Ağıldan müdrik gözəllik
20.10.2023 [12:23]
Tomas Mannın “Venesiyada ölüm” novellası haqqında
Prussiya kralı Fridrixin həyatından bəhs eləyən “Mayya” adlı romanın, “Ruh və incəsənət” adlı sanballı traktatın, bir sıra başqa şöhrətli əsərin müəllifi Qustav Aşenbax dincəlmək üçün İtaliyanın Venesiya şəhərinə yollanır. Burada o, Lido adasında özünə otel nömrəsi kirələyir. Əlli yaşının tamam olması münasibətilə kral onu “fon” titulu ilə mükafatlandırıb. Artıq o, sadəcə, Aşenbax deyil, Qustav fon Aşenbaxdır.
Yazıçıyla bir oteldə kübar polyak ailəsi də qalır - qadınlar, qızlar, bir də Tadzio, yaxud Tacu (Tadeuşun əzizləmə forması) adlı on dörd yaşlı gözəl oğlan. Fon Aşenbax antik heykəllərə bənzəyən, gözəllik etalonu sayılmağa layiq oğlana aşiq olur, hara getsə, onu izləyir, onu seyrə dalmaqdan dərin zövq alır.
Düşdüyü haldan məmnun qalmayan, daha doğrusu, utanan yazıçı arada geri qayıtmaq qərarına gəlir, biletini də alır, ancaq onun baqajı səhvən tamam başqa istiqamətə, başqa ünvana göndərilib, bu səbəbdən o, azı üç gün gözləməlidir. Aşenbax üzdə özünü qəzəblənmiş kimi göstərsə də, ürəyində sevinir: demək, tale onun buralardan belə tezliklə getməsini istəmir, ona şirin duyğunu doyunca daddırmaq istəyir.
Bir neçə həftədən sonra yazıçı Venesiya küçələrinin dezinfeksiya olunduğunu görür. Şayiə gəzir ki, şəhərə epidemiya ayaq açıb, ancaq yerli hakimiyyət turistləri ürkütməmək üçün gerçəyi danır. Alman qəzetləri də bu deyilənləri təsdiqləyir. Aşenbax kimdən soruşursa, hamı rəsmi versiyanı səsləndirir, narahatlığa əsas olmadığını bildirir. Guya dərmanlama istiyə, bir də dənizin çəkib gətirdiyi sirokko adlı yoluxdurucu yelə görədir.
Handan-hana səyahət bürosunda çalışan bir ingilis onu qəflətdən ayıldır: Qanq çayının deltasından baş götürən, su yoluyla İtaliyaya da gəlib çıxan Asiya vəbası artıq can almağa başlayıb. Bəlanın ilk qurbanları bir liman fəhləsiylə bir göysatan qadın olub. Bundan sonra ölüm sayında kəskin artım baş verib. Amansız mərəz şəhərdə insanların əxlaqını da pozub, cinayətlərin, qətllərin sayı çoxalıb, odur ki, yerli hökumət bu gün-sabah karantin elan eləyəcək. İngilis Aşenbaxa məsləhət görür ki, vaxt itirmədən buralardan qaçsın.
Yazıçı düşünür: polyakları dəhşətli bəladan agah eləsə, Tadzionun qızılı saçlarına sığal çəkmək imkanı da qazanacaq. Fəqət onlar gedəndən sonra hər şey əvvəlki halına, əvvəlki rənginə, əvvəlki dadına qayıdacaq. Aşenbaxın ən çox qorxduğu da elə budur: o, əvvəlkitək yaşamaq, keçmişə qayıtmaq istəmir, ona görə də polyakları xəbərdar eləmir. Gecə yazıçı yuxusunu qarışdırır, yuxuda onun üzünə iblisanə mənzərələr açılır.
Əllini aşırmış yazıçının qabını daşıran duyğular getdikcə daha da coşub tüğyana gəlir. Aşenbax bərbərə gedib dən düşmüş saçlarına rəng yaxdırır, üzünə ənlik-kirşan vurdurur, görkəmcə xeyli gəncləşir. Ürəyindən keçir ki, kaş xəstəlik hamını öldürə, bu adada bir Tadzio, bir də o özü qala. Günlər ötdükcə Aşenbax qəribə hallar keçirməyə başlayır, polyak balasını izləməkdən yorğun düşmüş vücudu üzülüb əldən gedir. Polyakların yola çıxmağa hazırlaşdığı gün məşhur yazıçı Tadzionun dənizin fonundakı siluetinə baxa-baxa canını tapşırır.
***
Bəs, Aşenbaxın “əvvəli” nə olub, niyə kraldan təltif almış, şöhrəti dünyanı tutmuş yazıçı ən yaxın keçmişinə qayıtmaq istəmir?
Kübar ailədən çıxmış arvadı ağır xəstəlikdən ölüb, gözünün ağı-qarası tək qızı ərdədir. Aşenbax özü ömrü boyu ölçülü-biçili, zahidanə həyat yaşayıb, əqidəli bir stoik kimi duyğularını, emosiyalarını nəzarətdə saxlayıb, özünü taleyin ixtiyarına tapşırıb. Hər zaman onun başlıca şüarı “dözmək, dayanmaq” olub. Eşq ocağı, sevgi yatağı Venesiyaya gələndən sonra isə Aşenbaxın öz canını bəslədiyi, həm də kənar təsirlərdən qoruduğu şüşə qab çiliklənib, onun qəfəsdəki ruhu azadlığa çıxıb. İndi o quş o qəfəsə yenidən qayıtmaq istəmir...
