Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Uşaqlar üçün dırnaq işarəsi

Uşaqlar üçün dırnaq işarəsi

29.07.2022 [10:34]

Nərgiz CABBARLI

Hər işin başlanğıcında ideya durur. Amma ideya işin hamısı deyil. Dərinə getsək, heç yarısı da deyil. Çünki ideyanın reallaşdırılması üçün atılan addımın, görülən işin, gerçəkləşdirilən layihənin - hər nə olursa olsun - İstedadla, Zəhmətlə, Bacarıqla birbaşa əlaqəsi var. Odur ki, bir ideyadan çoxları yararlana bilər, ortaya qoyulan nəticə isə hər dəfə fərqli alınacaq. Çünki istəsə də, istəməsə də, hər kəs istedadı, bacarığı, dünyaduyumu çərçivəsində çıxış edir. O çərçivəni aşmaq mümkündürmü?

İdeyadan söz salmağımızın səbəbi odur ki, müstəqillik qazandığımız dövrdən bəri uşaq ədəbiyyatının nəşrində bu məsələyə xüsusi diqqət yetirən, məhz dediyimiz istiqamətdə köklənən naşirlər də var, əsər müəllifləri də. Uşaqlarımızın ölkəsini, tarixini, kökünü, coğrafiyasını, qəhrəmanlarını, şəxsiyyətlərini tanıması, bu məzmunda nağılların, hekayələrin yazılması və bu istiqamətdə məqsədli fəaliyyətin aparılması müsbət dəyərləndirilməlidir.

Amma təəssüf ki, ideya mübtəlalığı, ideya əsirliyi bəzən zahiri xarakter daşıyır. Araşdıranda görürük ki, ideyanı əsas götürərək uşaqlarımıza təqdim edilən nağıl mətnləri bəzən, müsbət yöndə tərbiyələndirmək bir yana, onların, hətta beynini dumanlandırır, fikirlərini çaşdırır.

Nəyə əsasən bu qənaətə gəlmişik? Aydınlaşdıraq.

Keçən yazıda da qeyd etdiyimiz kimi, ideoloji tərbiyəyə xüsusi önəm verən müəlliflərdən Dilsuz, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Gülzar İbrahimovanın (Gülzar nənə) imzaları öndədir. Bu dəfə onlardan biri - Gülzar İbrahimova və onun adı ilə diqqət çəkən “Dəhşətli nağıl” kitabı haqqında danışacağıq.

Kitabın ilk və başlıca maraqlı cəhəti toplanan nağılların yazılma məqsədidir. Tarixi faktlara əsaslanan bu nağıllar uşaqların keçmişimizi həm də bədii materialdan mənimsəməsinə yardım edə bilər. “Təmraz və Gün” Qobustan rəsmləri ilə bağlı əhvalatları, “Zərdüşt” atəşpərəstliyi, “Qisas” Tomiris və onun hökmdarlığı ilə əlaqədar məşhur hadisəni əks etdirir. “Çirkin qul” Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizdən danışır.

“Dəhşətli nağıl” din və inanc məsələsinə, “Hippokratın andı” isə, adından da göründüyü kimi, əfsanəvi təbibin həyatına həsr olunub.

Məqsəd alidir. Bəs bu ali məqsəd reallaşıbmı? Bax bu suala birmənalı cavab verə bilmirik. Və təhlilə kitabın ən qüsurlu mətnindən - ilk nağılından danışmaqla başlayırıq. Bu mətn “Dəhşətli nağıl” adlanır. Nağılın məntiqində dəhşət nədədir? İnsanların Tanrıdan dönməsində. Müəllif bunu çatdırmağa çalışıb. İnsanların inancını itirdiyini, vəhşiləşdiyini təsvir edən mətndə hər şey xoşbəxtliyin formulunu göstərməklə başlayır. Təəccüb doğuran ilk cəhət də elə bu formulla bağlıdır. Nağılçı yazır: “Biri var idi, biri yox idi, qədim zamanlarda insanlar var idi. Onların əcdadları, dədə-babaları çox əziyyətlərdən sonra bu adamlara gözəl bir dünya qoymuşdular... Elə dövr, elə zaman gəlib çatdı ki, həmin adamların hər şeyi oldu, onlar günü-gündən daha gözəl, daha rahat yaşamağa başladılar. Dadlı yeməkləri, gözəl geyimləri, avtomobilləri, dəbdəbəli evləri, bağları, qiymətli daş-qaşları, pulları... Hər şeyləri var idi onların... Hər işi maşınlar görürdü, onlar isə çox vaxt istirahət edirdilər. Çox xoşbəxt idilər. Amma özləri bunu bilmirdilər”.

