Bədənin cəhənnəmindən ruhun cənnətinə
26.12.2023 [11:37]
Aligyeri Dantenin “İlahi komediya” dini-mistik poeması haqqında
Əvvəli ötən sayımızda...
Qəribədir ki, Dantenin günahkarları cəhənnəmdə cismani əzablar çəkirlər. Məgər təsəvvür olunan o dünyada, ruhlar aləmində insana fiziki əzab verilməsi mümkündürmü? O dünyanın gerçəkliyinə inansaq, qarşımıza sual çıxar: axı orada bədən, ümumiyyətlə cism, materiya olmur, belədə cəza hansı üsulla, necə verilir? Söhbət mənəvi işgəncədən, tutalım, vicdan əzabından getsəydi, yenə nəsə anlamaq olardı. Onda da başqa sual çıxır ortaya: “mənəvi əzab” ifadəsi doğrudurmu? Mənəviyyat, vicdan olan yerdə əzab-işgəncə ola bilərmi?
Məncə, “vicdan əzabı” düzgün ifadə deyil. Vicdan əzab çəkdirməz, vicdan əzabdan qurtarar. Əzabı vicdansız çəkər. Vicdan günahkarın yox, günahların cəzasıdır. “Vicdan əzabı” dedikləri mazoxistik vəsvəsədir, hər bir sadistik aktı müşayiət eləyən fizioloji haldır. Bu halı normadan artıq yeyən, normadan artıq içən, nifrətinin, şəhvətinin, bütün başqa cismani həzzlərinin başını buraxan hər kəs az-çox keçirir. Bu deyilənlərə inansaq, daha qəliz sual çıxar qarşımıza: ümumiyyətlə, hansı dünyada olur olsun, ruha əzab-işgəncə verməyin mexanizmi varmı?
Ancaq anlayıram ki, Dantenin poeması dini-fəlsəfi alleqoriyadır, onu bu cür qavrayıb bu cür də qəbul eləmək lazımdır. Belə yanaşanda yuxarıda verilən suallara da hacət qalmır.
***
Cəhənnəmdən çıxandan sonra Dante keçmişdən gəlmiş ustadıyla birgə Əraf dağına yönəlir. Ərafdakı günahların cəhənnəmdəki günahlara bənzəri çoxdur, amma əgər cəhənnəm sakinləri üçün qurtuluş yoxdursa, ?raf sakinləri haqqında bunu demək olmaz. Burada günahlardan arınmağa ümidi, imkanı olan ruhlar məskunlaşıb, antik faciələrdə olduğu kimi onlar da katarsisdən keçib təmizə çıxa bilsələr, cənnət qapısı üzlərinə açılar. Dante həm antik ədəbiyyat bilicisi, həm də tipik bir xristian kimi bununla demək istəyir ki, Tanrıya yol şübhədən, əzabdan, zülmdən, bir sözlə, Şeytanın darvazasından keçir. Hərçənd özü əzab çəkmir, bütün işgəncələrə tamaşaçı kimi qıraqdan baxır. Fəqət onun bir üstünlüyü var: onu cənnətə sevgilisi Beatriçe çağırır.
Əraf yeddi qatdan ibarətdir: birincidə dikbaşlar, ikincidə paxıllar, üçüncüdə qəzəblilər, dördüncüdə acizlər, beşincidə xəsislərlə israfçılar, altıncıda acgözlər, yeddincidə zinakarlar günahlardan arınma, təmizlənmə növbəsi gözləyirlər. Burada daha çox sağlığında günah işlədən, ancaq günahını yumağa hansısa üzrlü səbəbdən fürsət, imkan, macal tapmayan ruhlar məskunlaşıb.
Bəlli bir məqamdan sonra Vergili Danteni tək qoymağa məcbur qalır, bütpərəst olduğuna görə Tanrıya, onun cənnətinə çox da yaxınlaşa bilməz. Buradan o yana şairi Beatriçe aparır (əslində elə bura qədər gətirən də o idi).
Dante gerçək həyatda onunla vur-tut ikicə dəfə kəlmə kəsmişdi - birinci kərə özünün doqquz, qızın səkkiz yaşı olanda, ikinci kərə bundan doqquz il sonra. Qalan vaxtlar Beatriçe Portinarini yalnız aralıdan görmüşdü, ancaq bu, qızın onun ilham pərisinə, platonik sevgisinə çevrilməsinə əngəl olmamışdı. Varlı bir adama ərə gedən Beatriçe iyirmi dörd yaşında vəba epidemiyasından ölmüşdüsə də, Dante qələminin qüdrəti sayəsində indiyə qədər sağdır. Sonradan Cemma Donati adlı varlı qızıyla evlənən şair nədənsə onun adını əbədiləşdirmək qayğısına qalmayıb.