Tomas Mannın novellası haqqında danışmağa hazırlaşanda bir sıra ciddi ədəbiyyat xiridarının fikirlərini dinlədim. Demək olar, hamısı Aşenbaxın düşdüyü situasiyanı Nitsşenin təbiriylə Apollonun səltənətindən Dionisin cəhənnəminə (qəhrəmanın gördüyü yuxuda məhz belə bir erotik cəhənnəm təsvir olunub), harmoniyadan xaosa, müdriklikdən emosionallığa keçid kimi qiymətləndirir. Əsas istinad nöqtələri də budur ki, müəllifin özünün də bioqrafiyasında buna bənzər hallar olub. Qustav Aşenbax isə heç şübhəsiz, avtobioqrafik obrazdır.
1911-ci ildə qələmə alınmış bu əsəri hətta tarixi-sosioloji kontekstə salıb, onda Avropanı bürüməkdə olan dekadansın, qitəni gözləyən gələcək fəlakətlərin - müharibələrin, xəstəliklərin anonsunu axtaranlar da var. Novellaya bu yöndən yanaşanlar üçün Venesiya gözəlliklər məkanı, eşq, sənət məbədi yox, pozğunluq, əxlaqsızlıq yuvası, xəstəlik mənbəyidir.
Məsələni Apollonla Dionisin mübahisəsi, başqa sözlə, stoiklərlə epikürçülərin polemikası kimi qələmə vermək oxucuya hansı mesajı ötürməkdir? Belə çıxır ki, mükəmməl gözəlliyi bütə çevirib onun qarşısında heyrətə gəlmək şeytan əməlidir? Bu gedişlə Füzulini də İblisə qulluq eləməkdə suçlamaq olar. Mühafizəkar yazıçını, həyalı bir insanı Münhendən Venesiyaya gətirib burada onu xaos girdabına, ehtiras burulğanına salmaq, onu bir uşağın ardınca süründürüb içində yatan şübhəli təmayülü ifşa eləmək, üzündəki həya pərdəsini yırtmaq, sonra da onu cəzalandırıb ölümünə fitva vermək böyük bir yazıçının nəyinə lazımmış görən? Bununla o bizə nə demək istəyib?
Əvvəla, stoisizmdən epikürçülüyə, başqa sözlə, zahidlikdən rindliyə keçiş heç də Tanrıdan Şeytana, harmoniyadan xaosa, xeyirdən şərə keçmək deyil, sadəcə bir qütbdən başqa qütbə adlamaqdır. İkincisi, əgər bir stoik silahını yerə qoyub epikürçülərin tərəfinə keçibsə, yaxud bir zahid postunu tərk eləyib rindlərə qoşulubsa, burada nə eniş var, nə də yüksəliş; bu, o deməkdir ki, adam nə olduğundan aşağı fikir mərtəbəsinə düşüb, nə də yuxarı mərtəbəyə qalxıb, sadəcə, qapıbir qonşusunun mənzilinə köçüb, qapının bu üzündən o biri üzünə adlayıb. Zahirən bir-birinə daban-dabana zidd görünsə də, stoisizmlə epikürizm eyni təfəkkür mərtəbəsində qərar tutmuş fikir cərəyanlarıdır. Hər ikisi insanı eyni dinclik nöqtəsinə, nirvana məqamına (apatiya, ataraksiya) çağırır; sadəcə stoik bu nöqtəyə ehtirasların köləliyindən qurtulub gəlir, epikürçü - qorxuların.
***
Həvəskar ədəbiyyatçı kimi elmiliyə iddialı olmadığıma görə mənim hər hansı əsər haqqında daha sərbəst, necə deyərlər, standartdan kənar mühakimə yürütmək imkanım, yəqin ki, həm də ixtiyarım var. Məncə, Qustav Aşenbax Tadzionun timsalında mükəmməl yaradılışa, ideal gözəlliyə, öz xaliqini saf ayna kimi tərtəmiz ifadə eləyən məxluqa aşiq olur. Yaradılana yaradanın sənət əsəri kimi baxır. Bu münasibəti erotik planda gözdən keçirmək bizi çox bayağı nəticələrə aparıb çıxara bilər. Unutmayaq ki, Tomas Mann idealist mütəfəkkirdir, onun iyirminci əsrdə qurduğu işıq stansiyası özündən əvvəlki zamandan axıb gələn ən azı dörd nəhəng ideya nəhrinin, idealistin (Höte, Nitsşe, Dostoyevski, Tolstoy) qovuşağında yerləşir.
Beləliklə, Aşenbaxın ruhunda baş verən təbəddülat Apollon ümmətindən Dionisin bəndəliyinə, stoisizmdən epikürçülüyə keçid deyil, asketizmdən mistisizmə yüksəlişdir. Ona qədər zahidanə ömür sürmüş qəhrəman ilahi gözəlliyə heyranlığının sayəsində dərvişlik məqamına yetişir, eynən bir dərviş, bir mistik kimi öz bütü qarşısında lal-dinməz qalır. Təsadüfi deyil ki, o, üzündən göz çəkə bilmədiyi Tadzionu əsər boyu bircə yol da dindirmir, onun qızıl tellərinə toxunmağı xəyalına gətirsə də, buna can atmır. Bu, xalis platonizmdir.
F.Uğurlu
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 Dekabr 20:59

