Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələ

Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələ

15.11.2025 [12:44]

Tolerantlığın ünvanı olan respublikamızda Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi fəaliyyət göstərəcək

Dünyada dövlətlər və cəmiyyətlər səviyyəsində multikulturalizmə qarşı kəskin hücumlar edildiyi, milli-dini-irqi zəmində dözümsüzlüyün artdığı indiki dövrdə Azərbaycan fərqli yanaşmalar sərgiləyir. Belə ki, respublikamız hər zaman öz nümunəsindən çıxış etməklə tolerantlıq, birgəyaşayış modelini təşviq edib və bu gün də bu mövqeyinə sadiqdir.

Bunun növbəti təsdiqi olaraq noyabrın 13-də Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısının “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarın, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerardın, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansenin və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikardın daxil olduğu nümayəndə heyəti ilə görüşdə genişlənən Azərbaycan - ABŞ münasibətlərinə diqqət çəkilib və ölkəmizdəki nümunəvi tolerantlıq mühitindən məmnunluq ifadə olunub.

Vaşinqtonda əldə olunan razılaşmalar tarixi əhəmiyyət daşıyır

Cari il avqustun 8-də dünya tarixi anlara şahidlik etdi. Ağ Evdə D.Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında təxminən otuz il davam edən münaqişədə yeni bir səhifə açılmış oldu - iki ölkə xarici işlər nazirləri tərəfindən liderlərin iştirakı ilə  yekun sülh sazişi paraflandı. Bu, 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan sülhyaratma prosesində tarixi bir nailiyyətdir. İndiyədək buna çoxlu cəhdlər edilmişdi. Xatırlayaq ki, Ağ Evdə baş tutan son görüşədək müxtəlif formatlarda danışıqlar aparılıb. Bir vaxtlar Moskva, Brüssel, Vaşinqton formatları aktiv fazada idi. Lakin Vaşinqton formatı Bayden administrasiyasının Azərbaycana münasibətdə qərəzli mövqe tutmasına görə bir neçə görüşdən sonra yarımçıq dayandırıldı. Brüssel formatı çərçivəsində xüsusilə də Fransanın Ermənistanın tərəfini saxlaması açıq-aşkar idi və buna görə də iflas qaçılmaz oldu. Həmçinin Moskva formatı da səmərəsizliyi ilə yadda qaldı. Belə ki, bu formatda fəaliyyətlər məsul şəxslərin görüşmələrindən və bəyanatlar səsləndirmələrindən uzağa getmədi.

Beləliklə, Vaşinqton razılaşmaları ilə Cənubi Qafqaza sülh gəlir. İki ölkənin əməkdaşlıq dönəminə başlayacağına böyük ümidlər yaranıb. Sülh sazişinin dünyanın bir nömrəli ofisində - oval kabinetdə D.Trampın şahidliyi ilə imzalanması böyük məsuliyyət yaradır. Qəbulda qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan - ABŞ əməkdaşlığının genişlənməsini hədəfləyən mühüm sənədlər

Qəbulda Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladıb. Təəssüf ki, bundan əvvəlki Bayden administrasiyası dönəmində ABŞ - Azərbaycan münasibətlərində, necə deyərlər, geridönüş baş vermişdi. Belə ki,  Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı.

Ağ Evdə Bayden administrasiyası əvəzləndikdən sonra isə vəziyyət dəyişib. Rəsmi Bakı Vaşinqtonla münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdə maraqlıdır. ABŞ-ın yeni administrasiyasının Azərbaycana və şəxsən Prezident İlham Əliyevə xoş niyyətli münasibəti də açıq-aşkar sezilir. Ağ Evin yeni administrasiyasının ökəmizə  səmimi münasibətinin davamı olaraq Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənədin böyük əhəmiyyəti var. Sözügedən sənəddə gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bu sırada aşağıdakıları sadalamaq mümkündür:

-Qarşılıqlı sərmayə qoyuluşu,

- Nəqliyyat, bağlantılar, təhlükəsizlik, süni intellect sahəsində əməkdaşlıq,

-Müdafiə sənayesi və müdafiə sahələri üzrə qarşılıqlı fəaliyyətlər və s.

Bütün bunlar onu deməyə əsas verir ki, imzalanan sənəd qarşıda geniş perspektivlər açır. Artıq Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Respublikamız bir sıra təkliflər irəli sürmək niyyətindədir və artıq müzakirələrə start verilib.

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlıq hazırda da uğurla davam edir. Azərbaycan özünün enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-ın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndir.

Azərbaycan Prezideninin ABŞ-a işgüzar səfəri çərçivəsində isə dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Yaxşı haldır ki, Azərbaycanla ABŞ arasında ötən əsrin doxsanıncı illərindən başlayan enerji əməkdaşlığı  perspektivdə də davam etdiriləcək.

Eləcə də Vaşinqton razılaşmalarına uyğun olaraq “Azadlığa Dəstək Aktı”na bədnam 907-ci düzəliş tarixdə qalıb. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan  “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb. Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.

Artıq bu bədnam sənədin icrası yeni administrasiya tərəfindən dayandırılıb.  Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlıq 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq. İndi Azərbaycan güclü dövlətdir. İqtisadiyyatını inkişaf etdirib, ölkəmizin beynəlxalq maliyyə qurumlarının dəstəyinə heç bir ehtiyacı yoxdur, öz problemlərimizi özümüz həll edirik. Belə bir vəziyyətdə 907-ci düzəlişin dondurulmasına  və “Azadlığa dəstək aktı” çərçivəsində respublikamıza ABŞ-dan yardım ünvanlanmasına bir o qədər də böyük ehtiyac yoxdur. Belə bir şəraitdə 907-ci düzəlişin dayandırılması rəmzi məna daşıyır.

Tolerantlıq Azərbaycanda həyat tərzidir

Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açılıb, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulanıb.

Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirilib, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edilib.

Həqiqətən də, Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər.  Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, tarixi ənənələr bu gün də qorunur.  Çoxmədəniyyətlilik respublikamızda heç bir halda ayırıcı xətlər yaratmır. Əksinə, biz bununla qürur duyuruq.

Azərbaycan dünyaya birgəyaşayışla, dözümlülüklə bağlı daim çağırışlar edir, təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilib. Beynəlxalq səviyyədə artıq Azərbaycan brendi kimi tanınan “Bakı prosesi” respublikamızın mədəniyyətlərarası dialoqun güclənməsinə verdiyi mühüm töhfələrdən biridir. Dünya gündəliyinə daxil olan bu təşəbbüs respublikamızın tarixdən gələn zəngin multikultural ənənələrinə, xoş məramına əsaslanır və qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfələr vermək məqsədi daşıyır. Respublikamız “Bakı prosesi”nin bir hissəsi olaraq mədəniyyətlərarası dialoq forumlarına mütəmadi qaydada ev sahibliyi edir. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci, 2019-cu və 2024-cü illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Görüşdə qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini deyirlər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndiriblər.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30