Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dünya nəsrinin şah əsəri

Dünya nəsrinin şah əsəri

01.12.2022 [10:50]

Lev Tolstoyun “Hərb və sülh” roman-epopeyası haqqında

Əvvəli ötən saylarımızda...

Bir gün Bolkonskinin gənc dostu Pyer Bezuxov onlara gəlir. Pyer qraf Bezuxovun qanunsuz oğlu olur, atasının ölümü ərəfəsində Avropadan Peterburqa qayıdır, yerli zadəgan balalarına qoşulub tüfeyli həyat sürür, axırda da atasının vəsiyyətinə görə bir günün içində ölkənin ən varlı adamlarından birinə çevrilir. Bunun ardınca Pyer tamahkar Kuraginlərin gözəllikdə ad çıxarmış qızı Elenlə evlənir, ancaq xoşbəxt olmur.

Gənc Bezuxov da dostu kimi daim düşünür, özünü, öz arzularını, istəklərini analiz eləyir, bir sözlə, həyatın mənasını axtarır, çünki beləsi həyatda bir məna tapmadan yaşaya bilməz. Meşədə iki dostun maraqlı söhbəti olur. Andrey deyir mən dünyada iki şər tanıyıram: bunlardan biri vicdan əzabı, o biri xəstəlikdir; insan gərək bu iki şərdən qoruna-qoruna özü üçün yaşaya. Pyeri dostunun mövqeyi təəccübləndirir, deyir insan yalnız özü üçün necə yaşaya bilər, axı biz hamımız bir bütövün zərrəsiyik. Onlar çayın qırağına enib bərəyə minirlər, Bezuxov sözünə davam eləyib deyir mən bu dar zamanda, beş qarış torpağın üstündə yaşayan mən deyiləm, mənə elə gəlir həmişə olmuşam, həmişə də olasıyam. Andrey ona xəfif istehzayla belə cavab verir: hə, Herderin fəlsəfəsində belə bir şey var.

Pyer bütün dünyaya açılmaq, kainatın içinə girmək, dünyanın ruhuna qovuşmaq eşqiylə alışıb yanır, ancaq Andrey özünə qapılıb, zahidlik sevdasına düşüb. Pyerin dediklərinin astar üzü mənə zen-buddist müdriklərindən birinin kəlamını xatırladır: “Bizim ömrümüz əbədi yoxluğumuzun arasında qısa fasilədir”. Niyə astar üzündən dedim? Çünki ənənəvi idealist filosoflar bu kəlamı tərsinə çevirib belə ifadə eləyərdilər (elə Pyer Bezuxov da bunu deyir): “Bizim həyatımız əbədi varlığımızın arasında qısa fasilədir”. Xatırlayırsızsa, Həzrət Əlinin də belə bir kəlamı var: “Mən doğulduğum gün öldüm”. Qədim stoiklər də deyirdilər ki, insan ana bətninə düşdüyü andan ölməyə başlayır. Tolstoyun “İvan İliçin ölümü” povestinin sonunda da belə bir cümlə var: “Ölüm qurtardı, daha ölüm yoxdur”. Bütün bunlar Pyerin dediklərinə qüvvət verir: yəni biz ölümsüz həyatdan ölümlü həyata düşmüşük, bu həyat boyu ölüm bizi müşayiət eləyir, ölməyincə ölümdən can qurtarmaq olmur.

Romanın dördüncü cildində, knyaz Andreyin əcəllə əlləşdiyi səhnədə belə bir məqam var: o, ölümün gəlişini yuxuda görür, qapını bütün qüvvəsiylə arxadan itələyib ölümü içəri buraxmamağa çalışsa da, gücü çatmır, qapı üzünə açılır. Bu zaman knyaz yuxudan ayılıb öz-özünə deyir: “Mən öldüm, ölən kimi də oyandım. Bəli, ölüm ayılmaq, oyanmaq deməkdir”.