***
Ərafın qatlarını geridə qoyandan sonra Dantenin üzünə on qatlı cənnətin qapıları açılır. Burada o, Beatriçe ilə az qala həyatda olduğu kimi - göz-gözə, sözsüz danışır, Dante ilə ideal sevgilisi bir-birini bir baxışdan anlayır. Şair söyləyirdi ki, onun vəzifəsi insanları bədbəxtliyin zirzəmisindən qurtarıb xoşbəxtlik mərtəbəsinə qaldırmaqdır. Bu, əslində şairlikdən də yuxarı missiyadır, İsa peyğəmbərin, onun həvarilərinin missiyasının davamıdır.
Oxucular, ədəbiyyatçılar, naşirlər “İlahi komediya”nın “Cəhənnəm” bölməsinə daha çox əhəmiyyət versələr də, “Cənnət” bölümü həm yazılması, həm oxunması, həm də qavranması baxımından əvvəlki iki bölümdən xeyli çətindir. Buna da təbii baxmaq lazımdır, çünki pisliyi təsvir eləmək ideal obraz yaratmaqdan, ideal duyğuların tərcümanı olmaqdan qat-qat asandır (həm də insanların əksərinə şər xeyirdən maraqlı görünür). Məsələn, Dante cənnət mələklərini dəstəylə uçub cənnət çiçəklərinə qonan arı ləşkərinə bənzədir. Belə saf, ətirli yaşantılar hər adamın içində tumurcuqlaya bilməz.
Şair cənnətin hər qatına bir göy cisminin adını verir. O buraya müxtəlif ranqlı möminləri - İsanın həvarilərini, adlı-sanlı xristian ilahiyyatçılarını, rahibləri, rahibələri, əzabkeşləri, missionerləri yerləşdirir. Ancaq cənnət sakinlərinin heç də hamısı əvvəldən pak, müqəddəs olmayıb, onların arasında böyük günahlar işləyib sonradan tövbə eləyənlər, günahından arınanlar, buxovunu qıranlar da var.
Donuq, ölü cəhənnəmdən
fərqli olaraq cənnət bulaqları həyatın özü kimi daim çağlayır, cənnət suları gecə-gündüz dövr eləyib yaşamın qaynağını qurumaqdan, soğulmaqdan qoruyur. Cənnət başdan-başa Allahın nuruna qərq olub, həm də ruhun məqamı ucaldıqca bu müqəddəs işıq da gurlaşır. Burada səslərin, rənglərin, işıqların mükəmməl harmoniyası hökm sürür. Buranın sakinləri cəhənnəmdəkilər kimi əzablarına buxovlanmayıb, burada insan azaddır, əks halda Beatriçe aşiqinin köməyinə çata bilməzdi. Dante alleqorik dillə belə bir harmonik həyatın ?er üzündə də yaranmasını arzuladığını bizə söyləyir.
Cəhənnəmin tərsinə cövlan eləyən cənnətdə insan ruh kimi, işıq topası kimi dolaşır. Bura hər kəsin öz mənəvi potensialını ən yüksək səviyyədə reallaşdıra biləcəyi bir yerdir. Cəhənnəmdə biz əzab çəkən, işgəncə verilən bədənlərin fəryadını, ah-naləsini eşidirdik, cənnətdə isə Tanrı nurundan məst olmuş ruhların pıçıltısını dinləyirik.
Buradan belə nəticə çıxarmaq olar ki, cəhənnəm bizim bədənimiz, cənnət isə ruhumuzdur. Bu düşüncədən yola çıxsaq, məncə, “İlahi komediya”nın yeddi yüz illik sirrinə daha asan vara bilərik.
***
Dantenin zamanında normal insan ömrünün uzunluğu yetmiş il sayılırdı, hərçənd çox az adam bu yaşa çatırdı. Şair ömrünün tən yarısında mistik səfərə çıxdığını deyəndə dindən gələn bu təsbiti nəzərdə tuturdu. Ancaq özü 1321-ci ildə - cəmi əlli altı yaşında cənnətlə cəhənnəm arasında savaş meydanına çevrilmiş doğma planetdən ayrıldı.
Bundan əvvəlsə doğma vətənindən ayrılmışdı. İtalyan ədəbi dilinin banisinə, ölkəsinin ən qüdrətli, ən şöhrətli ədibinə yurdunda dinclik, rahatlıq tapılmamışdı. 1302-ci ildə mənsub olduğu ağ qfelflər partiyasının gözünə qatılıb Florensiyadan qovulanda Dantenin otuz yeddi yaşı vardı. Ondan sonra şair öz yurdunu bir də görmədi, on doqquz illik sürgün həyatının yekununda qürbətdə canını torpağa, ruhunu işığından, eşqindən sərxoş olduğu tanrısına tapşırdı.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxMaraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48

