Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xəzərdə ən güclülərdən biri

Xəzərdə ən güclülərdən biri

08.09.2026 [11:35]

Ali Baş Komandan İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində...

Azərbaycan dövləti dünyadakı reallıqları nəzərə almaqla ordunun döyüş qabiliyyətinin davamlı olaraq  artırılmasına və müdafiə sənayesinin inkişafına güclü siyasi iradə nümayiş etdirir. Bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar.

Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirilib.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.

Tarixə qısa baxış

Bu gün Azərbaycanın Hərbi Dəniz Qüvvələri imkanlarına görə Xəzər dənizində ən güclü donanmalar sırasındadır. Donanmanın tərkibində yüksək döyüş hazırlığına malik sualtı hücum və sualtı müdafiə (SAX/SUO) xüsusi təyinatlı dəstələri var. Onlar dənizdə terrorizmə qarşı əməliyyatlar, gəmilərin azad edilməsi və sahil diversiyalarının qarşısının alınması üçün müasir yüngül silahlar, sürətli rezin katerlər və xüsusi sualtı avadanlıqlarla təchiz olunublar. Keçdiyi şərəfli yol nəzərə alınmaqla Azərbaycanda hər il avqustun 5-i Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd edilir.

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi 1919-cu ilin avqust ayına təsadüf edir. Həmin dövrdə ingilis qoşunları Azərbaycanı tərk etdikdən sonra milli hərbi donanmanın formalaşdırılmasına başlanılıb. Bundan əvvəl Xəzər dənizinin qərb sahillərinin müdafiəsini ingilis hərbi gəmiləri həyata keçirirdi.

Yeni yaradılan hərbi donanmada yüksəkrütbəli azərbaycanlı zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və I dərəcəli kapitan Gitançızadə təmsil olunurdu. Həmin dövrdə Hərbi Nazirliyin tərkibində donanma üzrə ayrıca bölmə olmadığından Xəzər hərbi donanmasına aid məsələlərə Nəqliyyat Nazirliyi nəzarət edirdi.

1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 millimetrlik toplarla silahlandırılmış “Ərdahan” və “Kars” kanoner gəmiləri, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paroxodu, eləcə də kifayət qədər kater mövcud idi.

Kadr hazırlığını gücləndirmək məqsədilə Bakı Dəniz Aviasiyası Məktəbinin bazasında Xüsusi Hərbi-Dəniz Aviasiyası Məktəbi yaradıldı, 1919-cu il oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi formalaşdırıldı.

Donanmanın texniki imkanlarının artırılması üçün Paris Sülh Konfransına təqdim edilən memorandumda sualtı qayıqlar, mərmi ehtiyatları və digər zəruri vasitələrlə təminata dəstək göstərilməsi xahiş olunmuşdu. Bu çərçivədə 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri və dəniz artilleriyası sifariş edilsə də, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu güclü hərbi donanmanın yaradılmasına imkan vermədi.

“Bakılı” gəmisində ilk dəfə Azərbaycan bayrağı qaldırıldı

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il oktyabrın 9-da parlamentdə qəbul edilən “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanun Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazasını müəyyənləşdirdi. Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında əldə olunan razılığa görə respublikamız keçmiş Xəzər hərbi donanmasının ərazisində yerləşən bütün bazalarına və hərbi gəmilərinin 25 faizinə sahib oldu.

1992-ci il iyulun 26-da “Bakılı” gözətçi gəmisində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırıldı və bununla da, Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması prosesi başladı. İlk mərhələdə donanmanın tərkibinə müxtəlif tipli gəmilərdən ibarət 5 diviziya və sahil bölmələri daxil edildi. Eyni zamanda, Xəzər hövzəsində müşahidə məntəqələri və mayakların fəaliyyəti bərpa olunmağa başladı.

1997-ci il noyabrın 4-də qəbul edilən “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” Qanunla hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqların əsasnaməsi qəbul edildi. 2000-ci il avqustun 7-dən etibarən isə Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində rəsmi hərbi dəniz bayrağı qaldırıldı.

2015-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Qaradağ rayonunda tikilən Hərbi Dəniz Qüvvələrinin yeni və müasir bazası istifadəyə verildi. Burada qərargah binası, körpülər, hərbi şəhərcik tikilib, eləcə də müasir kommunikasiya infrastrukturu yaradılıb. Gələcəkdə yeni gəmilərin inşası və mövcud gəmi-katerlərin modernləşdirilməsi də nəzərdə tutulur.

Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin arsenalında  həm keçmiş  SSRİ dövründən qalan və sonradan modernləşdirilən gəmilər, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində alınan müasir texnikalar çəmləşib. Donanmanın flaqman gəmilərindən olan “Bakı” freqatı sualtı qayıqlara qarşı silahlar və artilleriya qurğuları ilə təchiz olunub. Xəzərdə sərhəd mühafizəsi və patrul xidməti üçün “Stenka” sinifli patrul gəmiləri (məsələn, G129) və ABŞ-dan alınan “Point” tipli katerlərdən  istifadə olunur. Çevik zərbə endirmək imkanına malik olan “Osa-II” sinifli raket katerləri donanmanın əsas zərbə qüvvələrindəndir. Dəniz yollarının təhlükəsizliyi üçün HDQ-nin sərəncamında “Sonya” və “Yevgenya” sinifli bir neçə mina axtaran və təmizləyən gəmi fəaliyyət göstərir. Sahilə qoşun və hərbi texnika çıxarmaq qabiliyyətinə malik “Polnocny” sinifli böyük və kiçik desant gəmiləri donanmanın mobil imkanlarını artırır. Donanmanın tərkibində yüksək döyüş hazırlığına malik sualtı hücum və sualtı müdafiə (SAX/SUO) xüsusi təyinatlı dəstələri var. Onlar dənizdə terrorizmə qarşı əməliyyatlar, gəmilərin azad edilməsi və sahil diversiyalarının qarşısının alınması üçün müasir yüngül silahlar, sürətli rezin katerlər və xüsusi sualtı avadanlıqlarla təchiz olunublar.