***

Pyerin dedikləri knyaz Andreyin könlündə yeni həyat toxumları əkir, ancaq bu toxumlar hələ bir müddət sonra cücərəcək (Bu yerdə Mövlananın Şəms Təbrizi ilə görüşü haqda dediyi yadıma düşür: “Yanan şam yanmayan şama toxunub keçdi”).

İkinci cilddə yaz ağzı Andreyin güzarı Rostovların evinə düşür. Meşədən keçən yolun qırağında bir qoca, nəhəng palıd onun diqqətini çəkir. Cavan ağaclar pöhrələməyə başlasa da, qoca palıd qupquru əzəmətiylə onların sevincinə yuxarıdan aşağı baxır, elə bil deyir: bahar da, yaşıllıq da həyatın aldanışlarıdır, sizin baharınız daha məni aldada bilməz. Knyaz Andrey özüylə o palıd arasında bir bənzərlik tapır. Düşünür ki, heç nə arzulamadan, heç bir həyəcan keçirmədən, pislik eləmədən qalan ömrü hüzur içində birtəhər yola vermək lazımdır.

Rostovların evində qonaq qaldığı gecə knyaz Bolkonski pəncərəni açanda yuxarı mərtəbənin aynasından aylı gecənin seyrinə dalan 16 yaşlı Nataşanın Sonyaya dediklərini eşidir. Qızın saf romantik duyğuları Andreyi də yoluxdurur, Pyerlə görüşdə onun qəlbinə əkilmiş eşq toxumları o gündən yavaş-yavaş cücərməyə başlayır.

Qayıdanbaş Andrey yenə həmin palıdın yanından keçəndə görür ağac əməlli-başlı pöhrələyib, qoca palıd ölümə meydan oxuyur. Öz-özünə deyir, yox, 31 yaşında ömrə xitam vermək olmaz, həyat bizim üçün hələ qurtarmayıb... Daha sonra o, Nataşa ilə nişanlanır.

Ancaq Pyerin o məlum görüşdə dediklərini tam dərinliyilə Andrey yalnız ölüm ayağında duymağa başlayır. O düşünür ki, ölməklə öz əbədi mənbəyinə qayıdacaq.

***

Əsər boyu böyük epoxal hadisələrin fonunda Tolstoy hər iki dostun taleyini diqqətlə izləyir. Pyerin Yelena Kuragina ilə ailə həyatı alınmır, çünki Kuraginlər ailəlikcə pozğun həyat sürürlər. Tolstoy Elenin içiylə çölü arasında təzadı dərinləşdirmək üçün onu olduqca gözəl, yaraşıqlı qadın kimi təsvir eləyir.

Müharibənin qızğın çağında Pyer ümumi işdən qıraqda qalmamaq üçün savaş meydanına getməyi qərara alır. O, belə bir məqamda yalnız özündən ötrü, yalnız öz həyatıyla yaşamaq istəmir. Borodino döyüşü qabağı Pyer frakını geyinib, şlyapasını başına qoyub özünü cəbhənin ön xəttinə vurur. Əsgərlər, zabitlər bu qəribə adama baxıb gülürlər. Savaşdan qabaqkı axşam o, knyaz Andreylə görüşür, onların ikilikdə maraqlı söhbəti olur.

Döyüşdən sonra Pyer əsir düşür. Savaş meydanında, əsirlikdə gördükləri, çəkdikləri, əsir düşmüş günahsız insanların gözü qabağında güllələnməsi onun həyat eşqini öləzidir. Pyeri Platon Karatayev adlı sadə rus kəndlisiylə bir anbarda saxlayırlar. Rus xalqının dini inancının, el müdrikliyinin parlaq ifadəçisi, folklor yaddaşının canlı saxlancı olan mujiklə ünsiyyət Pyerə çox güclü təsir göstərir. Onun qəlbində yenidən ruhani duyğular oyanır. Cismi dustaq ola-ola Pyerin ruhu dünyaya açılır, əsirlikdə ola-ola Pyer yenidən azadlığına qovuşur (paradoks!).

