Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gənclər üçün çağırışlar

Gənclər üçün çağırışlar

20.10.2026 [10:05]

Çox doğru olaraq Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı proqram xarakterli nitqində respublikamızın bütün dünyada maraqla izlənilən inkişaf yoluna nəzər salmaqla yanaşı, həm də diqqəti qarşıda duran vəzifələrə çəkib.

Dövlətimizin başçısı nitqində gənc nəslin ideoloji hücumlardan qorunmasının önəmini isə ayrıca vurğulayıb ki, bu da təsadüfi deyil. Hazırda dünya çətin bir dönəmdən keçir. Texnologiyalar, süni intellekt dövründə ölkələrin təhlükəsizliyinə təhdidlər artıb. Belə bir şəraitdə gənclər siyasəti xüsusi yanaşma tələb edir.

Gənclərimiz ilk növbədə təhsilli olmalıdırlar

Dövlətlərin milli təhlükəsizliyini hədəfləyən ideoloji təxribatların özəlliyi ondan ibarətdir ki, onlar sərhəd tanımır və burada ilk növbədə gənclər hədəf seçilir. Gənclər bütün dövrlərdə bütün cəmiyyətlərin ən avanqard hissəsini təşkil edib. Buna görə də düşmən qüvvələr müxtəlif vasitələrlə məhz gəncləri ələ alaraq onları özlərinin “beşinci kolon” təmsilçilərinə çevirmək istəyirlər. Savadsız, elmi biliklərdən uzaq olan cəmiyyətlərdə bunu etmək asandır. Belə cəmiyyətlərin nümayəndələri, xüsusilə də hələ dünyagörüşü tam formalaşmayan yeniyetmələr, gənclər internet, sosial şəbəkələr üzərindən yayılan formaca cəlbedici,  məzmunca zərərli, milli ideyalara zidd paylaşımlara daha tez aludə olurlar. Buna görə də gənclərlə ideoloji işin gücləndirlməsi və burada yeni, daha dinamik yanaşmaların önə çəkilməsi zərurət kimi çıxış edir. Prezident İlham Əliyev burada təhsili bir nömrəli vəzifə kimi qarşıya qoyub. “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ifadə etdiyi bu fikir respublikamızda məqsədyönlü şəkildə həyata keçirilən siyasətə əsaslanır. Ölkəmizdə dövlət başçısının qətiyyətli siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında qəbul olunan Dövlət proqramları gəncləri güclü şəkildə elmə, təhsilə sövq edir. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı  ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb və 2018-ci ildə qurum yenidən təşkil olunub. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə verilir.

Eləcə də indiyədək respublikamızda təhsilin müxtəlif pillələrində yüksək keyfiyyətin, müasir qlobal çağırışlara adekvatlığın təmin olunması məqsədilə bir neçə Dövlət Proqramı qəbul edilərək həyata keçirilib. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müxtəlif Dövlət proqramları da bu qəbildəndir. Artıq bir neçə belə Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib. Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” da uğurla reallaşdırılmaqdadır.

Zəfər salnaməsi - Azərbaycan gənclərinin Vətən sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzi

Prezident İlham Əliyevin gənclərə növbəti mühüm çağırışı vətənpərvərlikdir. “İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”, - deyə dövlətimizin başçısı bildirib.

Vətənpərvərlik hisslərinin formalaşmasına və yüksəlməsinə mxtəlif amillər təsir göstərir. Güclü, müsbət imicə malik dövlətin vətəndaşı olmaq burada əsas stimulverici amildir. Bu baxımdan gənclərimiz ölkəmizin müsbət reallıqları ilə qürur duya bilərlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Görülən işlər, azad ərazilər də daxil olmaqla ölkə üzrə geniş vüsət alan quruculuq prosesi göz öündədir. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun.

Aparılan siyasətin nəticəsi olaraq respublikamızda xalqına, ölkəsinə, dövlətinə bağlı olan vətənpərvər gənclər ordusu yetişib ki, bu da Azərbaycanın milli gücünü artıran çox mühüm amil qismində çıxış edir. Vətən müharibəsi bunun real təsdiqinə çevrildi. Şanlı Zəfərimizlə başa çatan müharibədə cəmiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak ediblər. Lakin müharibənin əsas ağırlığını gənclərimiz çəkiblər. Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31