Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “C-27J Spartan” Bakıda...

“C-27J Spartan” Bakıda...

28.06.2024 [09:45]

Azərbaycan-İtaliya: Strateji əməkdaşlıqda yeni səhifə

Azərbaycanın Avropa İttifaqı (Aİ) məkanında strateji tərəfdaşlıq münasibətləri qurduğu ölkələrdən biri də İtaliyadır. İkitərəfli münasibətlər dövlətlərin, liderlərin güclü siyasi iradəsinə və cəmiyyətlərin xoş məramına əsaslanır. Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük Yeddilik”də təmsil olunan İtaliyanın Azərbaycanla əlaqələrin əhatə dairəsinin genişləndirilməsinə xüsusi maraq göstərməsi ölkəmizin və onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun əyani göstəricisidir. 

Elə bu günlərdə Prezident İlham Əliyev İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxil idi. Qəbul zamanı ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri üzrə aktual müzakirələr aparılıb.

Çoxtərəfli əməkdaşlığın təməlində dayanan güclü siyasi əlaqələr

Azərbaycanla İtaliya arasında getdikcə dərinləşən əməkdaşlıq çoxvektorlu səciyyə daşıyır ki, bunun da təməlində dayanan əsas amil güclü siyasi əlaqələrdir. Qəbulda buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev  “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini deyib.

İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.

Bu gün iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar və mübadilə ediblər. 

Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Sercio Mattarella və digər yüksəksəviyyəli rəsmilər arasında aktual müzakirələr aparılıb. O cümlədən dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Qəbulda Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxunub və qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.

15 milyard dolları ötən ticarət dövriyyəsi

Avropa İttifaqına üzv olan ölkələr arasında İtaliya Azərbaycanın ən mühüm iqtisadi-ticarət tərəfdaşlarından biridir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 90 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb. Ümumiyyətlə, italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrə qoşulublar. İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da yer alırlar. Qeyd edək ki, bəhs olunan ərazilərdə həyata keçirilən layihələrə Türkiyə şirkətlərindən sonra ikinci olaraq İtaliyanın “Ansaldo Energia” şirkəti qoşulub. Azərbaycanın isə İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir. Qəbulda Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirib. Dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.

Şübhə yoxdur ki, perspektivdə iki ölkə arasında əlaqələrin əhatə dairəsi daha da genişlənəcək. Bunun üçün ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 konfransı yeni imkanlar açacaq.Yeri gəlmişkən, dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu vurğulayıb.

Bütün Avropa üçün önəm daşıyan enerji dialoqu

İki ölkə arasındakı iqtisadi əməkdaşlıqda enerji sektorunun xüsusi çəkisi var. Azərbaycan İtaliyaya böyük həcmlərdə xam neft ixrac edir və indiyədək özünü etibarlı tərəfdaş kimi tanıdıb. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin bütün dünyada tanınan şirkətləri Azərbaycanın moderatorluğu ilə həyata keçirilən enerji layihələrinin fəal iştirakçılarıdırlar. Məsələn, İtaliyanın ENİ qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunub. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. “Saipem”, “ValvItalia”, “Renco”, “Bonatti”, “Enereco”, “Max Streicher”, “Honeywell SRL” və s. şirkətlərə isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik təchizat və xidmət layihələri həvalə edilib.

Eyni zamanda, SOCAR və onun törəmə şirkətləri ilə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrə uyğun olaraq İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsinə cəlb olunublar. Lahihələrin bir çoxu tamamlanıb, digər layihələr üzrə isə əməkdaşlıq davam etdirilir. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıyır.

Hərbi-texniki sahədə təməli qoyulan əməkdaşlıq

Strateji tərəfdaşlar olan Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaçlığa başlanılması da məmnunluq doğurur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını xüsusi vurğulayıb.

Qeyd edək ki, iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. 

Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. 

“C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq. Ekspertlər bildirirlər ki, təyyarənin taktiki-texniki xüsusiyyətlərinin üstünlükləri əməliyyatlarda, xilasetmə işlərində, mülki-müdafiə, həmçinin şəxsi heyətin daşınmasında böyük rol oynayacaq. “C-27J Spartan”nın çətin relyefli ərazilərdə, təkcə hava limanlarından deyil, eyni zamanda, bərkidilmiş torpaq üzərindən də qalxıb-eniş etməsi onun üstünlüklərindən sayılır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31