Açığı, xoşbəxtliyin formulunu biz də dəqiq bilmirik. Dəqiq bildiyimiz odur ki, sadalananlar rahat və təminatlı həyatın formuludur. Bu isə uşaqda - hansı yaşda olur-olsun - belə bir yanlış təsəvvür yarada bilər ki, maddi təminatın həyatının istirahətlə keçməsinə yetirsə, deməli, xoşbəxtsən...

Nağılçı yazır: “Bir gün “xoşbəxt” adamlar bütün bunlardan bezdilər. Daha xoşbəxt yaşamaqdan yoruldular. Bekarçılıq onları bezdirdi. Onlar işləmədikcə darıxır, özlərinə maraqlı məşğuliyyət axtarırdılar. Axtardılar və tapdılar...”

Müəllif burada xoşbəxtlik sözünü dırnaq arasına almaqla yeni bir çaşqınlığa yol açır. Yəni əvvəl həqiqi xoşbəxtlik kimi təqdim etdiyinə bu dəfə fərqli məna yükləyir. Amma sonra yenidən o mənadan çıxır. Məsələ təkcə bunda deyil, həm də ondadır ki, durğu işarələri hesabına aşılanan fikir uşaqlar üçün uyğun deyil...

Nağıldakı adamların axtarışının nəticələri oxucuda həqiqətən maraq və gərginlik yaradır. Amma bu məqamda “işləmədikcə darıxan” insanın tapıntısı oxucuda heyrət doğurur: “Xoşbəxt adamlar ən cavan, ən gözəl qızları seçib onlarla şənlənməyə, əylənməyə, vaxtlarını “gözəl” keçirməyə başladılar. Hər gözəl görünən qıza “səni sevirəm” deyib, onu da, özlərini də aldatdılar. Yalan danışdılar. Aldadılan gözəllərdən doyanda isə onları atıb başqalarını, onlardan da gözəllərini tapdılar. Atılanlar isə atılmamaq üçün cürbəcür cərrahi əməliyyatlar etdirib, Tanrının onlara verdiyi cismani canı dəyişdirmək üçün qan tökdülər... Qan tökdülər...”

Bu, ironiyadır, yoxsa müəllif real həyatda olan problemə bu şəkildə reaksiya verməyə, ona diqqət yönəltməyə çalışıb?! Əlbəttə, estetik əməliyyat nağıl mövzusuna çevrilə bilər. Eyş-işrət də həmçinin. Klassik nağıllarda da belə mətləblərə toxunulub. Amma bu şəkildə, bayağı yox.

“Xoşbəxt adamların əylənmək üçün daha maraqlı şeylər axtardığını” yazan müəllif insanların ağlını başından çıxaran, adamı yavaş-yavaş öldürən “nəşə adlı bir məstedicini” ortaya atır. Və bütün bunlar onunla nəticələnir ki, İnsan Tanrını unudur.

Belə bəsit mətnlə müəllif həm də Tanrı sevgisini aşılamaq məqsədi güdür. Nağıldakı Tanrı isə güclü və... acizdir (“Tanrı ilk əvvəl dünyanı silkələyib dedi: “Ey insanlar! Dayanın! Durun! Məni yada salın! Mən də varam!” Bu silkələnmədən, zəlzələdən çox adam qırılsa da, Tanrı səsini az adam eşitdi. Tanrı fəryadı çox az adama çatdı”).

Bütün təbiət hadisələrini Tanrı sınağı kimi təqdim etmək də yanlışdır (“İkinci dəfə Tanrı bəndələrinin üstünə böyük su dalğası - sunami göndərdi ki, su adamları ayıltsın, insafa gətirsin”). Bu, artıq dindən gəlmə “Tanrı sınağı” məsələsinin, yəni dinin özünün dövriyyəyə girməsi deməkdir. 

Ümumiyyətlə, uşaqların dini tərbiyəsi ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Biz müsəlman əhalinin çoxluq təşkil elədiyi ölkədə yaşayırıq - burası aydındır. Amma tolerantlıq da vacibdir. Hələ həyata gözü açılmamış uşaqlara baş bağlatmaq, onları dinə tapındırmaq nə dərəcədə yanlışdırsa, bu nağılda olduğu kimi dini inanc məsələsində qarışıqlıq yaratmaq da o qədər səhvdir.

