazılmış əsərlərdə obraz özü öz üzərində iş aparmır, daxili təbəllüdad qətiyyən yoxdur. Obraz yalnız kənarda gördüyü, müşahidə etdiyi hadisələrlə, şairin təqdim etdiyi öyüdlərlə, nəsihətlə kamilliyə doğru yol alır, həqiqətə qovuşur. Obrazın nə içində, nə də xaricində konflikt yoxdur, şəxsiyyət ikiləşməsi getmir, özünüyaratma qətiyyən mövcud deyil. Yəni bu obrazların heç biri Hamlet ola bilmir. Sirr, hiyləgərlik, özü-özüylə mübahisə, müharibə yoxdur. Halbuki, Nizamilərin əsərləri Şərq, Şekspirlərin əsərləri isə Qərb intibah dövrünün məhsulu idi. Qərb, insan xarakterini açmaqda dramaturji nəticəyə daha erkən gəlib, Şərq isə indi də didaktika yönümlü qələm mədəniyyətinə sahibdir və bu çərçivədən qopa bilmir.

Nizami öz cəmiyyətində, şairlər sırasında bəlli çəkiyə malik sənətkar idi. Onun obrazları onun beyninin, mənəviyyatının məhsulu idi. Bu səbəbdən də bu obrazlar olduqca ağır, samballı, düşünülmüş şəkildə danışırdılar. Əlavə şivəyə, dialektə, özünəməxsus təhkiyəyə yol vermirdilər. Ütülü və ciddi görünürdülər. Çünki onlar Nizami zəkasını təmsil edirdilər. Elə bu səbəbə görə Nizami Şərq ağırlığında fikirlərini ifadə etməyi üstün bilir, Rable, Şekspir kimi riskə getmir. Həm də onun ironiyası hökmdara lağlağı və təhqiredici formada görünə bilərdi. Bir həqiqətə diqqət yetirək. Əgər Avropa saraylarında təlxəklər mövcud idisə, Şərq sarayları bu dəbdəbəni özlərindən uzaq tuturdular. Hökmdarlar daha çox ağıllı, ağır, ləngər vuran qəzəl və qəsidələri dinləməyi tərcih edirdilər. Onların ironik həqiqətləri və gülməcələri eşitməyə həvəsləri yox idi.  Bir sözlə, İntibah - rennosans dövrünün Şərqi gülməyə hazır deyildi.

İronik və Qərbsayağı gülüş olmasa belə, Nizami qətiyyən pessimist görünmür. Onun poeziya nümunələri Fizulisayağı göz yaşı tökmür, nalə çəkmir. Nizaminin ağır ironiyası elə müdrik cümlələri arasından da gözəl görünür. Onun lirik poeziya qəhrəmanı yar axtarışında depressiv vəziyyətdə deyil, ağlamır, çökmür. Nizami əsərləri vasitəsilə qaranlıqdan sonra günəşin mütləq görünəcəyi ümidini verir. Bu günəş insanı yaşamağa, var olmağa həvəsləndirir. Nizami bizə məlum olan filosofların həyat həqiqətlərini bir daha təkrar edərək dünya malını çiyinlərdə daşımanın absurd olduğunu söyləyir. “Ağırlıqdan qaçarsansa, rahatlıqla ömr edərsən” həqiqətini, asudə həyat tərzi keçirməyi və vicdanla, hörmətlə bu dünyadan köç etməyi məsləhət bilir. Həyatın faniliyini bir daha yadımıza salır.

Nizami öz yaradıcılığında müxtəlif eksperimentlər təqdim edir. O, İslamda qadağa səviyyəsində məqbul bilinməyən surətçəkmə, rəssamlıq sənətini əsərlərinə gətirir. Və ya Nizami “Leyli və Məcnun” əsərinin fonunda qızların və oğlanların bir yerdə təhsil almaq ideyasını təklif edir. Nizami ədalətli cəmiyyət, ədalətli idarəçilik nümunələrini təqdim edir. “Sirlər xəzinəsi”də “Sultan Səncər və Qarı”, bu qəbildən olan digər hekayətləri vasitəsilə demokratik danışıq tərzi nümunəsini göstərir. Nizami insana, dilin ağızda ancaq dadbilmə funksiyasında olmadığını, danışmaq üçün verildiyini xatırladır. Tənqidin eşidildiyi məmləkətlərdə düzəlmənin mümkünlüyünü  nəzərə çatdırır. Çünki tənqid etmək nə qədər cəsarətli addımdırsa, onu dinləyib islah olmaq daha böyük  mədəniyyət tələb edir. Əgər qulağın əsas funksiyası eşitməkdirsə, nədən ona pambıq tıxansın ki... Bəlkə elə Avropanı inkişafa aparan danışa bilmək və eşidə bilmək bacarığıdır?