İdman
01 Dekabr 19:40

Dünya
01 Dekabr 18:42

Xəbər lenti
01 Dekabr 18:01

Xəbər lenti
01 Dekabr 17:46

Xəbər lenti
01 Dekabr 17:09

Xəbər lenti
01 Dekabr 16:30

Xəbər lenti
01 Dekabr 16:10

Xəbər lenti
01 Dekabr 15:49

Xəbər lenti
01 Dekabr 15:33

Xəbər lenti
01 Dekabr 15:24

Dünya
01 Dekabr 15:21

Xəbər lenti
01 Dekabr 15:06

Xəbər lenti
01 Dekabr 14:53

Xəbər lenti
01 Dekabr 14:23

Xəbər lenti
01 Dekabr 14:09

Xəbər lenti
01 Dekabr 13:40

Xəbər lenti
01 Dekabr 13:26

Xəbər lenti
01 Dekabr 13:07

YAP xəbərləri
01 Dekabr 12:58

Xəbər lenti
01 Dekabr 12:50

Xəbər lenti
01 Dekabr 12:48

Xəbər lenti
01 Dekabr 12:23

Xəbər lenti
01 Dekabr 12:22

Xəbər lenti
01 Dekabr 12:20

Xəbər lenti
01 Dekabr 12:07

Xəbər lenti
01 Dekabr 12:03

Xəbər lenti
01 Dekabr 11:44

Xəbər lenti
01 Dekabr 11:39

Ədəbiyyat
01 Dekabr 11:30

Xəbər lenti
01 Dekabr 11:26

Xəbər lenti
01 Dekabr 11:20

Xəbər lenti
01 Dekabr 11:04

Analitik
01 Dekabr 11:00

Siyasət
01 Dekabr 10:55

Xəbər lenti
01 Dekabr 10:52

MEDİA
01 Dekabr 10:50

Gündəm
01 Dekabr 10:47

Siyasət
01 Dekabr 10:45

Siyasət
01 Dekabr 10:40

Siyasət
01 Dekabr 10:35

Sosial
01 Dekabr 10:30

Xəbər lenti
01 Dekabr 10:25

İqtisadiyyat
01 Dekabr 10:20

Xəbər lenti
01 Dekabr 10:15

Xarici siyasət
01 Dekabr 10:10

Xəbər lenti
01 Dekabr 10:05

Gündəm
01 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 09:57

Gündəm
01 Dekabr 09:52

Gündəm
01 Dekabr 09:46

Xəbər lenti
30 Noyabr 23:29

Xəbər lenti
30 Noyabr 22:47

Xəbər lenti
30 Noyabr 20:52

Xəbər lenti
30 Noyabr 18:49

Xəbər lenti
30 Noyabr 18:02

Xəbər lenti
30 Noyabr 17:55

Xəbər lenti
30 Noyabr 17:25

Xəbər lenti
30 Noyabr 17:20

Gündəm
30 Noyabr 17:15

Xəbər lenti
30 Noyabr 16:42

Xəbər lenti
30 Noyabr 16:28

Xəbər lenti
30 Noyabr 16:04

Xəbər lenti
30 Noyabr 16:00

İqtisadiyyat
30 Noyabr 15:43

Xəbər lenti
30 Noyabr 15:09

Xəbər lenti
30 Noyabr 15:07

Xəbər lenti
30 Noyabr 15:05

Xəbər lenti
30 Noyabr 15:02

Xəbər lenti
30 Noyabr 14:32