Nağılda əvvəlcə xristianlıq motivləri görünür: “Tanrı onlara bəxş etdiyi kişilik qüruru ilə belə davrandıqları üçün və onların Müqəddəs Ana timsalında yaratdığı bədənləri ilə belə rəftar etdikləri üçün bəndələrindən küsdü, küsdü...”

“Müqəddəs Ana” məsələsindən sonra islam haqqında danışılır: “Sonra Tanrı Məhəmməd peyğəmbərə şəkk gətirənləri cəzalandırdı. Daha sonra vəhşiləşib adam öldürənləri, ondan sonra isə göz yaşları içərisində günahlı-günahsız bütün bəndələri məhv etdi...”

Bu cür yanaşma uşaqda yalnız çaşqınlıq yarada bilər. Çünki “Məhəmmədə şəkk gətirənlər cəzalandırılırsa”, bu, onun dininin yüksək dəyərləndirilməsi deməkdir. Müəllifin gəldiyi son nəticə isə fərqlidir. O, nağılını belə tamamlayır: “Nağılımı Tanrıya dua ilə bitirirəm. Tanrı, səni tanıyıram, sənə səcdə edirəm. Sənə yalvarıram.

...Adımıza nə xristian, nə də müsəlman dini yazma. Tanrı dinindən qeyri din, Tanrı dilindən qeydi dil yoxdur”.

Nağılda müəllif uşaqlara Tanrı sevgisi aşılamaq, onları günahlardan yayındırmaq kimi məqsəd seçsə də, çaşqınlıq yaratmaqdan uzağa getməyib. “Tanrı var, amma xristianlığı, müsəlmanlığı bizə yazma” duası ilə bu çaşqınlıq lap gücləndirilib.

Mətndə “xoşbəxt adamların” dəhşətli filmlər çəkdikləri, həmin filmlərə baxaraq özlərinin də vəhşiləşdikləri deyilir (təsvir olunur yox, məhz deyilir!). Amma “Vəhşi filmlərə baxa-baxa iştahla yemək yeyirdilər” kimi mənasız fikirlərin mətnə salınması səbəbi anlaşılmır.

Əlbəttə, “Dəhşətli nağıl”ın real həyatımızla, gündəmimizlə bağlılığı (hətta “quş qrip”indən də söz açılır) danılmır. Nağılda qaldırılması vacib problemlər var, amma biz publisistik mətndən, hansısa məqalədən yox, uşaqlar üçün yazılmış nağıldan danışırıq.

Kitabda nisbətən uğurlu alınmış mətnlərdən biri “Zərdüşt” nağılıdır. “Azərbaycanda yaranmış bütün dinlərin yolunu zərdüştilik işıqlandırıb” kimi nəticəyə gələn nağılda başlıca qüsur “keçid məsələsi”dir.

Zərdüştlə bağlı faktların mətnə salınması müsbət sayılsa da, bu faktlar mətndə əridilməyib. “Biri var idi, biri yox idi” cümləsindən sonra oxucu hadisələrin düz mərkəzinə düşür. Amma hadisələrin necə bitəcəyi bilinmədən birdən-birə nağılçının göydəndüşmə öyüd-nəsihəti peyda olur. Ümumiyyətlə, nağılda öyüd-nəsihətə nə ehtiyac var? İbrət götürüləsi bir insan ömrü, bir hadisə, əhvalat nəql edilirsə, balaca oxucu özü ondan nəticə çıxarmalıdır - nağılçı qələminin gücü məhz bu məqamda özünü göstərir. Yox, nağıl müəllifi sonda nəsihətə ehtiyac duyursa, deməli, mətnin gücünü yetərsiz sayır.

Müqayisədə götürülsə, uğurlu mətnlərdən biri də “Təmraz və Günün nağılı”dır. Atropatena məmləkətindən bəhs edən nağıl düşmən tayfaların övladları - Təmraz və Gün arasında məhəbbətdən söz açır. Süjet elə qurulub ki, Təmrazın Günü xilas etməsi ilə hadisələr tamamlanmır. Onlar evləndikdən sonra yadellilərin basqını, Günün əsir götürülməsi səhnələri də mətnə əlavə olunur. Amma burada da diqqəti çəkən cəhət təsvir zamanı uşaq təxəyyülünü gücləndirəcək, genişləndirəcək, hərəkətə gətirəcək obrazların yaradılması zamanı yol verilən nöqsanlardır.

Təəssüf ki, bir qəzet yazısı çərçivəsində müəllifin adı çəkilən kitabda yer almış bütün nağıllarını təhlil etmək imkanımız yoxdur...

Paylaş:
Baxılıb: 180 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31