Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük Qayıdışın Xocalı səhifəsi...

Böyük Qayıdışın Xocalı səhifəsi...

30.05.2024 [09:45]

Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı 

İlham Əliyev

10 yanvar, 2024

Azərbaycan xalqı mayın 28-də bir gündə iki əlamətdar hadisəyə şahidlik etdi. Necə deyərlər, bayram bayrama qarışmışdı. Həm müstəqilliyimizin ildönümünü qeyd etdik, həm də zamanında soyuq qış gecəsində erməni vandalizminə tuş gələn, yalnız taleyin qisməti sayəsində sağ qalan, onilliklər ərzində ağır məcburi köçkünlük həyatı yaşamaq məcburiyyətində qalan soydaşlarımızın bir qrupunun Xocalıya geri dönməsinin şahidi olduq. 

Şəhər Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasını bəyan etməsindən cəmi dörd ay sonra soyqırımı faciəsini yaşadı. Mayın 28-də müstəqilliyimizin  növbəti ildönümü günündə isə xocalıların doğma yurd yerlərinə qayıdışına start verildi.  Əlamətdar haldır ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində olublar və şəhərə köçən sakinlərin sevinclərini bölüşüblər. Prezident İlham Əliyev sakinlərlə görüşdə Xocalıya köçün başlamasını tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb: “Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur”.

32 il 3 ay 1 gün sonra...

Xocalıların doğma şəhərlərinə qaydışı 32 il 3 ay 1 gün sonra baş tutdu. İşğal illərində ermənilərin törətdikləri vandalizm əməllərinin, müharibə cinayətlərinin sayı-hesabı yoxdur. İşğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. 

Xocalı şəhəri erməni vandalizminin ilk ünvanlarından biridir. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Qeyd olunan tarixdə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. İşğal illərində bütün digər qaçqın və məcburi köçkün soydaşlarımız kimi, xocalılar da böyük çətinliklərlə və məhrumiyyətlərlə üzləşiblər. Görüşdə bildirildiyi kimi, xocalılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə, o cümlədən Ağcakənd kəndində  keçirməli olublar. Xatırladaq ki, ölkə ərazisində ilk məcburi köçkün düşərgəsi Heydər Əliyevin təşəbbüsü ilə məhz Ağcakənd kəndində salınıb. Üzləşdikləri çətinliklərə baxmayaraq, xocalılar ərazi bütövlüyümüzün bərpa olunacağına və doğma yurd yerlərinə qayıdacaqlarına inamlarını heç vaxt itirməyiblər. Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin, ilahi ədalətin təntənəsidir ki, xocalılar 32 il 3 ay 1 gündən  sonra  onlar üçün və bütün Azərbaycan xalqı üçün müqəddəs şəhərə çevrilən Xocalıya qayıtmağın sevincinə qovuşublar. “Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənistan üzr istəməlidir!

Bir gecənin içində Xocalını yerlə-yeksan edən ermənilər öz aləmlərində xam xəyallar qururdular. O cümlədən Ermənistanda müxtəlif gözləntilər var idi. Ermənilər hətta 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən də bütün miqyası ilə dərs almamışdılar. Xocalıda, Xankəndidə, Vətən müharibəsində  hələ azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır ki, bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. 

Qalib Azərbaycan tarixi ərazilərimizdə, o cümlədən də Xocalıda separatizm yuvasının qalması ilə barışa bilməzdi. Buna görə də Vətən müharibəsi şanlı Zəfərimizlə başa çatandan sonra Azərbaycan cəmiyyətində haqlı suallar yaranmışdı: Bəs Xankəndi, Xocalı necə olacaq? Həqiqətən də, biz necə barışa bilərdik ki, zamanında bir gecənin içində yerlə-yeksan edilən, soyqırımı faciəsi yaşayan Xocalı separatçıların əlində qalsın? Əslində, Özünün təbirincə desək, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndinin, Xocalının və digər yaşayış məntəqələrimizin də separatçılardan təmizlənməsinin planlarını götür-qoy etmişdi. Sadəcə, O, bu planların həyata keçirilməsi üçün uyğun zamanın gəlməsini, müvafiq şəraitin yetişməsini gözləyirdi. Nəhayət, dövlətimizin başçısı ötən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı və separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.  Prezident İlham Əliyev əminliyini bildirərək vurğulayıb ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. 

Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. “Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Onu da vurğulayaq ki, ermənilər hər vəchlə Xocalı faciəsini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışıblar və müəyyən zaman kəsiyində buna nail olmağı bacarıblar. Ancaq Azərbaycan faciənin dünya miqyasında tanıdılmasına çalışır. Xüsusilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir.

Xocalı müasir şəhərə çevriləcək

Yuxarıda vurğuladığımız kimi,Xocalı yalnız bu şəhərin sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün müstəsna önəm daşıyır. Antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev şəhərin birinci növbədə bərpa edilməsi ilə bağlı tapşırıqlarını verib. Aradan cəmi səkkiz ay ötüb. Qısa müddətdə Xocalıda böyük həcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb. Hələ şəhərin yenidən qurulması planlarının birinci mərhələsi üzrə işlər aparılır. Prezident İlham Əliyevin vurğuladığı kimi Xocalı müasir şəhər olacaq. Nəzərdə tutulan planlara görə, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar formalaşdırılacaq. Şəhərdə yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Burada əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər inşa olunacaq.  Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. 

Eyni zamanda, şəhər mühitini canlandıran və və yaxınlıqdakı yaşayış məntəqələri ilə əlaqəni təmin edəcək yeni nəqliyyat qovşağı vacib rol oynayacaq. Bu, mobilliyi artırmaqla yanaşı, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək və iqtisadi şaxələndirməyə geniş fürsətlər açacaq. 

Sentyabrda Xankəndinə köç başlayacaq

Uğurlu antiterror tədbirlərindən sonra tarixi şəhərimiz olan Xankəndinin də yeni növrağı başlayıb. Zamanında, digər ərazilərimiz kimi, Xankəndinin də simasına bu şəhərin tarixi ilə bağlı hər hansı bir əlaqəsi olmayan damğalar vurulmuşdu. Şəhərə qondarma ad verilmişdi. Ötən əsrin səksəninci illərinin sonlarından etibarən keçmiş Dağlıq Qarabağda məlum hadisələr başlayanda separatçıların məkrli planlarına tuş gələnlər sırasında Xankəndidə yaşayan azərbaycanlılar da var idi. Xankəndinin azərbaycanlı sakinlərinə qarşı genişmiqyaslı talanlardan biri 1988-ci ilin 18 sentyabrıında törədilib. Həmin gün ermənilər şəhərdə yaşayan azərbaycanlıların  evlərinə hücum etdilər. 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırılıb. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olunmuşdu.

Uğurlu lokal xarakterli antiterror hadisələrindən sonra oktyabrın 15-də Xankəndidə bayrağımız ucaldıldı, gerbimiz asıldı, 7 fevralda isə Müzəffər Liderimiz ailə üzvləri ilə bura gələrək səs verdi. Bunlar qərinələr boyunca minnətdarlıq hissi ilə xatırlanacaq epoxal hadisələrdir. İndi isə artıq Xankəndi soydaşlarımızı qəbul etməyə hazırlaşır. Prezident İlham Əliyev şəhərə ilk köçün anonsunu edib. Dövlətimizin başçısı bildirib ki,  sentyabr ayından artıq Xankəndiyə də köç başlayır. Şəhərə birinci köçənlər isə tələbələr və onların müəllimləri olacaqlar. 

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31