***

Romanın dördüncü cildində belə bir məqam var: Bezuxov düşərgədən azacıq qırağa çıxmaq istəyəndə fransız əsgəri onun qarşısını kəsir. Fikirli-fikirli geri qayıdan Pyer birdən dəli kimi gülməyə başlayır. Yan-yörəsindəkilər ona heyrətlə baxır, bir şey anlamırlar. Pyer gülə-gülə belə deyir: “Əsgər məni buraxmadı. Tutdular məni. Əsir saxlayırlar. Kimi? Məni? Məni! Mənim ölməz ruhumu! Ha-ha-ha!”. Daha sonra Pyer aydınlıq gecədə işaran ulduzlara baxıb vəcdə gəlir: “Axı bütün bunlar mənimdir, bütün bunlar məndədir, bütün bunlar mənəm!”. Bu vəcd məqamında Pyer özünü həyatın, kainatın təkcə bir parçası, zərrəsi kimi yox, həm də yiyəsi kimi hiss eləyir. Bu məqam mənə məşhur sufi şeyxi Bayəzid Bəstaminin “Sübhanam! Sübhanam!”, başqa bir məşhur sufi şeyxi Həllac Mənsurun “Ənəlhəq” dediyi məqamları xatırladır.

Əsirlikdə Pyer yuxu görür. Yuxuda İsveçrədəki müəllimi büllur damcılardan ibarət bir qlobusu ona göstərib deyir: budur həyat. Qlobusun üzərindəki şəffaf damlalar sayrışa-sayrışa bir-birində əks olunur, damcılar böyüyüb-kiçilir, biri o birini sıxışdırıb sıradan çıxarır, sıradan çıxanın yerini bir başqası tutur, hamısı da qlobusun ortası, özəyi kimi görünən Allahı daha yaxşı güzgüləndirməyə çalışır. Bu məqam da mənə XII əsrdə yaşamış dahi sufi şair Fəridəddin Əttarın “Məntiqüt-teyr” (“Quşların söhbəti”) əsərinin sonluğunu xatırladır: quşların şahı (yəni Allahı) Simurqu görmək eşqiylə Qaf dağına qədər uçub mənzilə yetişən otuz quş anlayır ki, Simurq elə bir-birində əks olunan bu quşların vəhdəti deməkmiş (farsca: se+morğ)...

***

Pyer Nataşa ilə evlənəndən sonra Andreyin atasız qalmış oğlu da onların yanında böyüyür. Beləcə, Pyer Bezuxov təkcə öz həyatını yox, dostu Andrey Bolkonskinin də qırılmış ömrünün davamını yaşayır, yəni iki ruh bir bədəndə qovuşur. Ölmüş dostunun nişanlısıyla ailə quran Pyer öz canında iki ruh gəzdirir, o bəlkə də öz ömründən çox könül dostunun ömrünü yaşadır. Knyaz Andreyin ruhu daim onların arasında dolaşır. İllər öncə “Ehsan” adlı hekayəmdə yazmışdım - bir bədənə iki ruh olduqca faydalıdır.

Orxan Pamukun “Qara kitab”ında da buna bənzər bir sonluq var: Qalib Cəlalın həyatının, yazılarının içində eşələnə-eşələnə yavaş-yavaş cəlallaşır, axırda hətta onun kimi, onun əvəzinə düşünməyə, Cəlalın yerinə yazı yazmağa başlayır.

***

Ənənəvi müsbət-mənfi qəhrəman prizmasından yanaşsaq, Nikolay Rostov, əlbəttə, mənfi obraz deyil. Unutmayaq ki, onun prototipi yazıçının atasıdır. Xırda qüsurlarına baxmayaraq Rostovun savaşın şıdırğı yerində “Eşq olsun bütün dünyaya!” kimi təmtəraqlı şüar səsləndirməyə yetəcək qədər təmiz ürəyi var. O, gerçəkdən həyatsevər, dünyasevər oğlandır. Sonda özünün antipodu olan mömin, dindar knyajna Marya Bolkonskaya ilə evlənməsi sonradan bütün dünyanın Lev Tolstoy adıyla tanıyacağı bir dahinin palçığının yoğrulmasında ana təbiətin istifadə elədiyi iki fərqli məhlula, iki fərqli tərkibə işarədir: Nikolay nə qədər şən, rindanə fiqurdursa, knyajna Marya da bir o qədər zahidanə, rahibanə obrazdır. Andrey Bolkonskinin bacısı monastıra getməliykən Nikolay Rostova ərə gedir.