Nizami navatorluq missiyasından da çıxış edərək qadını bürünən zamanlarda belə özgür təsvir edir. Onu elmli, savadlı, ali, düşünən beyinli qələmə alır. Hökmdarını demokratik, insanını azad ruhlu görmək istəyir. Nizamişünas alim Bertels də belə söyləyirdi: “Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsilə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?”

Qayıdaq Nizami Gəncəvinin əsərlərində pozitivlik mövzusuna. Nizaminin nikbinliyi daha çox həyat mövzusunda özünü göstərməkdədir. Şair ruhdan düşmüş insanı sürünən, diriykən ölü vəziyyətdə olan şəkildə görmək istəmir. Bir psixoloq kimi belə bir insanın əlindən tutaraq onu qaldırmağa çalışır. Yəni Nizami sələflərindən, xələflərindən fərqli olaraq daha çox pozitiv və şən görünür:

Kədərə dəyməz bu dünya, şən keçin!

Kim deyər bu saray tikildi qəmçin?

Şənlikçin yaranmış dünya, bunu bil!

O, zillət, fəlakət ocağı deyil!

...

Hələ qəm çəkilməz xəzəl gəlməmiş,

Məzara girilməz əcəl gəlməmiş.

...

Girmə bu dünyanın kəc qapısından,

Heçlikdən bir fayda görərmi insan?

...

Qəlbimiz hər zaman şən olmalıdır,

Kin, tamah bədənə atəş halıdır.

Ömrə sərmayədir aldığın nəfəs,

Kədərə tapşırmaq əbəsdir, əbəs!

...

Darılma sənə üz verdikdə kədər,

Ondan da böyük bir dərddən qıl həzər!

Hər gün bu çöllərdə gəzmək çıl-çılpaq,

Yaxşıdır, ya dəniz dibində yatmaq?

Əlbəttə, bəzən həyatın faniliyi ilə Nizami də barışmır. Dirilik suyuna rast gəlmək İskəndər obrazının yox, elə Nizaminin də böyük arzusuydu. Çünki yaşlandıqca o da sadə insanlar kimi dünya ilə vidalaşmaq istəmir, amma dünyadan ikiəlli yapışmağı da absurd sayır. Doğrudur, ölümə heyifsilənir, amma onu da nikbin notlarla izah edib sanki təskinlik verir:

Keçənlər zəhmətlə əkdiyi bağdan,

Gələnlər meyvəni dərmiş hər zaman.

Keçənlər bir çox şey əkmişdir bizə,

Biz də əkməliyik gənc nəslimizə.

Dünya bir tarladır, diqqətlə baxsaq,

Hamı bir-birinə cütcüdür ancaq

Və ya “Yeddi gözəl”də:

Nə qədər bu torpaq, yel, atəş, su var

Ol qəm aləmindən hər zaman kənar.

Cahanda yaxşıdır iki şey ancaq:

Az yemək, bir də ki, çox bağışlamaq.

Böyüklüyə çatan hər kamil insan,

Ancaq beləliklə çıxarar ad-san.

Eyni nikbin notları  təkcə poemalarında deyil, lirikasında da  görə bilərik:

Qəm yemə, qəm əhlinin imdadına canan çatar,

Dosta yardım, bərk ayaqda mehriban dostdan çatar.

Kim səadət istəsə, göz yummasın qoy sübhədək,

Yatsa-kordu, ağ günə yalnız ayıq insan çatar.

Nizami Gəncəvi daha çox “Xəmsə”sinin işığında göstərilsə də, tədqiqat obyekti daha çox poemaları olsa da, mükəmməl lirikdir. Yəni Nizaminin şair qiyafəsinin üstündən keçmək günah olar. Yalnız bəzi lirik qəzəlləri musiqiyə çevrilib və geniş xalq kütləsinə təqdim olunsa da, divanından əlimizə gəlib çatmış digər qəzəllərini oxuduqca şairin incə, lirik şeir duyuma malik olması hiss edilir. Təsadüfi deyil ki, alman ədəbiyyatının ensiklopediyası sayılan böyük Höte Nizamini poeziyanın allahı adlandırmışdır.

N.Gəncəvinin lirik qəzəl və qəsidələrinin aşiq personajı eşqdən yıpranmış vəziyyətdə deyil. O, çökməyib, şuxdur, inamlıdır, gələcəyə böyük ümidləri var. Bu qəzəllər pozitivdir, oxucunu ruhdan salmır, depressiyaya mübtəla etmir...

Nizami, səndə ruh varsa danış

eşqü-məhəbbətdən,

Gözəl bir musiqi dinlə, şərab versin

sənə canan.

Və ya

Qəlbimdəki şəmin kimi yan, canıma nur saç,

Fırlanma əbəs, adəti - pərvanədən əl çək!

Ya gül kimi al rəngimi, ya ətrimi qaytar,

Ya quş kimi sal damına, ya danədən əl çək!

Paylaş
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31