Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qurtuluşdan başlanan tarix...

Qurtuluşdan başlanan tarix...

15.06.2024 [09:30]

15 iyundan ZƏFƏRLƏRƏ!

Tarix boyunca qəlbində azadlıq ideyaları daşıyan Azərbaycan xalqı bugünkü güclü, milli iradəyə malik tam müstəqil dövlət qurmağa bir sıra taleyüklü məqamlardan keçərək nail olub. Xalqımız, ölkəmiz belə müstəsna önəm daşıyan məqamlardan birini tarixin bu günündə - 15 iyun 1993-cü ildə yaşayıb. Həmin gün bütün varlığı ilə doğma Vətəninə bağlı olan müdrik siyasətçi Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Onun aldığı müdrik qərarlar sayəsində müstəqilliyimiz üçün yaranan daxili və xarici təhdidlərə son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və inkişafa istiqamətləndi. 

Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında və nitqlərində 15 İyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixindəki rolunu həmişə yüksək dəyərləndirib. Dövlətimizin başçısı bildirib ki, Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. “Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün zamanların ölməz Lideri

Hər bir ölkənin, xalqın tarixində liderlərin müstəsna rolu var. Məhz onlar ən kritik dönəmlərdə hadisələrə, proseslərə yön verərək insanlara nicat gətirirlər. Azərbaycan üçün belə xilaskar Lider qurtuluş fəlsəfəsinin banisi Heydər Əliyevdir. Bu gün ümummilli səviyyədə dərk olunur ki, O, Azərbaycan üçün bütün zamanların ölməz Lideri olaraq yaşayacaq. İllər ötür, bizləri Onun fiziki yoxluğundan ayıran zaman məsafəsi uzanır. Ancaq təzada bir baxın: O dahi şəxsiyyət bizə getdikcə daha yaxın olur. Biz Onu yalnız söhbətlərdə, xatirələrdə anıb yada salmırıq. Bu parlaq şəxsiyyət-Liderin yeri və rolu, qoyduğu silinməz izlər respublika həyatının bütün sahələrində real olaraq  aydın görünür. Heydər Əliyevin zamanında milli mənafe naminə fəaliyyətindən Azərbaycanın hər bir ailəsinə dolayı və yaxud birbaşa pay düşüb, hər birimiz şəxsi həyatımızdakı firavanlığa, yaxşı təhsil almağımıza görə Ona minnətdarıq, borcluyuq.

Heydər Əliyev barəsində söhbət açanda  ilk növbədə Onun müdrikliyi və milli təəssübleşliyi, xalqına bağlılığı yada düşür. Bu iki cəhət Onun saysız-hesabsız müsbət məqamlarla səciyyələnən və hər bir azərbaycanlıda sonsuz qürür hissi doğuran portretində parlaq şəkildə nəzərə çarpır. O, uzaqgörən olduğu qədər də milli təəssübkeş idi, bu Vətənin, bu xalqın oğlu olduğuna görə sonsuz qürur duyurdu. 

İnsan müxtəlif bacarıqlara malik ola bilər. Ancaq milli təəssübkeşlik yoxdursa, bu bacarıqlardan Vətənə, cəmiyyətə böyük fayda gəlməyəcək. Heydər Əliyevin isə uzaqgörənliklə və Vətənə, xalqa sonsuz bağlılıqla yaratdığı   maddi və mədəni irs bundan sonra da onilliklər boyu Azərbaycanın inkişafına xidmət edəcək.

Məlumdur ki, Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji formasiyada rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. 

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli-mədəni irsin xalqın özünüdərk hissinin yüksəlməsində rolunu yüksək qiymətləndirən Heydər Əliyev ənənələrin qorunub saxlanılmasını, Bakıda ədəbiyyat və incəsənət xadimlərinə abidələrin ucaldılmasını, klassik şair və yazıçıların əsərlərinin çapını daim diqqət mərkəzində saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə görə sonsuz qürur yaradırdı. 

Heydər Əliyevin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil respublikamızın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev Azərbaycanın sovet hakimiyyəti illərində müstəqil olmasa da, inkişaf etdiyini, xüsusilə də ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandığını məmnunluq hissi ilə diqqətə çatdıraraq vurğulayıb:  “70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik, Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır”.

Naxçıvandan başlayan mücadilə

Qeyri-sağlam məntiqlə keçmiş ittifaq rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyev həyatının sonrakı mərhələsində əvvəlcə blokada şəraitində olan Naxçıvanı qorudu və yaşatdı, bunun ardınca isə bütün Azərbaycan miqyasında xilaskarlıq missiyası yerinə yetirdi. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin - 17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına Heydər Əliyev Sədrlik edirdi. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Xatırladaq ki, həmin dövrdə hələ Sovet İttifaqı kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Eyni zamanda, Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda mübarizə əzmi yaratdı. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayındakı nitqində Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə xüsusi diqqət çəkərək bildirib: “Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və Onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”.

Azərbaycan miqyasında xilaskarlıq missiyası...

Müstəqilliyimizin ilk illərinin mənzərəsini göz önündə canlandıranda Heydər Əliyev dühasının hüdudsuzluğu, Onun Bakıya qayıdışının və paytaxtda ölkəyə rəhbərliyə başlamasının nə qədər böyük məna kəsb etdiyi barədə konkret təsəvvür yaranır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bütövlükdə Azərbaycanda çox ağır vəziyyət hökm sürürdü. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə ağır məqamda insanlar təkidlə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb edirdilər. 

Heydər Əliyev həmin ağır günlərdə xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə qayıtmağa razılıq verdi. O, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə  Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı.

 Azərbaycan xalqının böyük etimadı əsasında Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi.  Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda söylədiyi nitqində ölkəmizin real müstəqilliyinin əsasının 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq vurğulayıb: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

Qurtuluşdan tarixi zəfərlərə

1993-cü ildən başlayan qurtuluş yolu ilə inamla irəliləyən Azərbaycan böyük uğurlara imza atıb. Bu uğurların təməlində dayanan əsas amil isə Heydər Əliyevin əsasını qoyduğu siyasətin son 20 ildə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. O, verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.

 Azərbaycanda Heydər Əliyevin əsasını qoyduğu siyasətin dövlətimizin başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizin bugünkü müsbət reallıqlarını yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.

 Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin olunması sayəsində respublikamız özünün iqtisadi mütəqilliyini və bu əsasda siyasi müstəqilliyini tam təmin edib. Bu gün Azərbaycan heç bir kənar gücdən asılı deyil, beynəlxalq səviyyədə özünün milli maraqlarını qətiyyətlə qoruyur. Qısa müddətdə respublikamız regionun lider dövlətinə çevrilib. Eyni zamanda, dünyada Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin möhkəmlənməsini hədəfləyən təşəbbüsləri, ölkəmizin mövqeyi nəzərə alınaraq qəbul olunur. Qurtuluş yolu ilə inamla irəliləyən müstəqil Azərbaycanın ən böyük uğurları isə 44 günlük müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində şanlı zəfərlərə imza atmasıdır. Bu qələbələr sayəsində respublikamız ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etdi. Bu gün respublikanın bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir, artıq Böyük Qayıdışa start verilib. Bütün bunlar isə müstəqil Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31