Əgər Andrey sağ qalıb Nataşa Rostova ilə evlənsəydi, bu izdivac baş tutmayacaqdı. Tolstoy bu əlaqələri çox ustalıqla tənzimləyib, sanki romanda özünün dünyaya gəlişi üçün zəmin hazırlayıb. Əsərin axırlarına yaxınlaşdıqca hiss eləyirsən ki, roman bitəndən sonra möcüzə baş verəcək - dünyaya Lev Tolstoy kimi bir dahi gələcək.

***

Əsərdə obrazların çoxluğuna görə Tolstoyu tənqid eləyənlər haqlı deyillər. “Hərb və sülh” roman-epopeyadır, burada yüzlərlə personajın olması təbiidir. Ona qalsa, “Sakit Don”dakı surətlərin sayı bundan da çoxdur. Əsas budur, Tolstoy irili-xırdalı bütün obrazların ürəyini oxuya bilib.

“Hərb və sülh”ün forması bu əsərin məzmununun boyuna biçilib. Roman öz dövrü üçün yeni formada, yeni üslubda yazılıb. Tolstoy bu kitabda rus xalqının bir neçə illik həyatının timsalında bəşər tarixinin mühüm məsələlərinə aydınlıq gətirməyə çalışıb. Belə olmasaydı, roman Rusiyadan kənarda da böyük maraqla qarşılanmazdı. Əminəm: əsərin uzunçuluğundan gileylənənlər onun ideyasını, məzmununu lazımınca qavramayıblar. Məsələn, epiloqun ikinci - nəzəri-fəlsəfi hissəsini çıxarıb atsan, zahirən heç nə dəyişməz, ancaq bu bölmə əsərin dadına bir ayrı dad qatır, ideyanı, məzmunu daşa-qayaya həkk eləyir, yazıçının ədəbi-fəlsəfi niyyətini bir növ legitimləşdirir, çoxyozumluluğa yer qoymur - bəzi yazıçıların, xüsusən də modernistlərin bədii məziyyət hesab elədiyi bu cəhəti Tolstoy ədəbi əsər üçün məqbul saymırdı.

Tənqidə gəlincə, mən Tolstoyun fəlsəfi baxışlarıyla polemikaya girərdim. Ümidvaram Lev Nikolayeviç mənim bu cəsarətimi öz böyüklüyünə bağışlayar...

***

Qabriel Qarsia Markes ötən əsrin 70-ci illərinin sonunda Moskvada olanda verdiyi məşhur müsahibəsində belə demişdi: “Rus yazıçıları arasında ilk dəfə mən, əlbəttə, Dostoyevskini tanımışam. Ancaq məndən bütün dünya ədəbiyyatından yalnız bircə nəfəri seçməyi istəsəydilər, mən rus yazıçısı Tolstoyu seçərdim. Məncə, “Hərb və sülh” bəşər tarixinin şah əsəridir”.

Mənə gəlincə, Markesin sözlərini bir balaca redaktə eləməklə belə deyərdim: “Mən Dostoyevskinin dünyanın ən böyük yazıçısı olduğunu deyənlərlə razıyam. Ancaq mənə bütün dünya ədəbiyyatından tək bircə roman seçməyi təklif eləsəydilər, düşünmədən “Hərb və sülh”ün adını çəkərdim”. Bu sanbalda əsəri nəinki yazmaq, heç oxumaq da hələ-hələ hər adama qismət olmur.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31