Qardaş Türkiyə ilə sıx əməkdaşlıq

Hazırda zirvələrdə olan Azərbaycan Türkiyə münasibətləri bir-birinə “qardaşım” deyə xitab edən liderlərin qətiyyətli siyasi iradələrinə uyğun olaraq  ən müxtəlif sahələri əhatə edir. O cümlədən 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasında hərbi əməkdaşlıq yeni səviyyəyə yüksəlib. Hazırda qalib Azərbaycan Silahlı Qüvvələri NATO-da ikinci ən böyük hərbi güc sayılan Türkiyə ordusunun modeli əsasında inkişaf etdir?lir. Bununla da ordumuzda müasir NATO standartlarına keçid edilir.

Türkiyə ordusu ilə genişlənən əməkdaşlıq həmçinin Hərbi Dəniz Qüvvələrini də əhatə edir. Qeyd edək ki, bu əməkdaşlığın əsası  Azərbaycan HDQ-nin yarandığı ilk vaxtlardan qoyulub və getdikcə daha da möhkəmləndirilib. Xatırladaq ki, Türkiyə ilə hərbi əməkdaşlıq çərçivəsində P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə edilib. Kater 2000-ci il iyulun 22-də İzmirdən yola çıxaraq Türkiyə, Ukrayna və Rusiya ərazilərindən, Egey, Mərmərə, Qara, Azov və Xəzər dənizlərindən, Çanaqqala, İstanbul və Kerç boğazlarından, Don və Volqa çaylarından və onları birləşdirən 18 hovuzdan keçərək ümumilikdə 2345 dəniz mili məsafə qət edib və avqustun 7-də Hərbi Dəniz Qüvvələrinin əsas bazasına gətirilib.

Son illərdə isə donanmanın arsenalı Türkiyə ilə birgə layihələr çərçivəsində inkişaf etdirilir. Məsələn, yuxarıda bəhs olunan SALVO tipli silahsız və silahlı dəniz dronları (məsafədən idarə olunan raket və pulemyot sistemləri ilə) Xəzər dənizində kəşfiyyat və zərbə missiyalarını yerinə yetirir. Artıq ölkəmizdə qurulan istehsalatda bu qəbildən olan müasir texnikanın istehsalı qaydaya salınıb.

Qarabağ müharibəsinin sınaqlarından keçən şəxsi heyət

Azərbaycan Silahlı Qüvvələrinin digər bölmələri kimi, Hərbi Dəniz Qüvvələri də bilavasitə ağır döyüşlərin - həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin sınaqlarından keçərək onlara həvalə olunan döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetiriblər. Qarabağ uğrunda gedən döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin şəxsi heyəti əsasında qısa müddətdə Dəniz Piyadası Taboru yaradılıb. Tabor 1994-cü il aprelin 19-da Ağdam-Tərtər istiqamətində hücumların qarşısını almaq məqsədilə cəbhəyə göndərilib və iyulun 25-də tapşırığı uğurla yerinə yetirdikdən sonra hərbi hissəyə qayıdıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak ediblər. 2020-ci il oktyabrın 25-də Qubadlının azad edilməsi barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə videogörüntü ilə məruzə edən Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi.

Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin 9 hərbi qulluqçusu şəhid olub, 50 nəfər isə yaralanıb. Prezidentin müvafiq sərəncamları ilə şəhid kiçik miçman Fəqan Amil oğlu Zalova ölümündən sonra, daha 2 hərbi qulluqçuya isə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Digər hərbi qulluqçular müxtəlif orden və medallarla təltif olunublar.

Təlimlərdə bərkiyən döyüş hazırlıqları

Azərbaycan Hərbi Dəniz Qüvvələri həm qardaş Türkiyənin, həm də digər ölkələrin müvaviq hərbi strukturları ilə təlimlərə qatılmaqla özünün manevr qabiliyyətini yüksəldir. Məsələn, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Mərkəzinin şəxsi heyəti Türkiyənin və Amerika Birləşmiş Ştatlarının dəniz piyadaları ilə birgə təlimlərdə iştirak edib. Bununla yanaşı, zabitlərin peşə hazırlığının artırılması məqsədilə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılıb və onların beynəlxalq tədbirlərdə iştirakı təmin olunub.

Döyüş hazırlığı planına uyğun olaraq, Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat şəraitinin qorunması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafizəsinin təmin edilməsi məqsədilə hər il Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və digər qurumlar birgə təlimlər keçirir. Sonuncu belə təlimlərdən biri cari ilin iyun ayında baş tutub. Belə ki,  Hərbi Dəniz Qüvvələrində Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin də iştirak etdiyi təlim bir neçə mərhələdə baş tutub. Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olub.

Plana əsasən təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib və əməliyyat rayonlarına çıxarılıb. Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, eləcədə HHQ-nin insansız hava vasitələri tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə yetirilib.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və DSXSM-nin gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsi tapşırıqlarını icra edib, şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini yerinə yetirib, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları zərərsizləşdiriblər. Təlim iştirakçıları digər tapşırıqları da yüksək peşəkarlıqla yerinə yetiriblər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30